Həmkarlar ittifaqları vətəndaşların əmək və sosial-iqtisadi hüquqlarını fəal müdafiə edən təşkilata çevrilib

 

XX əsrin sonu dünyanın siyasi mənzərəsini əsaslı dəyişən proseslərlə əlamətdardır. Əsrlərdən bəri öz dövlətini qurmaq, taleyinin sahibi olmaq arzusu ilə yaşayan Azərbaycan xalqı da bu proseslərdən kənarda qalmamış, arzuladığı müstəqilliyinə qovuşmuşdur. Azərbaycan Respublikasının müstəqillik əldə etməsi dünyada, keçmiş Sovetlər  İttifaqında gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi idi. 1991-ci ildə Sovet İttifaqının süquta uğraması ilə Azərbaycan xalqı 71 il əvvəl itirdiyi müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ölkəmizin tarixində yeni dövrün başlanğıcını qoydu. Həmin akta ilk səs verənlərdən biri dövrün siyasi lideri Heydər Əliyev oldu. Müstəqilliyimizin ilk iki ili ərzində özbaşınalığın tüğyan etməsi ölkəni idarəolunmaz vəziyyətə salmışdı. Belə ki, Ermənistan torpaqlarımızın xeyli hissəsini işğal etmişdi. Respublikada hərc-mərclik, hakimiyyətsizlik hökm sürürdü. İqtisadiyyat, sosial həyat iflic olmuş, ölkənin müstəqilliyi təhlükə altına düşmüşdü.

1993-cü ildə Azərbaycan xalqı həmişə olduğu kimi, öz  müdrikliyini göstərərək dahi siyasətçi, görkəmli ictimai xadim  Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ümummilli lider canından çox sevdiyi xalqının dəstəyinə və zəngin dövlətçilik təcrübəsinə arxalanaraq qısa zamanda ölkədə sabitlik yarada bildi. Həmin dövrdən başlayaraq Azərbaycanda dövlətçiliyin formalaşması istiqamətində mühüm addımlar atıldı. Siyasi-iqtisadi islahatlara start verildi. Respublikamızın dünya birliyinə sürətlə inteqrasiyası başlandı və bir sıra beynəlxalq təşkilatların üzvü olduq. 1994-cü ildə ölkə iqtisadiyyatının inkişafında və  müstəqilliyimizin qorunub saxlanılmasında həlledici əhəmiyyət daşımış, "Əsrin müqaviləsi" kimi tarixə düşmüş neft müqavilələri imzalandı. Azərbaycan haqqında dünya ictimai rəyinə yeridilmiş yanlış təsəvvürlər artıq 1990-cı illərin ortalarından başlayaraq yerini obyektiv münasibətlərə verirdi.

Həmin dövrdə respublikamızı dərin siyasisosial-iqtisadi böhrandan çıxarmaq kimi çox çətin bir işlə məşğul olmasına baxmayaraq, ümummilli lider  həmkarlar ittifaqı təşkilatlarına da qayğısını əsirgəməyib, onu müxtəlif siyasi qüvvələrin hücumlarından qorudu. Tarixi ənənələrə malik bu təşkilatın öz missiyasını yerinə yetirməsi üçün hərtərəfli şərait yaratdı. Bu qurumun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı. Demokratik idarəçilik prinsiplərinə əsaslanan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilati baxımdan möhkəmlənməsinə və fəaliyyət dairəsinin genişlənməsinə dəstək verildi.

 "Həmkarlar ittifaqı hazırkı dövrdə əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməlidirlər. Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynamalıdırlar". Heydər Əliyevin AHİK-in II qurultayına təbrikindən götürülmüş bu fikirlər nəinki həmkarlar ittifaqlarına, eyni zamanda hökumət və təsərrüfat orqanlarına ünvanlandığı göstəriş, proqram idi. Çünki ulu öndər bilirdi ki, hər bir yerində əməkçinin hüquqlarının təmin olunması, azad cəmiyyətin, insanların firavan həyatının bərqərar olması bütünlüklə onların dövlət quruculuğunda yaxından iştiraklarına təminat verəcəkdir.

