Akademik Yevgeni
Velixov: Prezident İlham Əliyev dünyada baş verən
innovasiya proseslərinin ruhunu şəksiz duyur
Görkəmli rusiyalı alim, nəzəriyyəçi fizik, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya "Kurçatov İnstitutu" elmi mərkəzinin prezidenti, RF İctimai Palatasının katibi Yevgeni Velixov Azərbaycan rəhbərliyinin elm məsələlərinə münasibətini yüksək qiymətləndirir.
Yevgeni Velixov Bakı Beynəlxalq Humanitar Forumunun yekunlarını AzərTAc üçün şərh edərək bildirmişdir ki, belə bir sanballı tədbirin keçirilməsi ona çox güclü təsir bağışlamışdır.
Rusiyanın görkəmli alimlərindən biri olan Yevgeni Velixov demişdir: "Mənə, ilk növbədə, ölkə rəhbərliyinin sivilizasiyanın, inkişafın və maddi rifahın əsasını təşkil edən elm məsələlərinə münasibəti çox güclü təsir bağışladı. Bu münasibət forumda həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də tədbirdə iştirak edən Azərbaycan alimlərinin timsalında nümayiş etdirildi.
Forum özü çox maraqlı oldu, çünki məhz bu işdə indi müşahidə olunan birləşmə və konvergensiya, humanitar və texniki elmlərin vahid elmi mühitdə birləşməsi bəşəriyyətin qarşısında yığılıb qalmış texniki və iqtisadi problemləri həll etməyə imkan verər. İqtisadi, siyasi və mənəvi böhran davam edir. Ən başlıca problem isə mənəvi böhrandır, çünki mənəvi həyat hər şeyin əsasını təşkil edir.
Forumun elmlərin konvergensiyasına həsr edilmiş "dəyirmi masa"sı mənə çox güclü təsir bağışladı. Fikrimcə, bu tədbirdə həm Rusiya, həm də Azərbaycan tərəfinin təqdim etdiyi məruzələr çox maraqlı idi. Bundan əlavə, forum beynəlxalq tədbir idi və o, bütün dünyanın məşhur və maraqlı alimlərinin diqqətini cəlb edir. Özü də elə bir vaxtda ki, elm özü çox fəal və sürətlə inkişaf edir. Elmin inkişaf sürəti çox böyük olduğuna görə, bu diskussiyalar çox faydalı idi.
Bakı çox gözəl şəhərdir. Mən tez-tez orada oluram, biz energetika, neft və qaz məsələləri üzrə əməkdaşlıq edirik. Şəhər ilbəil gözəlləşir. Onun memarlığı çox xoşuma gəlir - hər halda, burada, sadəcə, şüşə və metaldan söhbət getmir, klassik, ənənəvi üslubların izi duyulur.
Rusiya-Azərbaycan münasibətlərini çox yüksək qiymətləndirirəm. Burada hər şey çox ciddi nizamlanmışdır. Biz bir-birimiz üçün həm siyasətdə, həm də iqtisadiyyatda çox böyük tərəfdaşlarıq. Zənnimcə, ölkələrimizin rəhbərləri, iki prezident arasında, Azərbaycan Prezidenti ilə Rusiyanın Baş naziri arasında çox yaxşı münasibətlər yaranmışdır. Bütövlükdə bizim münasibətlərin çox dərin kökləri vardır.
Xüsusi qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev dünyada baş verən innovasiya proseslərinin ruhunu, ən yeni texnologiyaların yaradılmasını dərindən hiss edir. Mənə çox güclü təsir bağışlayan əsas məqam odur ki, bu proseslərə gənclər cəlb edilir. İlham Əliyevin forumda nitqi əla oldu. Çünki, sadəcə, o nitq bütün dünyaya birbaşa müraciət idi. Ən başlıcası, həmin nitqdə gənclərə, onların təhsilinə, mənəvi, mədəni və elmi tərbiyəsinə qayğı duyulurdu. Zənnimcə, bu baxımdan sizdə hər şey qaydasındadır".
Asya HACIZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2011.- 16 oktyabr.-
S. 2.