Tariximizin təntənəsi

 

 Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda qeyd  olunduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul etdiyi  "Azərbaycan Respublikasının  müstəqilliyi  haqqında Konstitusiya  Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirən ölkəmizin hər bir vətəndaşı bu əlamətdar hadisədən həqiqətən böyük iftixar hissi keçirir. Buna onların haqqı var. Çünki dövlət müstəqilliyimizin bərpa edilməsində ya onların özləri, ya valideynləri, ya babaları iştirak edib, bu tarixi hadisənin şahidi olub. 1991-ci ildən bəri doğulan yüz minlərlə azərbaycanlı artıq müstəqillik dövrünün vətəndaşlarıdır. Lakin  indiki və gələcək nəsillərin qəlbində Azərbaycan tarixinin iki həlledici məqamı -  28 may 1918-ci ildə AXC tərəfindən milli istiqlaliyyətimizin elan edilməsi və 18 oktyabr 1991-ci ildə Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə yaşadıqları və yaşayacaqları iftixar duyğusu həmişə yenidən və daha böyük ehtiramla doğulacaq. Ulu öndər Heydər Əliyevin sonsuz inamla bizə təlqin  etdiyi  "Müstəqilliyimiz əbədidir!" həqiqətinin mayasında da nəsilləri bir-birinə bağlayan bu ümummilli vəhdət ideyası dayanır.

Artıq bu gün siyasi dolğunluğuna çatmış milli dövlətçilik ideologiyası da xalqımızın tarixi inkişafı prosesində getdikcə böyüyən və yetişən belə bir sağlam ideya nüvəsinə malikdir. Tariximizə nəzər salarkən  daha aydın dərk edirik ki,  bu gün Cənubi Qafqaz,  Xəzəryanı bölgə və Yaxın Şərq koordinatlarının kəsişdiyi tarixi-siyasi coğrafiyada qüdrətli dövlətə çevrilən Azərbaycanın qazandığı  uğurlar heç də təsadüfi deyil. Çünki bu ölkənin inkişaf təməlində böyük dövlətçilik ənənələri dayanır. Həmin ənənələrin tarixən inkişaf edərək zənginləşməsi kontekstində yanaşsaq, bu gün Azərbaycanın milli-siyasi suverenlik konsepsiyasının reallaşmasının bir-birini şərtləndirən dörd əsas təməl-mərhələ üzərində dayandığını görərik:

- Azərbaycan dövlətçiliyinin ərazi və etnos parametrləri ilə müəyyən edilən klassik tarixi bünövrəsi (antik və orta əsr dövlətləri);

- XX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyasının tərkibindən çıxaraq, yeni dövr üçün öz müstəqilliyini gerçəkləşdirən milli dövlətinin və onun ideologiyasının yaranması (Azərbaycan Xalq Cümhuriyyəti);

- Sovet dövründə Azərbaycanın SSRİ tərkibində İttifaq Respublikası kimi status alması və yetmişinci illərdən başlayaraq bu sistem daxilində Heydər Əliyevin müasirlik məzmunu və forması verdiyi konseptual milli düşüncənin təşəkkülü (Azərbaycan SSR);

- Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi, azərbaycançılıq milli ideologiyasının  siyasi status əldə etməsi (Azərbaycan Respublikası).

Tarix elmi üçün təkzibedilməz faktdır ki, Azərbaycan nəinki bu regionun, ümumiyyətlə, dünyanın ən qədim dövlətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının hansısa yad ideoloji doktrinanın təsiri altında olmayan tarix elminin çoxistiqamətli axtarışları və bu yöndə aparılan ən yeni arxeoloji tədqiqatlar da burada antik sivilizasiyanın dəyərli örnəklərini aşkara çıxarır. Həmin örnəklər bir daha sübut edir ki, Azərbaycan arxaik ictimai birliklərdən kompakt siyasi quruluşlara keçid mərhələlərini yaşamış,  sonrakı dövrlərdə antik və orta əsr dövlət quruluşları daim təkamül edən və qonşu dövlətlərdən xeyli dərəcədə fərqlənən eyni etno-sosial kodu daşımışdır.

