Bakıda «Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə» mövzusunda beynəlxalq konfrans işə başlamışdır

 

 Oktyabrın 17-də Bakıda "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlamışdır.

Konfransın açılışında Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin tədbir iştirakçılarına məktubunu oxumuşdur.

AzərTAc xəbər verir ki, Dünya Gömrük Təşkilatının (DGT) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı, BMT-nin dəstəyi ilə keçirilən konfransda dünyanın 42 ölkəsinin müvafiq qurumlarının, 7 beynəlxalq təşkilatın 87-dən çox  nümayəndəsi iştirak edir.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirmişdir ki, müstəqilliyin bərpasından ötən 20 ildə Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə həmişə diqqət mərkəzində olmuşdur.

Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycanda narkotiklərlə mübarizə sahəsində təkmilləşdirilmiş normativ hüquqi baza mövcuddur. Ölkəmiz BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar baza konvensiyalarına qoşulmuş, bu sahədə məsələləri tənzimləyən çoxsaylı milli qanunvericilik aktları qəbul olunmuşdur. Azərbaycan narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri davamlı olaraq sistemli şəkildə həyata keçirməyə çalışır.

Baş nazirin müavini vurğulamışdır ki, Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında Azərbaycanın işğal altındakı ərazilərindən tranzit kimi istifadə olunur. Təəssüf ki, bu barədə beynəlxalq tədbirlərdə məsələ qaldırılsa da, nəticə yoxdur.

Baş nazirin müavini Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıqdan da danışmışdır.

Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bildirmişdir ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə beynəlxalq əməkdaşlıq səviyyəsində aparılır. Azərbaycanın bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Belə ki, ölkədə müasir texnologiya və narkotiklərə qarşı təlim görmüş itlər vasitəsilə bu sahədə mühüm nailiyyətlər qazanılmışdır.

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuri Fedotov məlumat vermişdir ki, 2011-ci ildə becərilən opium sahələri 123 min hektardan 131 min hektara qədər artmışdır. Azərbaycanın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni dövlət səviyyəsinə qaldırmasını təqdirəlayiq hal hesab edən natiq respublikanın BMT-nin müvafiq qurumları ilə əməkdaşlığını da yüksək qiymətləndirmişdir.

Konfransda narkotik vasitələrlə bağlı cari vəziyyət və bunun regiona təsiri, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunmuşdur. Eyni zamanda BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin, Dünya Gömrük Təşkilatının 2010-cu il üçün illik hesabatları dinlənilmişdir.

Konfrans çərçivəsində yazıçı Natiq Rəsulzadənin "Ruhlar arasında" adlı kitabının təqdimatı olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 4.