Xüsusi
xidmət orqanları üçün peşəkar kadrlar
hazırlayan Akademiya
Müstəqilliyinin
bərpasının 20-ci ildönümünü qeyd etdiyimiz
respublikamızda ötən dövr ərzində həyata
keçirilən dövlət quruculuğunun ən möhtəşəm
səhifələrindən biri ölkənin və xalqın milli
maraqlarının keşiyində sadiq dayanmış xüsusi
xidmət orqanlarının
formalaşdırılmasıdır.
Bu günlərdə "Azərbaycan" qəzetinin
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev
adına Akademiyası ilə birgə keçirdiyi "dəyirmi
masa"da respublikamızın milli təhlükəsizliyinin təmin
edilməsində əsas dövlət strukturlarından olan
MTN-nin keçdiyi inkişaf yollarına və kadr
hazırlığı istiqamətində görülən
işlərə nəzər salındı.
"Dəyirmi masa"
iştirakçıları əvvəlcə ulu öndər
Heydər Əliyevin abidəsi önünə əklil
qoydular, ölkəmizin peşəkar milli təhlükəsizlik
orqanlarının formalaşdırılmasında misilsiz xidmətləri
olan bu dahi şəxsiyyətin xatirəsini yad etdilər.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini
əks etdirən "Şöhrət" muzeyi ilə
tanış oldular.
"Dəyirmi masa"nı
giriş sözü ilə açan "Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:
- Hörmətli "dəyirmi
masa" iştirakçıları!
Hər bir dövlətdə konstitusiya
quruluşuna, milli maraqlara və cəmiyyətin sağlam
inkişafına təhdid yaradan əməllərin
qarşısının alınmasında təhlükəsizlik
məsələlərinə cavabdeh olan orqanların üzərinə
böyük məsuliyyət düşür. Təbii ki,
qanunazidd hərəkətlərin vaxtında aşkar edilməsində
və ya önləyici tədbirlərlə
qarşısının alınmasında spesifik fəaliyyəti
ilə seçilən xüsusi xidmət orqanlarının
peşəkarlığından çox şey
asılıdır.
1991-ci ilin noyabrında Milli Təhlükəsizlik
Nazirliyi təsis edildikdən sonra qarşısında duran vəzifələr
yeni dövrün və ictimai-siyasi formasiyanın mahiyyətinə
uyğun olaraq fəaliyyət göstərmək, hələ
kövrək olan müstəqilliyimizə və ölkəmizin
maraqlarına qarşı daxili və xarici təhdidlərin
müəyyənləşdirilməsi və bu istiqamətdə
mübarizə sahəsində mühüm tədbirlərin
görülməsi idi. Lakin 1991-1993-cü illərdə
ölkə həyatının digər sferalarında
olduğu kimi, bu sahədə də ciddi problemlər,
nöqsanlar yaranmışdı. Tez-tez hakimiyyət dəyişikliyinin
baş verməsi, ictimai-siyasi sabitliyin olmaması MTN-nin fəaliyyətinə
mənfi təsir göstərmişdi. İşgüzar, təcrübəli
əməkdaşların tutduqları vəzifələrdən
uzaqlaşdırılması, onların yerinə naşı
adamların gətirilməsi nəticəsində əməliyyat
tədbirlərinin səmərəliliyi aşağı
düşmüş, peşəkarlıq azalmışdı.
Beləliklə, dövlət maraqlarının müdafiəsində
çətinliklər yaranmışdı, təxribatçı
qüvvələr ölkədə milli-etnik münasibətləri
süni şəkildə qızışdırmağa
çalışır, ərazi separatizminə rəvac
verirdilər.
1993-cü ilin iyununda xalqın tələbi ilə
hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev
siyasi təcrübəsi, qətiyyəti və cəsarəti
ilə dövlətçiliyi məhv olmaq təhlükəsindən
xilas etdi. Tezliklə böyük uzaqgörənliklə
hüquqi dövlət quruculuğuna başlayan Heydər Əliyevin
qarşıya qoyduğu əsas vəzifələrdən biri
müstəqil Azərbaycan dövlətinin etibarlı milli təhlükəsizlik
sisteminin formalaşdırılması idi.
Heydər Əliyev hələ sovet
dövründə təhlükəsizlik orqanlarında şərəfli
xidmət yolu keçmişdi. Leytenant rütbəsindən
general-mayor rütbəsinədək, əməliyyat müvəkkilindən
Azərbaycan DTK-nın sədri vəzifəsinədək
yüksəlmişdi. Onun iştirakı ilə həyata
keçirilmiş əməliyyatlar təhlükəsizlik
orqanlarının əməkdaşları üçün əsl
peşəkarlıq nümunələridir. Ona görə təhlükəsizlik
orqanlarının fəaliyyətinin yüksək səviyyədə
qurulmasını ən incəliklərinə qədər
gözəl bilirdi.
Heydər Əliyev DTK-da rəhbər vəzifələrdə
çalışdığı zaman xalqımızın milli
mənafelərini daim önə çəkmiş, milli-ədəbi
irsi, milli təfəkkür və düşüncə
sistemini keçmiş rejimin amansız təhdidlərindən
qorumaq naminə böyük iradə, qətiyyət
nümayiş etdirmişdir. Bu böyük insanın diqqət
və qayığsı ilə o dövrdə təhlükəsizlik
orqanlarında azərbaycanlıların sayı artmağa
başladı. Bu mənada şərəfli və mənalı
ömrünün 25 ilini dövlət təhlükəsizlik
orqanlarında xidmətə həsr etmiş Heydər Əliyevin
bu spesifik sahədəki fəaliyyətini böyük ehtiramla
xatırlayırıq. Odur ki, məhz Heydər Əliyevin təcrübəsi
sayəsində ölkəmizin etibarlı təhlükəsizlik
sisteminin formalaşdırılmasında, MTN-nin fəaliyyətinin
müasir dövrün tələbləri səviyyəsində
qurulmasında çətinliklər yaranmadı.
Bütövlükdə MTN-nin fəaliyyətində ciddi
dönüş baş verdi.
Ulu öndər Azərbaycan müstəqillik
qazandıqdan sonra da ölkəmizin təhlükəsizlik
orqanları üçün milli kadrların
hazırlanması məsələsinə xüsusi diqqətlə
yanaşmış, bu məqsədlə 1998-ci il dekabrın
1-də Milli Təhlükəsizlik Nazirliyinin
Akademiyasının təşkili barədə sərəncam
imzalamışdır. Bununla da Azərbaycanda ilk dəfə
olaraq xüsusi xidmət orqanları üçün milli
kadrların hazırlanması işinin təməli
qoyulmuşdur.
Ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik
siyasəti və strategiyası onun layiqli siyasi
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Dövlət başçısı sürətlə
inkişaf edən və hər bir sahədə inanılmaz
uğurlara imza atan respublikamızın milli təhlükəsizliyinin
qorunmasını daim vacib məsələ kimi önə
çəkmişdir. Bu baxımdan Prezident İlham Əliyevin
23 may 2007-ci ildə təsdiq etdiyi Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası
da dövlətimizin müstəqilliyini, ərazi
bütövlüyünü, konstitusiya quruluşunu, xalqın
və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən
qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip
və yanaşmalarını müəyyən edən mükəmməl
sənəddir. Bundan başqa 2004-cü ildə qəbul edilən
"Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının qanunlarında ölkəmizin
milli təhlükəsizliyi ilə bağlı vacib məsələlər
təkmil formada tənzimlənir.
Xalqın və dövlətin təhlükəsizliyinin
yüksək səviyyədə təmin olunması Azərbaycanda
həyata keçirilən mövcud siyasi kursun prioritet istiqamətini
təşkil edir. Azərbaycanın təhlükəsizlik
orqanları ölkəmizin milli maraqlarının keşiyində
hər an ayıq-sayıq dayanıblar. Son vaxtlarda din pərdəsinə
bürünərək Azərbaycan dövlətçiliyinə
zidd fəaliyyətlə məşğul olan şəxslərin,
cinayətkar qrupların üzvlərinin ifşa olunaraq
istintaqa cəlb edilməsi və digər bu kimi faktlar bunun
aydın göstəricisidir.
Qazanılan uğurlar MTN-in müstəqillik illərində
böyük inkişaf yolu keçdiyini göstərir. Əminliklə
deyə bilərik ki, Azərbaycanın milli təhlükəsizlik
orqanlarının peşəkar fəaliyyətinin
qarşısında dövlətimizin və
xalqımızın maraqlarına qarşı olan istənilən
təhdid acizdir.
İndi isə söz Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi,
general-leytenant Ziya YUSİFZADƏnindir.