Həmkarlar ittifaqları da sosial tərəfdaş olaraq keçid dövrünün ortaya qoyduğu problemlərin həllinə təsir göstərə bilən güc kimi iştirak etməkdən ötrü ilk növbədə öz daxilində struktur islahatları həyata keçirməli idi. Odur ki, respublika Həmkarlar İttifaqları Şurasının 1993-cü il fevralın 5-də keçirilmiş təsis qurultayında bu qurum buraxıldı və onun səlahiyyətləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verildi. Konfederasiya mərkəzi aparat kimi səlahiyyətlərinin təxminən 70 faizini sahə həmkarlar ittifaqlarına verdi. Onlar da verilən səlahiyyətləri yerli komitələrlə paylaşdılar. Bu isə sosial dialoqun cəmiyyətin ən dərin qatlarında belə müstəqil aparılmasına imkan verən çox vacib addım idi. Beləliklə, ümummilli liderin cəmiyyətdə sabitlik, sosial müdafiə, iqtisadi artımın əsası kimi dəyərləndirdiyi sosial dialoq dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına böyük təkan oldu.

Təşkilatımız ümummilli liderin qayğısını daim öz üzərində hiss etmişdir. Ulu öndər tez-tez həmkarlar ittifaqı fəalları ilə görüşlər keçirmiş, ən mühüm tədbirlərimizə təbrik məktubları göndərmişdir. Bütün bunlar Konfederasiyanın güclənməsinə, cəmiyyətdə nüfuzunun artmasına xidmət etmişdir. Azərbaycan həmkarlar ittifaqları ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirmişdir. Təsadüfi deyildir ki, ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və II qurultaylarında ümummilli liderin Azərbaycan Respublikası prezidentliyinə  namizədliyini irəli sürmüşdür.

1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan "Həmkarlar ittifaqları haqqında" qanun yeni mərhələdə həmkarlar ittifaqlarının cəmiyyətdəki yerinistatusunu müəyyən etdi. Təşkilatın ittifaqlarının sərbəst, müstəqil, heç bir dövlət strukturlarından asılı olmayaraq, öz nizamnaməsi çərçivəsində fəaliyyət göstərməsi təmin olundu. Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında hüquqları tanındı. Beynəlxalq həmkarlar ittifaqları sisteminə qoşuldu.

1995-ci il sentyabrın 29-da "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" haqqında qanun imzalandı. Bu qanunla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 1996-cı il martın 27-də keçirilmiş IV məclisində "Respublikada aparılan  iqtisadi islahatlar və özəlləşdirmə prosesində həmkarlar ittifaqlarının rolu və vəzifələri haqqında" məsələ müzakirə edilmişdir. Məclisdə bu məsələ hərtərəfli müzakirə edilmiş, həmkarlar ittifaqlarının rolu müəyyənləşdirilərək tövsiyələr qəbul olunmuşdur.

Özəlləşdirmə haqqında qanunun və Proqramın layihələri işlənib hazırlanarkən həmkarlar ittifaqlarının verdikləri əksər təkliflər nəzərə alınmışdır.

Heydər Əliyev əməkçilərin hüquq və mənafelərinin müdafiə olunması sahəsində həmkarlar ittifaqlarının rolunu həmişə yüksək qiymətləndirmişdir. Qurumun keçirdiyi bütün tədbirlərə diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndər AHİK-in II qurultayında qonaq kimi iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqları liderlərini qəbul etmiş, onlarla həmkarlar ittifaqları hərəkatı barədə fikir mübadiləsi aparmışdır.

