Müstəqilliyin 20 ili və Azərbaycanın sığorta-pensiya sistemi

 

 Hər bir ölkənin inkişafı onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşır ki, bu mərhələlər sırasında müstəqil  dövlət kimi mövcudolma həmin ölkədə dövlətçilik atributlarının yaranması, müdafiə qüdrətinin təmin edilməsi, sosial-iqtisadi inkişafa nail olunması, bir sözlə, bütün uğurların qazanılmasının ən başlıca vasitəsi kimi çıxış edir.

Azərbaycanın sosial-iqtisadi həyatının ayrı-ayrı istiqamətlərinin  inkişafı tarix boyu müşahidə olunsa da, əsl inkişaf modelinin tam bərqərarı yalnız müstəqillik əldə edildkdən sonra baş vermiş və bu əvəzolunmaz nailiyyətin  bəhrəsi kimi meydana gəlmişdir. Ölkəmizin müstəqilliyinin 20 ilinin müvəffəqiyyətlə başa vurulmasını şərtləndirən bu modelin uğurlu nəticələri ümummilli liderimiz Heydər Əliyevin  milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların alternativsiz olduğunu bir daha təsdiqləyir.

Azərbaycanda sosial sığorta-pensiya sisteminin formalaşması və inkişafı tarixinə nəzər saldıqda qeyd olunanları daha aydın müşahidə etmək olar.

Azərbaycan dövlətləri və xanlıqlarında 1813-cü ilə qədər sosial müdafiə sistemi olmamışdır. Müsəlman dünyasının tərkib hissəsi olan Azərbaycanda da bütün ictimai münasibətlər əsasən sosial müdafiə cəhətlərinə söykənən şəriət qanunları ilə nizamlanırdı. Bu qanunlar hər bir imkanlı müsəlmanın yoxsul müsəlmana xüms, zəkat, fitrə kimi yardım öhdəliyini müəyyənləşdirmişdi. Şahlar, xanlar və digər səlahiyyət sahibləri tərəfindən fərman və sərəncamlar əsasında müxtəlif şəxslərə fərdi mükafat xarakterli təminatlar da verilirdi. Lakin bunlar pensiya sisteminin yox, onun bəzi elementlərinə oxşar təzahürlər idi.

 Çar Rusiyası dövründə (1813-1917) Azərbaycan imperiyanın qanunlarının, o cümlədən pensiya sisteminin fəaliyyətdə olduğu məkan idi. Rusiya imperiyasında  pensiya sistemi XIX əsrdə təşəkkül tapıb formalaşmış və ilk dövrlərdə yalnız dövlət qulluqçularını əhatə etmişdi.

 Mülki təsisatlarda çalışan məmurlara pensiyaların ödənilməsi pensiya və birdəfəlik müavinətlər haqqında ümumi nizamnamə əsasında tənzimlənirdi. Ümumi qaydaya görə, pensiya almaq üçün müəyyən edilmiş xidmət müddəti 35 qüsursuz xidmət ili idi. Azı 25 il xidmət etmiş şəxsə pensiya məbləğinin 50 faizi ödənilirdi. Pensiya alanlar 9 kateqoriyaya bölünürdülər ki, bu kateqoriyalara uyğun məbləğlər müvafiq olaraq, 85 rubl 80 qəpikdən (9-cu kateqoriya) 1143 rubl 60 qəpiyədək (1-ci kateqoriya) dəyişirdi (bu dövrdə sənayenin bir neçə sahəsində yüksək ixtisaslı fəhlənin əməkhaqqı ayda bir neçə onluq rubl təşkil edirdi). İstefaya çıxmış zabitlərə pensiyalar iki mənbədən ödənilirdi: dövlət xəzinədarlığından və əlil kapitalından. Dövlət pensiyası hüququ "müəyyən olunmuş müddətlərdə qüsursuz xidmətə görə" əldə olunurdu. Tələb olunan xidmət müddəti mülki məmurlar üzrə müəyyənləşdiriləndən az: tam pensiya üçün 25, bunun yarısı məbləğində olan pensiya üçün isə 20 il idi.

