Sınaqlarla dolu həyat

 

 Azərbaycan Prezidenti İlham Əliyevin Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar bu ilin iyul ayında imzaladığı sərəncamda deyilir: "Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimov XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılmışdır".

Müasir Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan xalq yazıçısı Mirzə İbrahimov həm də görkəmli ictimai xadim idi. Ədibin bütün həyat və yaradıcılığı xalqına, torpağına, millətinin xoş gələcəyinə xidmətdən ibarət olub. "Böyük dayaq" romanındakı məşhur monoloq bu mənada Mirzə İbrahimovun həyatdakı məqsəd və mübarizəsinin ən gözəl göstəricisi kimi öz dəyərini həmişə saxlamaqdadır: "Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır. Həyatımın nəşə və sevincinə səbəb sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün böyük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan. O zaman ki qaranlıq içərimə kölgə salmağa, tənhalıq duyğusu ürəyimi qurd kimi yeməyə başlayıb, onda sənin munis, mehriban, müqəddəs səsini eşitmişəm. Bu səs məni həyata bağlamış, yaşamağa, mübarizə etməyə, çirkabları aradan qaldırmağa ruhlandırmışdır. Qoluma qüvvət verən, iradəmi möhkəmlədən bu səs sənin səsindir, ey mənim hər şeydən əziz, hər şeydən gözəl, hər şeydən yüksək, hər şeydən nəcib və mərhəmətli xalqım!"

Unudulmaz yazıçının həyat yolunun bütün mənzərələrini əks etdirən bioqrafiyasına nəzər saldıqda bu monoloqun hər sözündəki mənanın dərinliyinə heyrət kəsilirsən. Mirzə İbrahimovun taleyi xalqımızın tarixi ilə, demək olar ki, üst-üstə düşüb.

O, 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı balaca bir kənddə dünyaya göz açıb. Yoxsulluq və ağır həyat tərzi içində çırpınan ailə bir çox itkilərə məruz qalıb. Mirzə hələ çox körpə ikən anası və bacısı vəfat edib. Dərdin əlində yumağa dönən atası bu çətin günlərdən yaxa qurtarmaq ümidilə iki övladını da götürərək 1918-ci ildə Bakıya gəlib. Heç burada da tale onların üzünə gülməyib. Az keçmir ki, 8 yaşlı Mirzə aclıq və xəstəlik üzündən atasını və qardaşını da itirir. Taleyin bu qaranlıq döngələrində yaşamaq naminə Balaxanı və Zabrat kəndlərində muzdurluq edərək çörək qazanmağa məcbur olan bir tikə uşaq sonralar fabrik-zavod məktəbində oxumuş, ona dəyən zərbələrin acığına dirçəlməyə, xoş günlərə çatmağa can atmışdır. Gündüzlər fabrikdə, axşamlar məktəbdə oxuyan Mirzə İbrahimovun taleyi onda gətirdi ki, qarşısına, sözün həqiqi mənasında, mərhəmətli insanlar, əsl ziyalılar, yaxşı müəllimlər çıxdı. Hüseyn Əfəndi, İbrahim İbrahimbəyli, Cəmil İbrahimov, Qambay Vəzirov, Mehdixan Vəkilov kimi işıqlı insanlar Mirzə İbrahimovun yolgöstərəni və müəllimləri oldular. Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilov Mirzə İbrahimova sözün həqiqi mənasında himayədarlıq edərək onu oxumağa həvəsləndirdi, ruhdan düşməyə qoymadı.

Gənc oğlanın fitri istedada malik olduğu müəllimlərinin də diqqətini çəkdi. O, ötən əsrin 20-ci illərində yaradılan Proletar Yazıçılar Cəmiyyətinin üzvü qəbul edildi. Burada Ənvər Məmmədxanlı, Mirvarid Dilbazi ilə tanış oldu.

Yaradıcılığa şeirlə başlayan Mirzə İbrahimov dövri mətbuatda yavaş-yavaş dərc olundu. Onun ilk şeiri "Aprel alovları" məcmuəsində, ilk hekayəsi isə  "Şərq qadını" jurnalında çap edildi.  İlk tənqidi-publisist məqalələrini, hekayə və oçerklərini isə 30-cu illərdə yazmağa başladı.

Ədəbi yaradıcılığa səngiməz meyli olan Mirzə İbrahimov əvvəlcə Neft Texnikumunda oxuyub. Sonra iki illik Elmi-Tədqiqat İnstitutunun kurslarında təhsil alıb. Bir müddət Naxçıvanda yaşayaraq çalışıb. "Həyat" pyesini də (1935) elə burada yazıb. Sonra Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə bağlı "Böyük demokrat" mövzusunda dissertasiyasını müəyyən səbəblər üzündən bir qədər gec - 1941-ci ildə müdafiə edib.