 Ancaq sovet tarixşünaslığında bu faktlar tamamilə fərqli şəkildə şərh olunur, "Azərbaycan ərazisində mövcud olmuş dövlətlər" ifadəsindən istifadə olunurdu. Bu, qəsdən belə edilirdi: yəni bu ərazi - Azərbaycan adlansa da, burada başqa mənşəli (əsasən, ari etnosuna mənsub) dövlətlər olub. Bu saxta təfsir ermənilərə və digər etnik qruplara Azərbaycan ərazisinə və dövlətçiliyinə yiyəlik iddiaları üçün əsas yaradırdı. Təsadüfi deyil  ki, regionda müstəqilləşmə hərəkatının hər iki mərhələsində - həm iyirminci yüzilliyin əvvəllərində, həm də 1980-ci illərdə ermənilər öz saxta ideologiyalarını  elə "təhrif edilmiş tarix" üzərində qururdular. Lakin tarixi həqiqət bundan ibarətdir ki, həmişə məhz azərbaycanlılar Azərbaycan ərazisində Azərbaycan dövlətlərini qurmuşlar: Azərbaycan dövləti etnogenezisinə və etnososial mahiyyətinə görə tarixən həmişə Azərbaycan xalqının siyasi təsisatı kimi meydana çıxmış, bu xalqın siyasi varlığının və düşüncəsinin məhsulu olmuşdur. Onun unikallığı da məhz bundadır.

Azərbaycan mədəniyyətinin tarixi və müasir qatlarında dünya sivilizasiyasının özəyindən süzülüb gələn ən dəyərli keyfiyyətlər özünün bənzərsiz vəhdətini yaradır. Azərbaycan dövlət quruculuğu və siyasi mədəniyyət, hərb sənəti və diplomatiya, ticarət və iqtisadiyyat, beynəlxalq münasibətlər, elmi, dini, fəlsəfi, əxlaqi, estetik dünyagörüşü, incəsənət, təsərrüfatçılıq, sarsılmaz ailə-məişət ənənələri, dünyaya açıqlıq və milli dəyərləri qoruma, demokratik əxlaq, qonşularla münasibətin çevik siyasəti dil mədəniyyəti təcrübəsi ilə dünya mədəniyyətinin nəinki ayrılmaz, üzvi tərkib hissəsidir, həm də onun aparıcı ideyalarının və ən yüksək ideallarının ifadəçisidir.

Ümummilli lider Heydər Əliyev ona görə milli ədəbi sərvətlərimizdən "Kitabi- Dədə Qorqud"un 1300 illik yubileyinin YUNESKO-nun qərarı ilə keçirilməsinin təşəbbüskarı olmuşdu ki, bu dastan təkcə dünya epos mədəniyyətinin böyük abidəsi deyil, həm də Azərbaycan xalqının siyasi mədəniyyətinin, dövlətçilik ənənələrinin örnəyi, vətən torpaqlarının, milli ləyaqətinin müdafiəsində dönməz olduğunun təsdiqidir.

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycan tarixinə konseptual baxışının bizim üçün müstəsna əhəmiyyəti həm də bundan ibarətdir ki, bu yanaşmada Azərbaycanın mədəniyyət və siyasətinə tarixi bütövlük kontekstində baxılır. Həqiqətən də Azərbaycanın inkişafı tarixində qazanılmış uğurların mayasında mədəniyyət və siyasət düşüncəsinin vəhdəti dayanır. Siyasi-kulturoloji inkişafın məqsədəyönlü olmasının nəticəsidir ki, orta əsrlərdə Azərbaycan coğrafiyasında Türk və İslam sivilizasiyalarının, on doqquzuncu yüzillikdənsə Şərq və Qərb sivilizasiyalarının kəsişməsi burada təşəkkül tapan tarixi mədəniyyətin universal qaynağını formalaşdırır. ABŞ ali məktəblərində tədris olunan "Dünya tarixi" kitabındakı Osmanlı və Səfəvi imperiyaları Şərqin iki nəhəng dövləti kimi təqdim edilir. Sonuncu imperiyanı məhz Azərbaycan dövləti kimi quran Şah İsmayıl Xətai həm də bu dövlətin siyasi  ideologiyasını yaratmış, Azərbaycan türkcəsinə dövlət dili statusunu vermişdir. Orta əsrlər Azərbaycanının xüsusilə Atabəylər, Ağqoyunlular və Qaraqoyunlular, Səfəvi dövlətləri o dövrün Şərq siyasətinə əhəmiyyətli təsir göstərən, ümumən, Asiya dövlətləri ilə münasibətlərin konfiqurasiyasını yaradan, eyni zamanda, Avropa dövlətləri ilə diplomatik əlaqələr quran güclü hakimiyyətlər idilər. Məhz belə olduğu üçün Şərqin üç böyük dilində - ərəbcə, farsca və türkcə əsərlər yazan, bununla da İslam mədəniyyətini dini, siyasi görüşlərindən dil müxtəlifliyinədək, fəlsəfəsindən estetikasınadək bütövləşdirib zənginləşdirən Azərbaycan dühaları hələ yüz illər bundan öncə - planetdə Orta dövr feodal müharibələrinin arasıkəsilməzliyində dünya mədəniyyətinin qlobal məkanını yarada bilmişdilər.

