Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin «Əl-Cəzirə»
televiziya kanalına müsahibəsi
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də "Əl-Cəzirə" televiziya kanalının müxbiri Devid Frosta müsahibə vermişdir.
AzərTAc həmin müsahibənin mətnini təqdim edir.
- Cənab Prezident, Sizinlə burada,
Bakıda olmaqdan çox məmnunam. Sovetlər
İttifaqının dağılmasından 20 il
ötür. Bu 20 il ərzində Azərbaycanda
hansı dəyişikliklər baş vermişdir? Sovet dövründən sonra həyat şəraiti nə
dərəcədə dəyişib?
- Siz dəyişiklikləri
hər yerdə görə bilərsiniz. Ən əhəmiyyətlisi
isə odur ki, xalqımız indi azad və müstəqildir.
Xalqımız böyük tarixə, mədəniyyətə
və ənənələrə malikdir. Lakin
biz əsrlər boyu müstəqillikdən məhrum
olmuşuq. Biz başqa ölkələrin,
imperiyaların tərkibində olmuşuq, əldə etdiyimiz ən
böyük nemət müstəqilliyimizdir. İndi biz azadıq, gələcəyimiz öz əlimizdə
- Azərbaycan xalqının əlindədir. Digər əhəmiyyətli dəyişiklik isə
indi Azərbaycanın demokratik sistemə və əvvəlki
vaxtlardan fərqli olaraq bazar iqtisadiyyatına malik
olmasıdır. Biz əvvəllər azad
və müstəqil olmamaqla yanaşı, eyni zamanda,
xalqın çox məhdud ideoloji çərçivələrdə
yaşamağa məcbur olduğu, özəl mülkiyyətin
fəaliyyətinə icazə verilmədiyi avtoritar və totalitar
sistemdə yaşamışıq. Biz
iqtisadiyyatımızı tamamilə transformasiya edə bildik və
indi ÜDM-in 80 faizi özəl sektorun payına
düşür. İyirmi il bundan əvvəl
bu rəqəm sıfıra bərabər idi. Paytaxtın,
regionların inkişafı ilə bağlı bir çox digər
dəyişiklikləri də görə bilərsiniz. Enerji siyasəti Azərbaycanı tərəqqiyə
aparır. İndi bizim malik olduğumuz hər
şey - təbii sərvətlər, sənaye
potensialımız Azərbaycan xalqının əlindədir
və xalqımızın gələcəyinə xidmət
edir.
- Demokratiya ilə bağlı. Mən ABŞ Prezidentinin Azərbaycandakı gənc
demokratiya ilə bağlı söhbətini dinləmişəm.
Siz mükəmməl demokratiya istiqamətində
nə qədər irəli getmisiniz? Siz gənc
demokratiyaya malik olan bir ölkəsiniz, insan hüquqları və
ya hər hansı başqa məsələlərlə
bağlı nələri edəcəksiniz, nələri etmək
niyyətindəsiniz? Gənc demokratiyadan mükəmməl
demokratiyaya necə keçirsiniz?
-
Düşünürəm ki, son 20 ildə mühüm nailiyyətlər
əldə etmişik. Başlıcası və
ən əhəmiyyətlisi Azərbaycanın inkişafla
bağlı strateji seçimi olmuşdur. Biz
müstəqilliyimizi əldə edən zaman, xüsusilə də
müstəqilliyimizin ilk illərində, burada vəziyyət
indikindən tamamilə fərqli idi. Azərbaycanın
özünü necə transformasiya etməsi, xalqın
hansı sistemi qəbul edəcəyi böyük sual idi.
Demokratik dövlətin qurulması ilə
bağlı strateji seçim edildi. O vaxtdan bəri
görülən bütün işlər həmin strateji
seçimin nəticəsidir.
Bu gün bizdə demokratik təsisatlar, azad mətbuat
mövcuddur, internetdən istifadə sərbəstdir və məlumdur
ki, heç də hər ölkədə internetə sərbəst
qoşulma imkanı yoxdur. Azərbaycanda əhalinin
50 faizdən çoxu internetdən istifadə edir. Biz müxtəlif beynəlxalq təşkilatlara
qoşulmuşuq, məsələn, 10 ildir ki, əsas gündəliyi
insan hüquqları və demokratiya məsələləri
olan Avropa Şurasının üzvüyük. Həmçinin Azərbaycan könüllü şəkildə
Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
Proqramına qoşulmuşdur. Bir daha qeyd
etmək istərdim ki, biz bunu könüllü şəkildə
etdik. Beləliklə, bütün bunlar
bizim strateji seçimimizin göstəricisidir. Biz iqtisadiyyatımızı və həmçinin
siyasi sistemimizi gücləndiririk, məqsədimiz inkişaf
etmiş ölkəyə çevrilməkdir. Güclü demokratik təsisatlar olmadan bu
mümkün deyildir. Ona görə də
Azərbaycanda siyasi, demokratik və iqtisadi islahatlar eyni vaxtda həyata
keçirilir. Biz onu da başa düşürük ki,
iqtisadi inkişaf olmadan demokratik nailiyyətlər az səmərəli olar. Buna
görə də biz həyat səviyyəsinin daha da yüksəldilməsi,
yoxsulluq və işsizliyin aradan qaldırılması,
güclü orta təbəqənin, güclü özəl
sektorun yaradılmasına böyük önəm veririk.
