Narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə
üzrə Beynəlxalq konfransın
iştirakçılarına
Hörmətli konfrans iştirakçıları!
XXI əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır və terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
Müasir dünya hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından dərin narahatlıq hissi keçirir. Azərbaycan da artıq 20 ildir ki, belə bir problemlə üzləşmişdir. Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə şərait yaradır.
Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Bu sahədə həyata keçirilən dövlət proqramları çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmiş, Azərbaycan müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulmuşdur.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlıqda belə bir konfransın Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq tərəfdaş kimi etibarlılığını göstərir. Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin Bakıda açılması mühüm hadisə olmaqla yanaşı, bizim üçün önəmli bir tarixə, müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf edir.
Əminəm ki, konfransda hamımızı narahat edən məsələlərin müzakirəsi iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq imkanı verəcək, əməkdaşlığımızı daha da möhkəmləndirəcək və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə işinə öz töhfəsini verəcəkdir.
Konfransın iştirakçılarına uğurlar diləyir və ən xoş arzularımı bildirirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 3.