Ziya
YUSİFZADƏ:
- Bu il Azərbaycan xalqı uzun illər
arzuladığımız və nəhayət sovetlər birliyinin
süqutu nəticəsində qovuşduğumuz müstəqilliyin
20-ci ildönümünü təntənəli şəkildə
qeyd edir.
Azərbaycan Respublikasının parlamenti 18
oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyi
haqqında Konstitusiya Aktı qəbul edərək,
azadlığımızı dünya ölkələrinə
bəyan etdi. Lakin xalqımıza nəsib olmuş
azadlığın yüksəkliyində dayana bilməyən
o zamankı iqtidar tarixin millətimizə bəxş etdiyi bu əvəzsiz
milli sərvəti nə lazımınca qiymətləndirə,
nə də onun qorunub saxlanması qüdrətində
olduğunu nümayiş etdirə bilirdi. 1991-1993-cü illər
nəinki Azərbaycanın müstəqillik tarixində
itirilmiş illər hesab olunur, həm də bu illərdə
Azərbaycan müstəqilliyini itirmək təhlükəsiylə
üzləşmişdi.
1993-cü ilin yayında vəziyyət
böhran həddinə çatmışdı. Bir tərəfdən
erməni işğalçıları
torpaqlarımızı zəbt edir, digər tərəfdən
daxildə hakimiyyət uğrunda mübarizə zəminində
vətəndaş müharibəsi yetişirdi. O günləri
xalqımız yaxşı xatırlayır. Çoxlarına
elə gəlirdi, vəziyyət çıxılmazdır.
AXC-Müsavat iqtidarının səriştəsizliyi nəticəsində
ölkənin bütün bölgələrində
yaranmış qeyri-qanuni silahlı dəstələr ərazilərdə
quldurluq edir, xalqı qorxu içində saxlayırdı.
Xalqımız belə bir ümidsiz çağında imdad
dolu nəzərlərini Heydər Əliyevə, onun həmin
dövrdə yaşayıb fəaliyyət göstərdiyi
Naxçıvan torpağına dikmişdi. Xalqın iradəsi
və zamanın hökmü ilə dünya şöhrətli
siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin
uçurum qarşısında qaldığı bir vaxtda yenidən
böyük siyasətə qayıtdı. Xalqın inamına
və qüdrətinə arxalanan ulu öndərimiz az zaman kəsiyində
ölkədə hökm sürən anarxiya və hərcmərcliyə,
hakimiyyət boşluğuna son qoydu, xarici və daxili pozucu
qüvvələrin terror-təxribat cəhdlərinin
qarşısını qətiyyətlə aldı, qeyri-qanuni
silahlı dəstələr buraxıldı, dövlət
çevrilişi cəhdlərinin qarşısı məharətlə
və qətiyyətlə alındı.
Cəbhə bölgəsində atəşkəsə
nail olundu. Tərəqqinin əsasını qoymuş "Əsrin
müqaviləsi" imzalandı. Azərbaycan dünyada
mühüm coğrafi-siyasi və iqtisadi məkana
çevrildi, demokratik dövlət quruculuğunun sistemi
formalaşdırıldı, qanunun aliliyi, insan
haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar
edildi. Bu gün inamla demək olar ki, o zaman müdrik dövlət
başçımız tərəfindən bu taleyüklü
addımlar atılmasaydı, dünya xəritəsində Azərbaycan
adlı ölkənin varlığı böyük sual
altında olardı.
Bütün varlığı ilə öz
xalqına, vətəninə bağlı olan bu dahi şəxsiyyət
bir-birinə zidd iki sistemdə fəaliyyət göstərsə
də, ən çətin tarixi dövrlərdə,
amansız təqiblər şəraitində belə doğma
Azərbaycanın çiçəklənməsinə,
xalqının iqtisadi, elmi, mədəni potensialının,
maddi rifahının yüksəldilməsinə xidmət
etmişdir. Təsadüfi deyil ki,
uzaqgörən siyasəti, fenomenal şəxsi keyfiyyətləri,
ilahi müdrikliyi sayəsində müstəqilliyimizi itirmək
təhlükəsindən qurtaran, dövlətçiliyimizin
xilaskarı və qurucusu, milli şüurumuzun, milli dərkimizin
yaradıcısı ulu öndərimiz Heydər Əliyevin
taleyini Azərbaycanın taleyindən ayrılıqda dərk
etmək mümkün deyil!
Heydər Əliyev, mübaliğəsiz bəşəriyyətin
ən nadir və qüdrətli şəxsiyyətlərindən
biridir! Dahi öndərimiz bütün mənalı həyatını
xalqına həsr etməklə kifayətlənmədi,
xalqının və ölkəmizin gələcək taleyini
düşünərək öz siyasi məktəbində
yetişdirdiyi möhtərəm İlham Əliyevi
xalqımızın xidmətinə verdi.
Artıq səkkiz
ildir ki, Azərbaycan xalqı və dövləti möhtərəm
Prezidentimiz, xalqımızın sevimli oğlu İlham Əliyevin
rəhbərliyi ilə müstəqillik yolu ilə inamla
addımlayır. "Mən bütün azərbaycanlıların
Prezidenti olacağam" deyən İlham Əliyevin müdrik,
son dərəcə səmərəli, qətiyyətli,
uzaqgörən daxili və xarici siyasəti nəticəsində
ölkəmiz bütün sahələrdə dinamik şəkildə
inkişaf edir, əhalinin sosial rifahı ildən-ilə
yaxşılaşır. Vətənimizin dünyada
siyasi-iqtisadi nüfuzu və çəkisi də ildən-ilə
artır. Azərbaycan regionda lider dövlətə
çevrilmişdir. Bütün bunlar möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən böyük
uğurla və yaradıcılıqla həyata keçirilən
Heydər Əliyev siyasi kursunun qələbəsi və təntənəsidir.
Zəngin həyatının 25 ilini Azərbaycanın
təhlükəsizlik orqanlarına həsr etmiş, sıravi
əməkdaşdan Təhlükəsizlik Komitəsinin sədri,
leytenant rütbəsindən ali general rütbəsinə
yüksəlmiş, bu orqanların milli təhlükəsizlik
konsepsiyasını və öz məktəbini
yaratmış, əfsanəvi əməliyyatçı,
müstəqil dövlətçiliyimizin banisi və qurucusu
Heydər Əliyev hələ sovetlər dönəmində
totalitar rejimin qadağalarına baxmayaraq, qibtə ediləcək
cəsarət və uzaqgörənliklə XX əsrin
ortalarından başlayaraq Azərbaycan təhlükəsizlik əməkdaşlarının
milliləşdirilməsi siyasətini böyük
ustalıqla, mərhələ-mərhələ həyata
keçirmişdir.
Bu gün milli təhlükəsizlik
orqanları əməkdaşlarının 99,9 faizini azərbaycanlılar
təşkil edirsə, bu, 20 illiyini təntənəli şəkildə
qeyd etdiyimiz müstəqil Azərbaycanı doğma xalqına
bəxş etmiş ulu öndərimiz Heydər Əliyevin
uzun illər təkbaşına gərgin şəraitdə
apardığı milli kadr siyasətinin qələbəsi deməkdir.
Milli təhlükəsizlik orqanlarının fəaliyyətini
daim diqqət mərkəzində saxlayan ulu öndərimiz
müstəqillik illərində təhlükəsizlik
sisteminin hüquqi bazasını yaradaraq, orqanların milli əsaslara
söykənən fəaliyyət istiqamətlərini və vəzifələrini
müəyyənləşdirmiş və beləliklə,
millətə, dövlətə və müstəqil dövlətçiliyimizə
sədaqəti təhlükəsizlik orqanlarının əsas
qayəsinə və amalına çevrilməsinə nail
olmuşdur. Ulu öndərimiz Heydər Əliyev çox
gözəl bilirdi ki, Azərbaycanı sarsılmaz dövlətə
çevirmək, onun müstəqilliyini əbədiləşdirmək
və təhlükəsizliyini etibarlı təmin etmək
üçün təxirə salmadan xalqımıza və
dövlətçiliyimizə son dərəcə sədaqətli,
vətənpərvər, sağlam milli düşüncəyə,
yüksək mənəvi-əxlaqi keyfiyyətlərə,
geniş əməliyyat təfəkkürünə və
dünyagörüşünə malik milli kadr potensialı
yetişdirmək taleyüklü məsələdir. Məhz
bu əsas amilləri nəzərə alaraq hərbi təhsili
siyasi kursunun tərkib hissəsinə çevirmiş ulu
öndərimiz 1 dekabr 1998-ci ildə Milli Təhlükəsizlik
Nazirliyinin Akademiyasının təsis edilməsi haqda sərəncam
imzaladı.