AHİK ümummilli liderin qayğısına sosial problemlərin həlli istiqamətində apardığı fəal, səmərəli işlə cavab vermişdir. Yarandığı ilk on il ərzində üzvlərinin sosial təminatlarına dair bir çox normativ sənədlər hazırlamış, qanunproqram sənədlərin işlənməsində fəal iştirak etmişdir. "Vətəndaşların sosial təminatları haqqında razılıqların siyahısı"nı tərtib etmiş, "1993-cü ildə Azərbaycan Respublikası əhalisinin məşğulluq Proqramı"nın layihəsinə, "Əhalinin pul gəlirlərinin indeksləşdirilməsi" qanununa konkret təkliflər vermişdir. Ümumilikdə müxtəlif orqanlar tərəfindən hazırlanmış 100-ə yaxın qanun layihələrində AHİK-in rəyi nəzərə alınmış, qüvvədə olan 10-dan artıq qanuna əlavə və dəyişikliklər edilməsi barədə təkliflər irəli sürmüşdür. Birbaşa həmkarlar ittifaqı təşkilatının mütəxəssislərinin iştirakı ilə ərsəyə gəlmiş "Fərdi əmək müqavilələri (kontraktları) haqqında", "Fərdi əmək mübahisələrinin həlli qaydası haqqında", "Kollektiv müqavilələr və sazişlər haqqında", "Məzuniyyətlər haqqında", "Əməyin mühafizəsi haqqında" qanunlar hüquqi bazamızı xeyli genişləndirmişdir.

Həmkarlar İttifaqının növbəti inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin layiqli davamçısı ölkə rəhbəri İlham Əliyevin adı ilə bağlıdır.

"Həmkarlar ittifaqları haqqında" qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər dediklərimizə əyani sübutdur. Bütün bunlar vəzifələrimizi layiqincə yerinə yetirməyə, həmkarlar ittifaqının nüfuz və səlahiyyətlərinin artmasına xidmət edir.

Xüsusilə Əmək Məcəlləsinin 80-ci maddəsinin yeni redaksiyada verilmiş I hissəsini fərqləndirmək lazımdır:  "İşəgötürənlər tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının qabaqcadan razılığı alınmaqla ləğv edilir". Bu yalnız Azərbaycan həmkarlar ittifaqlarının cəmiyyətdəki nüfuzunun göstəricisi deyil, həm də bazar iqtisadiyyatı şəraitində həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində bizə verilən böyük səlahiyyətdir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik isə həmkarlar ittifaqlarının maddi vəziyyətinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Prezident İlham Əliyev həmkarlar ittifaqlarının böyük qüvvə olduğunu və Azərbaycanda əmək hüquqlarının  qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu dəfələrlə qeyd etmişdir: "Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilər". Bu fikirlər həmkarlar ittifaqlarını daha da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirməyə istiqamətləndirmişdir.

Müasir həmkarlar ittifaqlarının fəaliyyətində 3 əsas istiqamət - həmkarlar ittifaqları təşkilatına üzvlüyün motivasiyası, layiqli əməyin hamıya şamil olması yolunda görülən işlər və sosial dialoqun inkişaf etdirilməsi həlledici rol oynayır.

Təsadüfi deyil ki, AHİK-in İcraiyyə Komitəsi "Həmkarlar ittifaqı təşkilatına üzvlüyün motivasiyası və təşkilati birliyin möhkəmləndirilməsi üzrə nümunəvi proqram" haqqında qərar qəbul etmişdir. Eyni zamanda AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə "Kiçikorta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı yaradılması üzrə 2009-2011-ci illər üçün pilot layihə" qəbul edilmiş və 10 sahə həmkarlar ittifaqı pilot layihəyə cəlb olunmuşdur. Hazırda bu layihə həyata keçirilir.

Dövrün tələbinə uyğun olaraq vaxtaşırı struktur istahatları aparırıq. Konfederasiyada birləşmiş "Metal-İş", "Xidmət-İş", "Kənd-Qida-İş" Hİ federasiyaları islahatların uğurlu nəticəsi kimi meydana gəlib. İstehsalat prinsiplərinə görə Təbii Sərvətlər və Ekologiya İşçiləri və Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqları yenidən təşkil olundu. "Baku Stil Kompani" MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi və Bələdiyyə İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsi də son illərdə fəaliyyətə başlayıb.

