İnsan amilini önə çəkən sosialyönümlü siyasət

 

 Müstəqillik illərində tibbi kadr hazırlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur

 

 Ötən əsrin sonlarında uzunmüddətli tarixi mübarizənin məntiqi yekunu kimi dövlət müstəqilliyinin bərpasına nail olmuş Azərbaycan Respublikası bu möhtəşəm siyasi hadisənin 20-ci ildönümünü təntənəli surətdə qeyd edir. Əsrlər boyu müstəqil yaşamaq, taleyini sərbəst şəkildə müəyyənləşdirmək, təbii sərvətləri üzərində öz sahiblik haqqını təmin etmək arzusunda olan cəfakeş xalqımız bu şərəfli yolda bir çox çətinliklərə mətinliklə sinə gərmiş, xüsusən də dövlət müstəqilliyinin ilk illərində üzləşdiyi ağır sınaq mərhələsindən üzüağ çıxmışdır. 1993-cü ilin iyun ayında - taleyüklü bir zamanda xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev fövqəladə xilaskarlıq missiyası ilə dövləti parçalanmaq, dünya xəritəsindən silinmək, xalqı vətəndaş qarşıdurması təhlükəsindən hifz edərək sabit və dayanıqlı inkişaf yoluna çıxarmışdır.

Elmi təməl üzərində gerçəkləşdirilən sosialyönümlü inkişaf strategiyası ötən əsrin sonlarına doğru respublikada insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı yaratmışdır. Yeni ictimai-iqtisadi formasiyada vətəndaşların etibarlı sosial müdafiəsinin, fiziki-mənəvi sağlamlığının, elmi-intellektual yüksəlişinin təmini bu siyasətin prioritet xəttinə çevrilərək yüksək humanizm və insanpərvərlik kimi ideallara söykənmişdir. Ulu öndər Heydər Əliyevin sosialyönümlü siyasəti, eyni zamanda, cəmiyyətdə ayrı-ayrı sosial qrupların həyat keyfiyyətinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi sabitlik və sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilmişdir. Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını təmin etmişdir. Həmin sistem vətəndaşların sağlam mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqları ilə yanaşı, səhiyyə hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırmışdır. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı təsbit edilmişdir. Həmin maddədə göstərilir ki, "Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır".

Məhz bu mərhələdən Azərbaycanın milli səhiyyə sistemində hər bir vətəndaşın sağlamlığının yüksək səviyyədə təminatına yönəlmiş mütərəqqi ruhlu islahatların əsası qoyulmuş, ulu öndər Heydər Əliyevin hələ respublikaya birinci rəhbərliyi dövründə tibb sahəsinin inkişafı üçün həyata keçirilən kompleks tədbirlər sistemi yeni dövrün tələbləri səviyyəsində uğurla davam etdirilmişdir. Xatırlatmaq lazımdır ki, ötən əsrin 70-80-ci illərində ulu öndər cəmiyyətin bütün sahələrində olduğu kimi, səhiyyə sisteminin də yüksəlişini, əsrlərə bərabər tərəqqisini təmin etmiş, bu sahənin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmişdir. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edilmiş, respublikada olan tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirilmiş, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başlamışdır. Həmin illərdə respublikada Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Klinik Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açılmış, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün yeni binalar tikilmişdir. "Naftalan", "İstisu" və "Abşeron" sanatoriyalarında tibbi xidmətin yaxşılaşdırılması barədə xüsusi qərar qəbul edilmiş, yeni açılan tibb müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün, ilk növbədə Azərbaycan Tibb İnstitutuna tələbə qəbulu artırılmış, ucqar kənd rayonlarından gələn abituriyentlər üçün güzəştlər tətbiq edilməyə başlanmışdır.

