Ölkənin yanacaq-energetika kompleksi 20
ildə sürətli və ardıcıl inkişaf
yolu keçmişdir
Oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü tamam olur. Bu dövr ölkəmizin yeni tarixində müstəqilliyimizin möhkəmlənməsi, islahatların və nəhəng layihələrin həyata keçirilməsi, yeni iqtisadi sistemin yaradılması baxımından özünəməxsus yer tutur və böyük əhəmiyyət kəsb edir.
Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır olmuşdur. Sovet İttifaqının süqutu və ənənəvi istehsal əlaqələrinin qırılması bütün sahələri iflic etdiyi kimi, neft və qaz sahəsinə də təsirsiz ötüşməmişdir. 90-cı illərin əvvələrindəki siyasi rəhbərliyin acizliyi və təsərrüfat başçılarının səriştəsizliyi isə yenicə müstəqilliyə qovuşmuş ölkədə əsl hərc-mərclik törətmiş, istehsal sahələri və pillələri arasında əlaqələri pozmuş, təcrübəli kadrlar itirilmiş, hər yerdə laqeydlik, özbaşınalıq hökm sürmüş, uzun illər ərzində yaradılan fondlar və istehsal vasitələri dağılıb tar-mar edilmişdir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesindəki böhran son dərəcə dərinləşmişdi.
Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və müstəqil ölkənin milli mənafelərinə xidmət edən siyasəti nəticəsində Azərbaycanın iqtisadiyyatının ən ümdə problemləri təhlil edilərək həlli yolları müəyyənləşdirildi. Ümummilli liderin rəhbərliyi ilə bu yolların reallaşdırılması məqsədilə həyata keçirilən islahatlar nəticəsində müstəqilliyimizin möhkəm iqtisadi təməli yaradıldı, iqtisadi tərəqqi sahəsində böyük uğurlar qazanıldı. Artıq 1995-ci ildən etibarən ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmağa başlandı. Ulu öndər bununla bağlı demişdir: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkədə demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaq və respublikanın iqtisadiyyatında islahatlar aparmaq, öz iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq prinsiplərini əsas götürmüşdür".
Artıq 8 ildən çoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi strategiyasını, islahatlar kursunu böyük bacarıqla və uğurla davam etdirir. Bu, müstəqil Azərbaycanın dinamik inkişafında yeni mərhələdir. Həmin mərhələnin nəticələri isə göz qabağındadır: ölkədə bərqərar olmuş sabitlik daha da möhkəmlənmiş, respublikamızın regionda və dünyada nüfuzu artmış, dövlətçilik və ölkənin qüdrəti güclənmiş, yeni istehsal müəssisələri yaradılmış, əhalinin sosial müdafiəsi xeyli yaxşılaşmışdır. Eləcə də iqtisadiyyatın bütün sahələrində geniş miqyasda köklü islahatlar, yenidənqurma və bərpa işləri həyata keçirilmiş, mövcud olan güclü potensial inkişaf yoluna çıxmışdır. Bir sözlə, iqtisadiyyatımız sürətlə irəli gedir və indi Azərbaycanda heç bir ölkədə görünməyən inkişaf mövcuddur.
Prezident İlham Əliyevin gərgin əməyi və rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyası regionda ölkəmizin böyük nüfuz sahibinə və aparıcı dövlətə çevrilməsinə zəmin yaratmışdır. Böyük həcmdə xarici investisiyaların cəlb edilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması ölkədə aparılan iqtisadi siyasətin əsas prioritet istiqamətlərini təşkil edir.
Sənaye və energetika kompleksi isə bu inkişafın lokomotivi olaraq qalır. Ölkədə yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Neft və qaz sənayesində yeni yataqların kəşfiyyatı, hasilatın təminatı ücün hidrotexniki qurğuların tikintisi, qaz təsərrüfatı sisteminin və infrastrukturunun genişləndirilməsi və yenidən qurulması, elektroenergetika sektorunun möhkəmlənməsi və inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edən işlər görülür.
2010-cu il oktyabrın 7-də bp və ARDNŞ arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Şəfəq-Asiman" strukturunun birgə kəşfiyyatı və işlənməsi üçün yeni hasilatın pay bölgüsü sazişi imzalandı. "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşir və 110 kvadratkilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Suyun dərinliyi 650-800, rezervuarın dərinliyi təxminən 7000 metrdir. "Əşrəfi", "Qarabağ" və "Babək" perspektiv strukturlarında axtarış-kəşfiyyat işlərinin bərpa edilməsi istiqamətində işlərin davam etdirilməsini, "Ümid" və "Abşeron" strukturlarında aparılan kəşfiyyat işləri zamanı bu yataqların məhsuldarlığı barədə dəqiqləşdirilmiş məlumatın əldə olunmasını yanacaq-enerji kompleksinin inkişafi üzrə Dövlət Proqramı çərçivəsində aparılmış uğurlu işlər hesab etmək olar.
