Düşünülmüş, sürətli və davamlı inkişaf

 

 Avropa Şurasına üzvlük Avratlantik məkana inteqrasiya siyasətinə yeni töhfələr verir

 

 İnkişaf strategiyasının əsas xətlərindən birini sürətli demokratik tərəqqi  təşkil edən Azərbaycan Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyir. Bu mənada, xalqın iradəsini ifadə edən hakimiyyətin mövcudluğu, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazanılmış nailiyyətlər, insan hüquq və azadlıqlarının təmini, eləcə də bu qəbildən olan digər hallar Azərbaycanı dünya miqyasında xarakterizə edən əsas xüsusiyyətlər sırasında yer alır. Artıq sosial-iqtisadi inkişaf dinamikasına görə uğurlu bir modelin əsasını yarada bilmiş Azərbaycan beynəlxalq səviyyədə həm də  siyasidemokratik tərəqqi yolunda möhtəşəm  nailiyyətlərə imza atan dövlət kimi çıxış edir. Bu gün ölkəmizdə iqtisadi, siyasidemokratik inkişaf paralel şəkildə möhtəşəm nəticələrin əldə olunması ilə inkişaf edir, bir-birlərini tamamlayan proses olaraq Azərbaycanın ümumi tərəqqisini daha sürətli hala gətirir.

Ölkəmizdə demokratik dəyərlərin daha möhkəm özüllər üzərində qurularaq inkişaf etməsinə prioritet məsələ kimi yanaşılmasını göstərən daha bir mühüm amil bu sahədə dövrün tələblərinə cavab verən islahatların aparılması, dünya standartlarına uyğun qanunvericilik bazasının formalaşmasıdır. Bununla yanaşı, Azərbaycan demokratik tərəqqi fonunda  aparıcı Avropa təsisatları ilə yüksək səviyyəli əməkdaşlığın qurulmasına, Qərb təcrübəsinin üstün cəhətlərinin uğurla mənimsənilməsinə və bu qəbildən olan digər məqamlara da hər zaman xüsusi önəm verir. Çünki sözügedən proses ölkəmizdə demokratiyanın inkişafına zəruri töhfələr verib və verməkdədir.

O da tarixi həqiqətdir ki, Azərbaycanın sürətli demokratik inkişafına gedən yolu elə də asan olmayıb və müəyyən mürəkkəb mərhələlərdən keçib. Ötən əsrin son onilliyində kifayət qədər mürəkkəb tarixi bir şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycan ilk illərdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin yarıtmaz siyasəti üzündən demokratik inkişafında da ciddi problemlərlə üzləşməli oldu. Ölkənin demokratikləşmə xəttinin yalnız populist çıxışlarda özünü göstərməsi, reallıqda isə buna xidmət edən heç bir addımın atılmaması Azərbaycanın totalitarizmdən demokratiyaya transformasiyasını olduqca çətinləşdirirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın istək və tələbinə uyğun olaraq yenidən hakimiyyətə qayıtması ilə bu sahədə tamamilə yeni bir mərhələ başlandı. İctimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunmasında real addımlar atılması, islahatlar prosesinə start verilməsi və digər bu kimi hallar müstəqil Azərbaycanın inkişaf yolunun əsas cizgiləri sırasında yer aldı.

Bundan sonra yaranan artıq yeni vəziyyət dünyanın nüfuzlu beynəlxalq təşkilatları, demokratik institutları ilə ölkəmiz arasında əməkdaşlıq prosesinin başlanmasına ciddi təkan verdi. Belə təşkilatlardan biri məhz Avropa Şurası oldu. Sözügedən təşkilatla əməkdaşlıq istiqamətində atılan konkret addımlar həm də Azərbaycanın öz inkişafında qanunun aliliyini qəbul edən və öz yurisdiksiyasında hər kəs üçün insan hüquqları və əsas azadlıqlarını təmin edən bir dövlət olaraq çıxış etdiyini göstərirdi. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlük olmaqda əsas məqsədi ölkənin milli maraq və mənafelərinin bu geosiyasi məkanda etibarlı qorunmasından, eləcə də Ermənistanın təcavüzkar siyasətinin ifşası və ona qarşı ciddi sanksiyaların qəbulundan ibarət idi. Çünki  Ermənistanın işğalçılıq siyasətini, ermənilərin məkrli məqsədini dünyaya açıb göstərmək üçün bu nüfuzlu təşkilatın tribunası əvəzsiz imkanlar əldə olunması demək idi.

