İKT sektoru davamlı inkişaf yolundadır

 

XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait  nəticəsində SSRİ-nin tərkibində olan respublikalarda öz suverenliklərinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə bir tarixi şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Bununla da Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə parlaq qələbə qazanaraq müstəqillik bayrağını qaldırdı.

Azərbaycan xalqının çoxəsrlik tarixində uğurları, nailiyyətləri çox olub. Ancaq ən böyük nailiyyəti dövlət müstəqilliyinin əldə olunmasıdır. Xalqın qanı bahasına başa gəlmiş bu uğur əbədi olaraq yaddaşlara həkk olundu. Çünki Azərbaycan dünya birliyinə müstəqil dövlət kimi daxil oldu. Lakin qarşıda çox mühüm bir vəzifə dururdu. Azərbaycan xalqı bu müstəqilliyi qoruyub saxlamalı, milli azadlığını əbədi, daimi etməli idi. Çox çətin, lakin şərəfli bir vəzifə idi. Bu çətin imtahandan alnıaçıq, üzüağ çıxmaq üçün xalqı öz arxasınca apara biləcək liderə böyük ehtiyac yaranmışdı. Belə bir şəxsiyyət məhz ümummilli lider Heydər Əliyev idi. Ona görə də xalq böyük ümid və inamla ulu öndərə üz tutdu və onu təkidlə müstəqil Azərbaycana rəhbərliyə dəvət etdi.

1993-cü ilin iyun ayında xalqın və həmin  vaxt hakimiyyətdə olanların bir çoxlarının inadlı təkidindən sonra yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəni düşdüyü ağır böhrandan çıxarmaq üçün planlaşdırdığı təxirəsalınmaz tədbirlər sırasında Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq əsas hədəf kimi seçilmişdi.

Hakimiyyətə qayıdışından sonra ümummilli liderin "mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram" sözləri tam mənada reallığa çevrildi. Onun fədakar əməyi, müdrik siyasəti, zəngin həyat təcrübəsi nəticəsində Azərbaycanda özbaşınalıqlara son qoyularaq daxili siyasi sabitlik təmin edildi, dövlətimizin parçalanmasının qarşısı alındı, Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olundu. Bundan sonra Azərbaycan dövlətində anarxiya, siyasi hərc-mərclik dövrü başa çatdı, daxili siyasi sabitliyin təmin edilməsi ilə yeni, demokratiyanın inkişafı, dövlətçilik siyasətinin güclənməsi, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması dövrünə qədəm qoyuldu. Azərbaycan vətəndaşları sabit şəraitdə öz gələcək vəziyyətlərini müəyyənləşdirmək üçün imkanlar əldə etdilər.

Ölkəmizdə bir çox sahələr kimi,  rabitə sektorunun inkişaf strategiyası da ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanın inkişaf perspektivlərinin respublikanın sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyev artıq ötən əsrin 70-ci illərində bu sahəyə diqqət yetirmiş və İKT sektorunun bugünkü inkişafının təməlini qoymuşdur.  130 illik tarixi inkişaf yolu keçən ölkə rabitəsi son illərdə sürətlə inkişaf edərək bütün sahələrdə, eləcə də insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir.

 Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edilmişdir. 1970-1980-ci illərdə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirildi, elektron avadanlıq istehsal edən zavodlar tikildi. Kosmik Tədqiqatlar Mərkəzi, "Neftqazavtomatika" və s. kimi elmi-tədqiqat müəssisələri yaradıldı. Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - "BESM-6" gətirildi. Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU - "Azərbaycan",  respublika kompyuter şəbəkəsi,  bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı. "AZON", "NORD" elm-istehsalat birlikləri, Radiozavod, Elektron Hesablama Maşınları Zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi.

Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin geniş inkişafı ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə vüsət aldı. Bu gün regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün böyük imkanlara malikdir. Müstəqilliyin ilk illərində ölkəmizin düçar olduğu gərgin vəziyyətdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev, hətta ağır şəraitdə belə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirməyə imkan tapır və bu sahədə inkişafa nail olmaq üçün daim səylər göstərirdi. 1993-cü ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışına nail oldu. Onun bu tədbiri nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu.