Artıq bu tarixi sərəncamdan 12 il
keçir. İlk illərdə tikinti və quruculuq, təşkilati
və kadr məsələləri ilə əlaqədar
qarşıya çıxan bir sıra çətinliklərə
baxmayaraq, Akademiya 2000-2001-ci tədris ilindən fəaliyyətə
başladı. 2005-2006-cı illər Akademiya üçün
yaddaşlardan silinməyəcək tarixi hadisələrlə
zəngin olmuşdur. Belə ki, 2005-ci il dekabr ayının
20-də nazir Eldar Mahmudovun təşəbbüsü ilə
MTN-in Akademiyasına möhtərəm Prezidentimiz İlham Əliyevin
fərmanı ilə ümummilli liderimiz Heydər Əliyevin
adı verilmişdir. 2006-cı il mart ayının 27-də isə
Ali Baş Komandan İlham Əliyev Akademiyaya təşrif
buyurmuş, ulu öndərimiz Heydər Əliyevin möhtəşəm
abidəsini, məzmunu və nəfis tərtibatı ilə
seçilən "Şöhrət" muzeyini
açmış, sücaət rəmzi olan
"Döyüş bayrağı"nı şəxsən
Akademiya rəisinə təqdim etmişdir.
Quruculuq və tədris şəraiti ilə
yaxından tanış olan Ali Baş Komandan şəxsi heyət
qarşısında proqram xarakterli
çıxışında Akademiyada qısa müddətdə
həyata keçirilmiş geniş quruculuq işlərini
yüksək qiymətləndirərək demişdir:
"Akademiya ən yüksək dünya standartlarına cavab
verir və burada kursantlar yaradılmış bütün
imkanlardan səmərəli istifadə etməli, yaxşı
oxumalı, bu şərəfli peşəyə dərindən
yiyələnməlidirlər. Akademiya Heydər Əliyev
adını daşıyır və əlbəttə, bu, əlavə
məsuliyyət deməkdir. Mən ümid edirəm ki, bu
Akademiyada oxuyan kursantlar gələcəkdə Azərbaycanın
dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində
fəal rol oynayacaqlar."
Ali Baş Komandan İlham Əliyevin və milli
təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun
çıxışlarından irəli gələn vəzifələr
və tələblər mütəmadi olaraq xüsusi
plan-proqram əsasında həyata keçirilir, kursantların
vətənpərvərlik və azərbaycançılıq
ruhunda tərbiyə olunmasında öz səmərəli nəticələrini
göstərir.
Bu gün Akademiyada 5 fakültə və 16
kafedra, o cümlədən 4 xüsusi təyinatlı kafedra fəaliyyət
göstərir. Ötən illər ərzində MTN-in demək
olar ki, bütün baş idarələrini və
strukturlarını təmsil edən 946 nəfər əməliyyat
işçisi 3-cü fakültənin 1 illik ali kurslarını,
561 nəfər isə təhsil müddəti 4 və 5 il olan əməliyyat
və sərhəd qoşunları fakültələrini bitirərək
Milli Təhlükəsizlik Nazirliyində və Dövlət Sərhəd
Xidmətində fəaliyyətə başlamışlar. Bu
müddət ərzində 574 nəfər əməkdaş
(o cümlədən şəhər və rayon şöbələrinin
rəhbər heyəti) 2 və 3 aylıq ixtisasartırma və
təkmilləşdirmə kurslarında təhsil
almışlar.
Təhsildə yüksək müvəffəqiyyət
qazanan, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul
olan və Akademiyanın ictimai həyatında fəal
iştirak edən əlaçı kursantlara milli təhlükəsizlik
naziri tərəfindən təsis edilmiş Heydər Əliyev
adına təqaüd verilir.
Akademiyanı bitirən kursantlara müvafiq
diplomlar və MTN-in əmri ilə ilk "leytenant" hərbi
rütbəsi verilərək milli təhlükəsizlik
orqanlarına təyinat alırlar.
Akademiya tədrisə başlayanda xüsusi, məxfi
fənlər üzrə Azərbaycan dilində heç bir dərslik
olmadığı halda, hazırda 10 il ərzində
professor-müəllim heyətinin gərgin elmi fəaliyyəti
nəticəsində xüsusi fənlər üzrə 100-dən
çox dərslik, dərs vəsaitləri, monoqrafiyalar, tədris
metodiki vəsaitlər, təlimatlar və s. işlənilərək
kursant və dinləyicilərin tədrisdə istifadəsi
üçün Akademiyanın xüsusi kitabxanasına
verilmişdir.
Akademiyada dərslər dünya standartlarına
cavab verən tədris korpuslarında aparılır. Tədris
prosesini yüksək səviyyədə təşkil etmək
üçün ən müasir kompyuterlər, audio-video
texnika, proyektorlar, monitorlar və stendlərlə təchiz
edilmiş xüsusi təyinatlı siniflər, kabinetlər və
laboratoriyalar, bir sıra kompyuter və linqafon zalları,
kriminalistik tədris kompleksi, zəngin fonda malik xüsusi,
ümumi və bədii kitabxanalar, zəruri avadanlıq və
trenajorlar quraşdırılmış geniş idman
zalları və meydançaları və s. kursant və dinləyicilərin
ixtiyarına verilmişdir.
Akademiyada tədris yüksək ixtisaslı
mütəxəssislər, o cümlədən elmlər
doktorları və namizədləri,
eləcə də uzun illər təhlükəsizlik
orqanlarında xidmət etmiş, geniş əməliyyat biliklərinə
və dünyagörüşünə malik təcrübəli
kadrlar tərəfindən həyata keçirilir. Hazırda
Akademiyada 1 akademik, 4 elmlər doktoru, 13 elmlər namizədi, 2
professor və 8 dosent fəaliyyət göstərir.
Akademiyanın 5 əməkdaşı doktorluq, 10 əməkdaşı
isə namizədlik dissertasiyaları üzərində
çalışırlar.
Fəxrlə bildirirəm ki, ulu öndərimiz
Heydər Əliyev tərəfindən yaradılan və onun
ölməz adını qürurla daşıyan MTN-in
Akademiyası möhtərəm Prezidentimiz İlham Əliyevin
gündəlik qayğısı və diqqəti sayəsində
20 yaşlı müstəqil ölkəmizin ən mötəbər
hərbi təhsil ocaqlarından biridir.
Bəxtiyar
SADIQOV:
- Təhlükəsizlik orqanlarında
çalışanları fərqləndirən mühüm
keyfiyyətlərdən biri dövlətə və xalqa son dərəcə
sadiq olmalarıdır. Çünki onların əsas vəzifəsi
dövlətin və xalqın milli maraqlarının
keşiyində etibarlı dayanmaqdır. Bu mənada
Akademiyanın müəllim kollektivinin üzərinə
böyük məsuliyyət düşür. Görülən
işlərlə bağlı danışmaq üçün
söz MTN-in Heydər Əliyev adına Akademiyasının rəisinin
müavini, general-mayor İsgəndər ALLAHVERDİYEVə
verilir.
İsgəndər
ALLAHVERDİYEV:
- Müstəqil Azərbaycan
Respublikasının memarı və qurucusu Heydər Əliyev
özünə əziz və doğma saydığı təhlükəsizlik
orqanlarından diqqət və qayğısını heç
bir zaman əsirgəməmiş, Azərbaycan xalqına
qarşı yönəlmiş qüvvələrlə
mübarizənin ön sıralarında dayanan və onun əsas
ağırlığını öz çiyinlərində
daşıyan, ölkənin milli təhlükəsizliyini təmin
etmək kimi müqəddəs bir missiyanı şərəflə
yerinə yetirən bu təşkilatın möhkəmlənməsini
Azərbaycan dövlətinin qarşısında dayanan ən
mühüm və başlıca vəzifələrdən biri
kimi dəyərləndirmişdir.
"Azərbaycanın ən böyük sərvəti
onun müstəqilliyidir" deyən ümummilli liderimiz
xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci
qayıdışından sonra müstəqil Azərbaycan
Respublikasının mühüm dövlətçilik təsisatlarından
biri olan milli təhlükəsizlik orqanlarının
formalaşması və inkişafında mühüm rol
oynayan yeni nəsil peşəkar və ixtisaslı kadrların
hazırlanmasını həyata keçirə biləcək
təhsil ocağının yaradılmasını zəruri
saymış və özünün 1 dekabr 1998-ci ildə
imzaladığı sərəncamla Milli Təhlükəsizlik
Nazirliyinin Akademiyasını təsis etmişdir. Akademiya
olduqca gəncdir, lakin gənc olmasına baxmayaraq Azərbaycan
Respublikasının ali təhsil müəssisələri
arasında öz layiqli yerini tutmuş, ictimaiyyət tərəfindən
həmişə yüksək qiymətləndirilmişdir.