Ümumiyyətlə, son dörd ildə 451 yeni həmkarlar ittifaqı təşkilatı təsis edilmişdir. Son iki ildə isə mülkiyyət münasibətlərindən asılı olmayaraq, 200-dən çox müəssisə və təşkilatda yeni həmkarlar ittifaqları yaradılmışdır. Bu təşkilatlarda 17000-ə yaxın üzv birləşir.

Apardığımız maarifləndirmə işi və təşkilatçılıq nəticəsində "Baltika-Bakı" MMC, "Trenç Vinyard" MMC, "Azersun Holdinq" MMC (mərkəzi ofis), "Aqro Azərinvest" MMC, "Akkord FDİ" şirkətlər qrupu, "EL SİM" TİM və digər müəssisələrdə həmkarlar ittifaqları yarada bilmişik.

NeftQaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi transmilli şirkətlərdə çalışan yerli işçilərin həmkarlar ittifaqı yaratmaq təşəbbüslərini dəstəkləyərək işəgötürənlərin müqavimətinə baxmayaraq, son iki ildə 9 neft şirkətində həmkarlar ittifaqı təşkilatı təsis etmişdir.

Ölkə üzrə həmkarlar ittifaqı olmayan müəssisələrin və təşkilatların siyahısı hazırlanmış, sahələr üzrə təqribi bölgüdən sonra səmərəli təşkilati başlanmışdır. Nəticədə respublikadakı xarici sərmayəli, birgə və özəl müəssisələrdə yaradılan həmkarlar ittifaqı təşkilatlarının sayı 3462-yə, üzvlərin sayı isə 143532 nəfərə çatmışdır. Bu fakt bütövlükdə Azərbaycan həmkarlar ittifaqları hərəkatı üçün əhəmiyyətli rol oynayır.

Prezident İlham Əliyevin Azərbaycan həmkarlar ittifaqlarına münasibəti Heydər Əliyevin ideyalarına sadiqlik nümunəsidir. Cənab İlham Əliyevin fərmanı ilə 2005-ci ildən bugünədək 125 nəfər həmkarlar ittifaqları işçisi ordenmedallarla təltif olunmuş, fəxri ad almış, üç nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür. Bundan başqa, son illər 178 nəfər AHİK-in "100 illik yubileyi" medalı, 189 nəfər AHİK-in "15 illik yubileyi" medalı və 100-dən çox işçi isə "Həmkarlar ittifaqında xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. Bu mükafatlar dövlətin və ölkə Prezidentinin həmkarlar ittifaqına olan qayğı və diqqətinin nümunəsi, yeni mərhələdə həmkarlar ittifaqlarına verilən yüksək qiymətin nəticəsidir.

Dövlət başçısının təşəbbüsü ilə son illər ölkəmizdə gender və gənclər siyasəti üzrə məqsədyönlü tədbirlər həyata keçirilir. Bu siyasətin əsası bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev qadınların və gənclərin problemlərini daim önə çəkmiş, onların cəmiyyətdə layiqli yer tutmaları üçün var qüvvəsi ilə çalışmışdır. Dövlətin bu siyasətinə uyğun olaraq AHİK-in nəzdində Gənclər Şurası, Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəz yaradılmışdır. Hazırda gənclər ümumi həmkarlar ittifaqı üzvlərinin 30 faizini, qadınlar isə 51 faizini təşkil edir. Respublika həmkarlar ittifaqlarının seçkili orqanlarında qadınların sayı 15984 nəfərdir. Onlardan 2936 nəfəri həmkarlar ittifaqı komitələrinin sədridir.

Tələbə HİK sədrləri üçün hər il "Həmkarlar ittifaqı üzvlüyünün motivasiyası: problemlər, təkliflər" mövzusunda seminar təşkil edilir. Təhsildə fərqlənən aliorta məktəb tələbələri üçün Təhsil İşçiləri Azad  Həmkarlar İttifaqı, Dövlət İdarələri və İctimai Xidmət və Su Təsərrüfatı İşçilərinin həmkarlar İttifaqları təqaüdlər təsis etmişdir.  Ümumilikdə 121 gəncə il ərzində 45360 manat təqaüd verilir.