Dünyada modernləşmə hərəkatının başladığı və Avropanın ictimai, siyasi, iqtisadi, mədəni həyatını yeni demokratik sistemə hazırlayan proseslərin vüsətləndiyi dövrdə - XIX əsrin ikinci yarısında Azərbaycanda Mirzə Fətəli Axundzadə həmin hərəkat və yeniləşmələrin "Qafqaz" dalğasını yaratdı. Daha sonra Həsən bəy Zərdabi Azərbaycan ziyalılarını öz ətrafında cəm edən "Əkinçi" qəzetini təsis etdi. Təkcə Azərbaycanda deyil, o zaman Rusiya imperiyasının tərkibində olan bütün Qafqazda maarifçilik hərəkatı artıq XX əsrin əvvəllərində tədricən öz qanunauyğun məcrasında milli hərəkata çevrilməyə başladı. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"lə, Əli bəy Hüseynzadə "Füyuzat"la milli fikrin ideya mərkəzlərini yaratdılar. Milli mətbuatın ictimai fikir meydanı getdikcə genişləndi. Çox keçmədən Azərbaycanın müstəqilliyi və ermənilərlə münaqişədə ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni  öz  məqsədlərində birləşdirən ictimai-siyasi partiyalar formalaşdı. Eyni zamanda qeyd etmək lazımdır ki, o zaman Azərbaycanda meydana gələn milli hərəkat mahiyyətcə tamamilə yeni və özünəməxsus xarakter daşıyırdı. Məsələn, erməni və gürcü hərəkatları yalnız öz millətlərinin mənafeyinin güdülməsinə hesablanmışdısa (ermənilərdə, həmçinin qonşu xalqlara aqressiv münasibətdə), Azərbaycan milli hərəkatı daha universal, ümumbəşəri ideyalar üzərində qurulmuşdu. Ona görə də bu hərəkat bütün Şərqdə müsəlman və türk xalqlarının müstəqillik uğrunda siyasi mübarizəsinə ideoloji təməl yaradan böyük türkçülük hərəkatına çevrilə bilmiş, sonrakı tarixi dövrlərdə Azərbaycan və Türkiyənin qardaşlıq siyasətinin özülünü yaratmışdır. Lakin bolşevizm bu  milli  ideya və məslək daşıyıcılarını "xalq düşməni", "millətçi-pantürkist" damğası ilə siyasi-ideoloji repressiyaya məruz qoymuşdu.

