Azərbaycan ilə Küveyt arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial vardır

 

 Oktyabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Vəlid Musaid Əl-Tabtabayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan-Küveyt münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanan görüşdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilmişdir.

Görüşdə parlamentlərarası əlaqələrin və parlament diplomatiyasının əhəmiyyəti də vurğulanmışdır. E.Məmmədyarov parlament üzvlərinin birbaşa əlaqələrinin ölkələrimiz arasındakı siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına təkan verəcəyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə Küveyt nümayəndə heyətini məlumatlandıran E.Məmmədyarov  Küveytin bu məsələdə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-  18 oktyabr.- S. 4.