Bu da, öz növbəsində, iqtisadi
azadlığa və nəhayət, siyasi azadlığa gətirib
çıxarır.
- Deməli, siyasi azadlıq indi qeyd
etdiklərinizin "əlavə məhsulu"dur?
- Bu, bir tərəfdən iqtisadi inkişafın nəticəsidir, digər tərəfdən isə, siyasi azadlıqlar olmadan iqtisadi artıma nail olmaq mümkün deyildir. Bu, xüsusilə müstəqilliyinin ilk illərində əsasən xarici investisiyalar hesabına inkişaf edən və sizin qeyd etdiyiniz kimi, gənc demokratiyaya malik, nisbətən gənc müstəqil dövlət olan Azərbaycana aiddir. Əlbəttə ki, xarici sərmayələri cəlb etmək üçün əlverişli investisiya mühitinə, möhkəm hüquqi bazaya, qanunun aliliyinə malik olmaq lazımdır. Əks təqdirdə, kimsə gəlib sərmayə yatırmaz. Bu, bizə iqtisadi potensialımızı inkişaf etdirməyə və demokratik dövlət qurmağımıza kömək etdi.
- 20 il bundan qabaqkı tarixi dəyişikliyə
gəldikdə bu, yəqin ki, 1991-ci ilin avqustunda Qorbaçovu
devirmək üçün edilmiş uğursuz cəhdlə
başladı. Bu hadisə, həqiqətən, Azərbaycanın
azadlığına aparırdı, elə deyilmi?
- Əslində, bütün keçmiş Sovet İttifaqı ölkələri bu tarixi prosesin nəticəsində müstəqil oldular. Bəziləri deyir ki, müstəqillik uğrunda güclü hərəkat olmuşdu. Bəzi respublikalarda güclü hərəkat olmuşdu, bəzilərində isə yox. Lakin buna baxmayaraq, bütün respublikalar müstəqillik əldə etdilər. Beləliklə, bu, obyektiv bir proses idi və Sovetlər İttifaqının süqutu nəticəsində biz müstəqil olduq. Lakin o vaxt üçün ən əhəmiyyətli olan bu deyildi. Ən əhəmiyyətlisi müstəqilliyi qoruyub saxlamaq idi. Çünki Azərbaycanın keçmişində belə bir təcrübə olmuşdu. 1917-ci ildə Rusiya imperiyasının dağılmasından, bolşevik inqilabından sonra Azərbaycan müstəqil oldu. 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradıldı. Lakin bu, yalnız iki il davam etdi. Sonra bu müstəqillik əlimizdən alındı. Eyni hal 1991-ci ildə baş verdi. Sovetlər İttifaqının süqutu nəticəsində biz müstəqil olduq, lakin iki il ərzində vətəndaş müharibəsi, Ermənistanın ölkəmizə təcavüzü, ermənilər tərəfindən torpaqlarımızın işğalı nəticəsində Azərbaycanda çox xaotik vəziyyət əmələ gəldi. Beləliklə, bizim müstəqilliyimiz yenidən təhlükə qarşısında idi. Xalqımız müstəqilliyimizi qorumaq üçün böyük müdriklik və cəsarət göstərdi. İyirmi il keçəndən sonra, bu gün Azərbaycan müstəqil və azad ölkəyə transformasiya olmağın yaxşı nümunəsidir.
- Sizin atanız
iki dəfə yeni Azərbaycanın lideri seçildi. Bir
Prezident kimi atanızın irsi barədə nə deyə bilərsiniz?
- Xalqımızın ümummilli lideri ölkəmizin ən çətin vaxtında hakimiyyətə gəldi. Bu, müstəqilliyimizi əldə etdikdən iki il sonra - 1993-cü ildə, vətəndaş müharibəsi getdiyi bir dövrdə oldu. Azərbaycan çox ağır vəziyyətdə idi. Ölkədə iqtisadi və siyasi böhran hökm sürürdü, torpaqlarımız Ermənistan tərəfindən işğal olunmuşdu və perspektivlərimiz çox qaranlıq idi. Beləliklə, xalqımızın ümummilli lideri Heydər Əliyev prezident seçildikdən sonra ölkədə vəziyyətin sabitləşdirilməsinə və vətəndaş həmrəyliyinə nail oldu. Sonra onun rəhbərliyi altında ölkədə siyasi və iqtisadi islahatlar həyata keçirilməyə başlanıldı və bir neçə ildən sonra iqtisadiyyatımız inkişaf etməyə başladı. Beləliklə, siz Heydər Əliyev irsini hər yerdə görə bilərsiniz. Elə bugünkü Azərbaycan onun irsidir.