Repressiya tufanının qara caynaqları Azərbaycanın hər yerinə sirayət etdiyi bir zamanda Mirzə İbrahimovu Bakıya çağıraraq Azərbaycan Dövlət OperaBalet Teatrına direktor təyin ediblər. Az müddətdən sonra isə Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi təyin olunan Mirzə İbrahimov Moskvada Stalinlə görüşmüş, Xruşşovla, Molotovla, Malenkovla - yəni keçmiş SSRİ rəhbərləri ilə söhbət etmişdir. Təbii ki, Mirzə İbrahimov o dövrün nüfuzlu şəxsiyyətlərindən biri sayılırdı. Tarixdən bu da bəllidir ki, Stalin həmin illərdə məhz iki azərbaycanlı sənətkarı - Mirzə İbrahimovuÜzeyir Hacıbəylini qəbul etmişdir. Kim bilir, bəlkə də elə hər iki böyük sənətkarı gələcəkdə onları anbaan izləyən həbs kabusundan bu görüş xilas edib.

Repressiyanın ağır illərində onun ən yaxın dostları Üzeyir Hacıbəyli, Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli və Sabit Rəhman olub. Qızı Sevda xanım İbrahimova öz xatirələrində yazır ki, 1937-ci ildə anamın barmağına atamın aldığı nişan üzüyünü Nigar xanım Rəfibəyli taxmışdı. 1938-ci ildə isə kiçik bir məclis təşkil edərək ailə həyatı qurmuşdular. Həmin o düyündə iştirak edən qələm dostlarının əksəriyyətini isə bir müddət sonra repressiya dalğası caynaqlarına alıb apardı. Mirzə İbrahimovu yaxından tanıyan xalq şairi Mirvarid Dilbazi öz xatirələrində bu barədə belə yazıb: "Od üstündə addım atdıq, biz od üstündə yaratdıq". Çünki həmin illərin ən başıbəlalı yazıçılarından biri də elə Mirzə İbrahimov olmuşdur. İkinci Dünya müharibəsi illərində Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işləri gedirdi. M.C.Bağırov bu tədbirlə bağlı Mirzə müəllimdən məlumat istərkən aldığı cavabdan qəzəblənərək  qışqıra-qışqıra danışmış, üzünə böhtanlar yağdırmış, onu kapitalist ölkələrinə "satılmış siyasi düşmən" adlandırmışdır. Ağlagəlməz sözlərlə Mirzə İbrahimovu elə ittihama çəkmişdir ki, bu vəziyyəti seyr edən yazıçılar səs-səmir belə çıxarmamışlar. Onlar ürəklərində "heyif Mirzədən" fikirləşsələr də, bu sözləri dilə gətirə bilməyiblər. Əslində, Mirzə İbrahimovu kimsə durub müdafiə edə bilməzdi. Hətta iclas salonundan çıxandan sonra da bir müddət ona yaxınlaşıb söhbət etməyə cəsarətləri çatmayıb. Çünki bunu dərhal yuxarıya çatdıra bilərdilər. Beləliklə, Mirzə İbrahimov işdən çıxarılıb. Bir müddət işsiz qalıb. Qələmini yerə qoymadan yazıb-yaratsa da, ailənin qulağı səksəkədə idi. Hətta Mirzənin pal-paltarını da hazırlamışdılar. Hər an hər şey ola bilərdi. Görünür, bütün yazıçıları, şairləri, aktyorları və bəstəkarları həbs edib sürgünə göndərmək yuxarılara da çox sərf etmirdi, ya bəlkə də Mirzə İbrahimov kimi sənətkarlarsız keçinmək mümkün deyildi. Bir müddətdən sonra yenidən Mirzə İbrahimova vəzifə veriblər. O, bu dəfə Azərbaycan xalq maarif komissarı kimi çalışmışdır (1942-1946). Bu arada təsis edilən Azərbaycan Elmlər Akademiyasının (1945) ilk həqiqi üzvlərindən biri də Mirzə İbrahimov olmuşdur.

İkinci dünya müharibəsi zamanı sovet ordusu sıralarında Cənubi Azərbaycanda olan Mirzə İbrahimov burada "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində çalışmışdır. O, bu dövrdə səngərlərdə olur, xüsusilə də azərbaycanlı diviziyalarının vuruşduğu döyüş bölgələrinə gedir, əsgərləri qələbəyə ruhlandırırdı.