Akademiyamızda təhsil alan heyətin dövlətinə
və xalqına sədaqətli insanlar, Heydər Əliyev məktəbinin
layiqli davamçıları kimi yetişdirilməsi
qarşımızda duran ən mühüm vəzifədir. Bu
vəzifənin uğurla həyata keçirilməsi tərbiyəvi
işin düzgün və səmərəli təşkilindən
asılıdır. Təlim-tərbiyə prosesinin ayrılmaz
hissəsi olan tərbiyəvi iş fasiləsiz və mütəhərrik
fəaliyyət sahəsidir. Hər bir kursanta, dinləyiciyə
fərdi yanaşma prinsipləri üzərində qurulan tərbiyəvi
iş sxematikliyi sevmir, yaradıcı yanaşma və daim
axtarışda olmağı tələb edir.
Tərbiyənin əsas məqsədi xalqa, vətənə
və dövlətçilik ənənələrimizə
sadiq gənclər yetişdirməkdir. İlk növbədə
təhsil ocağımızın ulu öndər Heydər Əliyevin
adını daşıması hər bir zabit və
kursantın mənəvi məsuliyyətini artırır, tərbiyə
işinin təşkilində istiqamətverici rol oynayır.
Ümumilikdə isə Akademiyada aparılan təlim-tərbiyə
işinin mahiyyəti təhsil alanlara respublikanın təhlükəsizliyinin
təmin edilməsi üçün zəruri olan yüksək
vətəndaşlıq məsuliyyəti hissini
aşılamaq, onları vətənpərvərlik, Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına, insan
hüquqlarına hörmət, öz peşəsinə sədaqət,
xidməti borcunun yerinə yetirilməsinə məsuliyyət
ruhunda tərbiyə etmək, zəruri mənəvi-psixoloji, əxlaqi
və hərbi peşəkarlıq keyfiyyətləri
aşılamaqdır.
Təhsil müəssisəsində tərbiyəvi
işin effektli təşkili təlim-tədrisin və
ümumiyyətlə xidmətin səmərəliliyini
artırır, daha yüksək nəticələrin əldə
olunmasını təmin edir. Akademiyanın professor-müəllim
və zabit heyəti belə bir mühüm sahədə
iş apararkən təhsil alanların intellektual və mədəni
səviyyələrinin daha da yüksəlməsinə, şəxsiyyət
kimi Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi
irsi əsasında formalaşmasına, milli və ümumbəşəri
dəyərlərə yiyələnməsinə böyük
önəm verir.
Əməkdaşlarımız kursantların
asudə vaxtının səmərəli təşkil
olunması, hərbi xidmətin yeknəsək və
darıxdırıcı rejimə çevrilməməsi, Akademiyanın
ictimai həyatının dolğun, mənalı və
maraqlı olması üçün tərbiyəvi işə
əsl yaradıcılıqla yanaşır, bu məqsədlə
toplanmış təcrübəni
daha da zənginləşdirərək müxtəlif səpkili
tədbirlər həyata keçirirlər.
Paytaxtımızın muzeylərinə,
Bakının görməli tarixi yerlərinə müntəzəm
ekskursiyalar, görkəmli alimlərlə, tanınmış
politoloqlarla, mədəniyyət xadimləri və incəsənət
ustaları ilə, şair və yazıçılarla
vaxtaşarı görüşlər, teatrlarımızın
yeni tamaşaları ilə tanışlıq, Akademiyanın bədii
özfəaliyyət ansamblının iştirakı ilə təşkil
olunan konsert proqramları, ədəbi-bədii gecələr,
yaradıcılıq müsabiqələri, şən və
hazırcavablar klubu, intellektual rinq və müxtəlif idman
yarışları kursantlarda kollektivçilik və
yoldaşlıq hisslərinin gücləndirilməsi
baxımından da müstəsna əhəmiyyət kəsb
edir.
Kursantların siyasi hazırlıq səviyyəsinin
yüksəlməsində və ümumi
dünyagörüşünün genişlənməsində
tərbiyəvi iş saatlarından səmərəli istifadə
olunması müsbət nəticələr verir. Bu dərslərdə
kursantlara Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri,
məşhur hərbi xadimləri, xalqımızın şərəfli
keçmişi, zaman-zaman ona üz vermiş faciələrin
mahiyyəti, erməni vəhşilikləri, Azərbaycan
dövlətinin yürütdüyü uğurlu daxili və
xarici siyasət barəsində geniş və ətraflı
mühazirələr oxunur, ölkədə və beynəlxalq
aləmdə cərəyan edən siyasi və iqtisadi prosesləri
əks etdirən ən son məlumatlar nəzərlərinə
çatdırılır. Mütəmadi olaraq əmək və
müharibə, həmçinin təhlükəsizlik
orqanlarının veteranları ilə keçirilən
görüşlər təhsil alanların əsl vətənpərvər
ruhda tərbiyə olunmasına, seçdiyi peşəyə
hörmətlə yanaşmasına təkan verir.
Kursantların dövri mətbuatla müntəzəm
tanış olmaları, hər hansı bir məsələ ilə
bağlı müzakirələrin aparılması, televiziya
verilişlərini izləmələri üçün də
lazımi şərait yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı, Prezident İlham Əliyevin uğurla həyata
keçirdiyi daxili və xarici siyasət, həyatımızın
müxtəlif sahələri üzrə əldə olunan
uğurlar, geniş vüsət almış quruculuq işlərinin
şəxsi heyət arasında dərindən öyrənilməsi
tərbiyəvi işin ali məqsədlərindəndir.
Hər il iki dəfə kursant və müəllim
heyətindən ibarət qruplar Heydər Əliyev Fonduna gedir,
oradakı eksponatlarla tanış olurlar. Bütün bunlar
ideya-tərbiyə işinin səmərəli təşkilinə
yaxından kömək edir, ulu öndərin bizlərə
yadigar qoyduğu irsin öyrənilməsində misilsiz rol
oynayır. Ümummilli liderimizin doğum və hüzn günlərinə
həsr olunmuş tədbirlər çox hörmətli
nazirimiz, general-leytenant cənab Eldar Mahmudovun bilavasitə
iştirakı ilə Akademiyada keçirilir və bu, şəxsi
heyət arasında tərbiyə işinin təşkilinə
öz müsbət təsirini göstərir.
Bir sözlə, Akademiyada ideoloji-siyasi tərbiyə
işi bizə müstəqil Azərbaycanı bəxş
etmiş Heydər Əliyev irsi üzərində qurulur və
bu, Azərbaycan yaşadıqca davam edəcəkdir.
Bəxtiyar
SADIQOV:
- MTN-nin
bugünkü səviyyəyə çatmasında, dövlətin
milli maraqlarının keşiyində ayıq-sayıq
dayanmış əsas dövlət orqanı kimi
formalaşmasında ulu öndər Heydər Əliyevin xidmətləri
misilsizdir. Heydər Əliyev bu işlərin
bünövrəsini hələ ötən əsrin 60-cı
illərində Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsində rəhbər vəzifələrdə
çalışdığı zaman, sonradan isə Azərbaycana
rəhbərlik etdiyi illərdə qoymuş, təhlükəsizlik
orqanlarında milliləşdirmə aparmışdı. Ulu
öndərin təşəbbüsü ilə yaradılan
C.Naxçıvanski adına Hərbi Lisey isə azərbaycanlı hərbçi kadrların
sayının artmasına yol açmışdı. Bu
mövzuda danışmaq üçün söz
Akademiyanın "İctimai-siyasi fənlər"
kafedrasının rəisi, polkovnik, filologiya elmləri doktoru,
professor Cəlal QASIMOVa verilir.
Cəlal
QASIMOV:
- Tədqiqatlar
göstərir ki, ulu öndər Heydər Əliyevin milliləşmə
siyasəti ötəri, keçici və ya epizodik hal
olmamış, bütöv bir sistem təşkil etmişdir. Belə
ki, onun 1950-ci illərin ortalarından başlayan və sonralar
da davam edən milliləşdirmə siyasəti ictimai-siyasi həyatın
mühüm sahələrində, o cümlədən təhlükəsizlik
orqanlarında milli kadrların yerləşdirilməsi, eləcə
də keçmiş SSRİ-nin müxtəlif bölgələrində
təhsil almağa göndərməsi ilə
reallaşdırılırdı.
Bu həyati vacib prosesdə ən ümdə cəhət
ondan ibarətdir ki, Heydər Əliyev milliləşdirmə
siyasətini həyata keçirərkən prioritetliyi azərbaycanlıların
sayca çoxluğuna, statistikasına deyil, onların milli
xarakterə, milli təfəkkürə, milli əxlaqa malik
olmalarına verirdi. Milli kadrların təhsili və müxtəlif
vəzifələrdə yerləşdirilməsi Heydər Əliyevin
milliləşdirmə siyasətinin birinci mərhələsini
təşkil edirdi.
