Azərbaycan ilə Kolumbiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur

 

 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Kolumbiya xarici işlər nazirinin müavini, xanım Patti Londonyo Xaramiyonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Kolumbiya münasibətləri ilə yanaşı, bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunmuşdur.

Azərbaycan ilə Kolumbiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan tərəflər qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirmişlər. E.Məmmədyarov Kolumbiya nümayəndə heyətinin ilk rəsmi səfərini yüksək qiymətləndirmiş, bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulamışdır. Nazir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların hazırkı vəziyyəti haqqında da ətraflı məlumat vermişdir.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-15 oktyabr.- S.  9.