Prezident İlham Əliyevin bu ilin iyul ayında imzaladığı "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı Azərbaycanda gənclərin siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatını və digər sosial-iqtisadi problemlərini həll etməkdə çox mühüm sənəddir.

2009-cu ilin oktyabrında AHİK-də "Vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqının  rolu" mövzusunda icra hakimiyyətinə və qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələrinin iştirakı ilə konfrans keçirildi. Həmin konfransda qəbul edilmiş "Vətəndaş cəmiyyəti sistemində AHİK-in inkişaf Konsepsiyası"nda işçilərin sosial müdafiəsinin yalnız güclü həmkarlar ittifaqları tərəfindən təmin edilə biləcəyi qeyd olundu.

Azərbaycan həmkarlar ittifaqları səlahiyyətləri çərçivəsində olan bütün problemlərin həllini hökumətlə sosial dialoqda görür. AHİK hakimiyyətin bütün strukturları ilə əməkdaşlıq və sosial tərəfdaşlıq prinsipləri əsasında işləyir. Hər il hökumət, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında üçtərəfli Baş Kollektiv Saziş imzalanır. Sazişin məqsədi tərəflərin mövqelərinin və fəaliyyət istiqamətlərinin uyğunlaşdırılmasından ibarətdir.

Həmkarlar ittifaqı təşkilatları Baş Kollektiv Sazişə istinad edərək əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması, kütləvi işsizliyin qarşısının alınması və s. vəzifələrin yerinə yetirilməsində qarşıya çıxan maneələri dəf edə bilir.

Sosial partnyorların BƏT-lə birgə imzaladığı "2006-2009-cu illər üçün layiqli əməyin milli proqramı" mühüm əhəmiyyət daşıyır. Proqram respublikada yeni yerlərinin yaradılmasının dəstəklənməsinə, peşə bacarığının və məşğulluğun inkişafına, əməyin mühafizəsinin milli sisteminin yaxşılaşdırılmasına, iqtisadiyyatda layiqli əməyin çatışmazlığının azaldılmasına yönəldilmişdir. Biz bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət əmək müfəttişləri ilə keçirdiyimiz qarşılıqlı tədbirlərə xüsusi önəm veririk. Dövlət əmək müfəttişləri ilə birlikdə ayrı-ayrı müəssisələrdə sağlam şəraitinin yaradılması, işçilərin əmək hüquqlarının qorunması, qanunvericilik və beynəlxalq standartların vahid qaydada icrası ilə bağlı mövzulara həsr olunan seminarlar, "dəyirmi masa"lar və baxış-müsabiqələri keçirir, bu sahələrdə işlərin yaxşılaşdırılması üçün birgə tövsiyələrimizi veririk.

AHİK bir sıra əmək qanunvericilik layihələrinin, əməyin mühafizəsi fondunun əsasnaməsinin, texniki təhlükəsizlik qaydalarının hazırlanması, habelə mövcud  qanunvericilik aktlarına, Əmək Məcəlləsinin maddələrinə əlavə və dəyişikliklər edilməsi haqqında Milli Məclisə müvafiq təkliflərlə müraciət etmişdir. AHİK-in təkliflərinə əsasən son illər ərzində Əmək Məcəlləsinin 44 maddəsinə dəyişikliklər olunmuşdur.

Həmkarlar ittifaqlarının iştirakı ilə "Əmək qabiliyyətinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində itirilməsinin icbari sığortası haqqında" qanun işlənib hazırlanmışdır. "Əməyin təhlükəsizliyi və gigiyenası haqqında" 155 saylı Konvensiyanın ratifikasiya edilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir.

