Dövlət
müstəqilliyimizin əbədi və dönməz xarakter almasında ulu
öndərin xidmətləri əvəzsizdir
Oktyabrın 14-də Yasamal Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir
keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə rayon ziyalıları, deputatlar, sənaye, elm, təhsil, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri, veteranlar və başqaları iştirak etmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev iştirakçıları bayram münasibətilə təbrik etmiş, tədbirin əhəmiyyətindən danışmışdır.
İ.Mehdiyev ötən əsrin 90-cı illərində müstəqilliyimizin bərpasında, qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışdır. O, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra Azərbaycanın həqiqi dövlət müstəqilliyinə qovuşmasından danışmışdır. İ.Mehdiyev ümummilli liderin həyata keçirdiyi islahatlar nəticəsində dövlətçiliyimizin milli əsaslarının yaradılması istiqamətində köklü dəyişikliklərin baş verdiyini, siyasi sabitliyin bərqərar olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bütün çətinliklərə baxmayaraq, 20 il ərzində Azərbaycan çox mühüm uğurlara imza atmış, beynəlxalq birliyin layiqli üzvünə çevrilmişdir.
İcra başçısı ölkəmizin 20 il ərzində keçdiyi inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev qeyd etmişdir ki, tədbir Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamında nəzərdə tutulmuş tədbirlər çərçivəsində keçirilir. Deputat bildirmişdir ki, Azərbaycanın 20-ci ildönümü qeyd olunan yeni müstəqillik dövrü tariximizin ən parlaq və şanlı səhifələridir.
"1993-cü ildə ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi təkcə Azərbaycanın deyil, bütün dünyanın diqqət mərkəzində idi. Bu qayıdış möhtəşəm bir qayıdış idi". Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dediyi bu fikirləri xatırladan B.Əliyev bildirmişdir ki, dövlət müstəqilliyimizin əbədi və dönməz xarakter almasında ulu öndərin xidmətləri əvəzsizdir. O qeyd etmişdir ki, bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə quruculuq prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və digər çıxış edənlər də 20 illik müstəqillik dövründə ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı layihələrdən danışmış, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışlar.
Bayram tədbiri
konsert proqramı ilə davam etmişdir.
Azərbaycan.- 2011.- 15 oktyabr.- S. 9.