Azərbaycan Yazıçılar İttifaqının sədri işlədiyi vaxtlarda Mirzə İbrahimov eyni zamanda respublika Nazirlər Sovetinin sədr müavini olmuşdur. Lakin bu arada filosof Heydər Hüseynovla bağlı müsbət xasiyyətnamə verməsi yuxarıların xoşuna gəlmir və bu da növbəti zərbə almasına səbəb olur. Doğrudur, Stalin vəfat etdikdən sonra Xruşşov dövründə bir qədər mülayimləşmə başlayır. Həmin vaxt Mirzə İbrahimov respublika Ali Soveti Rəyasət Heyətinin sədri seçilir (1954-1958), dalbadal keçirilən qurultayların iştirakçısı və büro üzvü olur. Ümumdünya Parlamentlərarası İttifaqın müxtəlif konqreslərində, beynəlxalq məclislərdə iştirak edir, ayrı-ayrı vaxtlarda SSRİ Ali Sovetinin deputatı seçilir. SSRİ Dövlət mükafatı laureatı adını da alır. Həm Azərbaycanda, həm də keçmiş SSRİ-nin müttəfiq respublikalarında dərin hörmət və nüfuz qazanır. Kitabları çap edilir, dramları tamaşaya qoyulur.

Milli düşüncənin boğulduğu illərdə dilimizin dövlət dili olması, dövlət idarələrində dərhal Azərbaycan dilinə keçilməsi sahəsindəki fəaliyyəti Mirzə İbrahimova baha başa gəldi. Ali Sovetdə Azərbaycan dilini dövlət dili elan etməsi onun həyatının ən vacib və ən yüksək məramı idi. Bu məsələ ilə əlaqədar ona ağır ittihamlar sürüldü. Onu sındırmaq, əzmək istəyənlər möhkəm iradəsini, dəyanətini, mərdliyini, cəsarətini əlindən almaq üçün yüz cür dona girdilər. Azərbaycan dilini bilməyənlər Mirzə müəllimi "azğın, satqın, millətçi" kimi töhmətləndirərək cəzalandırdılar. Onu dərhal tutduğu vəzifədən - Ali Sovetin sədrliyindən azad etdilər. Yenə işsizlik, yenə xoflu görüntülər, mənəvi işgəncələr, qorxulu gecələr... Mirzə İbrahimova o dövrdə qorxudan yanaşan, salam verən az oldu. Qızı Sevda İbrahimova o günləri belə xatırlayır: "Atamı o gün qoluna girib evə ötürən yalnız tanınmış jurnalist Nəsir İmanquliyev olub. Atam uzun müddət Nəsir müəllimin xeyirxahlığından, geniş ürəyindən bizə danışardı. Kaş, Mirzə İbrahimov bu gün müstəqil respublikamızlda doğma dilimizin rəsmi dil kimi status qazanmasını görəydi".

1959-cu il iyulun 6-da Azərbaycan KP MK-nın növbədənkənar plenumu çağırılaraq tələb olunmuşdu ki, Mirzə İbrahimov mətbuatda çıxış edərək səhvlərini boynuna alsın, üzr istəsin. Böyük yazıçı isə ona olan haqsızlığı belə cavablandırmışdı: "Dil olmasa, xalq ölüb gedər, yaşaya bilməz. Ağlı başında olan kəs doğma dilini qorumalıdır".

O vaxtlar işdən çıxarılmağın nə demək olduğu aydındır. Lakin yazıçının dəmir iradəsi, müdrik düşüncəsi yenə də köməyinə çatdı. Zaman ötdü, tündləşmiş siyasi həyatda bir qədər durulma əmələ gəldi. Mirzə İbrahimov yenidən Yazıçılar İttifaqının sədri seçildi. Yazıçılar İttifaqında da o, özünəməxsus üslubu ilə çalışdı. İstedadlılara, ehtiyacı olanlara, mənzilsiz yazıçılara, şairlərə xüsusi qayğı və diqqət göstərdi, onların işlə təmin olunmasına kömək etdi.

Mirzə İbrahimov üç dəfə müxtəlif vaxtlarda Yazıçılar İttifaqına rəhbərlik edib. Hər dəfə də hökumət tərəfindən aldığı zərbələrə görə bu vəzifədən azad olunub.