Ulu öndər Heydər Əliyev həyata
keçirdiyi milliləşdirmə siyasətində
başlıca yeri Azərbaycan
dilinin inkişafına verirdi. Təsadüfi deyildir ki, 1969-cu
ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilən
ulu öndər həmin ilin noyabrında Bakı Dövlət
Universitetinin 50 illik yubileyində özünəqədərki
katiblərin ziddinə olaraq (nə qədər təhlükəli
olsa da) ilk dəfə doğma ana dilində
çıxış etdi. Heydər Əliyevin ana dilində
çıxış üçün mənəvi və
coğrafi məkan kimi BDU-nu seçməsi də təsadüfi
deyil, düşünülmüş surətdə həyata
keçirilən milliləşdirmə siyasətinin tərkib
hissəsi idi. Ümummilli lider bununla Azərbaycan
ziyalısına, Azərbaycan gənclərinə bildirirdi ki,
milli dilimizin inkişafında mən sizə həmişə
dəstək olacağam. Yeridilən bu siyasətin davamı
kimi Heydər Əliyev 1970-ci illərdə dilimizin mükəmməl
tədqiq və təbliğindəki xidmətlərinə
görə "Müasir Azərbaycan dili" dərsliklərinin
müəlliflərinə dövlət mükafatı verdi.
Heydər Əliyev bununla da məsələni bitmiş hesab
etmədi və sovetlər dönəmində ilk dəfə
olaraq 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi
konstitusiyamızda öz təsdiq və təsbitini tapdı.
Müstəqillik illərində isə dilimizin inkişafı
üçün böyük imkanlar yarandı və Heydər
Əliyevin sayəsində dövlət dili haqqında qanun qəbul
olundu.
Akademiyanın kursant və dinləyicilərinə
o da çatdırılır ki, milli ziyalı, daha doğrusu,
milli ziyalı düşüncəsinin azadlığı
problemi də Heydər Əliyevin milliləşmə siyasətinin
tərkib hissəsinə çevrildi. Xalq şairi Bəxtiyar
Vahabzadənin "Gülüstan" poemasında ikiyə
bölünmüş Azərbaycan ideyası dövrün ən
böyük dissident hadisəsi kimi Moskvanın diqqətini cəlb
etsə də, ulu öndərin müdrikliyi sayəsində o,
bu kritik situasiyadan fəsadsız çıxdı. Millətçilikdə
ittiham edilən akademik Ziya Bünyadov "Atabəylər
dövləti" əsərinə görə dövlət
mükafatı aldı, Rəsul Rza, Xəlil Rza Ulutürk, Əkrəm
Əylisli, İbrahimbəyov qardaşları, Anar və
başqaları əsərlərində
qaldırdıqları milli ideyalarına görə təqib və
təzyiqlərdən yaxa qurtardı. Məsələnin mahiyyətinə
diqqət versək görərik ki, o, yalnız fərdləri
deyil, Azərbaycanın dövlətçilik tarixi və
dövlətçilik ənənələri ilə
bağlı fundamental məsələləri həll edirdi.
Dövlətçilik tarixinə və dövlətçilik
ənənəsinə sədaqət ümummilli lider Heydər
Əliyevin milliləşdirmə siyasətində növbəti
mərhələ kimi özünü qabarıq şəkildə
göstərməyə başladı.
Biz böyük mütəfəkkir şair,
dramaturq Cavid əfəndinin 1982-ci ildə vətənə
dönüşünü də ulu öndərin milliləşdirmə
siyasətinin tərkib hissəsi hesab edirik.
Fikrimizcə, Cavid əfəndinin
dönüşünə bir şairin və ya bir dramaturqun
dönüşü kimi baxmaq olduqca səhv olardı.
Çünki, Heydər Əliyev yalnız Cavidin cənazəsini
və cəsədini deyil, Cavidin Şərq fəlsəfəsindən
qaynaqlanan, Qərb fəlsəfəsi ilə çulğalaşan
ideyalarını Vətənə qaytarırdı.
Təbii ki, dövlətçiliyin salnaməsini
yazan ümummilli lider əməli fəaliyyəti ilə
xalqın qəlbində elə bir möhtəşəm abidə
ucaltmışdır ki, bu abidənin zirvəsi yalnız Azərbaycandan
azərbaycanlılara deyil, həm də Asiya və Avropanın
qovşağından dünyaya və dünya ictimaiyyətinə
bütün üfüqləri və perspektivləri ilə
görünür.
Elə ona görə də əsrin dörddə
birini bu orqanlarda xalqına sədaqətlə xidmətə həsr
edən, təhlükəsizlik orqanlarının hərtərəfli
biliyə, dövlətə və dövlətçiliyə sadiq
olan milli kadrlarla təmin edilməsində müstəsna rol
oynayan, xüsusi xidmət orqanlarında maarifçilik təsisatlarının
əsasını qoyan, gənc nəsli milli maraqlar ruhunda tərbiyə
edən ümummilli liderimiz Heydər Əliyevin adının
bu Akademiyada Prezident İlham Əliyevin 2005-ci ildə
imzaladığı fərmanla əbədiləşdirilməsi
hamıda fərəh hissi doğurur və ümummilli liderin
öz halal haqqı kimi dəyərləndirilir.
İstər təhsil prosesində, istər
Akademiyada ideya-tərbiyəvi işin təşkilində, istərsə
də məktəbdənkənar dərslərdə şəxsi
heyətə çatdırılır ki, Azərbaycanda Heydər
Əliyevin səyi nəticəsində hərbi məktəblər
Cəmşid Naxçıvanskidən MTN Akademiyasına qədər
yol gəldi. Əsası sovetlər dönəmində qoyulan
və tədricən inkişaf etdirilən bu maarif ocaqları
ilə müstəqil Azərbaycanda milli hərbi məktəblərin,
hərbi akademiyaların əsası qoyuldu ki, bunun da banisi Heydər
Əliyevdir.
Biz hərbçilər üçün Heydər
Əliyev yalnız siyasətçi deyil, həm də Ali
Baş Komandan idi. Ali Baş Komandanın adını
daşıyan bir Akademiyada elə işləməli və fəaliyyət
istiqamətlərimizi elə qurmalıyıq ki,
yetişdirdiyimiz kadrlar ulu öndərdən bizə miras qalan
dövlətin, dövlətçiliyin, iqtisadiyyatın,
milli-mənəvi dəyərlərin, adət-ənənələrin,
yaddaş və təfəkkür suverenliyinin təhlükəsizliyinin
keşiyində sədaqətlə dayansınlar.
Bəxtiyar
SADIQOV:
- Xüsusi xidmət orqanı əməkdaşının
yüksək peşəkarlığı üçün
vacib tələblərdən biri də onun hüquqi sahədə
mükəmməl biliyə və müasir
dünyagörüşünə malik olmasıdır.
Demokratik və hüquqi dövlətdə
yaşadığımızdan bu məqamın əhəmiyyəti
daha da artır. Fərəhli haldır ki, Heydər Əliyev
adına MTN-nin Akademiyasında kursantlara hüquq fənləri
ən yüksək səviyyədə tədris olunur. Bu
mövzuda danışmaq üçün söz
Akademiyanın "Konstitusiya hüququ" kafedrasının rəisi,
polkovnik-leytenant Roza NƏBİYEVAya verilir.
Roza NƏBİYEVA:
- Milli Təhlükəsizlik Nazirliyinin ölkənin
aparıcı qurumlarından birinə çevrilməsi, təhlükəsizlik
siyasətinin hüquqi əsaslarının yaradılması
da əmək fəaliyyətinin 25 ilini təhlükəsizlik
orqanlarına həsr etmiş ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Onun yeritdiyi uzaqgörən və
müdrik siyasət nəticəsində ölkədə milli
təhlükəsizliyin təminatı prosesi artıq sistemli,
uzunmüddətli və fasiləsiz xarakter almağa
başladı.
1995-ci ilin 12 noyabrında Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanmış və ümumxalq səsverməsi
ilə qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyasında prioritetlərin və milli dəyərlərin
müəyyən edilməsi, insan və vətəndaş
hüquq və azadlıqlarının təminatının təsbiti
MTN-in fəaliyyətində əsaslı dönüş
nöqtəsi olmuşdur. Bütün bunlar orqanların fəaliyyətini
tənzimləyən normativ-hüquqi bazanın
inkişafına və təhlükəsizlik orqanlarında
işin forma və metodlarının təkmilləşdirilməsinə
təkan verməklə yanaşı, gənc müstəqil
respublikamızın dövlətçilik ənənələrinin
və dövlət strukturlarının təhlükəsizliyinə
təminat verdi.