- Cənab
Prezident, mənə elə gəlir ki, ən əhəmiyyətli
və eyni zamanda, ən incə məqamlardan biri də budur ki,
coğrafi baxımdan mərkəzdə yerləşdiyinizdən
Sizin həm Şərqlə, həm də Qərblə əlaqələrinizin
davam etdirilməsi önəmlidir.
- Əsrlər boyu Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan olmuşdur və bu gün həm Şərqlə, həm Qərblə əməkdaşlıq siyasətimiz də, düşünürəm ki, xalqımızın çoxəsrlik adət-ənənələrinin və ölkəmizin coğrafi yerləşməsinin nəticəsidir. Bu siyasəti həyata keçirmək bizim üçün çətin deyildir. Çünki əgər sizin öz mövqeyiniz varsa, müstəqil siyasət yürüdürsünüzsə və əgər siz etibarlı tərəfdaşsınızsa, xarici siyasət təşəbbüslərini həyata keçirmək çox asan olur. Deyə bilərəm ki, bu gün bizim müsəlman dünyası ölkələri ilə çox yaxşı münasibətlərimiz vardır. Biz müsəlman dünyasının bir hissəsiyik. Eyni zamanda, Avropa ölkələri ilə də yüksək səviyyədə əlaqələrimiz qurulub, biz Avropa təsisatları ilə fəal əməkdaşlıq həyata keçiririk. Azərbaycan o nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlığı Təşkilatının üzvüdür.
- Cənab
Prezident, Dağlıq Qarabağ münaqişəsinə
toxunmaq istərdim. Siz yaxın perspektivdə bu münaqişənin
sülh yolu ilə nizama salınmasını mümkün
hesab edirsinizmi? Yaxud da Azərbaycan ilə Ermənistan
arasında mövcud durum müharibəyə apara bilərmi?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region üçün ən böyük təhlükədir. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. "Qarabağ" sözünün özü Azərbaycan sözüdür. 1990-cı illərin əvvəllərində təkcə Dağlıq Qarabağdan deyil, eləcə də ermənilərin heç zaman yaşamadıqları Dağlıq Qarabağ ətrafındakı 7 rayondan bütün azərbaycanlılar qovuldular. Ümumilikdə bizim 1 milyon qaçqın və məcburi köçkünümüz vardır. Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən bizim torpağımızdır, hüquqi nöqteyi-nəzərdən də beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir - BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni işğalçı qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilmişdir. Digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müvafiq qərar və qətnamələr qəbul edilmişdir.
Biz münaqişənin hələ də sülh yolu ilə nizama salınacağına ümid edirik. Münaqişənin həll olunması beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni silahlı qüvvələri bütün işğal olunmuş ərazilərimizdən çıxarılmalı, azərbaycanlıların öz ata-baba yurdlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququ olmalıdır. Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. Dünyada və Avropada muxtariyyətlərin yaxşı nümunələri vardır. Təmas xəttindəki vəziyyətə gəldikdə isə, burada vəziyyət çox kövrəkdir. Faktiki olaraq sülh yoxdur.
- Sülh əldə
olunmayıb?
- Xeyr, atəşkəs sazişinin 1994-cü ildə əldə edilməsinə baxmayaraq, hələ də sülhə nail olunmayıb, sülh yoxdur. Buna görə də heç kim təmas xəttində hər hansı bir ssenarini istisna edə bilməz. Bu baxımdan münaqişə nə qədər tez həll edilərsə, bu, hamı üçün, o cümlədən Ermənistan üçün də bir o qədər yaxşı olar.
- Oxuduğum son məqaləyə
görə, bu münaqişə nəticəsində 25 min
insan həyatını itirmişdir.
- Müxtəlif rəqəmlər vardır, lakin hərbi əməliyyatlar zamanı əlbəttə ki, itkilər olmuşdur, müharibə dövründə bizdə 12-15 min insan həlak olmuş və itkin düşmüşdür. Ermənilər nə qədər itki veriblər, bunu onların özləri daha yaxşı bilirlər.
- Sizin də
dediyiniz kimi, region baxımından, hazırda bölgənin ən
təhlükəli məsələsi odur ki, Dağlıq
Qarabağla bağlı vəziyyət necə olacaq?