Bu gün bərpa edilməsinin 20 illik yubileyini təntənə ilə qeyd etdiyimiz dövlət müstəqilliyimizin 28 may 1918-ci ildə qazanılması (biz hər il bu möhtəşəm tarixi hadisənin yubileyini Respublika Günü kimi qeyd edirik) o zaman çox mürəkkəb tarixi-siyasi şəraitdə baş vermişdi. Yeni dövr tarixində ilk dəfə idi ki, dünya imperializmi, demək olar ki, bütün planeti bürüyən milli azadlıq hərəkatları ilə toqquşurdu. İmperialist dövlətləri müstəmləkələrini əldən vermək istəmir, xalqlar isə öz milli dövlətlərini yaratmaq istəyirdilər. Beləliklə, dünya tarixində ilk dəfə üç böyük qüvvə üz-üzə dayanmışdı:  müstəmləkələri ilə zənginləşməkdə davam edən və bu  "neməti" onların öz doğma xalqına belə qaytarmaq istəməyən imperializm,  müstəqillik uğrunda aparılan milli azadlıq hərəkatları və sosialist dövlətləri yaratmağa çalışan kommunizm hərəkatı. Bu üç qüvvənin toqquşması  Birinci dünya  müharibəsi ilə öz apogeyinə çatdı. Bu qlobal toqquşmadan həmin üç qüvvə, demək olar ki, yarıbayarı məğlubiyyət və qələbə ilə çıxdı: dünya imperializmi bir xeyli müstəmləkə ərazilərini itirsə də, yeni tarixi şəraitə transformasiya prosesində neoimperializm kimi özünü saxlaya bildi, milli azadlıq hərəkatları bir çox ölkələrdə boğulsa da, yeni müstəqil dövlətlər yarana bildi, kommunizm hərəkatı SSRİ-ni və daha sonra digər sosialist dövlətlərini meydana gətirsə də, sona qədər mütərəqqi ümumdünya hərəkatına çevrilə bilmədi.

Bu üç qüvvənin toqquşması o zamanlar "Zaqafqaziya" deyilən geopolitik məkanda daha sərt və amansız formada baş verirdi. Millətlərarası müharibəyə qədər şiddətlənən bu prosesdə imperializm, kommunizm və milli dövlətçilik bir-birinə güzəştə getməyəcək bir siyasi situasiyanı meydana gətirmişdi. Yetişmiş tarixi şəraitdən istifadə etməyə çalışan Zaqafqaziyadakı milli hərəkatların liderləri, nəhayət, burada cərəyan edən prosesləri özlərinin müstəqil dövlətlərinin yaranması ilə başa çatdırdılar. Birinci dünya müharibəsinin  qurtarmasına bir neçə ay qalmış Zaqafqaziya Seyminin azərbaycanlı, gürcü və erməni deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Federativ Demokratik Respublikasının yarandığını elan etsələr də, bu müvəqqəti addım daha həlledici mərhələnin başlanğıcı oldu. Bir-birinin ardınca Qafqaz dövlətləri öz müstəqilliklərini elan etdilər.

28 may 1918-ci ildə  "İstiqlal Bəyannaməsi"ni qəbul etmiş  AXC müsəlman Şərqinin ilk demokratik dövləti olaraq öz müstəqilliyini qorumağın qətiyyətli mübarizəsinə girişdi. Cümhuriyyətin Milli Şurası koalisiya hökumətini, daha sonra çoxpartiyalı sistem kimi parlamenti və milli ordunu formalaşdırdı. Azərbaycanın ilk demokratik respublikası ölkədə ictimai-siyasi birliyə mümkün qədər nail olaraq, ermənilərin və digər separatçı qüvvələrin gənc dövləti dağıtmaq, münaqişələrə çəkmək niyyətlərini sarsıtdı. Azərbaycan 1919-cu ildə Versal Beynəlxalq Sülh Konfransına  nümayəndə heyətini göndərərək özünün beynəlxalq birliyin subyekti kimi tanınmasına müvəffəq oldu. O zaman dünyanı idarə edən hegemon qüvvələr, aralarında nə qədər ziddiyyətlər olsa da, özlərinin geniş geopolitik maraqlarına görə Zaqafqaziyada yeni müstəqil dövlətlərin yaranması ilə barışmır, əgər bu, baş verərsə, onu da nəzarətdə saxlamağa çalışır, əsasən, bu məkanın perspektivini Qafqaz konfederasiyası şəklində görürdülər. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan diplomatiyası  Versal Konfransının Ali Şurası tərəfindən özünün dövlət suverenliyinin tanınmasına nail oldu.