Ümummilli lider Heydər Əliyevin həyata
keçirdiyi hüquq siyasəti onun layiqli
davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən ardıcıl və uğurla davam
etdirilir. 2004-cü ildən başlayaraq nazirliyin hüquqi bazasının
yaradılması istiqamətində yeni tədbirlər həyata
keçirildi. Buna misal olaraq "Milli Təhlükəsizlik
Nazirliyi haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında", "İxrac nəzarəti
haqqında", "Korrupsiyaya qarşı mübarizə
haqqında", "İnsan alverinə qarşı
mübarizə haqqında" və digər qanunları,
"Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyi haqqında Əsasnamə"ni təsdiq edən Azərbaycan
Respublikası Prezidentinin fərmanı, "Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyası"nı, "Milli təhlükəsizlik
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
üzrə Dövlət Proqramı"nı təsdiq edən
sərəncamları göstərmək olar.
Göstərilən qanunvericilikdə milli
maraqların və təhdidlərin anlayışı
verilmiş, təsnifatı aparılmış, milli təhlükəsizliyin
təminatı sahələri və sistemin əsas elementləri,
MTN-in fəaliyyətinin hüquqi çərçivəsi,
ölkənin milli təhlükəsizliyinin hərtərəfli
təmin olunması işində vəzifə və səlahiyyətləri
dəqiq müəyyənləşdirilmişdir.
Milli təhlükəsizliyin təmin edilməsində
milli maraqlara xidmət edən gənc kadrların yetişdirilməsi,
onların hazırlıq səviyyəsinin
artırılması Milli Təhlükəsizlik Nazirliyinin
qarşısında duran ən önəmli məsələlərdən
biridir. Ümummilli lider Heydər Əliyev 1998-ci ilin martın
28-də MTN-in əməkdaşları ilə
görüşündə bildirmişdir: "MTN üzərinə
düşən vəzifələri yerinə yetirmək
üçün öz peşəkarlıq fəaliyyətini,
təcrübəsini daha da artırmalıdır. Bilikli, gənc,
müasir tələblərə cavab verən kadrlar
hazırlanmalıdır... Güman edirəm ki, MTN-in
Akademiyası bu vəzifələrin yerinə yetirilməsi
üçün öz xidmətlərini göstərəcəkdir...Ancaq
sədaqətli, bilikli, peşəkar kadrlar
hazırlanmalıdır... Nazirliyin əməkdaşları
...Azərbaycanın Konstitusiyasına, qanunlarını
yaxşı bilməlidirlər. Konstitusiyanın və
qanunların həyata keçirilməsi MTN əməkdaşlarının
əsas vəzifəsidir".
Akademiyada yeni standartlara və tələblərə
uyğun olaraq hüquq nəzəriyyəsi, konstitusiya
hüququ, inzibati hüquq, beynəlxalq hüquq, cinayət
hüququ, cinayət prosesi, kriminalistika, insan hüquqları və
s. tədris olunur. Tədris olunan hüquq fənləri milli təhlükəsizlik
orqanlarının fəaliyyət istiqamətlərinə
uyğun aparılır.
Hüquq fənlərinin tədrisində məqsəd
kursantlara, dinləyicilərə zəruri hüquqi biliklər
verməklə yanaşı, dövlətin milli təhlükəsizliyinin
təmin edilməsi sahəsində qüvvədə olan
qanunvericiliyi, onun vəzifələri və prinsipləri,
normaların məzmunu haqqında dərin nəzəri bilikləri
mənimsətməkdən, eyni zamanda onlarda cinayətkarlıqla,
o cümlədən xarici dövlətlərin xüsusi xidmət
orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyəti ilə
mübarizə təcrübəsində hüquqi normaların
praktiki fəaliyyətdə düzgün tətbiq edilməsi
vərdişləri yaratmaqdan ibarətdir. Bununla yanaşı,
hüquq normalarının mükəmməl öyrənilməsi
milli təhlükəsizlik orqanlarının əməkdaşlarının
xidməti borcunun yerinə yetirilməsi zamanı
qanunçuluğa və hüquq qaydalarına riayət edilməsinə,
vətəndaşın hüquq və azadlıqlarının
təmin olunmasına xidmət edir.
Akademiyanın professor-müəllim heyətinin
qarşısında duran önəmli vəzifələrdən
biri də milli təhlükəsizliyin təminatı ilə
bağlı tədris-metodiki və elmi-tədqiqatların
aparılmasıdır. Bu vəzifəni yerinə yetirərkən
Akademiyada bütün ixtisaslar üzrə tədris
materialları, mühazirələr toplusu, proqramlar, metodiki
göstərişlər, elmi məqalələr, monoqrafiyalar,
dərsliklər, dərs vəsaitləri hazırlanır və
kursantların, dinləyicilərin tədris prosesində
geniş istifadə edilir.
Hüquq fənlərinin tədrisinin yüksək
səviyyədə təmin edilməsi üçün ən
müasir texniki avadanlıqla təchiz edilmiş siniflər və
kabinetlər, kompyuter otaqları, ümumi və xüsusi
kitabxana, kriminalistika sinfi, kriminalistik laboratoriya, kriminalistik
sınaq meydanı və s. kursantların, dinləyicilərin
sərəncamına verilib.
Akademiyanın professor-müəllim heyəti
milli öndərmizin milli təhlükəsizlik
orqanlarını peşəkar kadr potensialı ilə təmin
etmək tələblərini ləyaqətlə, böyük
məsuliyyət hissi ilə yerinə yetirir və ölkəmizin
inkişafı və qüdrətlənməsi naminə
bütün qüvvəsini, imkanını və
gücünü bundan sonra da səfərbər edəcəkdir.
Bəxtiyar
SADIQOV:
- Xüsusi xidmət orqanı əməkdaşlarının
peşə fəaliyyətlərini uğurla həyata keçirmələrində xarici
dilləri bilmələri mühüm rol oynayır. Tədris
prosesində bu məsələyə xüsusi qayğı
göstərilir. Akademiyada kursantlara xarici dillərin öyrədilməsi
sahəsində görülən işlərlə
bağlı danışmaq üçün söz "Xarici
dillər və ölkəşünaslıq"
kafedrasının rəisi, dosent, polkovnik Əşrəf
DADAŞOVa verilir.
Əşrəf
DADAŞOV:
- Müstəqil
respublikamızda Milli Təhlükəsizlik Nazirliyinin
Akademiyasının yaradılması bütün ölkənin
ictimai həyatında, o cümlədən hərbi vətənpərvərlik
tərbiyəsi işində çox əlamətdar hadisə
oldu. Azərbaycan
Respublikasının beynəlxalq əlaqələri günbəgün
genişlənir və möhkəmlənir. Deməli, əməkdaşlıq
etdiyimiz xarici dövlətlərlə vaxtaşırı
olaraq fikir mübadiləsi keçirmək, onların təcrübəsini
öyrənmək, həm də müstəqillik illərində
ölkəmizin qazandığı uğurlarla onları
tanış etmək və digər zərurətlər meydana
çıxır. Xalqımızın ümummilli lideri Heydər
Əliyev demişdir: "Xarici dil bilmək əlbəttə
ki, lazımdır, vacibdir. Mən bir daha arzu edirəm ki, vətəndaşlarımız
ingilis dilini də, rus dilini də, fransız dilini də, alman
dilini də, türk dilini də, ərəb dilini də, fars
dilini də, hətta çin dilini də bilsinlər". Bu
baxımdan MTN Akademiyası kursantlarının xarici dilləri
yüksək səviyyədə bilməsi onların hərb
elminə yiyələnmələri qədər zəruri
olduğunu desək, yəqin ki, yanılmarıq. Belə ki,
xarici dillərin tədrisi Vətənimiz üçün həm
də strateji əhəmiyyət kəsb edən dövlət
məsələsidir. Beynəlxalq səviyyədə siyasət
aparmaq, hər an ideoloji mübarizəyə hazır olmaq,
dövlətçiliyimizə ziyan vura biləcək hər
cür təxribatın və pozuculuq niyyətlərinin
qarşısını vaxtında ala bilmək
üçün xarici dilləri mükəmməl bilən
peşəkar kadrların hazırlanması çox vacibdir.