Səhiyyəyə diqqətin artırılması və bu sahənin möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan tezliklə nəinki ittifaq miqyasında, hətta beynəlxalq aləmdə tanınmağa, uğurlar qazanmağa müvəffəq olmuşdur. Ötən əsrin 70-ci illərində Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarlarının, pediatrların, oftalmoloqların beynəlxalq simpoziumlarının Azərbaycanda keçirilməsi ənənəyə çevrilmişdi. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə gənc azərbaycanlı alimlərin müxtəlif ixtisaslar üzrə keçmiş ittifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə nail olmuşdur. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi Vətənə qayıdıb fəaliyyətlərini genişləndirmişlər. M.Cavadzadə, Z.Əliyeva, Z.Quliyeva, İ.Topçubaşov və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri öz işlərini uğurla davam etdirirlər. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri - cərrahiyyə, mikrobiologiya, urologiya, oftalmologiya, pediatriya, kardiologiya, onkologiya, stomatologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılmış və alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilmişdir.

Ulu öndər həmin illərdə istedadlı gəncləri keçmiş SSRİ-nin nüfuzlu ali tibb məktəblərinə oxumağa göndərmiş, onların layiqli mütəxəssis kimi yetişməsinə lazımi diqqət və qayğı göstərmişdir. Həmin dövrdə təhsil almış mütəxəssislər səhiyyə sistemində çalışır, Azərbaycan Tibb Universitetinin ayrı-ayrı kafedralarına rəhbərlik edirlər.

Xüsusi vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə məhz bu zəngin potensiala, elmi və maddi-texniki bazaya istinad edərək səhiyyə islahatlarını uğurla həyata keçirmişdir. 1993-cü ildən sonra səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırılmış, bu sahənin fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilmiş, habelə müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə ciddi öhdəliklər götürmüşdür. "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında", "Xüsusi tibbi fəaliyyət haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Sanitar-epidemioloji sağlamlıq haqqında" və s. qanunların, eləcə də "Dövlət sığortası haqqında" Əsasnamənin qəbulu bu sırada xüsusi vurğulana bilər.

1998-ci il martın 13-də Heydər Əliyev "Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalamaqla bu sahənin inkişafına böyük töhfə vermişdir.

1993-2001-ci illərdə elmi-tədqiqat institutlarının işində və elmi araşdırılmaların təşkilində müsbət dəyişikliklər olmuşdur. Ailə Sağlamlıq Mərkəzi, V.Axundov adına Milli Elmi-Tədqiqat Profilaktika İnstitutunda yoluxucu xəstəliklər xəstəxanası açılmış, Mərdəkan qəsəbəsində respublika veteranlar xəstəxanası müasir üslubda təmir edilmiş, respublika Uroloji Xəstəxanasında və Elmi-Tədqiqat Klinik Təbabət İnstitutunda (indiki Elmi Cərrahiyyə Mərkəzi) yenidənqurma işləri aparılmışdır. 2000-ci ildə 200-dən çox tibb müəssisəsi dünya standartlarının tələbləri səviyyəsində yenidən qurulmuşdur. Respublikada ilk dəfə müasir səviyyədə təchiz edilmiş Nüvə-Maqnit Rezonans Mərkəzi açılmışdır.

Ulu öndər Heydər Əliyev müstəqillik illərində də Azərbaycan Tibb Universitetinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Tibbi kadrlar hazırlayan universitet müstəqilliyin ilk illərində üzləşdiyi çətin vəziyyətdən çıxmış, dövlət rəhbərinin dəstəyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli liderin hələ 1998-ci ilin 28 sentyabrında ATU-nun 11 mərtəbəli tədris binasının açılış mərasimində iştirakı universitet həyatında xoş və unudulmaz anlara çevrilmişdir. Eləcə də 2000-ci il iyun ayının 19-da Heydər Əliyevin universitetin 70 illik yubiley mərasimində  dərin məzmunlu nitqi bu tibbi təhsil ocağının çoxsaylı professor-müəllim heyətində və tələbələrində böyük məmnunluq doğurmuşdur.

Yarandığı ilk gündən institutun qarşısında duran ən başlıca vəzifə Azərbaycan üçün yüksək ixtisaslı həkimlərin və əzcaçı kadrların hazırlanması olub. Müstəqillik illərində  Tibb Universitetinin fəaliyyəti nəticəsində respublikada müxtəlif xəstəliklərlə mübarizə sahəsində ciddi uğurlar qazanıldı, ana və uşaq ölümünün sayı kəskin şəkildə aşağı düşdü. Ürək-damar patalogiyalarında, onkoloji xəstəliklərin müayinə və müalicəsində universitetdə çalışan mütəxəssislərin, habelə bu ali təhsil ocağında yetişən həkim kadrlarının son dərəcə böyük xidmətləri danılmaz həqiqətdir. 