Dövlət xəzinədarlığı ilə yanaşı, mövcud olan emeriturlar - dövlət qulluqçularının əməkhaqlarından məcburi ayırmalar hesabına yaranan kassa vəsaitlərindən istefaya çıxmış dövlət məmurlarına xüsusi pensiya, dul qadınlar və yetimlərə müavinətlər ödənilirdi.

XIX əsrdə fabriklərdə işləyən fəhlələrə nə dövlət, nə də sahibkarlar pensiya verirdi. 1893-cü ildə fəhlələrin sağlamlığı və təminatına görə sahibkarların fərdi məsuliyyəti haqqında qanun layihəsinin işlənib hazırlanması üçün xüsusi komissiya yaradılmış və 1902-ci ildə "Sənaye müəssisələrinin sahibkarları tərəfindən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş fəhlə və qulluqçuların mükafatlandırılması haqqında" qanun layihəsinin hazırlanması başa çatdırılmışdı. II Nikolay tərəfindən təsdiq edilərək (1903) qüvvəyə minmiş (01.01.1904) bu qanunda pensiyanın həcmi müəyyənləşdirilmiş, əmək qabiliyyəti tam itirildiyi halda fəhləyə, fəhlə öldükdə isə onun ailəsinə əməkhaqqının üçdəiki hissəsi həcmində daimi pensiya təyin olunması nəzərdə tutulmuşdu.

XX əsrin əvvəllərində Rusiya imperiyasında sosial sığorta münasibətlərini tənzimləyən bir neçə normativ akt qəbul edilmişdi. Xəstəlik zamanı fəhlələrin təminatı haqqında, fəhlələrin sığorta məsələləri üzrə idarə və şuranın təsis edilməsi haqqında qanunlarla yanaşı, fəhlələrin bədbəxt hadisələrdən sığortası haqqında qanun da qəbul olunmuşdu (1912). Bu qanun, kiçik müəssisələrdə, kənd təsərrüfatında  və tikintidə işləyən fəhlələr istisna olmaqla, ölkədəki fəhlələrin yalnız 15 faizinə şamil edilirdi. Qanun  əməkhaqqının üçdəikisindən çox olmamaq şərti ilə, istehsalatda xəsarət nəticəsində təminatı, eyni zamanda, işçilərin ayırmaları hesabına xəstəlik üzrə təminatı nəzərdə tuturdu.

Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) yarandıqdan sonra əhalinin sosial problemlərinin həlli əsas prioritetlərdən biri kimi elan olunmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pensiya məsələləri üzrə 2 əsas qərar qəbul etmişdi: "Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında" (28.08.1918); "Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında" (27.08.1919). Birinci qərar pensiya qanunvericiliyinin layihəsinin hazırlanmasını, ikinci qərar isə mülki və hərbi idarələrin pensiya nizamnamələrinin razılaşdırılması üçün komissiyanın yaradılmasını nəzərdə tuturdu. Ölkədə yaranmış vəziyyətin bu qərarların həyata keçirilməsinə imkan verməməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti sosial sahəyə, o cümlədən pensiya təminatına aid konkret müddəaları əks etdirən normativ-hüquqi aktları: "Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin idarələrində qulluqçulara Novruz bayramı münasibətilə birdəfəlik müavinətin verilməsi haqqında" qərarı (17.03.1919); BDU-nun Nizamnaməsini (62-72-ci bəndlər) (29.04.1919); "Azərbaycan Respublikası Dəmir Yol Nazirliyinin xətti üzrə dəmir yollarında xidmət etmiş şəxslərin xidmət illərindən sonra təminatı haqqında Əsasnamə"ni  qəbul etmişdi.

Azərbaycanda dövlət hakimiyyəti bolşeviklər tərəfindən zəbt edildikdən sonra, yəni SSRİ dövründə (1920-1991) sosial sığorta və pensiya qanunvericiliyi müstəqil respublika qanunvericiliyi çərçivəsində deyil, ümumittifaq qanunvericiliyi çərçivəsində inkişaf etmişdir. Sovet pensiya təminatı sistemi "haqq ödəmədən sığorta" prinsipi ilə qurulmuşdu. Zəruri maliyyə vəsaitləri yalnız dövlət büdcəsi və ya müəssisələrin ödənişlərindən götürülürdü.