- Düşünürəm ki, bu münaqişənin proqnozlaşdırılması mümkün olmadığından ən təhlükəli münaqişədir. Nəyin baş verəcəyini proqnozlaşdırmaq olmur. Azərbaycanın bütün beynəlxalq hüquq normalarına, o cümlədən BMT Nizamnaməsinə əsasən, öz ərazi bütövlüyünü istənilən vasitə ilə bərpa etmək üçün tam hüququ vardır. Elə ölkələr var ki, onlar özünün yerləşdiyi əsas ərazidən min kilometrlərlə uzaqda ərazi bütövlüklərini bərpa etmişlər. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşir. Dağlıq Qarabağın Ermənistan ilə heç zaman inzibati sərhədi olmayıb. Hətta Sovetlər dövründə bu ərazinin, - o zamanlar Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı, - Ermənistan ilə heç bir inzibati sərhədi yox idi. Dağlıq Qarabağın əhalisinin təqribən 30 faizi etnik azərbaycanlılar idi. Buna görə də bizim ərazi bütövlüyümüzü istənilən yolla bərpa etməyə tam hüququmuz vardır. Lakin biz bunu sülh yolu ilə etmək istəyirik. Demək olar, 20 ildir ki, beynəlxalq vasitəçilər heç bir nəticə olmadan bu məsələ ilə məşğuldurlar.
- Rusiyanın son
zamanlar bizim azad ticarət zonası
adlandırdığımız və bu əraziləri
bir-birinə yaxınlaşdırmaq məqsədi
daşıyan ideyasına münasibətiniz necədir? Siz bu
ideyanı bəyənirsiniz, yoxsa buna əmin deyilsiniz?
- Bizim keçmiş sovet respublikalarının bir çoxu ilə azad ticarət sazişlərimiz var və bunlar özünü doğruldur. Bu baxımdan iqtisadi əlaqələrimiz üçün heç bir problem yoxdur. Bizim Rusiya ilə ticarət dövriyyəmiz sürətlə artır. İqtisadi əməkdaşlıq və qarşılıqlı sərmayələr güclü iqtisadi əlaqələr yaradılmasına kömək edir. Buna görə də bu yeni ideyaları və bunun nəyə aparacağını təhlil etmək indi mənim üçün çətindir. Lakin biz hər hansı potensial təşəbbüsü və ya potensial addımı qiymətləndirərkən, əlbəttə ki, onun iqtisadi cəhətdən cəlbediciliyinə baxırıq. Əgər bu, daha yaxşı iqtisadi əməkdaşlığa apararsa, əlbəttə, biz onu dəstəkləyərik. Biz həmişə o mahiyyəti əsas götürürük ki, bu, xalqımıza, ölkəmizə nə verəcək, iqtisadi maraqlarımıza necə xidmət edəcəkdir.
- Hər yerdə
Putinin hakimiyyətə qayıdışı ehtimal olunur.
Fikrinizcə, Putinin siyasəti davam edəcək, yoxsa tamamilə
fərqli bir vəziyyət olacaqdır?
- Düşünürəm ki, bu, Azərbaycan üçün cənab Putinin siyasətinin davamı olacaqdır. Çünki 2003-cü ildən 2008-ci ilədək cənab Putin Prezident olduğu müddətdə biz onunla dəfələrlə görüşmüşük. O, Azərbaycana səfərlər edib, mən Moskvaya səfərlər etmişəm. Rusiyanın Azərbaycan ilə bağlı bugünkü siyasətinin əsası faktiki olaraq Vladimir Putin tərəfindən qoyulmuşdur. O, Azərbaycana səfər etmiş ilk Rusiya Prezidenti olub - 2001-ci ildə. Təsəvvür edin, Azərbaycanın 10 illik müstəqilliyi ərzində Rusiyanın əvvəlki Prezidenti ölkəmizə heç vaxt səfər etməmişdi. Beləliklə, Prezident Putin Azərbaycana gəldi və bu, Rusiya ilə Azərbaycan arasında əlaqələrdə dönüş nöqtəsi oldu. O vaxtdan bəri, son 10 il ərzində biz ikitərəfli münasibətlərdə - siyasi, iqtisadi, energetika sahələrində əməkdaşlıqda çox böyük inkişafa nail olmuşuq. Biz sərhədlərin demarkasiyası ilə bağlı saziş imzalamışıq. Bu da, həmçinin tarixi bir sənəddir. Fikrimcə, bu gün Rusiya və Azərbaycan yaxşı qonşuluq nümunəsi göstərirlər. Bu siyasətin əsası Vladimir Putin tərəfindən qoyulub və Prezident Medvedev tərəfindən davam etdirilib. Buna görə də biz əminik ki, bu siyasət davam etdiriləcəkdir.