Tibb Universiteti yarandığı gündən indiyədək 66 minə yaxın həkim və əzcaçı kadr hazırlayıb. Bu kadrlar təkcə Azərbaycanda deyil, respublikamızdan kənarda, müxtəlif ölkələrdə çalışırlar. Keçmiş SSRİ dövründə ən nüfuzlu və böyük ali təhsil ocaqlarından biri məhz Azərbaycan Tibb Universiteti idi. Eyni zamanda, universitet həmin dövrdə tibbin bütün sahələri üzrə fakültələri olan, yəni müxtəlif ixtisaslar üzrə kadr hazırlayan ali tibbi təhsil müəssisələrindən sayılırdı. Keçmiş SSRİ-nin müxtəlif yerlərindən, xüsusilə Orta Asiya respublikalarından gənclər gəlib bu universitetdə təhsil alırdılar. Eyni zamanda, universitetin hazırladığı kadrların böyük qismi təyinatla keçmiş ittifaqın müxtəlif şəhərlərində çalışırdılar. Hələ o zamandan Azərbaycan Tibb Universitetinin digər respublikalar üçün tibbi kadrların hazırlanmasında əvəzsiz xidmətləri olub. Bu gün universitetdə dünyanın 22 ölkəsindən tələbələr təhsil alırlar və onların sayı mini ötüb. Ötən əsrin 90-cı illəri ilə müqayisə etsək, görərik ki, burada təhsil alan tələbələrin sayı 10 dəfə artıb.

Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində 2000-ci ildə ATU-da ölkədə ilk dəfə olaraq hərbi tibb fakültəsi yaradılmışdır. 2002-ci ildə Tibb Universitetinin Stomatoloji Klinikası, 2007-ci ildə isə Onkologiya Klinikası fəaliyyətə başlamışdır.

Bu gün həmin klinikalar istər təcrübəli kadr potensialına, istərsə də müasir maddi-texniki bazasına görə Azərbaycanın aparıcı tibb müəssisələri sırasındadır. Universitetin stomatoloji kafedraları da məhz eyniadlı klinikada yerləşir. Bu klinikalarda ən müasir və mürəkkəb əməliyyatlar aparılır. Hətta xarici ölkələrdən gəlmiş qonaqlar həmin klinikalarda yüksək şəraitə heyran  qalırlar. Əminliklə demək olar ki, maddi-texniki bazasına görə bu klinikalar MDB məkanında öncül yerlərdən birini tuturlar. Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarını tərk etmiş qaçqın və məcburi köçkünlərə göstərilən səhiyyə xidmətinin yüksəldilməsi də ATU-nun professor-müəllim heyətinin, ən yaxşı həkimlərinin daim diqqət mərkəzində olmuşdur. 2000-ci ilin may-oktyabr aylarında Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Bərdə və Füzuli rayonları ərazisində yerləşən 23 çadır şəhərciyində respublikanın aparıcı mütəxəssislərinin iştirakı ilə qaçqın və məcburi köçkünlərin müayinə və müalicəsi təşkil edilmişdir.

Bir faktı da xüsusi vurğulamaq istərdik ki, 2001-ci ildən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə iyun ayının 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Hələ 1918-ci il may ayının 28-də Fətəli xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil edildikdən sonra onun ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olmuşdur. Həmin qərar 1918-ci il iyunun 17-nə təsadüf etmişdir. Müstəqillik illərində milli səhiyyə sisteminin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi isə ümummilli lider Heydər Əliyevin irs-varislik əlaqələrinə həssas münasibəti kimi qiymətləndirilməlidir.

Müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında tibb təhsili, kadr hazırlığı sahəsində, səhiyyə sistemində başlanmış mütərəqqi islahatlar ötən 8 ildə onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Müasir dövrün tələblərinə cavab verən səhiyyə sisteminin yaradılması, rezidentura yolu ilə yüksək ixtisaslı tibb kadrlarının hazırlanması son illər respublikada ardıcıl şəkildə həyata keçirilən sosialyönümlü islahatların başlıca hədəfinə çevrilməklə, hər bir ölkə vətəndaşının konstitusion hüquqlarının etibarlı təminatına xidmət edir. Səhiyyə ümumən ölkənin, xalqın müqəddəratı, milli genefondu ilə bağlı strateji sahə olduğundan, ölkə rəhbərliyi bu sferada hələ keçmiş sovetlər birliyi dövründən həllini gözləyən bir çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Dövlət büdcəsindən bu sahələrə ayrılan vəsaitlərin ildən-ilə artırılması da ölkədə vətəndaşların təhsili və sağlamlığı ilə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması üçün, ilk növbədə, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində çoxşaxəli tədbirlər aparılır. 2003-cü ildən etibarən Azərbaycanda 300-dək tibb müəssisəsi tikilmiş və yaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Lənkəranda, Qazaxda, Siyəzəndə, Şirvanda, Naxçıvanda, Şahbuzda, Gəncədə, Bərdədə, Zaqatalada, Qubada, Qəbələdə, Şamaxıda müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri fəaliyyətə başlamışdır.

Səhiyyəyə göstərilən yüksək diqqətin adekvat nəticəsi olaraq bu sistemdə daha keyfiyyətli, çevik və sistemli xidmət infrastrukturunun təşkili məsələləri xüsusi diqqət mərkəzində saxlanılmış, "proqram maliyyələşməsi" prinsipinin tətbiqi bir sıra xəstəliklərin profilaktikasında, eləcə də dövlətin vətəndaşlara göstərdiyi tibbi yardımın keyfiyyətcə yaxşılaşmasına imkan vermişdir. Son illərdə "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair Dövlət Proqramı", "Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı", "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı", "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı", "Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı" hazırlanaraq uğurla icra edilmişdir. İrsi qan və böyrək xəstəliklərindən əziyyət çəkən insanların dövlət hesabına hemodializ və dərman preparatları ilə təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Tibb müəssisələrinin, ATU-nun klinikalarının tikintisi və yenidənqurma işləri ilə yanaşı, onların təchizat məsələlərinə də böyük önəm verilir. Son illər istifadəyə verilmiş müalicə müəssisələrinin əksəriyyətində unikal müayinə üsullarının, cərrahi əməliyyatların aparılması üçün hər cür şərait yaradılmış, məşhur Avropa, Amerika və Yaponiya şirkətlərinin istehsalı olan ən müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı azalmışdır.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda tibb təhsili və səhiyyə sistemində həyata keçiriləcək tədbirlər sistemi də öz əksini tapmışdır.

Ötən illərdə Heydər Əliyev Fondunun həyata keçirdiyi səhiyyə layihələrinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən bu layihələr 2004-2011-ci illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmışdır.

Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısını bu gün ölkədə tibbi kadr hazırlığını həyata keçirən Azərbaycan Tibb Universiteti də yaxından hiss edir. Bu siyasətin nəticəsidir ki, son illərdə ATU-nun maddi-texniki bazası, infrastrukturu müasirləşmiş, elmi potensialı daha da güclənmişdir. Hazırda ATU-nun 6 fakültəsində 75 kafedra fəaliyyət göstərir. Universitet inzibati bina, 6 tədris korpusu, 3 klinikadan ibarətdir. Eyni zamanda, ATU-da 1 milyona yaxın adda tədris və elmi ədəbiyyata malik zəngin kitabxana, Elmi-Tədqiqat Mərkəzi, internetə qoşulmaq üçün kompyuter mərkəzi, 500 yerlik akt zalı, 280 yerlik 6 tələbə yataqxanası, iri idman kompleksi, örtülü üzgüçülük hovuzu, tələbə poliklinikası, Nabranda "Təbib" idman-sağlamlıq düşərgəsi və s. fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 11 sentyabr 2007-ci ildə imzaladığı "Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının yaradılması haqqında" sərəncamı dövlət başçısının təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığına daha bir misal ola bilər. Bu sərəncamın imzalanması bir daha göstərir ki, dövlət başçısı respublikanın artan maliyyə imkanlarını məhz millətin mənafeyi baxımından strateji əhəmiyyət daşıyan elm, ali təhsil və səhiyyəyə yönəldilməsini, milli genefondun qorunmasını, güclü insan kapitalının formalaşmasını vacib sayır. Sərəncama əsasən, Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikası inşa olunmuşdur.