MTN-in Heydər Əliyev adına
Akademiyasının "Xarici dillər və ölkəşünaslıq"
kafedrasının fəaliyyətə başladığı
ilk gündən qarşıda duran əsas məsələ
kafedranın tədris bazasını yaratmaq, Akademiyada
"İngilis dili" fənninin tədrisinin məqsəd və
məzmununu müəyyən etmək, eyni zamanda, bu fənnin
tədrisi metodikasını həmin məqsəd və məzmuna
müvafiq olaraq işləyib hazırlamaqdan ibarət
olmuşdur. Aydın məsələdir ki, yüksək
ixtisaslı peşəkar kadrlar hazırlamaq üçün
ixtisaslaşdırılmış dərslik və dərs vəsaitlərinin
yazılması, müvafiq proqramların tərtib edilməsi
mühüm əhəmiyyət kəsb edir. Bu boşluğu
aradan qaldırmaq üçün təcili surətdə dərslik
və ya dərs vəsaiti hazırlamaq zərurəti meydana
çıxdı. Odur ki, çox qısa bir zamanda yalnız
MTN-nin Heydər Əliyev adına Akademiyası
üçün "İngilis dili" dərs vəsaitinin əvvəlcə
I hissəsi, az sonra isə bu vəsaitin II hissəsi də
yazıldı, Akademiyanın redaksiya-nəşriyyat
şöbəsində nəşr edilərək
kursantların istifadəsinə verildi. Bu gün artıq məmnuniyyət
hissi ilə qeyd edə bilərik ki, "İngilis dili" və
"Ölkəşünaslıq" fənlərinin tədrisi
hal-hazırda qüvvədə olan müvafiq tədris
proqramların tələbləri əsasında həyata
keçirilir.
Xarici dillərin tədrisi zamanı əyani vəsaitlərin,
texniki tədris vasitələrinin və onlardan metodik
baxımdan düzgün istifadə etməyin rolu şübhəsiz
ki, çox böyükdür. Mütəmadi olaraq,
kafedranın fonotekasının yaradılmasına və bu
fondun yeni materiallarla daha da zənginləşdirilməsinə
çalışmışıq. Artıq fonotekamıza
ingilis və Amerikan diktorları və dil mütəxəssisləri
tərəfindən audio, video lentlərə və disklərə
yazılmış xeyli yeni tədris materialı toplaya bilmişik
Bu sahədə işimiz davam etməkdədir. İndi
kursantlar müasir texniki avadanlıqlarla təchiz olunmuş
linqafon kabinetlərində həmin tədris materiallarından
istifadə edir, ingilis tələffüz və intonasiyanın,
eyni zamanda, şifahi nitqinin xüsusiyyətlərini müəllimin
köməyi ilə öyrənir, təhlil edir və əldə
etdikləri bilik və bacarıqları praktikaya tətbiq etməyə
çalışırlar. Bu işi metodik baxımdan daha
düzgün və səmərəli şəkildə qurmaq
məqsədilə kursantlar üçün oxu və tələffüz
qaydalarına aid məşq çalışmaları və
metodik göstərişlərdən ibarət əlavə dərs
vəsaiti yazılaraq kitabça şəklində çap
etdirilmişdir. Yeri gəlmişkən qeyd edək ki, tədris
zamanı əyanilik prinsipinə geniş yer ayrılmasına
xüsusi diqqət yetirilir. Bunun üçün Akademiyada
mükəmməl maddi-texniki baza və hər cür şərait
yaradılmışdır.
2007-ci ildə respublikamızda ilk dəfə
olaraq hərbi qulluqçular üçün
ixtisaslaşdırılmış ingilis dili dərsliyi üzərində
iş tamamlandı. Dərslik MTN-in Heydər Əliyev adına
Akademiyasının "Əməliyyat işçilərinin
hazırlanması" və "İnformasiya təhlükəsizliyi"
fakültələrində "İngilis dili" fənninin
tədrisi üçün yazılmış ilk dərslik
oldu.
Xarici dillər və ölkəşünaslıq
kafedrası ilk illərdə ingilis dilli kafedra kimi öz
işinə başlamış, lakin dünyada inteqrasiyanın
geniş vüsət aldığı dövrdə
günün tələblərindən çıxış
edərək, bəzi digər xarici dillərin də tədrisinə
ehtiyac yaranmışdı. Hazırda Akademiyada ingilis dili ilə
yanaşı, Avropa dillərindən rus, fransız və ispan
dilləri, Şərq dillərindən isə fars dili də tədris
olunur. Bu o deməkdir ki, Akademiyanı bitirən kursantlar minimum
iki xarici dildə sərbəst danışa biləcəklər.
Bizcə bu, hər bir əməliyyat işçisinin peşə
hazırlığı səviyyəsini müəyyən edən
əsas göstəricilərdən biri olmalıdır. Lakin təkçə
xarici dilləri bilmək kifayət etməz. Dövlətimizin
maraq dairəsində olan hər bir yaxın-uzaq ölkənin
dilini bilməklə yanaşı, onun yerləşdiyi
coğrafi məkanı, tarixi, iqtisadiyyatı, daxili və
xarici siyasəti, dini, incəsənəti, adət-ənənələri,
mənəvi-əxlaqi dəyərləri, beynəlxalq əlaqələri
və s. haqqında zəruri biliklərə malik olmaq, həmin
ölkələrin doğma respublikamızla olan əlaqələrinin
istiqamətlərini və inkişaf perspektivlərini də
bilmək vacibdir. Bu işdə "Ölkəşünaslıq"
fənninin əhəmiyyəti danılmazdır.
"Ölkəşünaslıq" kursunun əsas
məqsədi vətənimizin milli mənafeyi və təhlükəsizliyi
baxımından bizim üçün maraqlı olan ölkələrin,
həmçinin Azərbaycanla həmsərhəd olan dövlətlərin
bugünkü vəziyyəti haqqında biliklərin verilməsindən,
əldə edilmiş biliklərin gələcəkdə
ünsiyyətə tətbiq edilməsindən, ehtiyac olsa, gələcəkdə
həmin biliklərdən peşə fəaliyyəti
zamanı istifadə edilməsindən ibarətdir.
Yuxarıda göstərilənləri
özündə əks etdirən "Ölkəşünaslıq"
fənni üzrə dərs vəsaiti də tərəfimizdən
hazırlanaraq kursantların istifadəsinə verildi. Qeyd etmək
istərdik ki, Akademiyada tədris olunan ikinci xarici dillərdən
fars, fransız və ispan dillərindən də
ixtisaslaşdırılmış dərsliklər üzərində
işin cari tədris ilinin sonunadək tamamlanması
planlaşdırılmışdır.
Bəxtiyar
SADIQOV:
- Hüquq-mühafizə orqanlarının əməkdaşları
üçün vacib tələblərdən biri onların
fiziki hazırlığının yüksək səviyyədə
olmasıdır. Çünki bəzən ekstremal şəraitdə,
gecə-gündüz bilmədən vəzifə
borclarını yerinə yetirməli olurlar. Kursantların
fiziki hazırlığı ilə bağlı
danışmaq üçün söz Akademiyanın III fakültəsinin
dinləyicisi, leytenant İbrahim İBRAHİMOVa verilir.
İbrahim
İBRAHİMOV:
- Müstəqillik
əldə etdikdən sonra bir çox sahələrdə
olduğu kimi, idman sahəsində də yeni nailiyyətlər
əldə olundu. Belə uğurların əldə
olunmasına səbəb ümummilli lider Heydər Əliyevin
Azərbaycanın hər bir şəhər, qəsəbə
və rayonunda möhtəşəm idman
qurğularının tikilib istifadəyə verilməsinə,
onların maddi-texniki bazasının gücləndirilməsinə,
olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya, o
cümlədən zehni bacarıq, istedad tələb edən
idman növlərinin də inkişafına xüsusi diqqət
yetirməsi idi. Bütün bunlar ölkəmizdə bədən
tərbiyəsi və idmanın inkişafına və kütləviliyinə
geniş imkanlar yaratdı.
Yeri gəlmişkən qeyd etməliyəm ki,
Azərbaycanda Olimpiya Komitəsinin yaradılması və İlham
Əliyevin bu komitənin prezidenti seçilməsi
respublikanın idman həyatında yeni mərhələnin əsasını
qoydu. Məhz cənab İlham Əliyevin birbaşa rəhbərliyi
ilə ölkəmizdə olimpizmin inkişafına, öyrənilməsinə,
tətbiqinə xüsusi diqqət yetirildi. Bunun nəticəsində
Azərbaycan idmançılarının qələbə
sorağı dünyanın müxtəlif yerlərində
keçirilən ən möhtəşəm idman
yarışlarından gəldi.
Maraqlıdır ki, keçirilən idman
yarışlarında MTN-in əməkdaşları, o cümlədən
kursant və dinləyicilər də yaxından iştirak edir.
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə MTN-in əməkdaşları
ilə görüşündə deyirdi: "Ölkəmizin
vətəndaşlarının hamısı sağlam,
hamısı yaxşı fiziki hazırlıqlı olsun.