Bu fəaliyyətin məntiqi nəticəsi olaraq ölkəmiz bir çox beynəlxalq təşkilatlara, o cümlədən 1992-ci və 1993-cü illərdə Beynəlxalq Telekommunikasiya İttifaqına və Ümumdünya Poçt İttifaqına üzv olmuşdur.

1994-cü ildə "Bakcell", 1996-cı ildə "Azərcell" birgə müəssisələri yaradıldı və bununla da Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyuldu. 2007-ci ildən Azərbaycanda GSM standartında üçüncü mobil operator -  "Azərfon" MMC fəaliyyət göstərməkdədir. Hazırda simsiz  rabitə dinamik inkişaf edir və "3G", "WiMax" kimi mütərəqqi texnologiyaların tətbiqi genişlənir. Qısa haşiyə çıxaraq qeyd edim ki, 2009-cu ildə mobil şəbəkədə "Azərfon" MMC tərəfindən ilk dəfə olaraq "3G" xidmətlərinin tətbiqinə başlanılmışdır. Ölkədə "3G" xidmətinin tətbiqi təkcə görüntülü danışığı yox, radio-televiziya yayımları üçün yeni mühit, online video, müşahidələr və s. yeni xidmətlərin göstərilməsini təmin etmişdir.

 İndi ölkədə 9 629 000 mobil abunəçi vardır ki, bu da əhalinin hər 100 nəfərinə 105 mobil abunəçinin düşməsi deməkdir və müvafiq ümumdünya orta göstəricisindən təxminən 30 faiz yüksək olmaqla inkişaf etmiş ölkələr səviyyəsindədir.

1996-cı ildən başlayaraq "AzEvroTel" və "Ultel" birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başladı. 1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı oldu. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu.

Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd oldu. Cənubi Qafqazda ilk olaraq qəbul edilmiş bu sənəd Azərbaycanın İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etdi.

2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı.

Hazırda Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, tərəqqi və çiçəklənmə dövrünü yaşayır.  Azərbaycan beynəlxalq aləmdə neft ölkəsi kimi tanınsa da, aparılan  dövlət siyasəti və iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru da inkişaf etdirilməkdədir. Azərbaycanda gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Bu siyasətin tərkib hissəsi kimi, son illər Azərbaycanda rabitə  və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət almışdır.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin ilk xarici səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu. Sammitdə "Qara qızılı insan qızılına çevirək" tezisini səsləndirməklə cənab İlham Əliyev ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu dünyaya bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlanğıc verdi. Bu, regionda ilk olaraq Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinə başlandığını bəyan edən, yaxın on il üçün Milli Strategiyada müəyyənləşdirilmiş strateji xəttin icrasının həyata keçirilməsinə yönələn İlham Əliyev siyasətinin ilk təzahürü oldu. Bunun ardınca dövlət başçısı Milli Strategiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı (Elektron Azərbaycan)" təsdiq etdi.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sahə üzrə məsul dövlət qurumu və Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də  sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etdi.

Ümummilli liderin imzaladığı Milli Strategiya ilə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsini davam etdirmək məqsədilə 2010-2012-ci illər üçün ikinci "Elektron Azərbaycan" Dövlət Proqramı təsdiq edildi və bu, İKT-nin inkişafı və geniş tətbiqi istiqamətində uğurlu addım oldu. Hazırda "Elektron Azərbaycan" Dövlət Proqramı ilə yanaşı, İKT-nin müxtəlif sahələrdə geniş istifadəsini nəzərdə tutan 20-yə yaxın Dövlət Proqramı uğurla həyata keçirilməkdədir.

İKT sahəsinin hüquqi baxımdan modernləşdirilməsi istiqamətində davamlı islahatlar həyata keçirilmiş və dünya standartlarına cavab verən güclü qanunvericilik bazası formalaşdırılmışdır. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haqqında", "Poçt haqqında",  "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, onlardan irəli gələn bir çox qaydalar və digər normativ sənədlər hazırlanaraq təsdiq edilmişdir.

