Gəncədə
Dünya Gənclər Festivalının təntənəli
açılış mərasimi olmuşdur
Oktyabrın 15-də Gəncədəki "Ramada plaza" otelində Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, "İrəli" və "Gələcəyə körpü" ictimai birliklərinin birgə təşkilatçılığı ilə Nizami günləri çərçivəsində keçirilən Dünya Gənclər Festivalının açılış mərasimi olmuşdur.
AzərTAc xəbər verir ki, festivalın iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsinin önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Dünyanın 50 ölkəsindən 100 nəfərədək gəncin iştirak etdiyi festivalı giriş sözü ilə açan "İrəli" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı müxtəlif millətlərə, dinlərə mənsub olan, müxtəlif dillərdə danışan gəncləri bir araya gətirən beynəlxalq tədbirin əhəmiyyətindən danışmışdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlamış, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ərəfəsində Dünya Gənclər Festivalının bu qədim şəhərdə keçirilməsini əlamətdar hadisə adlandırmışdır. Dövlət quruculuğu prosesində, eləcə də ölkəmizin ictimai-siyasi həyatında gənclərin rolundan danışan natiq bu istiqamətdə görülən işləri yüksək dəyərləndirmiş, festival iştirakçılarına məhəbbət, qəhrəmanlıq, vətənpərvərlik, humanistlik prinsiplərini öz əsərlərində ön plana çəkən dahi Nizami Gəncəvinin doğma vətənində aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir.
Gənclər və idman naziri Azad Rəhimov festivalın açılış mərasimində Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşən Azərbaycanda gənclərlə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, ölkədə gənclər aparıcı qüvvədir və onlara sağlam və fəal həyat mövqeyi aşılanması, geniş fəaliyyət şəraiti yaradılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, 2010-cu il Azərbaycan Prezidenti tərəfindən "Gənclər ili" elan edilmiş, 2011-2015-ci illər üçün Dövlət Proqramı qəbul olunmuşdur.
Hər cür imtiyazlara malik olan Azərbaycan gənclərinin istər işlə təminatında, istər xarici ölkələrdə təhsil almalarında, istərsə də onların istirahətlərinin təminatında böyük proqramların reallaşdırıldığını bildirən nazir bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi üçün ardıcıl tədbirlərin görüldüyünü söyləmişdir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dünya gənclərinin nümayəndələrini salamlamış, onlara son illər Azərbaycanın ictimai, siyasi, iqtisadi və mədəni həyatında gedən müsbət proseslər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, keçmiş sovetlər birliyi ölkələri arasında Azərbaycan ən inkişaf etmiş respublikadır və onun nail olduğu iqtisadi yüksəliş bu gün bütün dünyanı heyran qoyur. Qısa vaxt ərzində illik dövlət büdcəsini 20 milyard manata çatdıran Azərbaycanın uğurları indi nəinki region dövlətləri ilə, eləcə də inkişaf etmiş Avropa ölkələri ilə müqayisə olunur. Bu gün bölgədə ən aparıcı dövlət olan Azərbaycanın iştirakı olmadan hər hansı regional layihənin gerçəkləşməsi qeyri-mümkündür. Hazırda Azərbaycan özündən əlavə, Avropa ölkələrini də təbii enerji daşıyıcıları ilə təmin edir.
Bütün bu nailiyyətləri faktlarla festival iştirakçılarının diqqətinə çatdıran natiq onu da bildirmişdir ki, hazırda Azərbaycanın qarşısında duran bir nömrəli vəzifə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır.
Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bunun da nəticəsində 1 milyona yaxın soydaşımız öz ata-baba yurdlarından didərgin düşmüşdür. Azərbaycan tərəfinin münaqişənin sülh yolu həlli istiqamətində bütün səylərinə baxmayaraq, 20 ildən artıqdır ki, problem öz həllini tapmır.
Birləşmiş Millətlər Təşkilatının Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan müvafiq qətnamələrinə məhəl qoymayan işğalçı dövlət bu gün də öz təcavüzkar əməllərindən əl çəkmir. Ermənilər unudurlar ki, qədim Azərbaycan ərazisi olan Dağlıq Qarabağın bir qarış torpağı da onlara verilməyəcəkdir. Ən ədalətli yol işğal edilmiş Azərbaycan torpaqlarının azad olunmasıdır.
