Vaşinqtonda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
və onun nizamlanması imkanları
müzakirə olunmuşdur
Vaşinqtonda "Çıxılmaz vəziyyətdən çıxış yolları: Dağlıq Qarabağ sülh prosesində çıxılmaz vəziyyətin qiymətləndirilməsi" mövzusunda simpozium keçirilmişdir.
AzərTAc xəbər verir ki, simpoziumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Xarici İşlər Nazirliyi və Diplomatik Akademiyanın əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.
Corc Meyson Universitetinin Münaqişələrin Təhlili və Həlli İnstitutunda təşkil edilmiş simpoziumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması imkanları müzakirə olunmuşdur.
Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilmiş simpoziuma həmsədrlik edən Corc Meyson Universitetinin əməkdaşı Syuzan Allen Nan sülh prosesində vətəndaş cəmiyyətinin rolunun vacibliyini vurğulamışdır.
Münaqişə tərəflərini keçmişi geridə qoyub irəliyə baxmağa çağıran Beynəlxalq Sülh Naminə Karnegi Fondunun analitiki Tomas de Vaal bildirmişdir ki, bu məsələ yalnız sülh yolu ilə həll olunmalıdır.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva isə demişdir: "Fakt odur ki, Dağlıq Qarabağdan olan azərbaycanlılar sülh prosesindən ayrı düşmüş və öz evlərindən uzaqda çətin şəraitdə yaşayırlar".
Münaqişələrin
Transformasiyası Mərkəzinin nümayəndəsi Arzu Qeybullayeva sosial şəbəkələrin Azərbaycan
və Ermənistan gəncləri arasında neytral
zona rolunu
oynadığını qeyd edərək
vurğulamışdır ki, virtual məkanda tərəflər arasında dialoq qurmağın asanlığı sülh prosesinə yardımçı olur.
Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 4.