Ölkənin neft-qaz sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi sayəsində respublikamızda neft hasilatı 1990-cı ilin əvvəlləri ilə müqayisədə 6 dəfə artmışdır. Qaz hasilatında da son illər böyük nailiyyətlər əldə edilmişdir. Heç də təsadüfi deyil ki, son 5 ildə mədənçıxarma sənayesində məhsul istehsalı 2,8 dəfə, o cümlədən neft hasilatı 3 dəfəyə qədər, qaz hasilatı isə 3 dəfədən çox artmışdır. Bu illər ərzində 158 milyon ton neft, 44 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur.
2010-cu ildə "Azəri-Çıraq-Günəşli"
neft və "Şahdəniz" qaz kondensat yataqlarında hasilat uğurla davam etdirilmişdir. Hasilat başlanandan - 1997-ci ilin noyabrından 2010-cu ilin sonunadək AÇG-də
neft hasilatı 222 milyon ton olmuşdur. "Şahdəniz"
yatağından isə
2006-cı il noyabrın
sonundan indiyədək
23,5 milyard kubmetr qaz və
6,2 milyon ton kondensat hasil olunmuşdur. Bunlardan əlavə, 2010-cu ilin iyul ayının 21-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ən yüksək ötürücülük qabiliyyəti
sutkada 1,057 milyon barelə çatmışdır.
Ötən illər kimi,
2011-ci ili də böyük sosial-iqtisadi uğurlarla başa vuran respublikamız energetika və sənayenin digər sahələrində
yüksək nailiyyətlər
əldə etmişdir.
Hazırda Azərbaycanda
sutkada 75 milyon kubmetr qaz hasil
edilir ki, bu da dənizdə
və quruda istismar edilən yataqlardan, xarici şirkətlərlə birgə
işlənən "Şahdəniz"
və "Azəri-Çıraq-Günəşli"
yataqlarından alınır.
Təkcə bir faktı qeyd edək ki, 2010-cu ildə ölkə üzrə 26,3 milyard kubmetrə yaxın qaz hasil olunduğu halda, 2011-ci ildə bu rəqəmin 29 milyard kubmetrə çatacağı gözlənilir.
Ötən il
neft-qaz təsərrüfatında
baş verən ən mühüm hadisələrdən biri də yeraltı qaz anbarlarına vurulan qazın həcminin 2 milyard 500 milyon kubmetrə çatdırılmasıdır. Yaxın gələcəkdə yeraltı
qaz anbarlarının tutumunun 3 milyard, növbəti mərhələdə
isə 5 milyard kubmetrə çatdırılması
nəzərdə tutulur.
Bir sözlə, enerji daşıyıcıları, xüsusən
təbii qaz və elektrik enerjisinin təminatı sarıdan son illərə
qədər başqa ölkələrdən asılı
olan Azərbaycan istehsalı sürətlə
artırmaqla özünün
enerji təhlükəsizliyini
təmin etmişdir.
Bu, Prezident İlham
Əliyevin uğurla apardığı enerji siyasəti nəticəsində
mümkün olmuşdur.
Enerji təchizatında çətinlik
yaranan bölgələrdə
- Astara, Şəki, Xaçmaz, Naxçıvan,
Bakı və Sumqayıtda qısa müddət ərzində
yeni qenerasiya gücləri işə salınması və bu sahədə tədbirlərin indi də davam etdirilməsi
dediklərimizə əyani
sübutdur. Hazırda Azərbaycan
müstəqil elektrik
enerji sisteminə malikdir. Bunun əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
keçən əsrin
70-ci illərində qoyulmuşdur.
Ulu öndərin təşəbbüsü
və birbaşa rəhbərliyi altında
Azərbaycan və Şimal istilik, Araz, Tərtər, Yenikənd, Şəmkir su elektrik stansiyaları,
eləcə də elektrik şəbəkələri,
elektrik verilişi xətləri və qovşaq yarımstansiyalar
inşa edilmişdir.
Ümumiyyətlə, ulu öndərin
rəhbərliyi dövründə
Azərbaycanda 3500 Mvt-yə
yaxın qenerasiya gücü istismara verilmişdir.