Bütün bu faktların təbliğat deyil, həqiqət olduğunu vurğulayan natiq festival iştirakçılarını öz ölkələrinə qayıdarkən əsl həqiqəti olduğu kimi ictimaiyyətə çatdırmalarını xahiş etmişdir.
"Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın salonda görünmələri mərasim iştirakçılarının alqışları ilə müşayiət olunmuşdur. Onların uğurunu Azərbaycan gəncliyinin qələbəsi adlandıran festival iştirakçıları hər iki gənci böyük uğur münasibətilə təbrik etmişlər.
Milli Məclisin deputatı Asəf Hacıyev çıxışında dünya gənclərini sülhə, əmin-amanlığa, birliyə çağırmış, onlara elmin inkişafı istiqamətində yeni uğurlara yol açmalarını arzulamışdır.
Sonra BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Nato Alhazaşvili, Ukraynanın nümayəndəsi Yuliya Anikeyeva, festivalın iştirakçıları - Birləşmiş Ərəb Əmirliklərindən Tarik Ahmed, İordaniya krallığından doktor Səlim Araxça və başqaları çıxış edərək dünya gənclərini bir araya gətirən tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Estoniyalı Andres Toomperenin çıxışı festival iştirakçılarının daha çox marağına səbəb olmuşdur. O, Azərbaycana ikinci dəfə gəldiyini söyləyərək demişdir ki, baş verən yeniliklər onu heyrətə gətirmişdir. Bakının, eləcə də regionların sürətlə inkişaf etməsi heyrət doğurur. Dünyanın heç bir yerində belə bir sürətli inkişaf mümkün deyildir. İnsanların mehribanlığı və qonaqpərvərliyi adamı heyran qoyur. Ölkədə gənclərə göstərilən diqqət və qayğı isə daha sevindiricidir. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın işıqlı gələcəyinə təminatdır.
Festivalın açılış mərasimindən sonra iştirakçılar ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək burada yeni "Gənclər evi"nin inşa ediləcəyi yerə baxmışlar.
Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazisinə görə Qafqaz regionunda ən nəhəng parkda aparılacaq abadlıq və quruculuq işləri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, 370 hektardan artıq sahəsi olan bu ərazi xüsusi layihə əsasında tamamilə yeniləşdirilərək əhalinin istifadəsinə veriləcəkdir. Burada müasir üslubda Heydər Əliyev Mərkəzi, stadion, açıq havada 5 min nəfərlik konsert salonu, eləcə də bir sıra əyləncə mərkəzləri yaradılacaqdır. Təməli qoyulacaq "Gənclər evi" isə gənclərin ən çox sevdikləri yer olacaqdır. Parkın 5 hektar ərazisində yaradılacaq bu evdə internet xidmətləri üçün otaq, konfrans zalı, müxtəlif təlimlər üçün yerlər, kitabxana, habelə istirahət üçün xüsusi guşələr nəzərdə tutulmuşdur.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov və Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək demişlər ki, hazırda ölkəmizin 6 regionunda "Gənclər evi" fəaliyyət göstərir. Dövlət başçısının müvafiq sərəncamı ilə 2012-ci ildə daha 10 bölgədə belə evlərin yaradılması nəzərdə tutulmuşdur. Natiqlər bildirmişlər ki, Azərbaycanda gənclər siyasəti istiqamətində həyata keçirilən bütün bu tədbirlər bir məqsədə - gənclərin kamilləşməsinə, onların dünyagörüşünün formalaşmasına xidmət edir.
İnşasının iki ilə başa çatdırılması nəzərdə tutulmuş "Gənclər evi"ndə gələcəkdə dünya gənclər festivallarının keçirilməsi arzusu ifadə edilmişdir.
Sonra dünya gənclərinin alqışları altında havaya rəmzi şarlar buraxılmışdır.
Festival iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini də ziyarət etmişlər. Burada festival iştirakçılarına şairin 870 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər, məqbərə ətrafında aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verilmişdir.
Gəncədə Dünya Gənclər Festivalının açılış mərasimi axşam mərkəzi meydanda təşkil olunmuş böyük bayram konserti ilə davam etdirilmişdir.
Festival
oktyabrın 20-dək davam edəcəkdir.
Azərbaycan.- 2011.- 16 oktyabr.- S. 2, 8.