Sahibkarlığın
davamlı inkişafını təmin etmiş iqtisadi
strategiya
Hər bir xalqın milli sərvəti sayılan müstəqillik həm də onun ümumi inkişafının strateji istiqamətlərinin müəyyənləşməsini təmin edir. Tarixi təcrübə sübuta yetirmişdir ki, öz hüquqlarını müstəqil şəkildə həyata keçirən xalqların tərəqqisi daha dinamik xarakter daşımış, onların bəşəri inkişafa verdiyi töhfələr mahiyyət və miqyas etibarilə daha zəngin olmuşdur. Yeni yüzillikdə dünyanın mövcud siyasi xəritəsinə nəzər yetirməklə də müstəqil və qeyri-müstəqil dövlətlər arasında tərəqqi səviyyəsinin, bu kontekstdə qeydə alınan inkişaf göstəricilərinin nə dərəcədə fərqli olduğunu aydın görmək mümkündür.
Bütün bunlar deməyə əsas verir ki, inkişaf meyarının istər dinamizm əmsalı, istərsə də məzmun və əhatə dairəsini müəyyən edən ən önəmli amillər sırasında müstəqillik amili həlledici əhəmiyyətə malikdir. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, ötən əsrin son onilliyində olduqca mürəkkəb ictimai-siyasi şəraitdə yenidən müstəqilliyinə qovuşaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesini uğurla həyata keçirmiş, inkişafını yeni ictimai-iqtisadi formasiyada uğurla reallaşdırmışdır.
İndi beynəlxalq miqyasda müasir Azərbaycanı xarakterizə edən əsas cəhətlərdən biri də dayanıqlı və dinamik tərəqqi, qazanılmış nailiyyətlərin miqyasının davamlı olaraq genişlənməsi, bununla da ümumi inkişafın, o cümlədən iqtisadiyyatın əsaslarının daha möhkəm özüllər üzərində qurulmasının təmin edilməsidir. Bunun nəticəsidir ki, Azərbaycan sosial-iqtisadi sahədə inkişafın özünəməxsus cəhətləri ilə səciyyələnən modelinin yaranması kimi mühüm tarixi nailiyyətə imza atmış, eyni zamanda, dünya iqtisadiyyatına fəal inteqrasiya edərək onun aparıcı subyektlərindən birinə çevrilmişdir. Lakin əldə olunan bu möhtəşəm uğurlara gedən yol asan olmamış, Azərbaycanın gələcək taleyinin müəyyən olunduğu həlledici bir dönəmdə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizin intibah dövrü başlanmışdır. Fenomenal idarəçilik və liderlik qabiliyyətinə malik ulu öndər milli dövlətçilik konsepsiyasının əsasını qoymaqla onun inkişafına təkan vermiş, ölkədə getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısını almış, Azərbaycan iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik, dinamik inkişaf yoluna qədəm qoymuşdur. Ümummilli liderin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sayəsində ölkədə administrativ idarəçiliyə əsaslanan planlı təsərrüfatdan bazar iqtisadiyyatına müvəffəqiyyətlə keçid prosesi başlanmış, iqtisadiyyatın tarazlı inkişafının təmini sahəsində kompleks tədbirlər həyata keçirilmişdir.
Müasir dünya reallığı göstərir ki, iqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən sahibkarlıq fəaliyyəti, o cümlədən özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün deyil. Dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışları ilə assosiasiya təşkil edən sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə yanaşı, inkişafa istiqamətlənmiş çoxsaylı yeni ideyaların ərsəyə gəlməsində də mühüm rol oynayır. İnkişaf etmiş Qərb ölkələrinin timsalında qeyd edilənlərin əyani təsdiqini göstərən çoxsaylı misallar göstərmək mümkündür. Sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi yüksəlişə verdiyi töhfəni aydın görən Heydər Əliyevin gerçəkləşdirdiyi sistemli tədbirlər sayəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması kontekstində özəl sektorun formalaşması üçün hüquqi baza yaradılmış, digər mühüm əməli tədbirlər görülmüş, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilmişdir.