- Hazırda
ölkənizdə neft və qazın ixrac həcmi sahəsində
bölgü olduğu kimi qalacaqmı? Nisbi həcm necədir?
- İndi bu, müqayisəolunmazdır.
Çünki ixracımızın əsas hissəsini neft təşkil
edir. Biz təqribən
1 milyon barel neft hasil edirik və bunun böyük bir hissəsi
ixrac olunur. Qaza gəldikdə isə, biz nisbətən yaxın
vaxtlarda qaz ixrac edən ölkəyə çevrilmişik.
Lakin bizim qaz ixracımız hələ ki,
regional bazarla məhdudlaşır. Bizim
çox böyük qaz ehtiyatlarımız vardır. Azərbaycanda
təsdiq olunmuş qaz ehtiyatları təxminən 2,6 trilyon kubmetrdir. Ancaq neftdən
fərqli olaraq, qaz biznesində nəqliyyat sistemi
istehlakçılara birbaşa
çatdırılmalıdır. Bunun
üçün yəqin ki, yeni boru kəmərləri
inşa edilməli, ya da mövcud olanlar genişləndirilməlidir.
Bizim belə planlarımız var və
düşünürəm ki, 7-10 ilə Azərbaycan
dünyada neftdən çox qaza görə
tanınacaqdır. Ən azından bu, bizim
məqsədimizdir.
- Maraqlıdır. 10 il
ərzində?
- Bəlkə
də daha tez.
- Siz üçüncü müddətə
prezidentliyə namizədliyinizi irəli sürməyi
planlaşdırırsınız? Bu barədə
qərar vermisiniz?
- Xeyr, qərar
verməmişəm. Bu, xalqın istəyindən
asılı olacaqdır. Əgər xalq məni
və gördüyüm işləri dəstəkləməkdə
davam etsə, bu variantı nəzərdən keçirəcəyəm.
Ancaq yenə də, bu, insanların mənim fəaliyyətimi
necə qiymətləndirmələrindən və onların
verdiyi dəstəyin nə səviyyədə olmasından
asılı olacaqdır.
- Biz gənc demokratiyadan
danışdıq, Siz vəziyyəti təhlil edərək
dediniz ki, bu sahədə irəliləyişlər əldə
olunub. Azad demokratiya, azad mətbuat və insan haqları məsələlərində
daha da irəliyə getməyi
düşünürsünüzmü? Bu istiqamətdə
başladığınız yolda daha da irəli gedəcəksinizmi?
- Şübhəsiz. Əlbəttə, gələcəkdə
görülməli çox işlər vardır. Biz bu uzun prosesin hələ
başlanğıcındayıq. Son 20 ildə, hətta
20 ildən də az bir müddətdə
bu istiqamətdə çox böyük nailiyyətlər əldə
olunub. Bir daha demək istəyirəm ki, ən
vacibi strateji seçimdir. Biz bu yolu
seçmişik və demokratik institutlarımızı
inkişaf etdirməkdə davam edəcəyik. Biz siyasi islahatlar keçirməkdə davam edəcəyik.
O ki qaldı əsas azadlıqlara, bu gün bununla bağlı
heç bir məhdudiyyət yoxdur. Bir daha demək
istəyirəm ki, azad internet, əhalisinin 50 faizi internet
istifadəçisi olan bir ölkədə azad mətbuat məhdudlaşdırıla
bilməz.
- Beləliklə, internetə
çıxış - böyük azadlıq deməkdir?
- Əlbəttə, bu, ifadə azadlığı, mətbuat
azadlığıdır, xüsusən də insanların
informasiyanı əsasən internetdən aldığı
bugünkü dünyada, bilirsiniz ki, indi internetdən sərbəst
şəkildə istifadə etmək olar. Siyasi sistemin
inkişaf etdirilməsinə gəldikdə, bu halda, heç də
hər şey bizim hökumətdən asılı deyildir.
Çünki bütün siyasi qüvvələr
də öz növbəsində dəyişməli, özlərini
müasirləşdirməli, təcavüzkar hərəkətlərdən
çəkinməlidirlər. Çünki
əgər biz siyasi sistemdən danışırıqsa, bu,
siyasi sistemdir, təcavüzkar davranış növü
deyildir. Ancaq mən düşünürəm
ki, bizim hökumətin göstərdiyi yaxşı nümunə,
həmçinin indi öz siyasi mədəniyyətlərinin
ilkin mərhələsində olan müxtəlif siyasi qüvvələrin
transformasiyasına müsbət təsir edə bilər.
