Çağırışlar varsa, ümidlər heç vaxt bitmir

 

 Oktyabrın 10-11-də Bakıda təşkil olunan Beynəlxalq Humanitar Forum artıq tarixə qovuşdu. "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən bu forum qaldırılan məsələlərin aktuallığına və əhəmiyyətinə görə fərqlənir. Getdikcə daha da qloballaşan dünyada belə tədbirlərin keçirilməsi təbiidir və buna ehtiyac gündən-günə artır. Beynəlxalq səviyyədə yüksək qiymətləndirilən belə bir forumun Bakıda keçirilməsi də təsadüfi xarakter daşımır, Bakı artıq xeyli vaxtdır müxtəlif xarakterli tədbirlərin - idman, səhiyyə, iqtisadiyyat və digər  mərasimlərin keçirildiyi bir mərkəzə çevrilib.  Bütün bunlar isə ölkəmizin artan gücündən və nüfuzundan xəbər verir.

Azərbaycanın coğrafi vəziyyəti də onun bu mövqeyini gücləndirən əsas şərtlərdən biridir. Avropa ilə Asiyanın qovuşduğu, müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi bir yerdə artıq neçə illərdir tolerantlığı, dini dözümlülüyü ilə seçilən, dünyanın bir çox inkişaf etmiş ölkəsinə örnək olan Azərbaycan cəmiyyəti belə tədbirlərə, mərasimlərə ev sahibliyi etməkdə tam haqlıdır.

Azərbaycanın sürətli inkişafı, dünya birliyində nüfuzunun artması ölkəmizdə tərəqqiyə və qarşılıqlı anlaşmaya xidmət edən belə konfransların, forumların tez-tez keçirilməsinə təsir göstərir. Bu isə öz növbəsində, qloballaşan dünyada dialoqa, qarşılıqlı anlaşmaya kömək edən amillərdir.

Bir faktı da xüsusi qeyd etmək lazımdır - Azərbaycan dünyada analoqu olmayan nadir ölkələrdəndir ki, o, eyni zamanda, həm Avropa, həm də Asiyanı təmsil edən müxtəlif  beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında,  İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Forumun açılışında geniş nitq söyləyən dövlət başçısı İlham Əliyev bu fakta xüsusi diqqət yetirdi: "Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı".

Bütün bunlarla yanaşı, Azərbaycanın bəxtinə yazılan başqa bir humanitar problem - qaçqınlıq və köçkünlük problemi də neçə illərdir dünya birliyinin qanayan yaralarındandır. Forum iştirakçılarının da tez-tez toxunduğu, bütün bəşəriyyəti hədələyən quraqlıq, aclıq kimi bəlalarla yanaşı, ölkəmizin neçə illərdir üzləşdiyi, qaçqınlıq, köçkünlük, həlli tapılmayan problemləri var. 20 ildən artıqdır ki, Ermənistanda, eləcə də Dağlıq Qarabağda, əzəli dədə-baba torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir, Azərbaycan torpaqlarının bir hissəsi işğal edilmişdir. Beynəlxalq təşkilatların passiv hərəkətləri, ikili siyasəti nəticəsində bu münaqişə hələ də  həllini tapmamışdır. Bir milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarında əsl humanitar fəlakətə məruz qalmaqda davam edir. Azərbaycana dəyən maddi və mənəvi ziyanı hesablamaq mümkün deyil. Dövlət başçısının da qeyd etdiyi kimi, adambaşına düşən qaçqınların sayına görə, əfsuslar olsun ki, Azərbaycan dünyada birinci yerdədir: "Bu münaqişəyə tezliklə son qoyulmalıdır və vətəndaşlarımız doğma torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur, elementar hüququdur. Nəhayət, ədalət bərpa edilməlidir".

Forum iştirakçılarının çıxışları da bugünkü dünyada humanitar məsələlərin həllinin nə qədər vacib olduğunu bir daha göstərdi. Tədbirin keçirilməsinə xüsusi maraq göstərən Rusiya Prezidenti Dmitri Medvedevforum iştirakşılarına ünvanladığı məktubda humanitar sahədə əməkdaşlığa yüksək önəm verərək bildirir: "Müasir dünyada humanitar əməkdaşlıq çox böyük sabitləşdirici rol oynayır. O, davamlı inkişafa şərait yaradır, ölkələr arasında münasibətlərə müsbət təsir ediriqtisadiyyat, elm və mədəniyyətdən başlamış hüquq siyasəti və təhlükəsizliyin təmin edilməsi məsələlərinə qədər insan fəaliyyətinin, demək olar ki, bütün sahələrini əhatə edir".

