Azərbaycan-Türkiyə
əlaqələri bütün sahələrdə
uğurla inkişaf edir
Oktyabrın
14-də Türkiyə Respublikasının diyanət işləri
başqanı Mehmet Görmezin başçılıq etdiyi
nümayəndə heyəti ölkəmizə səfəri
çərçivəsində Qafqaz Müsəlmanları
İdarəsində (QMİ) olmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın gündən-günə möhkəmləndiyini, dini-mənəvi əlaqələrin genişləndiyini xüsusi vurğulamış, iki dini qurum arasında əməkdaşlığın perspektivlərindən danışmışdır.
Mehmet Görmez də öz növbəsində ölkələrimiz, o cümlədən iki dini qurum arasında əlaqələrin inkişaf dinamikasından məmnunluğunu diqqətə çatdırmış, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapacağına əminliyini bildirmişdir. Qonaq demişdir ki, səfərin məqsədi iki qardaş ölkə arasında dini-mənəvi əlaqələrin möhkəmlənməsi, bu sahədə mövcud potensialdan daha səmərəli istifadə olunmasına şərait yaratmaqdır.
Türkiyəli qonaq dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
Daha sonra iki dini qurum arasında birgə bəyannamə imzalanmışdır. Bəyannaməni Allahşükür Paşazadə və Mehmet Görmez imzalamışlar.
Görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin sualları cavablandırılmışdır.
Tədbirdə Milli Məclisin
deputatları, QMİ-nin elmi-dini
şurasının üzvləri, Bakı Dövlət və
Bakı İslam universitetlərinin tələbə
və müəllim heyəti iştirak
etmişlər.
Azərbaycan.- 2011.-15 oktyabr.- S. 10.