Görülən işlər sayəsində 1995-ci ilin fevralında Avropa Şurası Parlament Assambleyası Bürosu 1994-cü ildə qəbul edilmişüç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Növbəti müddət ərzində Azərbaycan demokratik inkişaf sahəsində əldə etdiyi nailiyyətlərlə Avropa məkanına bir qədər də yaxınlaşdı. Bu müstəvidə ölkəmizdə hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi siyasi-hüquqi sistemin kökündən demokratikləşməsi istiqamətində əsaslı addımlar atıldı. Bu proses mahiyyət etibarilə dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etdi. Bütün bunların əsasında Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası əsas rol oynadı. Məhz Konstitusiya ölkədəki köklü dəyişikliklərə müsbət təsir göstərdi, hüquqi dövlət quruculuğu prosesinin əsas istiqamətlərini müəyyənləşdirdi.

Atılan digər addımlar 1996-cı ilin martında  Avropa Şurasının Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında Azərbaycanın bu komissiyaya üzv qəbul edilməsi ilə nəticələndi. Bunun ardınca elə həmin ilin iyulunda  Prezident Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın quruma tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi. Ulu öndərin 8 iyun 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları ölkəmizin Avropa Şurasına üzvlüyünə real zəmin formalaşdırırdı.

Ölkəmizdə ölüm hökmünün ləğvi, mətbuat üzərindən senzuranın qaldırılması, Azərbaycanın insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulması və digər addımlar Avropa Şurasına üzvlük prosesinin sürətlənməsinə gətirib çıxarırdı.  Bütün bunların nəticəsi idi ki, 2000-ci ilin mayında Avropa Şurası Siyasi Komitəsinin Dublində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi J.Bomelin hesabatı dinlənildikdən sonra Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı müsbət rəy verildi. Həmin ilin iyununda Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası keçirildi. 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verildi. Noyabrda isə Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsinə dair qətnamə qəbul olundu.

Təşkilata tamhüquqlu üzvlük üçün milli qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəldilməsi, qarşıya qoyulan tələblərin yerinə yetirilməsi, atılan digər addımaların nəticəsi olaraq Azərbaycan 2001-ci il  yanvarın 17-də qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edildi. 2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasimdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə geniştərkibli nümayəndə heyəti iştirak etdi. Ölkəmizin quruma üzvlüyündən sonraPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Bunun nəticəsi olaraq Avropa Şurası Nazirlər Komitəsinin 108-ci sessiyasının rəsmi məlumatında Ermənistanın təcavüzkar siyasəti pislənildi. Həmin sənəddə aydın şəkildə qeyd olunurdu ki, Avropa Şurası ölkələrin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyir.

2001-ci ilin aprelində AŞ PA-nın yaz sessiyasında isə Azərbaycan işğal olunmuş ərazilərində narkoticarətin genişlənməsinə, terrorizmin inkişafına dair avropalı deputatlara lazımi bilgilər çatdırdı. Bununla bağlı sessiyada daha çox diqqət cəlb edən məqam Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin çıxışı oldu.  Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən birinin Azərbaycanın işğal edilmiş ərazilərində olduğunu diqqətə çatdıran cənab İlham Əliyev bildirirdi: "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir  milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır.  "Dağlıq Qarabağ respublikası" deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Narkotiklərlə məşğul olan işbazlar  tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər".