ABŞ-ın sabiq Prezidenti Bill Klintonun təbrik məktubunda da forumun əhəmiyyəti dəyərləndirilir və qeyd olunur ki, dünyada bir milyarddan artıq insan yoxsulluq şəraitində yaşayır və bu cür tədbirlər planetdə baş verən mənfi proseslərin qarşısının alınmasında, onların təsir imkanının zəiflədilməsində mühüm rol oynayır.

Dünyada baş verən bəzi proseslərlə bağlı narahatlıqlarını forumda çıxış edən Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku və Slovakiyanın sabiq Prezidenti Rudolf Şuster də bildirdilər. Onlar dinlərarası, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyini söylədilər, tez-tez baş verən təbii fəlakətlərdən minlərlə insanın aclıq çəkdiyini diqqətə çatdırdılar, eyni zamanda, elmi, mədəni, sosioloji, humanitar məsələlərin müzakirəsi üçün belə tədbirlərin yaxşı fürsət olduğunu diqqətə çəkdilər.

Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl isə Bakıya gəlməkdən şad olduğunu bildirərək forum iştirakçıları ilə öz təəssüratlarını bölüşdü: "İyirmi il ərzində Azərbaycan kifayət qədər kamilgüclü beynəlxalq icmanın üzvünə çevrilibdaha böyük gələcək potensiala malik bir ölkə olaraq, sözün həqiqi mənasında, inkişafa və möhkəm sabitliyə nail olub. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında irəliyə doğru qətiyyətlə addımlayır. Mən mərhum Prezident Heydər Əliyevə xüsusi ehtiramımı bildirməliyəm. O, xalqın atası olmuşdur". Natiq çıxışında Türkiyə-Azərbaycan əlaqələrinə toxunaraq "bir millət, iki dövlət" kəlamının artıq real həyatda təcəssüm etdiyinidedi.

Ümumiyyətlə, forumda qaldırılan və müzakirə olunan məsələlər olduqca rəngarəng idi - "Sosial jurnalistika və yüksək texnologiyalar", "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi", "Biotexnologiyalar və etika problemləri", "Multikulturalizm: nailiyyətlər və problemlər", "Elmlərin konvengensiyası" və s.

Forum öz işini başa çatdırdı və humanitar sahədə əməkdaşlığa töhfə verdi. Dünya ictimaiyyətinə ünvanlanmış bəyannamə qəbul etdi. Bəyannamədə qeyd olunur: "...Bu qəbildən forumların vaxtaşırı keçirilməsinin zəruriliyini ifadə edir və Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına, Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan hökumətinə göstərdikləri dəstəyə, qonaqpərvərliyə görə dərin minnətdarlığımızı bildiririk".

Hər görülən işin öz məqsədi, hər keçirilən tədbirin öz qayəsi var. "XXI əsr: ümidlər və çağırışlar" devizi altında Bakıda keçirilən Beynəlxalq Humanitar Forum başa çatsa da, onun insanlara çatdırmaq istədiyi qayə və amal get-gedə daha böyük miqyas alacaq, millətlərə və xalqlara, ölkələrə və dövlətlərə qloballaşan dünyada bir-birinə kömək durmaq, yardımçı olmaq işində öz əvəzsiz rolunu oynayacaq, bəşərin ümidlərinə, arzularına dəstək verəcək. Bu arzular isə çoxdur, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, onların sonu yoxdur:  "Mən ümid edirəm ki, bugünkü tədbir və ondan sonrakı görüşlər və Azərbaycanda keçiriləcək növbəti beynəlxalq forumlar arzularımızı reallığa çevirəcəkdir. Arzularımız ondan ibarətdir ki, bütün dünya xalqları, bütün ölkələr bir-biri ilə daha da səmimi münasibətdə olsunlar, qarşılıqlı əlaqələr daha da dərinləşsin, beynəlxalq əməkdaşlıq üçün daha da əlverişli şərait yaradılsın".

 

 

 Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.- 15 oktyabr.- S.  3.