«Müasir Azərbaycan – 20» mövzusunda məqalə-yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

 Oktyabrın 17-də ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə gənclər arasında "Müasir Azərbaycan - 20" mövzusunda keçirilmiş məqalə-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, YAP-ın mərkəzi qərargahında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək müsabiqənin nəticələri barədə məlumat vermişdir. Bildirmişdir ki, YAP Prezident İlham Əliyevin tövsiyələrinə və gənclərlə bağlı həyata keçirdiyi siyasətə uyğun olaraq bir çox layihələr reallaşdırır. Bu layihələr gənclərin ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakına şərait yaradır. YAP gənclərə böyük önəm verir, onların problemləri ilə yaxından maraqlanır. Buna görə də partiyanın sıralarında gənclərin sayı durmadan artmaqdadır. Onlar partiyanın gələcək qələbələrinə zəmin yaradan güclü faktor kimi fəaliyyət göstərirlər.

Ə.Əhmədov qeyd etmişdir ki, müsabiqənin məqsədi gənclərin potensialını üzə çıxarmaq, 20 illik müstəqillik yolu ilə bağlı onların düşüncəsini ortaya qoymaqdır. Bu müsabiqə qarşısında qoyduğu məqsədə nail olmuşdur.

Müsabiqəyə təqdim edilmiş 100 məqalədən 63-ü seçilərək  "Səs", "Yeni Azərbaycan" və "İki sahil" qəzetlərində dərc olunmuşdur. Beş məqalə müsabiqənin qalibi elan edilmişdir.

Müsabiqənin münsiflər heyətinin sədri, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı vurğulamışdır ki, məqalələrdə Azərbaycanın 20 illik müstəqillik tarixinə nəzər salınmış, ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətləri geniş şəkildə təhlil olunmuşdur.

Sonra müsabiqənin qaliblərinə pul mükafatları təqdim edilmişdir.

Qaliblər gənclərin yaradıcılıqlarının inkişafına xidmət edən bu cür müsabiqələrin təşkilinə görə YAP rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatları, bir sıra  KİV-lərin rəhbərləri, YAP Gənclər Birliyinin üzvləri və s. iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 4.