AXC özünün dövlət atributlarını - bayrağını, himnini və gerbini yaratdı. Dövlət Bankı, Azərbaycan Teleqraf Agentliyi təşkil edildi, pul-poçt markaları buraxıldı. Üç başlıca istiqamətdə - siyasət, mədəniyyət və cəmiyyət quruculuğu sahəsində sonrakı bütün inkişafımıza stimul verən əhəmiyyətli nailiyyətlər qazanıldı. Çar Rusiyasının bir əsr ərzində yürütdüyü ruslaşdırma siyasətinin əksinə olaraq, ictimai, siyasi və mədəni həyatın, xüsusilə məktəblərin milliləşdirilməsi siyasəti aparılmağa başlandı, latın əlifbasının tətbiqi işlərinə  hazırlıq  görüldü. Cümhuriyyət dövründə Azərbaycanda 2 milyon əhali var idi. Zaqafqaziyada ən çox əhalisi olan Azərbaycan özünün bu böyük insan potensialını tədricən milli quruculuğun ümumi məqsədləri ətrafında səfərbər etməyə çalışırdı.  

Lakin 1920-ci ilin konkret tarixi situasiyasında qeyd etdiyimiz üç qüvvənin - imperializm, kommunizm və milli müstəqillik hərəkatının qanlı mübarizəsində sonuncunun həmin məqsədləri başa çatdırmasının qarşısı alındı. Qızıl Ordunun hərbi gücü, ermənilərin xain separatçılığı və beynəlxalq siyasətin mühafizəkar xətdə qalması (və ya bu xətdə qalmağa məcbur olması) nəticəsində Azərbaycan da daxil olmaqla, bütün Zaqafqaziya yenidən Rusiya imperiyasının varisi olan Sovet Sosialist Respublikaları İttifaqında birləşdi. Lakin heç vəchlə Avrasiya kontinentində bir çox millətlərin birgə yaşadığı, ictimai, siyasi və mədəni həyatda fəal iştirak etdiyi Sovet İttifaqını  "absurd"  bir dövlət, onun mövcud olduğu yetmiş illik tarixi isə "itirilmiş zaman" hesab etmək olmaz. Azərbaycan SSRİ-nin tərkibində olduğu müddətdə də öz milli varlığını və mədəniyyətini imkan daxilində nəinki qorumağa və yaşatmağa, həm də inkişaf etdirməyə çalışırdı.

Ümummilli lider Heydər Əliyevin həm respublikamıza rəhbərlik etdiyi dövrdə, həm də Sovet İttifaqının rəhbərliyində Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi təmsil olunduğu dövrdə Azərbaycanın gələcək müstəqilliyinə əsaslı zəmin yaradılmağa başlandı. Heydər Əliyevin düşünülmüş uzaqgörən inkişaf strategiyasında Azərbaycanın SSRİ tərkibində olduğu mərhələ ilə müstəqilliyin əldə edilməsindən sonrakı mərhələ daxili bir məntiqlə bir-birini tamamlayır.  Hər iki mərhələdə ümummilli liderimizin bir idealı olub:  Azərbaycanın maddi və mənəvi potensialının,  ən çətin vəziyyətlərdə belə müqavimət və mübarizə gücünü saxlamaq,  milli iradəsinə sahib olmaq, məqamı çatanda bu iradəni ortaya qoyub məqsədlərinə çatmaq qabiliyyətlərinin inkişaf etdirilməsi.

Azərbaycan xalqı məhz həmin müqavimət və mübarizə gücü, öz iradəsinə sahiblik əzmi ilə Sovet İttifaqının dağılmağa başladığı ərəfədə yenidən istiqlaliyyəti uğrunda savaşa başladı. XX əsrin əvvəllərindəki hadisələrə bənzər proseslərin cərəyan etdiyi, lakin bu dəfə azadlıq hərəkatının dönməz olduğu zamanda Sovet İttifaqına daxil olan respublikalar bir-birinin ardınca öz müstəqilliklərini elan etdilər. 18 oktyabr 1991-ci ildə  "Azərbaycan Respublikasının  müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu Aktın tarixi əhəmiyyəti onda idi ki, həmin siyasi sənədlə Azərbaycan Respublikası 1918-ci ilin 28 mayında istiqlaliyyət qazanmış AXC-nin varisi və suveren dövlət kimi beynəlxalq birliyin bərabərhüquqlu üzvü olduğunu bəyan edirdi. Xalq Cümhuriyyətinin bayrağını, himnini və gerbini dövlət atributları kimi qəbul edən Azərbaycan Respublikası BMT-nin üzvü statusunu qazanaraq, beynəlxalq hüququn subyektinə çevrildi.