Bundan başqa, cənab İlham Əliyev ona da diqqət çəkirdi ki, Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət buradakı  qondarma "respublika"nı "çirkli pulların yuyulması" əməliyyatları sahəsində məşhurlaşdırıb. Cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə ədalətli münasibət bildirilməsinin zəruriliyinə də xüsusi toxundu: "Nə vaxta kimi Avropa belə bir fakta göz yumacaq ki, Avropa Şurasının bir üzvü olan Ermənistan başqa bir üzvün - Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayır?"

Məhz belə qətiyyətli mövqedən sonraPA-da Dağlıq Qarabağ münaqişəsinə münasibətdə  ciddi dönüş yarandı.  Sessiyada britaniyalı deputat Terri Devis AŞ PA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi təyin edildi. Ermənistan AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisinin təyin olunmasına qarşı çıxsa da, cənab İlham Əliyevin, Azərbaycan nümayəndə heyətinin prinsipial mövqeyi ermənilərin etirazına hər hansı əhəmiyyət verilməməsi ilə nəticələndi.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumda növbəti uğuru isə 2002-ci ilin payız sessiyasına təsadüf etdi. Sessiyada ermənilərin ciddi müqavimətinə baxmayaraq,  Azərbaycanın təkidi ilə Ermənistan barədə qətnaməyə Azərbaycan torpaqlarının işğal olunması, qaçqınlar və məcburi köçkünlərin bu işğal nəticəsində öz torpaqlarından didərgin düşməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə düzəlişlər edildi. Bu məsələlər Azərbaycana aid qətnamədə də öz əksini tapdı.

2003-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın sədr müavinibüro üzvü vəzifələrinə seçilməsi ilə ölkəmizin bu qurumla əlaqələri bir qədər də yüksək səviyyəyə çatdı. Bundan sonra Azərbaycanın qurumda yeni bir uğuru 2003-cü ilin yay sessiyasında qeydə alındı. Həmin sessiyada "Avropada muxtar vilayətlərin müsbət təcrübəsi" məsələsi ətrafında müzakirələr aparıldı. Burada məhz cənab İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü pozmaq səlahiyyətlərinə malik olmadığı barədə müddəa sənədə əlavə edildi. Yenə də ermənilərin ciddi müqavimətinə baxmayaraq,  cənab İlham Əliyevin qətiyyətli mövqeyi onların geri çəkilməsinə səbəb oldu. Beləliklə, sözügedən sənədə "muxtariyyət verilməsi dövlətin özünün suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır" -  cümləsi əlavə edildi. Bu, faktiki olaraq, Dağlıq Qarabağdakı separatçı rejimin müstəqillik tələblərinin qarşısına sədd çəkən çox mühüm bir addım idi. Sənədin Azərbaycanın istədiyi şəkildə qəbul edilməsi həm də muxtariyyətin ərazi bütövlüyü prinsipindən sonra gəldiyini göstərirdi. Ermənilərin buna qarşı çıxması isə heç bir nəticə vermədi və Azərbaycan qurumda növbəti uğurunu qazanmış oldu.