Həyata keçirilən işlərin vacib tərkib hissəsi kimi,  yuxarıda qeyd olunan dövlət proqramlarına, həmçinin "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı"na əsasən, dövlət orqanlarının informasiyalaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş, o cümlədən geniş elektron hökumət layihələri həyata keçirilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, bu yaxınlarda RİTN tərəfindən elektron imzanın istifadəsi üçün Milli Sertifikat Xidmətləri Mərkəzi istismara verilmiş və ölkədə elektron imzanın tətbiqinə başlanılmışdır.

Bu gün təhsil, səhiyyə, ədliyyə, daxili işlər, gömrük, vergilər, sosial müdafiə və digər sahələrdə tətbiq edilən informasiya sistemləri, reyestrlər və s. informasiya resursları dövlət orqanlarının vətəndaş və təşkilatlarla münasibətlərini sadələşdirmiş, onlara müasir xidmətlərin göstərilməsinə şərait yaratmışdır.  "Elektron hökumət"in mühüm tərkib hissəsi olan "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri"nin formalaşdırılması, elektron bəyannamələrin, elektron hesab fakturaların, ali təhsil məktəblərinə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu, statistik məlumatların elektron formada təqdim olunması  və s. deyilənlərə əyani misaldır. Artıq Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və bəzi digər qurumlar mərkəzlə bölgələrdəki struktur bölmələri arasında informasiya mübadiləsi şəbəkələrinə malikdirlər. Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara "elektron sağlamlıq kartları" verilir, müxtəlif xəstəliklər üzrə tibbi elektron reyestrlər yaradılır. Dövlət Sosial Müdafiə Fondu sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində müasir İKT həllərini müvəffəqiyyətlə tətbiq edir. Təqdirəlayiqdir ki, ölkəmiz seçki prosesini internet vasitəsilə birbaşa yayımlayan ilk ölkələrdən biridir.

Xüsusilə təhsil sistemində İKT infrastrukturunun və təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının inkişaf etdirilməsi prioritet məsələyə çevrilmişdir. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nın (2005-2007-ci illər)" həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərində 40000 ədədə yaxın kompyuter və şəbəkə avadanlıqları quraşdırılmışdır. Əgər 2004-cü ildə 1062 şagirdə 1 kompyuter düşürdüsə, hazırda hər 20 şagirdə 1 kompyuter nisbəti təmin edilmişdir. Sevindirici haldır ki, Azərbaycanda elektron avadanlıqların istehsalı ilə məşğul olan yerli "Kür" MMC şirkəti bu işlərdə fəal iştirak etmişdir. Bu sahədə mühüm addımlardan biri kimi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın qəbulunu qeyd etmək lazımdır.  Bu proqram çərçivəsində Azərbaycan Təhsil Şəbəkəsi - AZEDUNET yaradılmışdır və hazırda 1100 ümumtəhsil müəssisəsi bu şəbəkə vasitəsilə yüksəksürətli internetlə təmin olunmuşdur. Təhsil sektorunun müasir texnoloji standartlara cavab verən İnformasiya və Resurs Mərkəzi  formalaşdırılmışdır və 30-a yaxın təhsil müəssisəsində elektron təhsil texnologiyalarının istifadəsini nəzərdə tutan "Elektron məktəb" layihəsi uğurla həyata keçirilməkdədir.

Ölkə başçısının "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması prosesinin daha geniş vüsət almasına  təkan vermişdir. Bu fərman İKT-nin ən yeni nailiyyətlərinin tətbiqi ilə vətəndaş - dövlət münasibətlərinin yeni müstəvidə qurulmasında, şəffaflığın təmin olunmasında, korrupsiya və bürokratik əngəllərin aradan qaldırılmasında  mühüm rol oynayır.  

İKT sahəsində milli kadrların hazırlanması məsələsi daim diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə görülən işlərin səmərəliliyini artırmaq üçün RİTN-də "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" yaradılmışdır. Fond tərəfindən dünyanın nüfuzlu informasiya texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanmış və  "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq, xaricdə təhsil almaq üçün 150-dən çox tələbəyə dəstək verilmişdir. 

Dövlət siyasətinin tərkib hissəsi kimi artıq İKT sahəsində genişmiqyaslı beynəlxalq münasibətlər qurulur, ölkəmizin yüksək texnologiyalar sektorunun imkanları və perspektivləri nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliğ edilir. Qısa müddət ərzində respublikamızda bir çox tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılmış, milli şirkətlər region bazarında özlərini tanıda bilmişlər.