Lakin 1988-1992-ci illərdə cərəyan edən ictimai-siyasi hadisələr getdikcə təhlükəli məcraya yönəlir,  Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bu təhlükə böyüyərək dövlətimizin varlığını və suverenliyini sual altına qoyurdu. Artıq Azərbaycan  xalqının  ümummilli  mənafelərinə xidmət etməyən bir siyasətin hərcmərclik və kəskin ziddiyyətlər mərhələsinə keçməsi aydın görünürdü. Məhz bu zaman Azərbaycan xalqının gözü yenidən ümummilli vəhdəti yarada bilən Heydər Əliyevi - ötən əsrin yetmişinci illərindən bəri ölkənin ən nüfuzlu siyasi liderini, güvəndiyi dövlət xadimini axtarırdı. Əslində, Heydər Əliyev Azərbaycanda olmadığı (səksəninci illərin ikinci yarısı) vaxtlarda da Azərbaycan xalqı ilə birlikdə idi. Məhz bu vəhdətin məntiqi ilə Heydər Əliyev xalqının ən ağır günündə - 20 Yanvar matəmində öz milləti ilə çiyin-çiyinə dayanmışdı. Ulu öndər ömrünün son anına qədər həmvətənləri ilə beləcə çiyin-çiyinə dayandı.

Azərbaycan xalqının iradəsi ilə yenidən hakimiyyətə qayıdan, lakin bu dəfə müstəqil dövlətin başçısı kimi bu ali vəzifəyə yüksələn Heydər Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələr üzrə quruculuq işlərinə başlanıldı. Bu prosesi dayandırmaq, döndərmək və pozmaq cəhdləri bir-bir sıradan çıxarıldı. Qarabağ uğrunda mübarizənin çaşqın üsuluna son qoyuldu: güclü Azərbaycanın yaradılması ilə qalibiyyət strategiyası seçildi. Azərbaycan Respublikasının ictimai, siyasi, iqtisadi, mədəni inkişafının başlıca məqsədləri və prinsipləri müəyyənləşdirildi.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmasını təmin edən beynəlxalq layihələrə start verildi. 20 sentyabr 1994-cü ildə Azərbaycan paytaxtının "Gülüstan" sarayında öz müstəsna əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını almış müqavilə  bağlandı. Dənizin dərinliyində yerləşən "Azəri", "Çıraq", "Günəşli"  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında  400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdi. "Əsrin müqaviləsi"ndə  8 ölkədən 13 şirkət iştirak edirdi.  Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.

Heydər Əliyevin böyük inkişaf layihəsində kifayət qədər mükəmməl ənənələri olan neft sənayesi Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatına bağlayan ən mühüm həlqə idi. Respublikanın bütün potensialını hərəkətə gətirən bu həlledici amil  üzərində ulu öndər elə perspektivli bir siyasət qurmuşdu ki, ölkənin daxili inkişafı ilə beynəlxalq siyasi-iqtisadi sistemin  inkişafı bundan sonra bir-birini şərtləndirən proseslər kimi inkişaf edəcəkdi.  İndi heç kim şübhə etmir ki, Azərbaycanda dövlət müstəqilliyinin Heydər Əliyevin rəhbərliyi altında yüksələn xətt üzrə davam edən ilk on ili daha sonrakı on ilin və gələcək zamanların üfüqlərini aydınlaşdıran təməl mərhələ kimi çox  mühüm bir dövrdür.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin suverenliyini daha da möhkəmləndirməyə xidmət edən, onu beynəlxalq birliyin avanqardına çevirən mütərəqqi siyasətini uğurla davam etdirir. Ölkəmizin siyasi rəhbərliyi dövlət quruculuğunu sabit və qətiyyətli şəkildə aparmaq, onun qanunlar bazasını yaratmaq, bütün istiqamətlər üzrə tərəqqisinə imkanları səfərbər etmək və dünya birliyinə inteqrasiyanın zəruri mərhələlərini səriştə ilə və rasional prinsiplərə sadiqliklə keçmək üçün mühüm qərarlar qəbul edir.