Hazırda respublikamızın elektrik
enerjisi sisteminin tərkibində 13 istilik və 7 su elektrik
stansiyası fəaliyyət
göstərir. Onların ümumi gücü 6,4 min meqavatdan çoxdur və hər il orta
hesabla ölkədə
18 milyard kilovat/saatdan artıq elektrik enerjisi istehsal edilir. Əldə olunan uğurlar ölkənin elektrik enerjisi sisteminin dayanıqlığını və
təhlükəsizliyini daha
da möhkəmləndirmiş
və elektrik enerjisinin ixracı üçün böyük
imkanlar yaratmışdır.
Ötən illər Azərbaycana yönəldilən investisiyaların
qoyulduğu sahələrdə
qeyri-neft sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə
artmışdır. Yaradılan əlverişli
biznes mühiti nəticəsində xarici
investorlar enerji sahəsilə yanaşı,
qeyri-neft sektoruna da xüsusi maraq göstərirlər və son nəticədə
bu, qeyri-enerji sferasına qoyulan sərmayələrin həcminin
artması ilə yanaşı, istehsalın
da artımında müstəsna rol oynayır. Xarici investisiyalar hesabına
müasir texnologiya və avadanlıqların tətbiqi, qabaqcıl idarəetmə təcrübəsinin
öyrənilməsi nəticəsində
bu gün Azərbaycanda yüksək
keyfiyyətli, rəqabətə
davamlı məhsullar
istehsal edilir və indi bu
bizim inkişaf strategiyamızın prioritet
istiqamətlərindən biridir.
Ölkəmiz böyük sənaye
ehtiyatları olan neft, qaz, kondensat,
elektrik enerjisi, o cümlədən alternativ
və bərpa olunan enerji mənbələri
- dəmir filizi, alüminium xammalı, mis, qızıl, sink, molibden, bentonit, dolomit, müxtəlif kimya xammalı, 200-ə qədər təbii tikinti materialları yataqları və digər ehtiyatlara malikdir və bu ehtiyatlardan səmərəli istifadə
hazırda qarşımızda
duran vacib məsələlərdəndir. Çünki qloballaşan dünyada
enerji təhlükəsizliyinin
ön plana çəkildiyi bir vaxtda bu, çox
vacibdir. Heç təsadüfi
deyil ki, məhz bu sahədə
həyata keçirilən
tədbirlər nəticəsində
sanballı yanacaq-enerji
resursları əldə
edən Azərbaycan Avropa dövlətləri üçün etibarlı
tərəfdaşa çevrilmişdir.
Prezident
İlham Əliyevin apardığı siyasət,
həyata keçirdiyi
çevik neft diplomatiyası və praktiki işlər Azərbaycanı Xəzər,
Qara və Aralıq dənizləri məkanında qlobal layihələrin təşəbbüskarı,
iştirakçısı və
əsas icraçısı
olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsi etmişdir ki, bu da milli
iqtisadiyyat üçün
yeni imkanlar yaradır. Xəzər hövzəsindən enerji resurslarının Avropaya çatdırılmasına
yönəldilən və
uğurla həyata keçirilən layihələr
Şərq və Qərbin qovşağında
yerləşən ölkəmizin
dünya birliyinə daha ahəngdar inteqrasiyası baxımından
müstəsna rol oynayır. Hazırda
Azərbaycan geniş və müxtəlif istiqamətlərdə neft
və qaz dəhlizlərini yaratmaq və transregional
layihələrə qoşulmaqla
Avropanın enerji təhlükəsizliyin təmin
olunmasında mühüm
əhəmiyyət kəsb
edir. Ekspertlərin fikrincə, Azərbaycan
qazı Avropa İttifaqı ölkələrinin
enerji təhlükəsizliyinin
təminatı baxımından
prioritet sayılan iritutumlu qaz kəmərləri layihələrinin
əsas mənbələrindən
hesab edilir. Heç şübhə etmirik ki, Xəzər
dənizində apardığımız
kəşfiyyat işləri
uğurla nəticələnsə,
Azərbaycan XXI əsrin
ikinci onilliyinin yekununda qazın istehsalını ən azı 50-60 milyard kubmetrə çatdıra
və bunun əksər həcmini ixrac edə bilər.
Natiq ƏLİYEV,
sənaye və energetika naziri,
iqtisad elmləri doktoru,
Beynəlxalq Mühəndislik
Akademiyasının
müxbir üzvü
Azərbaycan.- 2011.-15 oktyabr.- S. 4.