Ümumiyyətlə, belə bir sərəncamın imzalanması Azərbaycan Dövlət Tibb Universitetinin çoxsaylı professor-müəllim heyətində və tələbələrində böyük sevinc və minnətdarlıq hissləri doğurmuşdur. Məsələ bundadır ki, respublikada tibbi kadrlar hazırlayan ATU-nun klinik fənləri tədris edən bir çox kafedralarının hazırda Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində yerləşməsi tədris prosesinin təşkilinə mənfi təsir göstərir, tələbələrin müəyyən çətinliklərlə üzləşməsinə səbəb olurdu. Digər tərəfdən, hazırda bütün dünyada ən müasir, yüksək səviyyəli klinikalar məhz universitet klinikalarıdır və onlar peşəkar kadrların hesabına komplektləşmişdir.

Tədris-terapevtik klinikanın fəaliyyətə başlaması klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi-tədqiqat işlərinin aparılması üçün əlavə imkanların yaradılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Universitet klinikasının inşası tədrisin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltmiş, eyni zamanda, insanlara ən müasir səviyyədə xidmət göstərən nüfuzlu tibb müəssisəsi fəaliyyətə başlamışdır. Klinika tibbin müxtəlif sahələri üzrə şöbələrə malik olmaqla yanaşı, ən müasir tibbi-diaqnostik avadanlıqlarla təchiz olunmuşdur. Səhiyyə sahəsində yüksək səviyyəli, elmi-nəzəri və praktik biliklərə malik mütəxəssislər məhz bu tibb ocağında fəaliyyət göstərirlər. 400 çarpayılıq klinikada universitetin 14 terapevtik yönümlü kafedrası yerləşir. Klinikada 9 müasir avadanlıqla təchiz olunmuş mühazirə zalı, 50-dən çox tədris otağı var. Başqa sözlə desək, burada istər tədris, istərsə də xəstəliklərin müalicəsi üçün lazımi şərait yaradılmışdır.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 2008-ci il 13 mart tarixli sərəncamı əsasında universitetin Cərrahiyyə Klinikası da inşa olunur. 500 çarpayılıq həmin klinika da ən müasir tələblərə cavab verəcək. Bu klinika Tədris-terapevtik klinikadan təxminən 2 dəfə böyükdür. Unikal görkəmli bu klinikada Tibb Universitetinin cərrahiyyə yönümlü kafedraları yerləşəcəkdir.

Respublikamız üçün tibbi kadrların hazırlanmasında zəngin ənənələri olan, milli səhiyyə sisteminin inkişafına sanballı töhfələr verən Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin ötən il təntənəli şəkildə qeyd olunması da müstəqillik illərinin əlamətdar hadisələrindən biri kimi dəyərləndirilə bilər. Bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il aprelin 28-də "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncamda vurğulanırdı ki, respublikada təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir. Həmin sərəncam əsasında universitetin yubileyi yüksək səviyyədə qeyd olunmuş, ölkə rəhbəri 2010-cu il oktyabrın 1-də tədris-terapevtik klinikanın açılışında iştirak edərək dərinməzmunlu nitq söyləmişdir.

