«Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 ili: qaçqın və məcburi köçkünlərə dövlət qayğısı» mövzusunda tədbir keçirilmişdir

 

Oktyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 ili: qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin 2011-ci il 21 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı" çərçivəsində keçirilən tədbirə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin məsul şəxsləri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları və s. iştirak etmişlər.

İştirakçılar əvvəlcə foyedə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işləri əks etdirən maketə, fotostendlərə və videoçarxa baxmışlar.

Sonra ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmiş,  büstü önünə gül dəstələri qoyulmuşdur.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov vurğulamışdır ki,  müstəqilliyimiz ən böyük nemətdir. Azərbaycanın müstəqillik dövrünü iki onilliyə ayıran natiq  1991-1993-cü illərdə ölkəmizdə hökm sürən ağır ictimai-siyasi vəziyyət, torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi nəticəsində bu əvəzsiz neməti itirmək təhlükəsinin yarandığını, nicat yolu axtaran xalqın zəngin siyasi və dövlətçilik təcrübəsinə sahib Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdiyini xatırlatmışdır. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını birinci onilliyin ən böyük hadisəsi adlandıran Ə.Həsənov vurğulamışdır ki, ümummilli liderin müdrik siyasəti nəticəsində dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alınmış, ağır ictimai-siyasi vəziyyətə baxmayaraq, ölkəmizdə əsaslı islahatların həyata keçirilməsinə başlanmışdır. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın sahib olduğu zəngin təbii sərvətdən ölkəmizin inkişafını təmin etmək, xalqın rifah halını yüksəltmək, qaçqınların və məcburi köçkünlərin sosial şəraitini yaxşılaşdırmaq üçün istifadə etmək imkanı yaratmışdır.

Ümummilli liderin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin həlli istiqamətində beynəlxalq aləmdə hüquqi bazanın yaradılmasına çalışdığını vurğulayan Baş nazirin müavini demişdir ki, məhz bu yorulmaz fəaliyyətin nəticəsində mötəbər beynəlxalq qurumlar tərəfindən Ermənistan işğalçı ölkə kimi tanınmışdır.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinin ümummilli lider Heydər Əliyevin fəaliyyətinin prioritet istiqaməti olduğunu vurğulayan Ə.Həsənov onun təşəbbüsü ilə qəsəbələrin salınmasına başlandığını xatırlatmışdır.

Baş nazirin müavini 2003-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin bu vəzifəyə seçilməsini ikinci onilliyin ən böyük hadisəsi adlandırmışdır. Dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin bütün sahələrdə yürütdüyü siyasəti uğurla davam etdirdiyini deyən Ə.Həsənov bildirmişdir ki, nəticədə dövlətçiliyimiz möhkəmləndirilmiş, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, hazırda regionda lider dövlətə çevrilmişdir.

Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının Azərbaycan Prezidentinin fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayan komitə sədri bildirmişdir ki, məhz bu diqqətin sayəsində artıq ölkəmizdə çadır şəhərcikləri ləğv edilmiş, müasir tələblərə cavab verən qəsəbələr salınmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsilin, səhiyyənin, mədəniyyətin inkişafındakı xidmətlərini yüksək qiymətləndirən Ə.Həsənov bildirmişdir ki, qaçqın və məcburi köçkünlərimiz də bu diqqət və qayğıdan geniş şəkildə faydalanırlar.

Çıxış edən digər natiqlər - Milli Məclisin deputatı, parlamentin Elm və təhsil komitəsi sədrinin müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, deputatlar Flora Qasımova, İmamverdi İsmayılov,  Füzuli, Kəlbəcər, Xocalı və Xocavənd rayonlarının İcra hakimiyyətlərinin başçıları Alı Alıyev, Vidadi Məhərrəmov, Şahmar Usubov və Eyvaz Hüseynov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizin regionda lider dövlətə çevrildiyini vurğulamışlar.

Natiqlər işğal altındakı torpaqlarımızın Prezident İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində tezliklə öz həllini tapacağına, Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə əminliklərini bildirmişlər.

 

 

Azərbaycan.- 2011.-15 oktyabr.- S.  4.