Növbəti bir zərbə isə Nəsiminin yubileyi ilə bağlı olmuşdur. Nəsiminin yubiley komissiyasının iclası zamanı Moskvadan zəng edərək deyirlər ki, tədbir olmasın, çünki Nəsimi türkmən yazıçısıdır. Mirzə İbrahimov isə tarixi faktlarla Nəsiminin Azərbaycan şairi olduğunu nəinki sübut edir, hətta həmin yubiley Moskvada Böyük Tearda keçirilir. Lakin bu xidmətin "mükafatı" olaraq Bakıya qayıdan kimi Yazıçılar İttifaqının sədri vəzifəsindən azad edilir. Ömrü boyu işsizlik və təlaş Mirzə müəllimi izləyib. Maraqlıdır ki, hər bir işsizlik xaosundan sonra yazıçıya ya vəzifə verilirdi, ya da fəxri ad, mükafat, daha başqa töhfələr. Mirzə müəllim işıqla zülmətin arasında qalmışdı.

Yazıçı Çingiz Abdullayevin təbirincə desək, Mirzə İbrahimov həm ədəbiyyatımızda, həm də ictimai-siyasi həyatda qeyri-adi hadisə idi. XX yüzilliyn ən görkəmli Azərbaycan ədibləri - Cəfər Cəbbarlı, Hüseyn Cavid kimi şəxsiyyətlərlə birgə ədəbi fəaliyyətə başlamışdır. Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Süleyman Rəhimov, İlyas Əfəndiyev kimi sənətkarlarla bir yerdə işləmişdir. Stalin, Xruşşov, Brejnev, Qorbaçov kimi sovet rəhbərləri ilə təmasda olmuş, Bağırov zülmünün hər üzünü görmüşdür.

Ədəbi yaradıcılığa ötən əsrin əvvəllərindən başlayan Mirzə İbrahimov Azərbaycan ədəbiyyatına bir-birindən maraqlı, məzmunlu əsərlər bəxş edib: "Cənub hekayələri", "Gələcək gün", "Güləbatın", "Xosrov Rüzbeh", "Böyük dayaq", "Pərvanə" və s. Dramaturq kimi də Mirzə İbrahimovun yaradıcılığı zəngindir. "Həyat" onun tamaşaya qoyulan ilk pyesi idi. Bu əsərin qədəmləri həqiqətən də uğurlu oldu. Mirzə müəllim bir-birinin ardınca müəyyən fasilələrlə "Madrid", "Məhəbbət", "Kəndçi qızı", "Yaxşı adam", "Közərən ocaqlar" adlı pyeslərini yazdı. Teatrlarda  tamaşaya qoyulan bu əsərlər həm tamaşaçılar, həm də ədəbi tənqid tərəfindən yüksək qiymətləndirildi. Mirzə İbrahimovun ədəbiyyatşünaslığın və ədəbi tənqidin zənginləşməsində misilsiz xidmətləri var. "Həyat və ədəbiyyat", "Xəlqilik və realizm cəbhəsindən", "Böyük şairimiz Sabir", "Gözəlliyin qanunları ilə", "Böyük satira ustası" "Əbədi qeydlər", "Tufanlara kömək edən bir qələm" kitabları bu günöz ədəbi dəyərini saxlamaqdadır. Xalq yazıçısı Əli Vəliyevin təbirincə desək, Mirzə İbrahimov həqiqətən sənət zirvəsinə inadlı bir yürüşdə idi. Yaradıcılıq həvəsi, istirahət bilmədən gecə-gündüz çalışmaq onun gündəlik vərdişinə çevrilmişdi. Bir tərəfdən bədii əsərlər yazırdı, həmkarlarının yaradıcılığı barəsində fikir söyləyirdi, gənclərə istiqamət verirdi, teatr tamaşaları üçün pyeslər qələmə alırdı, ədəbiyyatımızı zənginləşdirmək üçün dünya ədəbiyyatından tərcümələr edirdi, digər tərəfdən də müxtəlif vəzifələrdə xalqına ləyaqətlə xidmət göstərirdi.

Ədibin Əziz Şərifə yazdığı məktubları daha geniş mövzunun söhbətidir. Yaşadığı dövrün ağrı-acılarını, ədəbi mühitini, müxtəlif çarpışmaları, münasibət və hadisələri əks etdirmək baxımından bu məktublar çox maraqlıdır. Azərbaycan dili uğrunda apardığı mübarizə, milli təəssübkeşlik, üzləşdiyi təzyiqlər, çəkdiyi əziyyətlər unudulası deyildi. Bir şeyə fərəhlənirsən ki, bu gün Mirzə İbrahimovun arzuları çiçək açıb.