Hər bir ali təhsil ocağında olduğu kimi, Tibb Universitetində də təhsillə elm paralel inkişaf edir. Tədris prosesi ilə yanaşı, elmi-tədqiqatların aparılması universitet üçün daim prioritet istiqamətlərdən biridir. ATU-nun Elmi-Tədqiqat Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi də daim diqqət mərkəzindədir. Elə il olmayıb ki, həmin mərkəzə yeni avadanlıqlar alınmasın. Hətta maliyyə problemləri şəraitində də bu iş diqqətdən kənarda qalmamışdır. Universitetin bütün kafedraları hibro-optik kabellə sürətli internet şəbəkəsinə qoşulub. Dünyanın bir çox nüfuzlu elektron kitabxanalarına daxil olmaq imkanları mövcuddur. Universitetin kafedra müdirlərinin qapalı kitabxanalara giriş kartı var. Tibb Universitetində istər fundamental, istərsə də tətbiqi elmlər sahəsində səmərəli elmi tədqiqatlar aparılır. Həmin tədqiqatların nəticələri isə dünyanın ən yüksək reytinqli, öncül jurnallarında dərc olunur. Məsələn, ötən il universitet əməkdaşlarının 10-dan artıq xarici jurnalda məqaləsi dərc edilib. Ümumilikdə, ölkə hüdudlarından kənarda 700-dək monoqrafiya, məqalə, tezis çapdan çıxıb. Biz çalışırıq ki, elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəlməsinə nail olaq. Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan Elmin İnkişafına Yardım Fondu da ATU-ya bu sahədə əlavə imkanlar açır.

Azərbaycan Tibb Universitetində həyata keçirilən elmi-tədqiqatlar əsasən ürək-damar patalogiyası, onkologiya, hemofiliya, talassemiya, ana və uşaqların ölümü, habelə yoluxucu xəstəliklərlə bağlıdır. Bunların hər biri Azərbaycan üçün üstün sahələrdir.

Son illərdə universitetin məzunları dünyanın inkişaf etmiş 28-dən çox qabaqcıl ölkəsində öz həkimlik fəaliyyətlərini davam etdirmək üçün imtahanlardan uğurla çıxmışlar. ABŞ-da və Avropanın inkişaf etmiş ölkələrində hər il 100-dən artıq məzun ATU-nun verdiyi diplomları təsdiq etdirərək həkimlik fəaliyyətinə başlayır. Universitetin məzunları Rusiya Federasiyasının, ABŞ-ın, Almaniyanın, Türkiyənin, Kanadanın və başqa ölkələrin aparıcı klinikalarında çalışırlar.

ATU-nun beynəlxalq əlaqələri də günün tələbləri səviyyəsində qurulur. Hazırda bu təhsil və elm ocağı dünyanın 90-dan çox nüfuzlu ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq edir, bir sıra universitetlərlə fəal tələbə mübadiləsi aparır. İldə təxminən 25-30 tələbə müxtəlif xarici ölkələrin universitetlərinə, o cümlədən İstanbul Universitetinə göndərilir. Eyni zamanda, tələbələr təcrübə keçmək üçün ABŞ-a, Almaniyaya və digər Avropa ölkələrinə ezam edilirlər. Bu gün universitetin 200-dək məzunu Almaniyada təcrübədədir. 2011-2012-ci tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində internatura sistemi üzrə diplomdansonrakı kadr hazırlığı ləğv edilib və dünyanın aparıcı ölkələrinin ali məktəblərində olduğu kimi, hazırlığın rezidentura sisteminə keçilib.

Şübhəsiz, ATU-nun son illərdə əldə etdiyi nailiyyətlər Azərbaycan elmini, tibb təhsili sistemini, Azərbaycan səhiyyəsini sürətlə inkişaf etdirən ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Professor-müəllim heyəti, tibb alimlərimiz bu qayğıdan ruhlanaraq xalqımızın sağlamlığının keşiyində möhkəm dayanır, dövlət başçısının qarşıya qoyduğu məsul vəzifələri böyük əzm və məsuliyyətlə həyata keçirməyə çalışır. Aparılan mütərəqqi islahatlar deməyə əsas verir ki, müstəqil Azərbaycanın tibb elmi, tibb təhsili sistemi və səhiyyəsi bütün çətinlikləri dəf edəcək, özünün yüksək inkişaf səviyyəsinə çatacaq, xalqımıza layiqli xidmət göstərəcəkdir.                  

 

 

 Əhliman ƏMİRASLANOV,

Azərbaycan Tibb Universitetinin rektoru,

akademik, SSRİ Dövlət mükafatı laureatı,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.-16 oktyabr.- S.  5.