Azərbaycan tarixi-siyasi və müasir geopolitikasının ona qazandırdığı üstünlüklərdən, milli sərvətlərindən məharətlə yararlanaraq hazırda regionun ən qüdrətli dövlətlərindən biri kimi inkişaf etməkdədir. Onun yeritdiyi mütərəqqi siyasət beynəlxalq siyasətin perspektivləri ilə ahəngdar şəkildə uzlaşır. Azərbaycandan başlayan, lakin  onunla  bitməyən enerji və nəqliyyat xətləri  dünya dövlətləri və iqtisadiyyatlarını bir-birinə bağlayır. Azərbaycan Asiya ilə Avropa, Şərqlə Qərb, Cənubla Şimal arasındakı siyasi, iqtisadi, mədəni-intellektual, informativ əlaqələrin yaradılmasının ideya məkanına və praktiki icra mərkəzinə çevrilir. 2006-cı ildə BTC neft kəmərinin, 2007-ci ildə BTƏ qaz kəmərinin fəaliyyətə başlaması, BTQ dəmir yolunun və yeni limanın tikintisi, Nabucco və sair kimi digər qlobal layihələrə Azərbaycandan start verilməsi üçün danışıqların aparılması bu strategiyanın şübhəsiz uğurundan xəbər verir. Bu gün Azərbaycan yalnız özünün deyil, ümumən regionun, habelə Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edən mühüm siyasi-iqtisadi subyekt kimi öz mövqeyini möhkəmləndirir.

Ölkə daxilində iqtisadiyyatın bütün sahələrini əlaqələndirən və bir-birinin inkişafını şərtləndirən infrastruktur formalaşır. Milli sənaye və kənd təsərrüfatının çoxşaxəli istiqamətləri yeni istehsal münasibətləri formasında, modern texnoloji əsaslarda qurulur. Regionların inkişafı paytaxtın inkişafı qədər diqqət mərkəzində saxlanılır. Ölkənin artan maliyyə imkanları ənənəvi və yeni sahələrin inkişafına yönəldilir, islahatların aparılmasına davamlı olaraq sərmayə qoyulur. Artıq özəl bölmə ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli paya malik olur. Yeni nəqliyyat şəbəkələri ölkədaxili hərəkəti intensivləşdirir. Getdikcə abadlaşan ölkənin təkcə paytaxtına deyil, həm də bölgələrinə, onun antik, klassik və müasir mədəniyyəti, incə sənətkarlıq ənənələri ilə ətraflı tanış olmağa beynəlxalq turizmin marağı artır.

Həyata keçirilən sosial siyasət əhalinin həyat şəraitinin günbəgün yaxşılaşmasına səbəb olur. Azərbaycan xalqı milli quruculuq işində daha böyük inam və nikbinliklə çalışır. Formalaşmaqda olan sahibkarlar və orta təbəqə ölkənin sosial strukturunda öz çəkisini artırır. Siyasi və intellektual elita həm ölkəmizdə, həm də beynəlxalq arenada Azərbaycanı daha yüksək səviyyədə təmsil etmək təcrübəsinə yiyələnir. Azərbaycanın milli ideologiyası dünya azərbaycanlılarının həmrəyliyini vətənin böyük və yenilməz gücünə çevirmək, bununla da dövlətimizin beynəlxalq dayaqlarını möhkəmləndirmək məqsədlərində ardıcıllığını nümayiş etdirir. Azərbaycanın milli humanitar siyasəti təhsil, elm və mədəniyyətin inkişafını ən yüksək standartlara çatdırmaq istiqamətində davam etdirilir.