Ümummilli lider Heydər Əliyev həmişə Mirzə İbrahimova diqqət və qayğı ilə yanaşıb. Qara caynaqlardan çox vaxt onu məhz Heydər Əliyev xilas edib. Bu səbəbdən də həyatındakı qara gecələri günlər yoxa çıxarıb. Təsəvvür edin, millətçi damğası vurulan bir şəxsə sonra məhz Heydər Əliyev tərəfindən AsiyaAfrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi mühüm vəzifə etibar olundu. Beynəlxalq Nehru mükafatına (1979) layiq görüldü. Sanki Heydər Əliyev Mirzə İbrahimova olan təzyiqlərin, zərbələrin acığını çıxmaq üçün onun 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını almasına nail oldu. Əlbəttə, bu, asan məsələ deyildi. Məhz Heydər Əliyev şücaəti, cəsarəti bu qələbəni nəinki şərtləndirdi, həm də qətiləşdirdi. 2002-ci ildə Mirzə İbrahimovun anadan olmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi sərəncamını da Heydər Əliyev imzalamışdır.

Mirzə İbrahimov əslən Cənubi Azərbaycandan idi. Ömrü boyu o yerlərin həsrəti ilə yaşadı. Ən böyük arzularından biri övladlarını doğma ocaqlarına aparmaq oldu. Amma ömrünün ixtiyar çağında ürəyinə başqa bir yara vuruldu. Qarabağ problemi Mirzə İbrahimovun son dərəcə narahatlığına, qəlb ağrılarına çevrildi. Sevda xanım danışırdı ki, atam son günlərində huşsuz vəziyyətdə belə elə hey "Qarabağ" deyirdi...

Yazıçılar Birliyinin sədri Anar öz xatirələrində yazır: "Zamanın bütün mürəkkəbliyi Mirzə İbrahimovun zəngin tərcümeyi-halında əksini tapmışdır. Düşünürəm ki, bu mürəkkəb, sınaqlarla dolu həyat yolu yalnız Mirzə İbrahimovun yaradıcılıq fəaliyyətinin deyil, həm də onun insani müdrikliyinin təşəkkülünə səbəb olmuşdur".

Ötən əsrin 80-ci illərində Azərbaycan və Ermənistan ziyalılarının Moskvada Mixail Qorbaçovun sədrliyi ilə keçirilən görüşü çoxumuzun yadındadır. Ermənilər çıxış edərək ünvanımıza nələr söyləyirdilər... Sanki bu görüş qəsdən təşkil olunmuşdu ki, erməni "ziyalıları" bizi söysünlər, təhqir etsinlər, istədikləri şəri atsınlar, böhtan yağdırsınlar, bir sözlə, bizi borclu çıxarsınlar. Mirzə İbrahimovun o toplantıda rəqiblərinin ünvanına dediyi ilk söz qurbağa gölünə atılmış daşa bənzədi. Hələ də o yumşaq səsin avazındakı sərtlik, qətiyyətlilik, dürüstlük unudulmayıb: "Yunan əsatirlərinin birində deyilir ki, Allah adamı bədbəxt etmək istəyəndə əvvəlcə onun ağlını alır..."

O axşam Mirzə müəllim ürəyimizdən tikan çıxartdı, çoxumuzu şok vəziyyətindən qurtardı.

Filologiya sahəsində milli elmi kadrların hazırlanmasında böyük işlər görmüş Mirzə İbrahimov ömrünün sonunadək Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun əsərləri dünya xalqlarının dillərinə dəfələrlə tərcümə edilmişdir. Əsərləri əsasında bədii və sənədli filmlər çəkilmişdir.

Dövrünün qara tufanları, eləcə də mülayim rüzgarları ilə üz-üzə dayanan, gah atılan, gah qəbul edilən, gah ürəkdən sevilən, gah haqsız tənqid olunan Mirzə İbrahimov ilk növbədə xalqının, sonra isə dövrünün oğlu idi. 1993-cü ildə 82 yaşında Bakıda dünyasını dəyişən Mirzə İbrahimov Fəxri xiyabanda torpağa tapşırılıb.

Ürəyi arzularla dolu olan böyük yazıçımız ağrı-acıya tuş gəlməsəydi, ömrünü yavaş-yavaş mişarlamasaydı, "Pərvanə", "Füzuli", "Mayak" adlı romandram əsərlərini tamamlaya bilərdi. Yaxşı ki onun yaradıcılığından bizə elə bütöv, sanballı əsərlər qalıb. Onun həyatı da, yaradıcılığı da hər birimizə örnəkdir!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 15 oktyabr.- S.  11.