Ölkədə özəl İKT sektorunun inkişafının dəstəklənməsi istiqamətində yürüdülən siyasət nəticəsində bu sektora yeni sabit və mobil şəbəkə operatorları, İKT məhsulları istehsalçıları və yayım şirkətləri daxil olmuş, inkişaf üçün sağlam rəqabət mühiti yaradılmışdır. Bunun təzahürüdür ki, 1991-2011-ci illərdə İKT bazarında özəl sektorun xüsusi çəkisi 80 faizə çatmışdır .

Ümumilikdə telekommunikasiya infrastrukturu üzrə bir sıra mühüm  nailiyyətlər əldə olunmuşdur. İnkişaf dinamikası göstərir ki, 1991-2011-ci illər ərzində İKT sektorunun gəlirlərinin həcmi  140 dəfədən çox  artmış, sektora  1,8 milyard  ABŞ  dollarına yaxın investisiya  qoyulmuşdur.

2004-2010-cu illərdə sektorda orta illik artım tempi 30-32 faiz təşkil etmişdir. Bu illər ərzində informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə genişlənmiş və məhsul ixracı isə 5 dəfə artmışdır. 

2005-ci ildə ölkənin telefon şəbəkəsinin elektronlaşmasına başlanılması və 2010-cu ilin sonu elektronlaşmanın tam başa çatdırılması müstəqillik dövründə həyata keçirilən mühüm tədbirlərdəndir. Qeyd olunan vaxtda həyata keçirilən önəmli işlərdən biri də 2008-ci ilin sonuna ölkənin bütün yaşayış məntəqələrinin tam   telefonlaşdırılmasının başa çatdırılması oldu.

 Həyata keçirilən tədbirlər çərçivəsində  hazırda Azərbaycan əhalisinin 55-60 faizi internet istifadəçisidir. İnternet istifadəçilərinin təxminən yarısı isə genişzolaqlı internet xidmətlərindən istifadə edir. Bu, ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.

Ölkənin bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələr qurulmuşdur.  Bunlara misal olaraq, "AzDataCom",  "Deltatelekom" "Azərtelekom" və s. göstərmək olar. Beynəlxalq internet kanallarının ümumi tutumunun 40Gb saniyə çatdırılması ölkədə internetin inkişaf konsepsiyası çərçivəsində həyata keçirilən işlərin tərkib hissəsi idi.   Sevindirici haldır ki, həyata keçirilən tədbirlər sayəsində bu gün Azərbaycan İran və Gürcüstan kimi ölkələrə internet xidmətləri ixrac edir.

Ölkədə 1999-cu ildə Milli Poçt operatoru kimi "Azərpoçt" DM yaradılması poçt sektorunun inkişafına rəvac verdi. 1995-2010-cu illərdə poçt sektorunun illik gəlirləri 17 dəfə artdı.

Bu gün müəssisənin fəaliyyət dairəsi daha da genişlənib. İndi "Azərpoçt" ənənəvi xidmətlərlə yanaşı,  bank maliyyə xidmətləri də göstərir. Məlumat üçün qeyd edim ki, Dünya Bankının maliyyə dəstəyi ilə 2005-ci ildə "Maliyyə xidmətlərinin inkişafı" layihəsi həyata keçirilməyə başlanılmış, 2010-cu ilin sonunda layihə uğurla başa çatdırılmışdır. Artıq  bütün poçt şöbələri tərəfindən poçt-maliyyə xidmətləri göstərilir və "Azərpoçt" MMC bank sektorunun əsas iştirakçılarından birinə çevrilmişdir.

