Bakıda Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi açılmışdır

 

Oktyabrın 17-də Bakıda Dünya Gömrük Təşkilatının (DGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin açılışı olmuşdur. Ofisin açılışında 47 ölkənin gömrük komitələrinin rəhbərləri, o cümlədən DGT-nin baş katibi Kunio Mikuriya iştirak etmişlər.

Açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirmişdir ki, 4 il əvvəl yaranması razılaşdırılan mərkəzin məkanı uzun müddət davam edən danışıqlar nəticəsində müəyyənləşdirilmişdir. Onun yaradılmasında əsas məqsəd region ölkələrinin gömrük xidmətlərinin fəaliyyəti sahəsində informasiya mübadiləsini təmin etməkdir.

Açılış mərasimindən sonra jurnalistlərə verdiyi açıqlamasında A.Əliyev demişdir ki, regional ofisin Azərbaycanda yaradılmasına 175 ölkə səs vermişdir. Komitə sədri onu da qeyd etmişdir ki, 51 ölkənin gömrük xidmətini əhatə edəcək ofisdə yerlixarici mütəxəssislər çalışacaqdır.

Tədbirdə DGT-nin Avropa regional ofisinin Bakıda yaradılmasında fəal iştirakına və Azərbaycan gömrük sisteminin inkişafına verdiyi dəstəyə görə 4 nəfər, o cümlədən qurumun baş katibi Kunio Mikuriya DGK-nın xüsusi nişanı ilə təltif olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 4.