Elmi təmələ söykənən iqtisadi inkişaf strategiyası Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir

 

Tarixi təcrübə sübut edir ki, hər bir dövlətin konkret siyasi şəraitdə milli müstəqilliyə qovuşmasında milli iradə ilə yanaşı, lider amili də mühüm rol oynayır. Belə vəziyyətlərdə qətiyyətlə önə çıxan, məsuliyyəti üzərinə götürməkdən çəkinməyən böyük şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik, milli dövlətçilik kimi ali ideallarının gerçəkləşməsində müstəsna rol oynayırlar. Bu həqiqət dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Respublikasının yaxın tarixi keçmişinə nəzərən bir daha təsdiqini tapır.

Tarixi şansdan və ulu öndər Heydər Əliyevin hələ respublikaya birinci rəhbərliyi dövründə formalaşan güclü iqtisadi potensialdan səmərəli yararlanaraq dövlət müstəqilliyini bərpa edən ölkəmizin konstitusion müstəvidə ilk addımı 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu olmuşdur. Həmin Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmişdir.

Milli müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. Müstəqil Azərbaycan 1993-cü ilin iyun ayında üzləşdiyi bu taleyüklu mərhələni məhz qətiyyətli və müdrik lideri Heydər Əliyevin rəhbərliyi altında geridə qoymuş, elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirmişdir. Məhz bu mərhələdən davamlı siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımların atılması ölkədə yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək imkanı yaratmışdır.

 

Milli-mənəvi irsin böyük himayədarı

 

20 illik müddətdə dövlət müstəqilliyinin Azərbaycan üçün ən böyük töhfələrindən biri sovet dövründə basqılara, təzyiqlərə məruz qalan milli-mənəvi irsin tam bərpa edilməsi, yeni dövrün tələblərinə uyğun gənc nəslə təqdimatıdır. Hələ Azərbaycana birinci rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində də inamla davam etdirən ulu öndər Heydər Əliyev bu məqsədlə Azərbaycanın görkəmli şairlərinin, yazıçılarının, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunmuş, milli adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün bütün zəruri addımlar atılmışdır.

Ulu öndər müstəqillik illərində də xalqın milli-mənəvi dəyərlərini və düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə - qəhrəmanlıq eposlarına da daim xüsusi maraqla, diqqətlə yanaşmışdır.  Heydər Əliyevin 1997-ci il aprelin 20-də imzaladığı "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında fərmanı, yubiley komissiyasını yaratması və ona sədrlik etməsi, bunu dövlət işinin tərkib hissəsinə çevirməsi milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində çox böyük əhəmiyyətli hadisə olmuşdur.

Çağdaş tariximizə möhürünü vurmuş Heydər Əliyev dühası müstəqillik illərində azərbaycançılığın ayrı-ayrı komponentlərini vahid sistem halına gətirərək milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amil olmuş, həm də ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların doğma vətənə münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən təkmil konsepsiyadır. Eyni zamanda bu ideya xaricdə yaşayan azərbaycanlıların da vahid ideya və məqsədlər ətrafında səfərbər olunması baxımından vacib əhəmiyyətə malikdir.

Böyük strateq Heydər Əliyev çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Heydər Əliyev dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipər olmuş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur. Ulu öndər Heydər Əliyev öz düşüncələrində böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu ansamblını yarada bilmişdir. Ümummilli lider öz davranışları ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərmişdir.

Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin və mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Cənab İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi prioritetinin əsas cizgilərini təcəssüm etdirir. Ölkə başçısının bu sahədəki xidmətlərinin yalnız xalqın  milli  dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi həmin fəaliyyətin gerçək miqyası üçün kifayət etmir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

 

 Sürətli iqtisadi inkişafın uğurlu təməli

 

