Çexiya
Parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpa
edilməsinin 20-ci ildönümü münasibətilə qətnamə
qəbul etmişdir
Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə qətnamə qəbul etmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş qətnamədə vurğulanır ki, 28 may 1918-ci ildə müstəqilliyi bəyan edilmiş Azərbaycan Respublikası türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və universal səsvermə hüququnu təmin edən ilk dünya dövlətlərindən olmuş və Çexoslovakiya da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanınmışdır.
Sənəddə qeyd olunmuşdur: "Azərbaycan Respublikası 1918-1920-ci illərdə müstəqil və 1922-1991-ci illərdə SSRİ tərkibində olmuş, 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı"nı qəbul etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi və müstəqilliyi Çexiya Respublikası tərəfindən qeyd-şərtsiz tanınmış və dəstəklənmişdir. Yaradıcılarının qoyduğu rəhbər prinsiplərin və ümumbəşəri demokratik dəyərlərin təbliğinin davamı olaraq Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır, Avropanın enerji təchizatının şaxələndirilməsində əhəmiyyətli rol oynayır, bununla da Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir".
Bundan əlavə, qətnamədə
vurğulanmışdır ki, Azərbaycan NATO-nun Sülh naminə
Tərəfdaşlıq və Avropa İttifaqının
"Şərq tərəfdaşlığı"
proqramlarının fəal
üzvüdür. Biz, Çexiya Parlamentinin Deputatlar
Palatasının xarici əlaqələr komitəsinin üzvləri
təmsil etdiyimiz xalq adından müstəqilliyinin bərpa
olunmasının 20-ci ildönümü münasibətilə
Azərbaycan Respublikasını təbrik edirik.
Azərbaycan.- 2011.- 16 oktyabr.- S. 2.