Respublikada əməyin mühafizəsi problemlərinə müvafiq icra hakimiyyəti orqanlarının, ictimaiyyətin, mütəxəssislərin diqqətinin cəlb edilməsinin vacib forması həmkarlar ittifaqı orqanlarının Ümumdünya Əməyin Mühafizəsi Gününün (28 Aprel), tematik tədbirlərin, seminarların, "dəyirmi masa", baxış-müsabiqələrin keçirilməsində iştirakı olmuşdur. 2010-cu ildə bu tədbirlərə 2500 nəfər cəlb edilmişdir.

Xüsusilə işçilər üçün sağlam və təhlükəsiz şəraitinin təmin olunması, təhlükəsizlik texnikası üzrə qaydanormalara əməl edilməsi sahəsində konkretciddi işlər görülmüşdür. 2010-cu ildə 25 sahə və 1 ərazi həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişlərinin iştirakı ilə əməyin mühafizəsi və istehsalat zədələnmələrinin qarşısının alınması məqsədi ilə 676 müəssisə və təşkilatda yoxlama aparılmışdır. Nəticədə sanitar qaydalara, istehsalat sanitariyagigiyena normalarına və ekoloji təhlükəsizliyin tələblərinə əməl olunmaması üzrə 3039 fakt müəyyən edilmişdir. Eyni zamanda texniki müfəttişlər tərəfindən aşkar olunan pozuntuların 84,4 faizinin (2566) aradan qaldırılması təmin olunmuşdur.

İndi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özündə 22 sahə, 3 həmkarlar ittifaqları federasiyası və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasını birləşdirən müstəqil, həm ölkə miqyasında, həm də beynəlxalq arenada kifayət qədər nüfuza malik olan ictimai təşkilatdır.

Müstəqil dövlətimizin dünya birliyinə inteqrasiyası həmkarlar ittifaqlarının beynəlxalq əlaqələrinin qurulmasına geniş şərait yaratdı. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəal üzvünə çevrildi. AHİK 2000-ci ildən etibarən dünyanın ən böyük beynəlxalq həmkarlar ittifaqı mərkəzi olan Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının (indiki BHİK) üzvüdür. Nümayəndəmizin Qurumun İcraiyyə Komitəsində təmsil olunması  Konfederasiyamızın beynəlxalq həmkarlar ittifaqı hərəkatında xüsusi çəkiyə malik olmasından xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq həmkarlar ittifaqları birlikləri, ayrı-ayrı ölkələrin müvafiq qurumları, BƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurmuşdur. Bu əməkdaşlığın nəticəsidir ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin illik hesabatında Azərbaycan həmkarlar ittifaqlarının nailiyyətləri daim öz əksini tapır. İndi AHİK 29 xarici ölkənin həmkarlar ittifaqı mərkəzləri ilə əlaqə saxlayır. Müntəzəm olaraq Türkiyə, Misir, Polşa, İran, Bolqarıstan, MDB ölkələri və digər ölkələrin həmkarlar ittifaqları ilə işgüzar görüşlər keçirilir və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilir.

AHİK Beynəlxalq Əmək Təşkilatı kimi nüfuzlu qurumla sıx əməkdaşlıq əlaqələri qurmaqla və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olmaqla onların imkanlarından səmərəli istifadə etməyə üstünlük verir. Respublika PrezidentiAHİK-in III qurultayına təbrikində nüfuzlu qurumların imkanlarından bəhrələnərək əməyin təşkili və sosial problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini dərindən öyrənməyi həmkarlar ittifaqlarına tövsiyə etmişdir.