Ümumiyyətlə, cənab İlham Əliyevin qurumda ölkəmizi təmsil edən nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə AŞ PA-da Azərbaycan həqiqətlərini özündə əks etdirən 30-a yaxın sənəd hazırlanıb və təşkilatın rəsmi sənədləri kimi yayıldı. Sonrakı dövrdə də Azərbaycan Avropa Şurasında ermənilərin mövqelərini bir-birinin ardınca diplomatik zərbələr endirməklə zəiflətdi və təşkilatda Ermənistanın işğalçılıq siyasətinə qarşı yeni-yeni sənədlərin qəbul edilməsinə nail oldu. Belə mühüm sənədlərdən biri də AŞ PA-nın 2005-ci ilin yanvarında qəbul etdiyi 1416 saylı yeni qətnamə oldu. Bu qətnamə AŞ PA tərəfindən Ermənistanın işğalçılıq siyasətinə qarşı daha bir ciddi zərbə idi. Belə ki, burada yer alan müddəalar bir daha Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edir, Dağlıq Qarabağ regionunun separatçı qüvvələrin nəzarəti altında olduğu xatırlanırdı. Bu qətnamənin ən mühüm cəhəti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin Avropada fəaliyyət göstərən beynəlxalq təşkilat səviyyəsində ilk dəfə belə açıq etiraf edilməsi və bunun presedent yaratması oldu. Ermənilərin etnik təmizləmə siyasətinin də tənqid olunduğu qətnamə Ermənistanın beynəlxalq aləmdə mövqeyini daha da sarsıtdı. Kifayət qədər obyektiv xarakter daşıyan bu qətnamənin ardınca  AŞ PA-nın qəbul etdiyi 1690 saylı tövsiyə Ermənistana daha bir zərbə oldu. Çünki Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrdə bilavasitə 1416 saylı qətnamənin şərtlərinə istinad edilirdi. Beləliklə, Azərbaycanın yürütdüyü siyasət nəticəsində AŞ PA-dan kifayət qədər ciddi zərbə alan Ermənistan sonrakı dövrdə də bu qurumda uğursuzluğa düçar oldu.

Bununla yanaşı, Azərbaycan Avropa Şurasına daxil olmaqla həm Avratlantik məkana inteqrasiya sahəsində növbəti ciddi addım atmış oldu, həm də demokratik inkişafında yeni bir mərhələ açdı. Ümumiyyətlə, Avropa institutlarına inteqrasiya Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biridir. Bu səbəbdən ölkəmiz Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Belə ki, Azərbaycan milli qanunvericiliyinin demokratikləşdirilməsinə kömək göstərən AŞ-nin Venesiya Komissiyası ilə sıx əlaqələr qurub, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun Protokollarını 25 yanvar 2001-ci il tarixdə imzalayıb, 15 aprel 2002-ci ildə isə onları ratifikasiya edib. Ötən müddət ərzində Avropa Şurası ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etdi və etməkdədir. Bu isə Azərbaycanın sürətli inkişafına özünəməxsus töhfələr verir, eyni zamanda, Avropa Şurası üçün ölkəmiz də mühüm əhəmiyyətə malik dövlət kimi çıxış edir.

 

Azərbaycan digər aparıcı beynəlxalq təşkilatlarda

 

 Beynəlxalq təşkilatlar sırasında Azərbaycanın İslam Konfransı Təşkilatı (İKT) ilə əməkdaşlıq münasibətlərinin inkişafı da ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Postsovet respublikaları arasında ilk olaraq məhz Azərbaycan İKT-yə üzv olmaq barədə müraciət edibbu qurumun üzvü seçilib. 1994-cü ilin may ayından etibarən Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra ölkəmizin Ər-Riyaddakı səfirliyi vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İKT Baş katibliyionun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli aparılmağa başlanıb. Ulu öndərin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri Azərbaycan və İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün islam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırdı. Ümummilli liderin İKT Baş katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş 7-ci Zirvə Konfransında iştirakı və İKT Baş katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində İKT zirvə görüşləri tarixində ilk dəfə Kasablankada "Ermənistan-Azərbaycan münaqişəsi haqqında" siyasi qətnamə qəbul edildi, həmin ildən etibarən İKT-nin  BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına "Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunun mütəmadi salınmasına nail olundu.

 

1996-cı ildə İndoneziyada  İKT Xarici İşlər Nazirlərinin növbəti konfransında daha bir qətnamə qəbul edildi. Bu qətnaməni əvvəlkilərdən fərqləndirən əsas cəhət onun adı oldu: "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında". Halbuki əvvəlki qətnamələr, sadəcə olaraq, "Ermənistan və Azərbaycan arasında münaqişə üzrə" adlanırdı. Qətnamədə yenidən  Ermənistanın işğalçı siyasəti pislənilir və işğal edilmiş ərazilərin boşaldılması tələb olunurdu. Həmçinin qətnamədə Ermənistanın təcavüzkar addımlarının sülh prosesinə mane olduğu da vurğulanırdı.