Özəl sektorun inkişafı istiqamətində atılan mühüm addımlardan biri bu sahədə hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilməsi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəaların əksini tapmasıdır. 1994-cü ilin sentyabr ayında ulu öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda keçirilən beynəlxalq konfrans ölkədə sahibkarlığın inkişafına təkan verən mühüm məqamlardan biri idi. Sözügedən sahədə qabaqcıl Qərb təcrübəsinin Azərbaycanda tətbiqi üçün hər bir şəraitin yaradılacağını diqqətə çatdıran ümummilli lider xarici investorları ölkəmizə sərmayə qoymağa çağırdı. Azərbaycana gələn və gələcək xarici investorların həm hüquqlarının, həm də yatırdıqları sərmayələrin təhlükəsizliyinin qanunvericiliklə qorunduğunu bəyan edən ümummilli lider Heydər Əliyev sahibkarlığın inkişafında Qərb təcrübəsindən istifadə olunacağını konfransda bəyan edərək dedi: "İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var".
İqtisadiyyatın, ümumi rifah halının yüksəlişində mühüm rol oynayan sahibkarlığın təşəkkülü istiqamətində görülən işlər tezliklə öz nəticələrini göstərməyə, Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli dövlətə çevrilməsinə rəvac vermişdir. Ümumi sosial-iqtisadi tərəqqi prosesində sahibkarlıq potensialının uğurla realizasiyası üçün atılan növbəti vacib addımlardan biri 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramı olmuşdur. Həmin proqramlar sahibkarlığın inkişafını, dövlət tərəfindən özəl sektor subyektlərinə hərtərəfli dəstəyin göstərilməsini özündə ehtiva etmişdir. Bütün bunlara paralel olaraq sözügedən sahəyə dövlət nəzarət sistemi təkmilləşdirilmiş, müvafiq qanunvericilik bazasında qabaqcıl dünya təcrübəsinə uyğun dəyişikliklər həyata keçrilmişdir. 1996-cı il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" ölkə Prezidenti tərəfindən verilən fərman iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz xarakterli yoxlamaların sayının azaldılmasına gətirib çıxadı. "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası haqqında", "Lizinq xidməti haqqında" qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar da ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə mükəmməl hüquqi bazanın formalaşmasını təmin etmişdir. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın inkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzlərinin yaradılması ilə dövlətin sözügedən iqtisadi subyektlərə dəstəyi yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur.
Bütün bunların sayəsində sahibkarlıq iqtisadiyyatın səmərəli strukturunu formalaşdıran əsas amillərdən birinə çevrilmiş, ölkənin insan amilindən, təbii ehtiyatlarından və texniki potensialından daxili bazarın formalaşmasında məharətlə istifadə olunmuşdur. Eyni zamanda, sahibkarlığın etibarlı müdafiə sistemi yaradılmış, bu sahənin ardıcıl inkişafı təmin edilmiş, bazar infrastrukturunun təkmilləşdirilməsi, səmərəli iqtisadi-maliyyə mexanizminin yaradılması, işlək müdafiə sisteminin formalaşdırılması reallaşdırılmışdır. Ancaq sahibkarlığın daha dinamik formada inkişafını xüsusi diqqət mərkəzində saxlayan ümummilli lider sonrakı dövr ərzində də bu istiqamətdə vacib tədbirlər görmüş, özəl sektorun ümumi iqtisadiyyatda xüsusi çəkisinin artmasına xidmət edən yeni fərman və sərəncamlar imzalamışdır. Sözügedən sahəyə dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi məqsədilə ulu öndərin 1999-cu il yanvarın 7-də "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında", 2002-ci il sentyabrın 28-də "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" tarixi əhəmiyyətə malik olan sənədlər bu qəbildəndir. Həmin fərmanlarda dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında olan problemlər tam təsvir olunur, onların aradan qaldırılmasının konkret istiqamətləri müəyyənləşdirilirdi. Sonuncu fərmana əsasən, Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin ləğv edilməsi və məhkəmənin qərarı olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin qadağan edilməsi isə sahibkarların müdafiəsi istiqamətində vacib xarakter daşımışdır. Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması da sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuşdur.
Ulu öndər sahibkarların üzləşdiyi çətinlik və problemləri bilavasitə onların öz dilindən eşitməyə, iş adamları ilə mütəmadi görüşlər keçirilməsinə də hər zaman böyük önəm vermişdir. 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, həmin il mayın 14-də isə xarici sahibkarlarla ümummilli liderin görüşü, sahibkarların hər birinə şifahi və ya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratması özəl sektorun tərəqqisi templərini daha yüksək səviyyəyə çatdıran şəraitin formalaşması ilə nəticələnmişdir. Bundan başqa, ictimai münasibətlər sistemində sahibkarlar zümrəsinin rolunu nəzərə alan ulu öndər dövlət-sahibkar münasibətlərini inkişaf etdirmək üçün institusional qurum olan Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasını yaratmışdır.
Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə növbəti real təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Nəticə etibarilə ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sistemi daha təkmil xarakter almış, təkcə paytaxtda yox, həmçinin regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılmış, rəqabətqabiliyyətli məhsulların istehsalı əhəmiyyətli dərəcədə artmışdır. 2003-cü ilin yekunlarına görə, ümumi daxili məhsulda qeyri-dövlət sektorunun payı 73 faiz təşkil etmişdir.
Ulu öndərdən sonra bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın kompleks tərəqqisində yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iştisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Makroiqtisadi sabitlik şəraitində iqtisadiyyatın dinamizmə əsaslanan sürətli tərəqqisi əhalinin sosial rifah halının davamlı şəkildə yaxşılaşmasını, həmçinin onun beynəlxalq standartlara əsaslanan sosial müdafiə modelinin yaranmasını şərtləndirmişdir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan fərman və sərəncamlar ölkəmizdə yaşanan iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.
Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam edir və onun real artım tempi ümumi artım tempini üstələmişdir. Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarilə yüksəlişində sahibkarlar sinfi get-gedə daha böyük rol oynamağa başlayır. Bütün bunlar faktiki olaraq Azərbaycan Respublikası Prezidentinin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanda sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq əməkdaşlıq qarşıya əsas vəzifələrdən biri kimi qoyulmuşdur.
Paytaxt və regionların tarazlı inkişafının təmin edilməsində mühüm rola malik "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)" da sahibkarlığın inkişafına böyük töhfə vermişdir. Ölkə başçısının 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən həmin sənədin əsas istiqamətlərindən biri Azərbaycanda daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsi ilə bağlı olmuşdur. Bütün bunlar regionların inkişafına dair ikinci dövlət proqramında da öz əksini tapmışdır. Hazırda müvəffəqiyyətlə icra edilən bu sənəd çərçivəsində sahibkarlığın tərəqqisi daha dinamik olmuşdur.
Sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizminin işə salınması, ölkədə ixrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi də özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddinin 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair iki il öncə qanunvericiliyə dəyişikliklər edilmişdir.
Sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsinin təmin edilməsi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanması, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağları və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 80 manat yardımın verilməsi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin aşağı salınması da sahibkarlar üçün yaradılan yüksək şəraitin mühüm göstəriciləri kimi çıxış edir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə yaradılan Azərbaycan İnvestisiya Şirkəti də sahibkarların investisiya təminatının gücləndirilməsi sahəsində vacib addımlar atır. Qeyd edilənlərə paralel olaraq sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət müvafiq işlər görür. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi məqsədilə təsis edilmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir. Azərbaycanda sahibkarların təşkilatlanmasında Azərbaycan Milli Sahibkarlar Konfederasiyası da mühüm rol oynayır.
İnformasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrin inkişafı istiqamətində sahibkarların təşəbbüskarlığı və hüquqi biliklərinin artırılmasına, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi və artırılmasına istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması da sahibkarlıq sektorunun inkişafının mühüm istiqamətlərindəndir. Bununla əlaqədar sahibkarların təcrübə keçmə, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması, onların maarifləndirilməsi, hüquqi və iqtisadi biliklərinin artırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirmək məqsədilə 2007-ci ilin avqustunda Bakı Biznes Tədris Mərkəzi (BBTM) yaradılmışdır. Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata keçirilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və məsləhət xidmətlərinin göstərilməsi Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondunun yaradılması özəl sektorun maliyyə ehtiyacının qarşılanmasında genişmiqyaslı işlər görməkdədir. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmışdır. Fondun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı və 2009-cu illərdə onun statusu və vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirilmiş, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə, sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılmışdır.
Sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı ötən il 80 faizdən çox olmuşdur. Cari ilin yekunlarına əsasən, bu göstəricinin daha yüksək rəqəmlə ifadə olunması gözlənilir. Sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında kifayət qədər vacib rol oynayan qanunverici sənədlərdən biri də Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanıdır. Özəl sektorun inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən bu fərmanın verilməsi o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması sahəsində inqilabi dəyişikliklərə yol açmışdır. Fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması, biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər ehtiva olunmuşdur. "Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar əvvəllər olduğu kimi 72 deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılır. Sahibkarlar sənədlərini yalnız bir dövlət orqanına - Vergilər Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçə bilirlər. Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlmiş, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir.
Beləliklə, vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir. Həmçinin Prezident İlham Əliyevin imzaladığı "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", eləcə də digər fərman və sərəncamlar, dövlət proqramları da sahibkarlığın inkişafına təkan verərək qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.
2009-cu ildə Azərbaycanın bazar iqtisadiyyatına keçid prosesini müvəffəqiyyətlə başa çatdırması təbii olaraq ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirir ki, burada mühüm xüsusiyyətlərdən biri iqtisadiyyatda sahibkarlıq fəaliyyətinin rolunun daha da güclənməsidir. Sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsi isə Prezident İlham Əliyevin daim qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Bu, ortamüddətli perspektivdə makroiqtisadi sabitliyin qorunub saxlanılması baxımından zəruri əhəmiyyət kəsb etməklə yanaşı, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması, qeyri-strateji dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi kontekstində sahibkarlığın inkişafına əlavə təkan verir.
Təqdirəlayiq haldır ki, Azərbaycanda da sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorlarının tətbiqi sahəsində müvafiq işlər aparılır. İstehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına yenə dövlət tərəfindən müvafiq şərait yaradılmışdır.
Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasını müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev sahibkarlarla birbaşa təmasa da xüsusi önəm verir, onların üzləşdiyi problemlərin, çətinliklərin yerindəcə həlli istiqamətində müvafiq addımlar atır. Bunu dövlət başçısının müxtəlif vaxtlarda sahibkarlarla keçirdiyi görüşlər, həmçinin özəl sektor hesabına yaradılan müxtəlif istehsal müəssisələrinin açılışında iştirak etməsi də təsdiqləyir. Cari ilin əvvəllərində korrupsiyaya qarşı aparılan mübarizənin daha səmərəli və intensiv xarakter daşıması məqsədilə ölkə rəhbərinin siyasi iradəsi öz yüksək nəticələrini verir. Sahibkarlığın inkişafına mane olan bürokratik əngəllər daha sürətlə aradan qalxır.
Sahibkarlığın inkişafına yaradılan yüksək şərait Azərbaycanın əsas sənaye mərkəzinə çevrilməkdə olan Sumqayıtda da özünü qabarıq büruzə verir. Bunun nəticəsi kimi şəhər iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi artır. Son aylarda şəhərin yeni rəhbərliyinin iş adamlarının qayğı və problemləri ilə bilavasitə maraqlanması öz müsbət nəticələrini verir.
Sonda onu da vurğulamaq istərdim ki, ölkəmizdə sahibkarlığın inkişafı modelinin mühüm səciyyəvi xüsusiyyətlərindən biri həmin model çərçivəsində davamlı inkişaf üçün əsaslı zəminin formalaşmasıdır. Hazırda ölkədə xırda və orta tutumlu layihələrin reallaşmasına göstərilən dəstək öz bəhrəsini verməkdədir. Artıq iri kapital tutumlu layihələrin reallaşmasına da dövlət tərəfindən zəmin hazırlanır. Azərbaycan iqtisadiyyatına öz layiqli töhvəsini verəcək belə layihələrdən biri də "Xəzər" Səhmdar Cəmiyyətinin şüşə sənayesini inkişaf etdirəcək "Azərşüşə" layihəsidir.
Ümumilikdə, Azərbaycanda sahibkarlığın inkişafı strategiyası nəinki ölkəmizin iqtisadi tərəqqisində müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafında nümunəyə çevrilir. Sözügedən nümunənin formalaşmasının əsasında isə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır. Hamı əmindir ki, dövlət başçısının diqqət və qayğısı ilə ölkədə sahibkarlar sinfi bundan sonra daha da güclənəcək, müstəqil Azərbaycanın inkişafına öz layiqli töhfəsini verəcəkdir.
Qüdrət KƏRİMOV,
"Xəzər" ASC-nin sədri,
iqtisad elmləri doktoru
Azərbaycan.- 2011.- 15 oktyabr.-
S. 8.