Həmkarlar ittifaqlarının fəaliyyətinin mühüm hissəsini işçilərin əmək hüquqlarının müdafiəsi təşkil edir. Ölkədə həmkarlar ittifaqlarına olan inamın nəticəsidir ki, son illər həmkarlar ittifaqlarına edilən müraciətlərin sayı xeyli çoxalmışdır. Əgər 90-cı illərin sonunda AHİK-ə 18000-ə yaxın müraciət  olmuşdursa, son illərdə bu rəqəm 10-15 dəfə artmışdır. Təkcə 2010-cu ildə Azərbaycan həmkarlar ittifaqlarına ümumilikdə daxil olan 158627 ərizə-şikayətin 98,5 faizi işçilərin mənafelərinə uyğun olaraq öz müsbət həllini tapmışdır. Rəhbər işçilər tərəfindən 17854 nəfər qəbul edilmişdir. 102 nəfər işçi həmkarlar ittifaqının müdaxiləsindən sonra işə qaytarılmışdır. 10 nəfər işçinin hüquqları isə həmkarlar ittifaqı nümayəndələrinin iştirakı ilə keçirilən məhkəmələrdə bərpa olunmuşdur. İl ərzində həmkarlar ittifaqları 452 nəfərin işdən çıxarılmasına razılıq verməmişdir. Bəzi işəgötürənlərin müqavimət göstərmələrinə baxmayaraq, həmkarlar ittifaqlarının fəallığı sayəsində ötən il işəgötürənlərlə 11890 kollektiv müqavilə və 130 saziş bağlanmışdır.

AHİK-in fəaliyyəti respublikanın kütləvi informasiya vasitələrində, "Ülfət" qəzetində kifayət qədər operativ işıqlandırılır. Konfederasiyanın internet saytı mövcuddur.

"Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq olunması barədə" ölkə başçısının 6 fevral 2009-cu il tarixli sərəncamından sonra AHİK-in xidmətində olan sanatoriyalar və istirahət evlərində yenidənqurma işləri daha da sürətləndirilmişdir. Ölkə rəhbərliyinin qayğısı və Konfederasiyanın səyləri nəticəsində son illər ərzində sanatoriya-kurort və istirahət ocaqlarında 56 mindən çox əməkçi və onların ailə üzvlərinin birgə istirahəti təşkil edilmişdir. 3600 nəfərdən çox işçiyə pulsuz yollayışlar verilmişdir. Həmkarlar ittifaqları təşkilatları daxili imkanlar hesabına da işçilərin istirahətini təşkil etmək üçün bir sıra tədbirlər görmüş, nəticədə sanatoriya-kurort və istirahət müəssisələrində 90000 nəfərə yaxın əməkçi və onların ailə üzvlərinin müalicə və istirahəti təmin olunmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirlərinin artması nəticəsində respublikanın şəfa ocaqlarında müalicə almaq arzusunda olanların sayı da ilbəil artır. Məsələn, 2010-cu ildə 29000 nəfər sanatoriya-kurort və istirahət yollayışları ilə təmin edilmişdir ki, bu da 2009-cu illə müqayisədə təqribən 2500 nəfər çoxdur. Bunların sırasında xarici ölkələrin vətəndaşları da vardır.

AHİK-in "Kurort" Səhmdar Cəmiyyəti müalicəyə və istirahətə gələnlərin normal müalicə və istirahətini təşkil etmək məqsədi ilə hər il daxili imkanları hesabına yenidənqurma və əsaslı təmir işləri aparır. Müalicə korpusları təmir olunur, əraziləri abadlaşdırılır, vanna şöbələri, idman meydançaları tələbata uyğun olaraq yenidən qurulur. "Bilgəh", "Abşeron", "Günəşli" və  "Qaranquş" sanatoriyalarında əsaslı təmir və yenidənqurma işləri aparılmış, müasir tələblərə cavab verən lüks tipli yataq kottecləri və otaqları istifadəyə verilmişdir.

Hazırda həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir. Bu müəssisələrin 12600 çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahəti üçün istifadə edilir. Bunun bir çox səbəbi var. Kurort və sanatoriyaların bir hissəsi işğal olunmuş ərazilərdə qalmışdır. Bir hissəsində qaçqın və məcburi köçkünlər yerləşdirilmişdir. Bir hissəsi isə texniki cəhətdən istismara yararsızdır. Hazırda sanatoriyaların 70 faizində 8500-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Onlara göstərilən kommunal, səhiyyə və digər xidmətlərin xərci əsasən həmkarlar ittifaqlarının fondları hesabına ödənilir.