Müstəqilliyin dayanıqlı və əbədi olması hər bir dövlətin iqtisadi potensialından bilavasitə asılıdır. Azərbaycanın 20 illik müstəqillik yolunda nail olduğu inanılmaz iqtisadi nailiyyətlərin milli inkişaf modeli ilə bağlılığı aksiom kimi qəbul edilən həqiqətdir. Məsələ burasındadır ki, istənilən ölkənin iqtisadi inkişaf istiqaməti onun imkanlarına, şəraitinə müvafiq olur və müxtəlif parametrlərə görə başqalarından fərqlənir. Oxşar imkana malik ölkələr isə qarşılıqlı təsir və nümunələr zəminində özlərinə xas iqtisadi inkişaf modelləri müəyyən edirlər. Bu baxımdan iqtisadçı alimlər ayrı-ayrı dünya ölkələrinin inkişafını nəzəri cəhətdən kifayət qədər öyrənilmiş ABŞ, İçveç, Almaniya, Yaponiya, Malayziya, Çin iqtisadi modellərinə nəzərən təsnifatlaşdırır, özünü qabarıq göstərən xüsusiyyətlərə görə ümumiləşdirmələr aparırlar.

Əminliklə demək olar ki, XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Heydər Əliyev qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında milli iqtisadi inkişaf modelinin əsas prioritetləri hüquqi kontekstdə göstərilmiş, insanların firavan yaşayışının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyada mülkiyyətin çoxnövlülüyü, təbii sərvətlərin xalqa məxsusluğu, habelə hər bir vətəndaşın sosial təminat, əmək, azad sahibkarlıq, mülkiyyət, mənzil toxunulmazlığı və s. hüquqları, habelə dövlətin üzərinə götürdüyü iqtisadi öhdəliklər əksini tapmışdır.

Böyük strateq Heydər Əliyev yaxşı bilirdi ki, keçmiş sovet dövründən miras qalmış iqtisadi münasibətlər sisteminin xarakterini dəyişmədən, torpaqları kəndlilərə paylamadan, dövlətsizləşdirmə - özəlləşdirmə proqramlarını gerçəkləşdirmədən, ən başlıcası, özəl sektorun inkişafı yolu ilə istehsal potensialı yaratmadan həqiqi demokratiyaya, iqtisadi azadlığa, səmərəli təşəbbüskarlığa, sabitliyə və əmin-amanlığa qovuşmaq mümkün deyildir. 1996-cı ildən etibarən dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi prosesinə başlanılması sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində kardinal dəyişikliklərə imkan yaratmışdır. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir.

Müstəqillik illərində Azərbaycanın özünəməxsus inkişaf modelinin formalaşması ilə bağlı obyektiv qənaət isə qısa zamanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlərlə şərtlənir. Statistik məlumatlar göstərir ki, 1996-cı ildən respublikada ümumi daxili məhsul istehsalı 5,7 dəfə, o cümlədən sənaye sahələrində 5,5, kənd təsərrüfatında 1,9, tikinti sektorunda 41, nəqliyyat xidmətləri sahələrində 3,7, rabitədə 18,7, ticarətdə 5,7 artmışdır. Ötən illərdə respublika iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələrindən 83,4 milyard manat həcmində investisiya yönəldilmişdir və bunun da 54,4 milyard dolları xarici sərmayələrdir.

Azərbaycanın 20 illik müstəqillik yolunun ən mühüm göstəricilərindən biri də xalqın təbii sərvətləri üzərində yiyəlik hüququ qazanması və davamlı inkişafı naminə məqsədyönlü şəkildə istifadə etməsidir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. İqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdü.

1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmiş, bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmuş, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", Günəşli" yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyətə malik olmuşdur. Azərbaycanın keçdiyi yol və bugünkü uğurları yeni neft strategiyasının milli müstəqilliyin möhkəmləndirilməsindəki müstəsna rolunu bir daha təsdiqləyir.

Ulu öndərin əsasını qoyduğu iqtisadi siyasəti ötən 8 ildə inamla davam etdirən dövlət başçısı möhtərəm İlham Əliyevin həyata keçirdiyi sistemli və məqsədyönlü islahatlar nəticəsində müstəqil Azərbaycan 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vurmuş, inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. 2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!" - deyən Prezident İlham Əliyev ötən müddətdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir. Sosialyönümlü mahiyyət daşıyan bu iqtisadi strategiya inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir.

Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkmişdir. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Son 8 ildə büdcə gəlirləri 12 dəfədən çox artmış, 1,2 milyard manatdan 15 milyard manata yüksəlmişdir. İlk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard ABŞ dollarını keçmişdir. Respublikamızın büdcə gəlirlərinin illik artım tempinin orta hesabla 20-40 faiz təşkil etməsi də diqqətəlayiq faktlardan biri kimi vurğulanmalıdır. Cəmi 8 il müddətində ölkədə 950 mindən çox yeni yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enmişdir.

 

Güclü dövlətin çevik diplomatiyası

 

 Hər bir dövlətin müstəqilliyi,  hansısa deklorativ bəyanatlarla deyil, onun müstəqil xarici siyasət yürütmək, beynəlxalq səviyyədə milli maraq və mənafelərini təmin etmək imkanları ilə ölçülür. Müstəqil Azərbaycan da son 18 ildə yürütdüyü tarazlaşdırılmış xarici siyasətlə bölgədə maraqları toqquşan bütün dövlətlərlə münasibətlərini bərabərhüquqlu tərəfdaş səviyyəsində quraraq bütün hegemon dövlətləri özü ilə hesablaşmaq məcburiyyətində qoymuş, beynəlxalq miqyasda sülh və əməkdaşlıq mərkəzinə çevrilməyə nail olmuşdur.

Hakimiyyətə qayıtdıqdan sonra Azərbaycana qarşı "ikili standart" yanaşmaları tədricən aradan qaldırmağa  nail olmuş Heydər Əliyev böyük strateq kimi aparıcı dünya dövlətlərini respublikamızın tarazlı və müstəqil siyasət yeridəcəyinə inandıra bilmişdir. "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrin həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir" - deyən ulu öndər həmçinin, bildirmişdir ki, bazar iqtisadiyyatı prinsiplərinin və demokratiyanın tam bərqərar olması Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi müstəqil Azərbaycanın strateji inkişaf yoludur.

Bu strateji kursu inamla davam etdirən dövlət başçısı İlham Əliyev 2003-2011-ci illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik, adekvat reaksiya göstərmiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir. Ərazisinə, iqtisadi və hərbi qüdrətinə rəğmən, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmuş ölkə rəhbərliyi Şərqlə Qərbin iqtisadi tərəfdaşlığını, mədəni dialoqunu möhkəmləndirən səmərəli təşəbbüslərlə çıxış etmiş, regionda sabitliyə, sülhə və təhlükəsizliyə layiqli töhfəsini vermişdir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli də xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Xatırlatmaq yerinə düşər ki, ölkəmizi AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri nəticəsində təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınmış, Azərbaycan torpaqlarının işğal altında saxlanmasının yolverilməz olduğu vurğulanmışdır. Təşkilatın 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır.

Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir.  Coğrafi baxımdan Qərb ilə Şərqi qovuşduran Azərbaycan Avropa ölkələrindən mal və xidmətlərin böyüyən Asiya bazarlarına və yaxud əksinə daşınması üçün təbii keçid imkanını təmin edir. Bu mənada, Orta Şərq və Asiya ölkələri ilə əlaqələr də Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır.

Azərbaycan Qərbdə yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. Respublikamızın milli inkişaf və tərəqqi baxımından demokratikləşmə xəttinə səmimi şəkildə bağlılığı indi Qərb dövlətlərində qətiyyən şübhə və tərəddüd doğurmur. Demokratik islahatlar yolunda olan, iqtisadi inkişaf potensialı yüksək dəyərləndirilən, dünya enerji təhlükəsizliyi sistemindəki rolu və çəkisi durmadan artan Azərbaycan Avropa üçün kifayət qədər maraqlı görünür. Azərbaycanın NATO-nun "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı"na, habelə Avropa Birliyinin "Yaxın qonşuluq", "Şərq tərəfdaşlığı" layihəsinə cəlbi də məhz bu marağın təzahürüdür. Sonuncu layihə Azərbaycanla Avropa Birliyi arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional əməkdaşlığı inkişaf etdirir, onun keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün ciddi əsaslar yaradır.