Son illər informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə İKT infrastrukturuna və xidmətlərinə çıxışının təmin olunması, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, elektron hökumətin formalaşdırılması qarşıda duran prioritet vəzifələrdir və onların həlli üçün məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Ölkədə informasiya texnologiyaları məhsulları istehsalının və ixrac potensialının  artırılması və bu sahədə sahibkarlığın inkişafının sürətləndirilməsi, yeni texnologiyaların tətbiqi və xarici investisiyaların cəlb olunmasının təşviqi, informasiya- kommunikasiya texnologiyaları sahəsində dinamik və sürətli inkişafın təmin edilməsi məqsədilə kompleks tədbirlərin yerinə yetirilməsi üzrə təkliflər paketi hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunmuşdur. Hazırda buna müvafiq icra hakimiyyəti strukturlarında baxılır. Təkliflər paketində İKT sahəsi üzrə ixtisaslaşmış investisiya fondunun yaradılması, vergi-gömrük güzəştlərinin tətbiqi və bir sıra digər mühüm tədbirlər nəzərdə tutulmuşdur.

Ölkəmizdə yüksək texnolojitutumlu və rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcəkdir. Bunun üçün  bir neçə perspektiv layihələr üzrə iş görülür. Onların sırasında olan milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region dövlətlərinə xidmətlər göstərməyə imkan verərək kosmik sənayenin inkişafı üçün əlverişli şərait yarada bilər.  Möhtərəm Prezident  İlham Əliyev "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncamına uyğun olaraq 2009-cu ilin avqustunda  "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etmişdir. Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulur. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək ilk telekommunikasiya peykimizin buraxılması 2012-ci ilin sonuna planlaşdırılır.  Hazırda Yerüstü peyk idarəetmə mərkəzinin, eləcə də Naxçıvan MR ərazisində alternativ peyk idarəetmə mərkəzinin yaradılması istiqamətində iş aparılır.

Avrasiya regionunda dünyanın inkişaf etmiş cəmiyyətləri ilə müqayisədə insanların keyfiyyətli və səmərəli qiymətlərlə internetə qoşulma imkanlarının məhdud olmasını, istehlakçıların qoşulma üçün həddən artıq yüksək haqq ödəməsini və regionun beynəlxalq qoşulmalarla zəif təchizatı sahəsində dünyada mövcud olan "rəqəmli fərqliliyi" nəzərə alaraq Azərbaycanın  "Trans-Avrasiya Super İnformasiya Magistralının" (TASİM) yaradılması təşəbbüsü ilə  çıxış etməsi regional əhəmiyyətə malikdir. Bu layihə İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və qeyd olunan regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Hazırda layihənin reallaşdırılması və beynəlxalq dəstəyin əldə olunması üzrə region ölkələri və beynəlxalq təşkilatlarla birgə işlər görülür. Avrasiya regionunda "rəqəmli fərqliliyi" aradan qaldırmaq və ümumilikdə iştirakçı ölkələrin bu layihənin sosial-iqtisadi səmərəliliyindən bəhrələnməsi məqsədilə Azərbaycan hökuməti sözügedən layihənin BMT-nin Baş Assambleyasında müzakirə edilməsinə və Assambleyanın 64-cü sessiyasında bu barədə 21.12.2009-cu il tarixli 64186 nömrəli qətnamənin yekdilliklə qəbul edilməsinə nail olmuşdur. Qətnamədə bu layihənin regionda nəinki İKT-nin, həmçinin minilliyin məqsədlərinə - yoxsulluğun və savadsızlığın azaldılmasına, ümumiyyətlə, sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verəcəyi, eləcə də Azərbaycanın layihənin həyata keçirilməsi üzrə regional səyləri koordinasiya etmək təşəbbüsü alqışlanmışdır. Hazırda layihənin reallaşdırılması üzrə işlər davam etdirilir.

Bildiyiniz kimi, Azərbaycan regionda rəqəmsal efir televiziya yayımının tətbiqinə başlayan ilk ölkələrdən biridir və hazırda rəqəmsal yayım  ölkə əhalisinin 60 faizdən çoxunun yaşadığı əraziləri əhatə edir. "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq, 2013-cü ilə qədər ölkəmizdə rəqəmsal yayıma keçidin tam təmin edilməsi nəzərdə tutulur. Bu gün ölkədə dövlət proqramlarının əhali üzrə əhatə dairəsi   100 faizə, özəl TV və radio yayımlarının əhatə faizi isə təxminən 75-80 faizə çatmışdır.

Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. Bunun nəticəsidir ki, Qlobal Rəqabət Qabiliyyətlilik İndeksi üzrə Azərbaycan dünyanın 142 ölkəsi arasında 55-ci yeri tutmuşdur. Keçən ilin reytinqi ilə müqayisədə Azərbaycan 57-ci yerdəki mövqeyindən 2 pillə irəliləyərək yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir.

Dünya İqtisadi Forumunun "The Global İnformation Technology Report 2010-2011" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness İndex) dünyanın 138 ölkəsi arasında 70-ci yerdə olmuşdur. 2004-cü ildən etibarən İKT sektorunda beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətində yeni yanaşmalar və metodlar tətbiq edilmiş, RİTN və tabe qurumların ikitərəfli, həmçinin regional və beynəlxalq səviyyələrdə - çoxtərəfli platformalarda əlaqələri qurulmuş, sahə üzrə nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeləri möhkəmləndirilmişdir. RİTN və dünya ölkələrinin aidiyyəti qurumları ilə 70-dən çox beynəlxalq səviyyəli sənəd imzalanmışdır.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabladığı "İKT qiymət səbəti" göstəricisi üzrə Azərbaycan 2009-cu ildəki 99-cu yerdən 2010-cu ildə 46 pillə irəliləyərək 53-cü yerə yüksəlmişdir.  BTİ-nin hesabatında 2006-2010-ci illərdə İKT-nin inkişaf dinamikasına görə Azərbaycan dünyanın ilk 10 ölkəsi sırasında olmuşdur.

BTİ-nin "Measuring the İnformation Society - 2011" adlı hesabatında  isə Azərbaycan "İKT inkişaf indeksi" üzrə əvvəlki hesabatla müqayisədə 9 pillə irəliləyərək 2010-cu ildə 152 ölkə arasında 74-cü yeri tutmuşdur.

Göründüyü kimi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız təbii ehtiyatlar məkanı kimi deyil, eyni zamanda, yüksək texnologiyalara və biliyə əsaslanan iqtisadiyyata keçid yolunda inamla irəliləyən bir ölkə kimi də dəyərləndirir. Bu məqsədlə xarici ölkə rəsmilərinin və investorlarının ölkəmizin İKT sektoruna marağı  artmaqdadır. Bu baxımdan, respublikamızda 15 ildən artıqdır ki, keçirilən "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı müstəsna rol oynayır. "Bakutel"in son illər Prezident İlham Əliyevin nəzarəti altında və şəxsi iştirakı ilə keçirilməsi tədbiri həcm və nüfuz dairəsinə görə Qafqaz və Xəzəryanı regionda ən yüksək səviyyəyə çıxarmış, respublikamızın geosiyasi və iqtisadi maraqlarının qlobal miqyasda təmin olunması üçün platforma kimi formalaşdırmışdır.

RİTN-in başçılığı ilə geniştərkibli Azərbaycan nümayəndə heyəti dəfələrlə  "CeBİT", "İTU Telecom World", "SvyazExpoComm", "CeBİT Bilişim" kimi beynəlxalq sərgilərdə iştirak etmişdir. Azərbaycan nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı, Regional Rabitə Birliyi və digər bu kimi beynəlxalq təşkilatların tədbirlərində mütəmadi iştirak edir.

Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən yeni neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyduğumuz vəzifələr və ən nəhayət, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təbii ehtiyatların yaratdığı imkanlardan istifadə edərək yüksək texnologiyalara əsaslanan cəmiyyətin qurulması təşkil edir. Ölkə prezidentinin İKT sektorunu enerji sektorundan sonra ikinci prioritet sahə elan etməsini heç də təsadüfi qiymətləndirməyən yerli və xarici ekspertlər sürətli inkişaf tempinə görə bu sahəni ölkə iqtisadiyyatının əsas lokomativi hesab edir və beləliklə, bu sektorun gəlirlərinin 2025-ci ildən başlayaraq ölkənin neft gəlirlərini üstələyəcəyi haqqında fikirlər bildirirlər.

Bu gün İKT sektorunda çalışanlar bu fikirdə yekdildirlər ki, informasiya texnologiyaları sahəsində ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi kompleks tədbirlər nəticəsində tam gerçəkləşəcək və Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaqdır.

 

 

Əli ABBASOV,

rabitə və informasiya

texnologiyaları naziri

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 6.