TurizmEkskursiyalar Şurasının tabeliyində olan turist bazalarında hər il orta hesabla 3400 minə yaxın, "Kolxozlararasısağlamlıq" Respublika Birliyinin istirahət ocaqlarında 1200 nəfərdən artıq əməkçi və onların ailə üzvləri dincəlir. Azərbaycan həmkarlar ittifaqları işçilərin istirahətinin təşkili üçün hər il təqribən 11 milyon manat məbləğində vəsait xərcləyir. Həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına təşkil olunmuş sanatoriya-kurort müalicəsi və istirahəti nəzərə almaqla bu rəqəm 13 milyon manata yaxın olmuşdur.

Azərbaycanda bədən tərbiyəsinin kütləvi hal almasına, yüksək səviyyəli idmançıların hazırlanmasına həmkarlar ittifaqları layiqli töhfələr verir. Respublikada Hİ təşkilatları sistemi üzrə 1041 bədən tərbiyəsi kollektivində 300 minə yaxın həmkarlar ittifaqı üzvü və onların ailə üzvləri sağlamlığını möhkəmləndirir. 2002-ci illə müqayisədə 100-dən çox yeni bədən tərbiyəsi kollektivi yaradılmışdır və idmanla məşğul olanların sayı 20 min nəfər artmışdır. Hazırda həmkarlar ittifaqlarının tabeliyində olan idman təşkilatlarının istifadəsində 2648 idman qurğusu vardır.

Həmkarlar ittifaqlarının vəsaitləri hesabına Naxçıvanda idman mədəniyyət kompleksi tikilmişdir. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Saatlıda idman kompleksi və digər obyektlər inşa etmişdir. Bu işi daha da genişləndirməyi nəzərdə tutmuşuq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Təhsil,  Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi birlikdə Respublika spartakiadası keçirir. Xatırladaq ki, artıq ən kütləvi idman tədbirinə çevrilmiş bu spartakiadanın təşəbbüskarı hələ 1997-ci ildə ümummilli lider Heydər Əliyev olmuşdu. Kompleks idman yarışlarında hər il 50 min nəfərə yaxın adam iştirak edir. Son üç ildə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının xətti ilə 21 sahə həmkarlar ittifaqını əhatə edən 2 idman spartakiadası keçirilmişdir. Spartakiadalarda 1576 idmançı öz bacarığını nümayiş etdirmişdir.

Həmkarlar İttifaqları İdman Təşkilatlarının idmançıları milli yığma komandalarımızın heyətində dünya, qitə yarışlarında və rəsmi beynəlxalq turnirlərdə yüksək nəticələr göstərərək 214 medal qazanmışlar. Həmkarlar ittifaqları idman təşkilatlarının yetirmələri ölkə çempionatlarında, birinciliklərində və kubok yarışlarında 1922 dəfə fərqlənmiş, 674 qızıl, 562 gümüş və 686 bürünc medala sahib olmuşlar. Həmkarlar İttifaqları İdman Təşkilatları XXVIII Afina Yay Olimpiya Oyunlarında dörd idmançı ilə təmsil olunmuşdu. Afinada keçirilən Paralimpiya Oyunlarında həmkarlar ittifaqlarının təmsilçisi İlham Zəkiyev çempion adını qazanmışdır.

Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. Ölkəmiz iyirmi il ərzində böyük inkişaf yolu keçmiş, bütün sahələrdə çox böyük nailiyyətlər əldə etmiş, dünyada öz layiqli yerini tuta bilmişdir.

Bir sözlə, dövlətimizin müstəqilliyinin bərpasının 20 illik yubileyi ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisədir, xalqımızın böyük sərvətidir.

Biz öz missiyamıza sadiq, dövlətimizin qayğı və diqqətinə cavab olaraq bundan sonra da Azərbaycan vətəndaşlarının əmək və  sosial-iqtisadi hüquqlarının təmin olunması sahəsində əzmkarlıqla mübarizə aparacaq, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gerçəkləşdirilən vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verməyə çalışacağıq.

 

 

Səttar MEHBALIYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri

 

Azərbaycan.- 2011.-15 oktyabr.- S.  6.