Bizim yaxşı nümunələrimiz var, bir
daha demək istəyirəm, Azərbaycan 10 ildir ki, Avropa
Şurasının üzvüdür. Biz
Avropa İttifaqının tərəfdaşına
çevrilirik. Demokratik islahatlar bu
institutlarla əməkdaşlığın gündəliyinin
bir hissəsini təşkil edir. Əgər
demokratik islahatları davam etdirmək istəməsəydik,
biz bunu dayandırardıq. Biz 2001-ci ilədək
Avropa Şurasının üzvü olmadan da
yaşayırdıq. Bu gün Azərbaycan
özü-özünü təmin edən bir ölkədir.
Bizim heç yerdən heç bir maliyyə
yardımına, maddi dəstəyə ehtiyacımız yoxdur.
Əksinə, bəzən biz tərəfdaşlarımıza
maliyyə cəhətdən dəstək veririk. Buna görə də bizim demokratik inkişafla
bağlı öhdəliyimiz dəyərlərə, ölkəni
necə dəyişmək istədiyimizə dair
baxışlarımıza əsaslanan şüurlu
seçimimizdir.
- Bir məsələni soruşmaq istəyirəm.
Fikrimcə, daha mükəmməl demokratiyaya
nail olmaq üçün müxalifətin yaradılması
önəmlidir. Siz bunun üzərində
işləmisinizmi?
- Bəli.
Ancaq müxalifətin çox zəif olması
faktı bizim günahımız deyildir. Biz
onlara məhdudiyyət qoymuruq. Ancaq son illər
ərzində Azərbaycanda görülən işlər, sadəcə,
onların məkanını daraldır. Çünki
onların mübahisə aparması üçün ciddi
heç nə yoxdur. Ən vacib məsələ
- Dağlıq Qarabağ məsələsində bizim
hökumət milli maraqlarımızın daha güclü
müdafiəçisidir. Bizə bəzən
belə məlumatlar gəlib çatır ki, bəzi
müxalifət liderləri bəzi xarici nümayəndələrlə
şəxsi ünsiyyətləri zamanı, beynəlxalq
qüvvələrin onları dəstəkləyəcəyi
halda, Dağlıq Qarabağı Ermənistana vermək, təslim
etmək niyyətlərini ifadə edirlər. Son bir neçə
il ərzində iqtisadi sahədə biz
inanılmaz nəticələr əldə etmişik. Buna görə də onlar üçün
mübahisə aparmağa heç nə qalmayıb. Son 7 ildə ÜDM-in artımı 300 faiz olub - 3 dəfə.
Yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə
düşüb - 5 dəfə azalıb. Büdcə
xərcləri 20 dəfə, 20 faiz yox, 20 dəfə
artıb. Çox güclü sosial
müdafiə sistemi, infrastruktur layihələri
yaratmışıq. Bu səbəbdən
müxalifət nə barədə mübahisə edə bilər?
Əlbəttə ki,
çatışmazlıqlar da vardır. Ancaq hökumət
nə qədər yaxşı işləsə, təbii ki,
müxalifətin də manevr etmək üçün daha az imkanı qalır. Buna görə
də yeni Azərbaycanda özlərinə necə yer tapmaq
onların öz işidir. Əfsuslar olsun
ki, bugünkü müxalifətə rəhbərlik edənlər
1992-1993-cü illərdə ölkəni vətəndaş
müharibəsinə aparan insanlardır. Eyni
adamlar 20 ildir ki, eyni vəzifədə oturublar və istefa vermək
istəmirlər.
- İnsanlar vəzifəyə
gələndə bəzən belə edirlər, onlar istefa
vermək istəmirlər. Ermənistan fikir
irəli sürüb ki, müəyyən mənada, Avropa
İttifaqına qoşulmaqda maraqlı ola
bilər. Mən Sizin buna reaksiyanızı bilmək
istərdim. Bəs Siz nə vaxtsa Avropa
İttifaqına qoşulmağa cəhd etmisinizmi?
- İlk
növbədə, demək istərdim ki, mən heç vaxt
eşitməmişəm ki, Ermənistan açıq şəkildə
belə bir öhdəlik götürdüyünü desin. Mən bu barədə heç vaxt eşitməmişəm.
Azərbaycana gəldikdə, qeyd etdiyim kimi,
hazırda biz Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı"
Proqramı üzərində işləyirik. Əlbəttə, biz bilməliyik ki, Avropa
İttifaqının Cənubi Qafqazla bağlı gündəliyi
nədən ibarətdir və onlar üzv ölkə olmaq
üçün Azərbaycanın potensialını və ya
perspektivlərini necə qiymətləndirirlər.
