Bakı Beynəlxalq Humanitar Forumunun «Dünyanı dəyişdirən müasir texnologiyalar» mövzusunda bölmə iclası keçirildi

 

 Bakı Dövlət Universitetində "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə işə başlayan Bakı Beynəlxalq Humanitar Forumunun "Dünyanı dəyişdirən müasir texnologiyalar" mövzusunda seksiya iclası keçirildi. Üç bölmədən ibarət olan plenar toplantını giriş nitqi ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov və tədbirin moderatoru M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçiy açdı.

Akademik A.Məhərrəmov tədbirin universitet tarixində əlamətdar hadisələrdən olduğunu bildirərək forumun mahiyyətindən söhbət açdı. Forumun işində dünyanın 20-dən artıq ölkəsindən sabiq dövlət başçıları, ictimai-siyasi xadimlər, Nobel mükafatı laureatları, dünya şöhrətli alimlərin iştirak etdiyini bildirdi. XX əsrin sonu və XXI əsrin ilk onilliyində innovativ texnologiyaların dinamik inkişaf edərək insanların həyatına, bütün fəaliyyət sahələrinə sürətlə nüfuz etdiyini bildirən alim bu gün istənilən fəaliyyət sahəsində məhz yüksək texnologiyalardan geniş istifadə sayəsində bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən nəticələrin əldə olunduğunu söylədi

"Müasir texnologiyalarqlobal fəlakətlər" mövzusuna həsr olunmuş bölmənin ilk məruzəçisi olan akademik V.Sadovniçiy müasir texnologiyalar və onların qlobal ekoloji, texnogensosial fəlakətlərdə rolundan söhbət açdı. Müasir dövrdə qlobal fəlakətlərin vüsət alması, bəşəriyyətə dəyən zərərlər, problemlərdən çıxış yolları, həmçinin qlobal proseslərin riyazi modelləşdirilməsi, qlobal modelləşmə və davamlı inkişaf, BMT-nin dünya əhalisi ilə bağlı XXI əsr üçün proqnozları haqqında geniş məruzə etdi. MDU-da yaradılmış universal superkompyuter parkı haqqında məlumat verən alim dünyanın ən güclü superkompyuterlərinin reytinq cədvəlində MDU-nun 13-cü yerdə qərarlaşdığını bildirdi. Alim Rusiya universitetlərinin Superkompyuter Konsorsiumuna 50 universitetin daxil olduğunu bildirdi.

Daha sonra Rusiya və Azərbaycan alimlərinin "Məktəb - rəqəmsal reallıq", "İnformasiya mühafizəsi" və s. mövzularda məruzələri dinlənildi. Elm və texnologiyaların inkişafında riyaziyyat elminin rolu xüsusilə vurğulandı, riyazi biliklərin artırılmasının zəruriyyəti, təhsilin informasiyalaşdırılması, rəqəmsal əsrdə təhsilin məqsəd və məzmunu haqqında çıxışlar edildi.

"Qloballaşma dövründə elm və təhsilin inteqrasiya proseslərində müasir texnologiyaların rolu" adlı II bölmədə Bakı Dövlət Universitetinin rektoru, akademik A.Məhərrəmov "İntensiv texnologiyaların sürətli artımı şəraitində elm və təhsilin balanslı inkişafı" mövzusunda məruzə etdi. XXI əsrin informasiya əsri kimi qədəm qoyduğunu qeyd edən alim müasir texnologiyaların tərəqqinin təminatçısı olduğunu bildirdi. ABŞ, Yaponiya, Britaniya kimi ölkələrin ali təhsil müəssisələrinə inteqrasiyanın zəruriliyini söylədi. Akademik A.Məhərrəmov müasir dövrdə böyük tələbatın olduğu sahələr üzrə kadr hazırlığı məsələlərinin yüksək səviyyədə təşkilinin önəmliyini də vurğuladı: "Bu gün müasir gənclər təkcə ali təhsil ocaqlarında təhsil almırlar, onlar həm də virtual informasiya mənbələrindən yararlanır, zəruri biliklər əldə edirlər". Rektor MDB ölkələri arasında elm və təhsilin dinamik inteqrasiyasının önəmliyini bildirdi.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Bakı Beynəlxalq Humanitar Forumunu əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir tədbir kimi dəyərləndirərək beynəlxalq əməkdaşlıq əlaqələrinin vüsət almasında mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Professor R.Əliquliyev bu gün innovativ informasiya texnologiyalarının cəmiyyətin inkişafında, bilik və təcrübə mübadilələrinin aparılmasında, mühüm əməkdaşlıq əlaqələrinin qurulmasında oynadığı rolu xüsusi qeyd edərək bəşər tarixində 5 informasiya inqilabının olduğunu bildirdi. İnformasiya inqilablarının bəşəriyyətə verdiyi töhfələrdən söhbət açan alim internetin yaranmainkişaf tarixi haqqında danışdı. Qlobal şəbəkənin bu gün cəmiyyətin həyatında müxtəlif məsələlərdə əvəzedilməz vasitələrdən olduğunu bildirdi. İnstitut direktoru bu gün qlobal şəbəkədə yarım milyarddan artıq saytın fəaliyyət göstərdiyini, 2 milyarddan artıq istifadəçinin olduğunu vurğuladı.

İnternetin getdikcə "intellektinin" artdığını bildirən alim ağıllı texnologiyalardan səmərəli, düzgün istifadə qaydalarına riayət edilməsi məsələlərinə də toxundu: "Müasir texnologiyaların insanların həyatına sürətlə nüfuz etməsinin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də vardır. Texnologiyalardan düzgün istifadə etmədikdə həddindən artıq aludə olduqda bunun insan psixologiyasında ciddi fəasadlar yaratdığı artıq faktdır". Alim real dünyadan uzaqlaşaraq virtual məkana aludəçiliyin xoşagəlməz hal olduğunu bildirərək eskapizmə cəhd hallarını pislədi, bu kimi halların yolverilməz olduğunu söylədi.

Professor R.Əliquliyev son zamanlar, xüsusən də gənclər arasında məşhur olan sosial şəbəkələrin insanların həyatına təsiri məsələlərinə də toxundu. Bu gün dünyada sosial şəbəkə istifadəçilərinin sayının 1 milyarda çatdığını bildirən R.Əliquliyev xüsusən də fərdi məlumatların qorunmasının, informasiya təhlükəsizliyi tələblərinə riayət edilməsinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirdi.

"Müasir texnologiyalar və davamlı inkişaf" bölümünü giriş sözü ilə Bilkənd Universitetinin prezidenti, professor Əli Doğramacı açdı. Dünyanın müxtəlif ölkələrində böyük təcrübə toplamış türk alimlərinin tibb, qlobal şəbəkənin inkişafı texnologiyaları sahələri üzrə əldə edilmiş nailiyyətlərə həsr edilmiş məruzələri maraqla qarşılandı.

Tədbirin sonunda forumun Bakı Bəyannaməsi qəbul edildi.

 

 

Azərbaycan.- 2011.- 15 oktyabr.- S. 9.