 

 "İnsan kapitalı"nın formalaşdırılması prioritet məqsəddir

 

Çətin və şərəfli mübarizə yolunun məntiqi yekunu olaraq 20 əvvəl dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın ötən illərdə əldə etdiyi böyük uğurlar həm də elmi təməl üzərində həyata keçirilən siyasətə əsaslanır. Ulu öndər Heydər Əliyev milli təhsilin inkişafını və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyasını da ciddi vəzifə kimi müəyyənləşdirmiş, bu sahədə aparılacaq islahatların mahiyyətini açıqlamışdır. Ümummilli liderin irəli sürdüyü elm və ali təhsil konsepsiyasının əsasını müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi başlıca prinsiplər təşkil etmişdir. Heydər Əliyev 1993-2003-cü illərdə elmin, təhsilin inkişafını nəzərdə tutan bir sıra mühüm fərmanlar, sərəncamlar, dövlət proqramları imzalamış, AMEA-nın, respublikanın ali təhsil müəssisələrinin, ələxüsus da Bakı Dövlət Universitetinin inkişafına daimi diqqət və qayğı göstərmişdir.  

Azərbaycanın gələcəyini yalnız təbii resurslara bağlamayan dövlət başçısı möhtərəm İlham Əliyev son 8 ildə neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi yönündə məqsədyönlü və ardıcıl siyasət yürüdür. İnnovativ yeniliklərin idarəçilikdə tətbiqi, "nau-hau" texnologiyalarının inkişaf etdirilməsi, elektron hökumətin formalaşdırılması istiqamətində addımlar atılır. Elm və təhsilin milli inkişafda həlledici amil kimi önə çıxması, ilk növbədə, respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması ilə bağlıdır. Dövlət büdcəsinin vəsaitlərinin elm və təhsilə ayrılan hissəsinin ildən-ilə artması bu sahələrdə maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir çox problemlərin hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırır, elm və təhsilə qoyulan dövlət investisiyalarının həcmcə artımını təmin edir, bu sahənin dünya standartları səviyyəsinə inteqrasiyasına geniş imkanlar açır.

Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompyuter və informasiya texnologiyalarının geniş tətbiqi, yeni korpusların inşası kimi fundamental problemlərin həlli xüsusi diqqət mərkəzindədir. Ötən illərdə bu məqsədlə imzalanmış çoxsaylı mühüm fərman və sərəncamlar, dövlət proqramları da Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət etmişdir.

Regional inkişaf prosesi çərçivəsində yeni məktəblərin tikintisi və onların kompyuterləşdirilməsi, ali təhsil sisteminə qayğının gücləndirilməsi, müəllimlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi, elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılması, Avropa təhsil məkanına inteqrasiyanın təmini, "Təhsil haqqında" qanunun qəbulu, "Elm haqqında" qanun layihəsinin hazırlanması da bu tədbirlərin əsas tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyevin 30 may 2005-ci il tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında", 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında", 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 21 oktyabr 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" sərəncamları da bu sahədə qarşıda duran konseptual vəzifələrin həllinə yönəlmişdir.

Respublikamız yeni iqtisadi münasibətlər kursunu götürərək öz təhsil sisteminin inkişaf prioritetlərini, dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Milli təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə "Bolonya prosesi" çərçivəsində qəbul olunmuş təhsil standartlarının mənimsənilməsi olduqca vacibdir. "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncam bu baxımdan vacib əhəmiyyət kəsb etmişdir.

Dövlət başçısının 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı isə ali təhsildə adambaşına maliyyələşmə sisteminə keçidi təmin etmişdir. Ümumilikdə, dövlət proqramının əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Bakı Dövlət Universitetinin çoxsaylı professor-müəllim heyəti əmindir ki, Azərbaycanda inamla həyata keçirilən tədbirlər nəticəsində müstəqil respublikamız yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini məhz bilik, müasir informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir. Eyni zamanda, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə öz sanballı töhfələrini verən universitet bundan sonra da  iqtisadi, siyasi, hüquqi, demokratik islahatların uğurla həyata keçirilməsi prosesində yaxından iştirak etmək əzmindədir.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.- 16 oktyabr.- S. 4.