Ədliyyə
Nazirliyində dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümünə həsr edilmiş konfrans olmuşdur
Ölkəmizdə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü geniş qeyd olunur.
Oktyabrın 14-də Ədliyyə Nazirliyində vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə "Azərbaycan ədliyyəsi müstəqillik illərində" mövzusunda konfrans keçirilmişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdən öncə nazirlikdə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuş, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda əsas məruzə ilə çıxış edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov xalqımızın milli sərvəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasının ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, yenilməz iradəsi və qətiyyəti ilə reallaşdığını, 18 oktyabr müstəqillik gününün 15 iyun - xalqımızın Milli Qurtuluş Günü ilə qorunduğunu vurğulayaraq, milli dövlətçiliyimizin inkişafında, demokratik hüquqi dövlətin quruculuğunda ulu öndərin əvəzsiz rolunu və misilsiz xidmətlərini qeyd etmişdir. Çıxışda həmçinin ümummilli liderimiz tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün bütün sahələrdə qazanılan möhtəşəm nailiyyətlərdən, habelə köklü məhkəmə-hüquq islahatlarından, o cümlədən son illər ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, yeni infrastrukturların yaradılması üzrə görülən genişmiqyaslı tədbirlərdən danışılmış, artıq dünya birliyi tərəfindən təqdir olunan uğurlar vurğulanmışdır.
Tədbirdə digər məruzələr dinlənilmiş, müstəqilliyin ilk illərində ölkədə cərəyan edən hadisələrə nəzər salınaraq, dahi rəhbərin böyük qətiyyəti və güclü siyasi iradəsi nəticəsində ictimai-siyasi sabitliyə nail olunmasından, qanunçuluğun, cinayətkarlıqla mübarizənin möhkəmləndirilməsindən bəhs edilmişdir.
Həmçinin ədliyyə işçiləri və gənc əməkdaşlar müstəqilliyimizlə bərabər inkişaf edən müasir ədliyyə sistemimizin cəmiyyətdə əhəmiyyətli yeri və rolu barədə çıxışlar etmiş, dövlətimizin gənclərə göstərdiyi qayğını vurğulamış, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi naminə ölkəmizin başçısının ətrafında sıx birləşərək həyata keçirilən irimiqyaslı quruculuq işlərində yardımçı olmaq üçün səylərini əsirgəməyəcəklərini bildirmişlər.
Çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri müstəqillik illərində vətəndaş cəmiyyətinin inkişafı və demokratik hüquqi dövlət quruculuğu prosesində iştirakı və verdiyi töhfələri qeyd etmiş, Ədliyyə Nazirliyi ilə səmərəli və məhsuldar əməkdaşlığı vurğulamışlar.
Tədbirin sonunda bayram münasibətilə xüsusi
hazırlanmış "Azərbaycan ədliyyəsi müstəqillik
illərində" adlı sənədli film
nümayiş etdirilmişdir.
Azərbaycan.- 2011.- 15 oktyabr.- S. 4.