20 illik müstəqillik dövrünün ilk iki ili dərin ictimai-siyasi böhran və ziddiyyətlərlə müşayiət olunsa da, bütövlükdə milli suverenliyimizin qısa, lakin köklü dəyişikliklər, möhtəşəm irəliləyişlər və dövlət quruculuğunun qətiyyətli addımları ilə yadda qalan bu dövrü, doğrudan da, xalqımızın tarixi həyatında unudulmaz  bir mərhələdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəyərləndirdiyi kimi, "Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir".  Müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin müstəsna tarixi əhəmiyyəti həm də ondadır ki, məhz onların sayəsində güclənən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını geri qaytarmaq və bu iyirmi ildə milli quruculuq nemətlərindən məhrum olmuş, bütün iqtisadi-mədəni həyatı viran edilmiş Qarabağa yenidən nəfəs verərək, onu vətənimizin bir daha ayrılmayacaq parçasına çevirmək imkanları yetişmişdir. Bu da dünya ictimaiyyəti üçün ciddi bir faktdır:  əgər Qarabağ Ermənistan üçün belə doğmadırsa, onda niyə onu sovet dönəmindən də betər vəziyyətdə - xarabalıq kimi saxlayır, bu torpağa, əslində, düşmən münasibət bəsləyir.  Halbuki Qarabağ işğal olunmasaydı, BMT-nin Azərbaycanın ərazisi kimi tanıdığı beynəlxalq hüquqi statusda qalsaydı, təbii ki, bu milli inzibati ərazimiz də Azərbaycanın digər bölgələri kimi inkişaf edəcəkdi. Buna görə də tarixin bütün zamanlarında Azərbaycanın ayrılmaz bir hissəsi olmuş Qarabağın təxirə salınmadan işğaldan azad olunmasının labüdlüyünü dövlət başçısı İlham Əliyev, demək olar ki, bütün çıxışlarında qətiyyətlə bəyan edir.

Tarixən formalaşmış humanist və ümumbəşəri siyasi mədəniyyət ənənələrinə daim sadiq qalan Azərbaycanın strateji mövqeyi - təkcə özünün deyil, bütün regionun, demokratik dünya birliyinin inkişafıdır. Lakin keçmişdə olduğu kimi, indi də qonşuları ilə düşmənçilik ruhunu yanlış olaraq özünün mənəvi həyatı hesab edən Ermənistanın işğalçılıq siyasəti onu Cənubi Qafqazın sürətli inkişafı prosesindən, regionun bütövlükdə mütərəqqi beynəlxalq birliyə doğru hərəkət yolundan ayrı salır. Regionun ən güclü dövləti olan Azərbaycanın Qarabağ torpaqlarının onun ən zəif dövləti olan Ermənistan tərəfindən işğal vəziyyətində qalması - mövcud status-kvo  nə beynəlxalq hüququn prinsiplərinə, nə siyasi məntiqə, nə də fərqli hərbi balansın reallığına sığır. Regionda, eləcə də bütün dünyada inkişaf edən siyasi proseslər bu vəziyyətə son qoyulmasını,  Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən mövqeyinin qələbəsini sürətləndirməlidir.

Əgər biz bu gün 1918-ci ildə AXC tərəfindən milli istiqlaliyyətimizin elan edilməsi və 1991-ci ildə Azərbaycan Respublikası tərəfindən dövlət müstəqilliyinin bərpa edilməsi hadisələri fonunda XX əsrin əvvəllərində və sonlarındakı beynəlxalq vəziyyəti müqayisə etsək, görərik ki, dünya siyasətində və beynəlxalq hüquqda suverenliyə ehtiram platforması xeyli güclənib. Hazırda dövlətlərarası münasibətlərin kifayət qədər ciddi problemləri olsa da,  beynəlxalq təhlükəsizliyin qorunması perspektivində yeni dünya sistemi daha demokratik əsasların yaradılmasına doğru inkişaf edir. Bu gün dünyada müstəqil dövlətlərin beynəlxalq birliyi getdikcə möhkəmlənir və daha sarsılmaz olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, müstəqil dövlətimizin məqsədəyönlü inkişaf strategiyası məhz bu mütərəqqi tendensiya istiqamətindədir. Bu siyasət Azərbaycanı müstəqillik tariximizin daha parlaq gələcəyinə aparacaqdır.

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

fəlsəfə doktoru

 

Azərbaycan.- 2011.-15 oktyabr.- S.  7.