Yeni Gəncədə «Çinar» ailəvi istirahət mərkəzi
Bura gələndə elə bil sehrli aləmə düşürsən. Hər tərəf yamyaşıl, gül-çiçək, bir-birindən yaraşıqlı istirahət guşələri. Quru Qobunu heç belə görməmişdik. Çox yox, iki-üç il əvvəl bu yerlər enişli-yoxuşlu, yöndəmsiz sahə idi. İndi baxdıqca heyran qalırsan, insan əli nələrə qadir imiş!
Yeni Gəncə qəsəbəsinin "ayağında" elə əsrarəngiz bir aləm yaradılıb ki, gəzdikcə doymaq olmur. Sahənin axar-baxarından çox məharətlə istifadə olunub. Ən baxımlı yerdə məxməri güllərlə bəzənən Azərbaycan xəritəsi!
Gələnləri ilk öncə nağılların qəhrəmanları qarşılayır. Sağında-solunda üstüaçıq, yaxud üstüörtülü istirahət yerləri. Buyur, hansını istəyirsən, seç, otur! Oturmağa isə heç kəs tələsmir, hamı gəzmək, baxmaq, hər yeri, hər yanı görmək istəyir.
Daş döşənmiş küçələr, arxlar, körpülər, keçidlər, göllər, yalçın qayalardan çağlayan bulaqlar, şəlalələr... Bir yanda məişət səhnələri, kəndli alaçığı, o biri tərəfdə dəvə karvanı, köhlən atlar, fayton, araba... Bir qədər kənardaki zağadan ayı boylanır... Ağaclar, gül-çiçək də saysız-hesabsız. Elə bil hər yana al-əlvan xalı sərilib.
Hara baxırsan, gözəllik göz oxşayır. Hər şey yüksək zövqlə düzəldilib. Xüsusən uşaqlar üçün əla şərait yaradılıb. Gülüş otağı, dondurma kafesi, sərgi salonu, cizgi filmlərindən reproduksiyalar, əyləncə guşələri "gəl-gəl" deyir.
Gəncə "Çinar"ı əsasən çay evi, ailəvi istirahət mərkəzi kimi nəzərdə tutulub. Müxtəlif çeşidli yeməklər hazırlanır, dağ çiçəklərindən çay dəmlənir, növbənöv mürəbbələr verilir. Xətriniz nə istəyirsə sifariş edə bilərsiniz. Burada hər şey tapmaq mümkündür. Hər şey! Təkcə spirtli içkilərdən başqa! Xidməti də ki əla! Yaşlılar zövqlə tərtib olunmuş sərin guşələrdə dincəlir, uşaqlar isə qaçışır, oynayır, gülür, nağıl qəhrəmanları ilə "görüşür", ən müxtəlif səhnələrdən zövq alırlar.
Bir sözlə, "Çinar" nağıllar aləmi ürəkləri oxşayır. Professor Ramiz Məmmədov deyir ki, bu, turizm ilinə Gəncənin neçə-neçə dəyərli töhfəsindən yalnız biridir.
Əhməd
İSAYEV
Azərbaycan.- 2011.- 15 oktyabr.-
S. 11.