Səmimi deyirəm, bizim siyasətimiz elədir ki, biz
heç vaxt əlçatmaz bir şeyə nail olmağa
çalışmırıq. Biz realistik. Əgər biz belə bir təklif alarıqsa, əlbəttə
ki, bunu nəzərdən keçirərik. Əgər almasaq, "bizi qəbul edin, qəbul
edin" deyə qapını sındırmağa
çalışmayacağıq. Bir daha
demək istəyirəm ki, biz güclü ənənələri
olan bir ölkəyik. Biz müsəlman ənənələri
olan bir ölkəyik və bununla fəxr edirik. Eyni zamanda, biz müasir ölkəyik, dünyəvi
ölkəyik və özü-özünü təmin edə
bilən bir ölkəyik. Buna görə
də Avropa İttifaqı ilə münasibətlərimizin
hazırkı inkişaf mərhələsində,
düşünürəm ki, hər iki tərəf əməkdaşlığın
səviyyəsindən tam razıdır və bəlkə də
indi gələcəyə baxmaq tezdir.
- Siz müxtəlif qəzetlərdə
başlıqlar görəndə ki, Avropa Parlamenti Azərbaycanı
insan haqlarının pozulmasında ittiham edir, işgəncəyə,
ifadə azadlığına və s. istinad edildikdə, bu Sizə
təsir edirmi? Yoxsa Siz deyirsiniz ki, belə bir şey var və
biz bunu aradan qaldırmalıyıq.
- Yox,
açığı, biz əksər hallarda bu cür
qeyri-dost addımlara məhəl qoymuruq. Ancaq biz
bunu, Azərbaycana qarşı bu cür hərəkətləri
irəli sürən həmin təşkilatlarda olan tərəfdaşlarımızla
çox ciddi şəkildə müzakirə edirik. Bu cür hallar ikili standartların nəticəsidir.
Əfsuslar olsun ki, 2008-ci ilin martında hakimiyyətin
dinc etirazçıları, ordunun isə 10-dan çox
insanı öldürdüyü və bir çox siyasətçinin
həbs edildiyi qonşu Ermənistan ilə bağlı Avropa
Parlamenti heç vaxt belə bir qətnamə qəbul etməyib.
Niyə? Çox güman ki,
Avropa ölkələrində mövcud olan güclü erməni
lobbisinə görə.
Ancaq Azərbaycanda
az əhəmiyyətli hansısa bir epizod
baş verdikdə onların bəziləri bu məsələni
şişirtməyə çalışır. Cənubi Qafqazın bütün ölkələrinə
münasibətdə vahid, standart siyasət olmalıdır,
istər həll edilməmiş münaqişələr olsun,
istərsə də demokratik inkişaf. Əfsuslar
olsun ki, Azərbaycana hücumlar etmək, ölkəmizi
nüfuzdan salmağa çalışmaq və məsələləri
tamamilə yanlış yöndə təqdim etmək beynəlxalq
təşkilatlardakı bəzi dairələrin gündəliyində
duran məsələlərdir. Bir daha deyirəm
ki, bu bizə təsir etmir. Bəlkə
cüzi qıcıqlandırır.
- Çünki Siz bunu
yoxlayırsınız və əgər düzgün deyilsə,
inkar edirsiniz.
- Əlbəttə.
Avropa Parlamenti belə bir ədalətsiz, qərəzli və
yanlış qətnamə qəbul edəndə, bizim parlament
bunu inkar edən bəyanat verdi. Əlbəttə ki, Azərbaycana qarşı hər
hansı bir bədxah, ədalətsiz və qərəzli, bəzən
isə təhqiredici hərəkətlər cavabsız
qalmır. Biz bunlara ciddi şəkildə
və dəlillərlə cavab veririk. Biz
bu dəlilləri gətirəndə deyiləsi bir şey
qalmır. Nə üçün Cənubi
Qafqazda, qonşuluqda, doğrudan da, narahatlıq doğuran hadisələrə
deyil, yalnız Azərbaycana diqqət yetirilir? Nə üçün bütün diqqət Azərbaycanın
üzərində cəmləşib? Bu
sualı biz daim veririk və heç vaxt da bir cavab ala bilmirik.
- Bəs cavab nədir? Nə
üçün bu mənada Azərbaycan diqqət mərkəzindədir?
Əgər, Siz dediyiniz kimi, belə deyilsə və
digərlərində insan haqları daha pisdirsə, Siz
deyirsiniz ki, burada insan haqları başqa cürdür, daha
yaxşıdır və ya hər nə isə. Bəs diqqətin yönəlməyinin səbəbi
nədir? Çünki bu, elə bir məsələdir
ki, müxtəlif vaxtlarda, dünyanın başqa yerlərində
olan digər ölkələrdə də soruşa bilərlər.