Bundan sonrakı dövrlərdə İKT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də prinsipial mövqeyini davam etdirib. 2003-cü il oktyabrın 16-18-də Malayziyanın Putracaya şəhərində İKT-nin 10-cu zirvə konfransında növbəti dəfə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycana iqtisadi yardım göstərilməsi və Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam tarixi və mədəni abidələrinin məhvi barədə məsələlərə baxılmış və bu məsələlər üzrə İKT zirvə konfransının 3 müvafiq qətnaməsi qəbul olunub.  Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənilməsi İKT 10-cu zirvə konfransının Yekun Bəyanatında da öz əksini tapıb. Bəyanatda İKT ölkələri Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılması çağırışı ilə çıxış edib.

2006-cı ilin iyununda İKT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasında bir daha İslam Konfransı Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi bəyan edilib. Ötən ilin martında Seneqalın paytaxtı Dakarda İKT-nin "İslam dünyası XXI əsrdə" devizi altında keçirilən 11-ci zirvə görüşündə Ermənistanın Azərbaycana təcavüzünü pisləyən daha bir qətnamə qəbul olunub. Qətnamədə İKT BMT-nin Təhlükəsizlik Şurasını Ermənistana qarşı zəruri addımlar atmağa çağıraraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsindən dərin narahatlığını bildirib və ermənilərin bu ərazilərə qeyri-qanuni köçürülməsini pisləyib. Sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsi istənilib, işğal olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrin vəhşicəsinə dağıdılması pislənilib, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tezliklə icrası tələb edilib. Eləcə də İKT-yə üzv ölkələrdən Ermənistanı silah və digər hərbi sursatla təmin etməkdən çəkinmək, beynəlxalq ictimaiyyətdən isə təcavüzə son qoymaq üçün Ermənistana qarşı təsirli siyasiiqtisadi tədbirlər görməsi tələb olunub. Bundan başqa, BMT-də Azərbaycanı hər cür dəstəkləməyi qərara alan İKT ölkələri ATƏT-in Minsk qrupunun səylərini və xarici işlər nazirləri səviyyəsində aparılan sülh danışıqlarını dəstəklədiklərini bildiriblər.

Azərbaycan İKT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş 3-cü fövqəladə zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT Xarici İşlər Nazirlərinin növbəti 33-cü konfransının keçirilməsi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il 10-11 iyun tarixlərində Bakıda "Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum, İKT Turizm nazirlərinin Bakı Konfransı, Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu, digər konfrans və tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.  2009-cu ildə isə Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsi təşkilatla qarşılıqlı münasibətlərin inkişafının daha bir yüksək göstəricisi oldu. Hazırda sözügedən təşkilatla Azərbaycan arasında münasibətlər getdikcə sıxlaşır və daha geniş məzmun alır.

Ölkəmiz dünyanın ən güclü hərbi təşkilatı sayılan NATO ilə də sıx əməkdaşlıq edir. Ümumiyyətlə, Azərbaycan MDB dövlətləri arasında NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramına qoşulan ilk tərəfdaş dövlətlərdəndir. Ulu öndər Heydər Əliyev 4 may 1994-cü ildə NATO-nun mənzil-qərargahına səfəri zamanı SNT-yə qoşulmaq haqqında SNT Çərçivə Sənədini imzalayıb. NATO ilə gələcək əməkdaşlıq sahələrini müəyyən etmək məqsədilə Azərbaycan SNT Təqdimat sənədini hazırlayaraq 1996-cı ilin aprelində Alyansa təqdim edib. İkitərəfli əməkdaşlığa hərbi əməkdaşlıq, hərbi modernizasiya, silahlı qüvvələr üzərində demokratik nəzarət, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq kimi sahələr daxil olunub.