Xüsusilə dövlət işində, hərbi işdə,
təhlükəsizlik orqanlarında işləyənlər.
Siz fiziki cəhətdən nə qədər sağlam
olsanız, o qədər də yaxşı işləyəcəksiniz.
Təbii ki, həm fiziki hazırlığınız, həm
də ki, ümumi hazırlığınız
olmalıdır. Amma fiziki hazırlıq əsas şərtlərdən
biridir". Bu fikirləri əldə rəhbər tutan MTN-in
Heydər Əliyev adına Akademiyasının rəhbərliyi
hər il müxtəlif tədbirlər və konfranslarla
yanaşı, idman yarışları da keçirir. Akademiya rəhbərliyi
gənc nəslin vətənə, xalqa, dövlətə sədaqət
ruhunda formalaşmasında ulu öndərin, onun siyasi kursunun
layiqli davamçısı, möhtərəm Prezident
İlham Əliyevin siyasi fəaliyyətinin bu istiqamətlərinə
xüsusi önəm verir.
Məhz, bu diqqət sayəsində ulu öndərin
xatirəsinə həsr edilmiş istər Akademiyanın
daxilində keçirilən yarışlarda, istərsə də
respublika miqyaslı yarışlarda kursant və dinləyicilərimiz
daim mükafatçılar sırasında olmuşlar. 2011-ci
ilin iyulunda ilk dəfə olaraq Bolqarıstanın Sofiya şəhərində
keçirilən Avropa ölkələrinin ordu, polis, təhlükəsizlik
orqanlarının cui-cidsu və xüsusi özünü
müdafiə üzrə beynəlxalq yarışın
qızıl medalın sahibi və həmin ilin sentyabrında
İtaliyada keçirilən veteranlar arasında Avropa
oyunlarının yüngül atletika üzrə
gümüş mükafatçısı da məhz MTN-in Heydər
Əliyev adına Akademiyasının əməkdaşları
olmuşdur. İdman təsnifat dərəcələrinin
ödənilməsi işi Akademiya rəhbərliyinin nəzarətindədir.
Belə ki, Akademiyanın əməkdaşlarından və
kursantlarından bir nəfər beynəlxalq dərəcəli,
2 nəfəri respublika dərəcəli hakim, 4 nəfər
idman ustası, 3 nəfər idman ustalığına namizəd,
4 nəfəri birinci dərəcə, 20 nəfəri ikinci dərəcə,
35 nəfəri üçüncü dərəcəli təsnifat
normalarını ödəmişlər.
MTN-in Heydər Əliyev adına
Akademiyasının ərazisində müasir standartlara cavab
verən idman sağlamlıq mərkəzi də fəaliyyət
göstərir. MTN-in Heydər Əliyev adına
Akademiyasında fiziki işlər üzrə görülən
bütün bu təqdirəlayiq işlər bizi gələcəkdə
əməliyyat-xidməti fəaliyyətində uzunmüddətli
fiziki və psixoloji gərginliyə tab gətirməyə, eləcə
də döyüş və xüsusi
tapşırıqların yerinə yetirilməsi zamanı qətiyyətlə
hərəkət etməyə sövq edir.
Bəxtiyar
SADIQOV:
- Çıxışlardan da aydın oldu ki,
MTN-in Heydər Əliyev adına Akademiyasında kursantların
peşəkar kadr kimi yetişmələri üçün zəruri
şərait yaradılmışdır. Belə bir spesifik tədris
mərkəzinin təşkili ulu öndər Heydər Əliyevin
ölkəmizin təhlükəsizlik xidməti
orqanlarının formalaşdırılması istiqamətində
ən böyük xidmətlərindən biridir.
Çıxış üçün söz I fakültənin
5-ci kursunun kursantı, Heydər Əliyev təqaüdçüsü
Vüsal MƏMMƏDOVa verilir.
Vüsal
MƏMMƏDOV:
- MTN-in Heydər Əliyev adına
Akademiyasında kursant və dinləyicilər
üçün yaradılmış nümunəvi şərait
dərin və hərtərəfli biliklər qazanmaq, geniş
dünyagörüşlü milli kadrlar kimi yetişməyə
imkan verir. Geniş və işıqlı, hər cür
texniki və əyani vəsaitlərlə təmin olunmuş
auditoriyalar, fənn kabinetləri, xüsusi və ümumi
kitabxanalar, İdman və Sağlamlıq Mərkəzi,
müasir tələblərə cavab verən yataqxanalar,
istirahət otaqları, yeməkxanalar, klub bizim istifadəmizdədir.
Akademiyada keçən günlər çox mənalı,
maraqlıdır. Günün rejim qaydaları elə
qurulmuşdur ki, dərs və praktiki məşğələlərdən
sonra idman tədbirləri, zabit və müəllim heyəti
ilə müxtəlif mövzularda aparılan elmi-polemik
söhbətlər və fikir mübadilələri, mətbuat
səhifələri ilə tanışlıq, filmlərin
nümayişi, muzey və teatr tamaşalarına mütəmadi
baxışlar asudə vaxtımızın səmərəli
təşkil olunmasına xidmət edir.
Tədris müəssisəsinin pedaqoji kollektivi
- professor-müəllim heyəti öz bilik və
bacarıqlarını bizdən əsirgəmirlər. Müəllimlərimizin
bizə aşıladıqları biliklər sayəsində
hüquq, ictimai-siyasi elmlərin və xüsusi fənlərin
sirlərinə dərindən yiyələnmişik. MTN rəhbərliyi
də çıxışlarında Akademiyanı bitirmiş
məzunların intellekt səviyyələrinin yüksək
olmalarından razı qaldığını bildirmişdir.
Bütün bunlara, yəni bizə
yaradılmış ideal şəraitə görə diqqət
və qayğısını heç vaxt Akademiyadan əsirgəməyən
Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə dərin
minnətdarlığımızı bildirir və
Akademiynın pedaqoji heyətinə çox sağ olun deyirik.
Akademiyada yadarılmış sağlam mühitə
görə biz daha çox ümummilli lider Heydər Əliyevə
borcluyuq. Ona görə ki, əgər o, bu Akademiyanı təsis
etməsəydi, indi uğurlardan da danışa bilməzdik.
Sadalanan müsbət hallar məhz ulu öndərimizin sayəsində
mümkün olmuşdur. Biz gənclər inanırıq ki,
ümummilli lider Heydər Əliyev irsindən faydalanan, bu irsə
sədaqət nümayiş etdirən Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev
tərəfindən müstəqilliyimiz daim möhkəmləndiriləcək
və dönməz olacaqdır. Nailiyyətlərimiz isə
günü-gündən artır və bu, müstəqilliyimizin
möhkəmləndirilməsi və dönməzliyinə zəmin
yaradır.
Bəxtiyar
SADIQOV:
- Hörmətli "dəyirmi masa"
iştirakçıları!
Bu gün Azərbaycan
dinamik inkişaf edir. Son illərdə reallaşan iri enerji
layihələri dövlətimizin və xalqımızın
milli maraqlarına xidmət edir. Bununla belə ölkəmizin
inkişafı, neft-qaz kəmərlərinin işə
düşməsi, Xəzərdə yeni qaz yataqlarının
kəşfi təhlükəsizlik məsələlərini
müasir dövrdə ölkəmiz üçün daha da
aktual edir. Elə buna görə təsadüfi deyil ki,
Prezident İlham Əliyevin fəaliyyətində dövlətimizin
milli maraqlarına cavab verən təhlükəsizlik siyasətinin
həyata keçirilməsi xüsusi yer tutur.
Qeyd edilənlərlə
yanaşı, Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasətini dayandırmaması,
etnik separatizmi dəstəkləməsi, işğal
olunmuş Azərbaycan torpaqlarında terrorçuların
hazırlanması və digər çirkin işlərin həyata
keçirilməsi nəinki ölkəmizin,
bütövlüklə bölgənin təhlükəsizliyinə
birbaşa təhdiddir. Bu baxımdan dövlətimizin və
xalqımızın firavanlığının, təhlükəsizliyinin
təmin edilməsi üçün milli təhlükəsizlik
orqanlarının üzərinə daha böyük vəzifələr
düşür. İnanırıq ki, ölkəmizdə həyata
keçirilən milli təhlükəsizlik siyasətinin əsas
daşıyıcılarından və aparıcı qüvvəsi
olan MTN bundan sonra da özünün başlıca vəzifələri
olan milli maraqlarımızın etibarlı qorunması və təhlükəsizliyimizin
hərtərəfli təmin edilməsi sahəsində əzmkar
fəaliyyətini uğurla davam etdirəcəkdir.
Mən bir
daha sizi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü münasibətilə təbrik edir və
fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan.- 2011.-16 oktyabr.- S. 6, 7.