-
Düşünürəm ki, bunun bir neçə səbəbi
vardır. Hansı birinin ən vacib olduğunu dəqiq
bilmək mənim üçün çətindir. Ancaq
mən parlamentin üzvü olduğum zaman Azərbaycanın
Avropa Şurasındakı nümayəndə heyətinə rəhbərlik
edən və Avropa Şurasında iki ildən artıq
çalışan bir şəxs kimi deyə bilərəm
ki, orada Azərbaycanın Avropanın bir hissəsi olduğunu
qəbul edə bilməyən insanlar vardı. Bəlkə
də bu, fobiyanın bir növü idi. Biz
hamımız bilirik ki, bəzi ölkələrdə
islamofobiya var və bu, bəzi qərarlara təsir edir.
Digər
bir səbəb Azərbaycanın coğrafi baxımdan, iqtisadi
cəhətdən müstəqil və zəngin təbii
ehtiyatları olan bir ölkə kimi təkcə regional deyil,
qlobal miqyasda çox vacib bir ölkəyə çevrilməsi
ola bilər. Buna görə
də bu hərəkətlərin bir hissəsi, bizə təzyiq
etmək, təsir göstərmək, bizə hücum etmək
və bəzən xeyir əldə etmək cəhdlərindən
də irəli gəlir. Ancaq mən sizə
deyə bilərəm ki, ümumiyyətlə, Azərbaycanın
Avropa institutları ilə əlaqələri çox müsbətdir.
Bizim Avropa İttifaqının üzvü olan, demək olar
ki, bütün ölkələrlə, eləcə də
Avropa Parlamenti, Avropa Komissiyası ilə ikitərəfli səviyyədə
çox yaxşı
əlaqələrimiz vardır. Mən
dəfələrlə bu institutların rəhbərləri
ilə görüşmüşəm, çox açıq
və konstruktiv müzakirələr aparmışam. Buna görə də sizin istinad etdiyiniz bu cür qətnamələr
çox da əhəmiyyətli deyil və onlar əslində,
Avropa ilə Azərbaycan arasındakı əməkdaşlığın
real ruhunu və səviyyəsini əks etdirmir.
- Əlbəttə ki, daha
bir dünya təşkilatı Azərbaycana maraq göstərir,
Azərbaycana cəlb olunub. Bu,
"Eurovision" mahnı müsabiqəsidir. Bu, digər bir mühüm beynəlxalq məsələdir.
- Əslində, biz bunun beynəlxalq məsələyə
çevriləcəyini gözləmirdik. Biz buna
mahnı kontekstində yanaşırdıq. Ancaq bilirsiniz, bugünkü dünyada hər şey
o qədər siyasiləşdirilib ki, musiqinin harada
qurtardığını, siyasətin harada
başladığını bilmirsən. Bu,
əlbəttə ki, bizim gənc müsabiqə
iştirakçıları üçün böyük
uğur idi. Azərbaycanda böyük
bayram oldu. Qələbədən sonra mən şərhlər
eşitdim ki, Avropada çoxlu sayda insan soruşurdu: Azərbaycan
harada yerləşir, Avropada yerləşir? Onlar
bu müsabiqədə necə iştirak edə bilərlər?
Axı Azərbaycan Avropada deyil. Bilirsiniz, belə düşüncələr
mövcuddur. Ancaq mən
düşünürəm ki, çox məşhur beynəlxalq
mahnı müsabiqəsində böyük qələbədən
savayı, bu bizə özümüzü olduğumuz kimi təqdim
etməyə yaxşı imkan yaradacaqdır. Çünki Azərbaycana, Bakıya xoş niyyətlərlə
gələn hər kəs ölkəmizin son 10 və ya 20 ildə
nələr əldə etdiyini asanlıqla görə bilər.
Təmaslara və ölkəmizin təqdimatına
gəldikdə, bizim əsas işimiz qonaqları dəvət
etməkdir. Əvvəlki dövrlərdə
biz Azərbaycan haqqında danışmaq, ölkəmiz
haqqında məlumat vermək, təqdimatlar etmək
üçün müxtəlif ölkələrə
nümayəndələr göndərirdik. İndi isə, sözün yaxşı mənasında,
ən gözəl təbliğat insanları dəvət etmək,
onlara ölkənin necə inkişaf etdiyini əyani şəkildə
göstərməkdir. Bu mənada
Bakıda keçiriləcək "Eurovision" müsabiqəsi
Azərbaycan ilə Avropanın bir-birinə daha
yaxınlaşması üçün yaxşı fürsət
olacaqdır.
- Biz Sizə burada uğurlu müsabiqə
keçirməyinizi arzulayırıq. Siz yenidən qalib gəlməyə
bilərsiniz, demək istəyirəm ki, Siz bunsuz da uğurlu
müsabiqə keçirəcəksiniz. Sizə
xoş günlər arzulayırıq. Bu söhbətə
görə çox sağ olun, mən
çox məmnun oldum. Gələn dəfəyədək...
-
Çox sağ olun.
Azərbaycan.- 2011.- 16 oktyabr.-
S. 1, 2.