1996-cı ildən etibarən Azərbaycanın təqdimat sənədi və NATO-nun Tərəfdaşlıq İşçi Proqramı əsasında ölkənin mülki və hərbi nümayəndələrinin qatıldığı bütün birgə fəaliyyət və tədbirlərin daxil olduğu illik Fərdi Tərəfdaşlıq Proqramı (FTP) tərtib olunub. Bununla yanaşı, Azərbaycan NATO-nun müxtəlif proqramlarında da fəal iştirak edir. Ölkəmiz NATO ilə tərəfdaşlığın gələcək inkişafını diqqətlə izləyir və  ona öz töhfəsini verməyə çalışır.

1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə xeyli dərəcədə zəifləməsinə  baxmayaraq, nəhəng hərbi potensiala malik Rusiyanın regional proseslərə təsir imkanı danılmaz bir fakt idi. Lakin təəssüf ki, bu reallıq AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə nəzərə alınmırdı. Heydər Əliyev isə  hakimiyyətə qayıtdıqdan sonra Rusiya ilə qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin qaydaya salınması istiqamətində aktiv fəaliyyətə başladı. Elə bunun nəticəsində iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün bütün xırda detallar nəzərə alınmaqla hər iki tərəfin mənafeyinə cavab verən iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı üçün mühüm işlər görüldü. 1993-cü il sentyabrın 6-da Heydər Əliyev Moskvada Rusiya prezidenti Boris Yeltsin və Rusiyanın başqa rəhbər şəxsləri ilə görüşüb iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə etdi, bundan cəmi 18 gün sonra Azərbaycan MDB-yə daxil oldu. AXC-Müsavat cütlüyü isə iqtidarda olarkən  Azərbaycanın MDB-yə üzv olmasını qəbuledilməz sayır, bu qurumu SSRİ-nin başqa variantı kimi qəbul edirdi. Heydər Əliyev isə Azərbaycanın bu quruma qəbul edilməsinin vacibliyini görərək ona üzvlüyün yalnız Azərbaycanın maraqlarına cavab verəcəyini yaxşı bilirdi. O da mühüm fakt idi ki, Azərbaycan  bir şərtlə birliyə üzv olmağa razılıq vermişdi: MDB-nin nizamnaməsinə belə bir müddəa salınsın ki, bu qurum hökumətlərarası təşkilatdır, üzv ölkələrin daxilixarici siyasətinə müdaxilə etmək səlahiyyətinə malik deyilsair. Bu şərtin qəbul edilməsindən sonra  Azərbaycan MDB-yə üzv olduSSRİ-nin çökməsindən sonra dağılmış iqtisadi əlaqələrin bərpası nəticəsində ölkəmiz iqtisadi dirçəliş imkanı əldə etdi.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət 1997-ci ildə GUAM şəklində yaranmış, 1999-cu ildə Özbəkistanın daxil olması ilə isə GUÖAM-a çevrilmiş bu transregional qurumun təsisçilərindən biri olaraq Azərbaycan həmin qurumun vasitəsilə həm özü, həm də digər iştirakçı dövlətlər üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə səylərin birləşdirilməsi məqsədi güdür. Bu, siyasi məsələlər münaqişələrin sülh yolu ilə həll edilməsində və separatizmlə mübarizədə qarşılıqlı fəaliyyət, sülhü təminetmə sahəsində əməkdaşlıq, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında əməkdaşlıq, Avropatransatlantika qurumları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq kimi istiqamətləri əhatə edərək üzv ölkələrin və bütövlükdə bölgənin tərəqqisinə öz töhfəsini verir. Həm nisbətən yaxın olmayan tarixdə, həm də müasir dövrdə qarşılaşdığı erməni terrorçuluğu timsalında bu bəlanın nə olduğunu tam dərk edən Azərbaycan 2001-ci il sentyabr ayının 11-dən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının fəal üzvü olaraq terrorçuluğun qlobal təhdidlərinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir.

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.-  16 oktyabr.- S. 4.