1925-ci ilin əvvəlində SSRİ Xalq Əmək Komitəsi (XƏK) yanında idarələrarası orqan - Sosial Sığorta üzrə İttifaq Şurası təsis edilmişdi. Fəhlələrin, qulluqçuların və onların ailələrinin pensiya təminatı məsələlərinə dair SSRİ-nin qanunlarının və SSRİ hökumətinin qərarlarının tətbiqi üzrə normativ aktlar bu orqan tərəfindən qəbul olunurdu.  Sosial sığorta üzrə İttifaq Şurası qanunvericilik aktları ilə müəyyən olunmuş əsas müddəaları, o cümlədən pensiya normalarını konkretləşdirir və öz qərarlarında əks etdirirdi.

Fəhlə və qulluqçuların pensiyaları haqqında SSRİ qanunvericiliyinin ilk dəfə sistemləşdirildiyi dövrdə (1925-1931),  sonralar dəyişikliyə uğramış sosial sığortaya əsaslanan pensiyalar haqqında  üç ümumi qanun qəbul edilmişdi. İlk iki qanun əlilliyə və ailə başçısını itirməyə görə pensiya, üçüncü qanun isə bunlarla yanaşı, qocalığa görə, əvvəllər xüsusi aktlarla nizamlanmış pensiya təminatını əhatə edirdi. Sosial sığortaya əsaslanan pensiyalar haqqında ümumittifaq qanunlarından ən birincisi - "Əmək əlillərinin, ölmüş və ya xəbərsiz itkin düşmüş sığortaolunanların və əmək əlillərinin ailə üzvlərinin sosial sığorta qaydasında təminatı haqqında Əsasnamə" (1925) pensiyalar haqqında sonralar qəbul edilmiş digər ümumi qanunlar kimi, xüsusi qanunlarla nizamlanan xidmət illərinə görə pensiyalara şamil edilmirdi. Əsasnamə 3 ildən az müddətdə qüvvədə oldu və "Əlilliyə və ailə başçısını itirməyə görə sosial sığorta qaydasında təminat haqqında Əsasnamə" ilə əvəz edildi.

Sosial Sığorta üzrə İttifaq Şurası SSRİ XƏK-in və özünün əvvəllər qüvvədə olan 40-dan artıq aktını ləğv edən yeni sənəd - "Əlilliyə və ailə başçısını itirməyə görə sosial sığorta qaydasında təminatın ümumi Qaydaları"nı qəbul etdi (1928). 150-dən artıq maddədən ibarət olan və sonralar bir neçə dəfə dəyişikliklər edilən bu Qaydalar 1956-cı ildə dövlət pensiyaları haqqında qanunun tətbiqinədək qüvvədə oldu.

1928-ci ildə qəbul edilmiş Qaydalar yalnız əlilliyə və ailə başçısını itirməyə görə pensiyalara aid edilirdi. Qocalığa görə təminatla bağlı SSRİ MİK və XKS-in xüsusi qərarları 1929-cu ildən  qüvvədə olmuşdu. SSRİ MİK və XKS tərəfindən təsdiq olunmuş hər iki akt, həmçinin həmin dövrdə qüvvədə olan sosial sığorta orqanları tərəfindən verilən müavinətlər haqqında Müvəqqəti Əsasnamə az sonra sosial sığortaya əsaslanan pensiya və müavinətlər haqqında vahid Əsasnamədə ümumiləşdirildi (1930). Vahid Əsasnamə "Dövlət pensiyaları haqqında" qanunun qüvvəyə minməsi (1956) ilə əlaqədar qüvvəsini itirdi.

"Qocalığa görə sosial sığorta qaydasında təminat haqqında" ümumi qanun (1929) qocalığa görə təmin olunanların dairəsini əhəmiyyətli dərəcədə genişləndirdi. Artıq qocalığa görə pensiya hüququna yalnız toxuculuq deyil, həmçinin mədən, metal və elektrotexnika sənayesinin, dəmiryolu və su nəqliyyatının fəhlələri də malik idilər. Xalq təsərrüfatının digər sahələrində çalışan fəhlə və qulluqçulara qocalığa görə pensiya təminatı üzrə müddətlərin şamil edilməsi, xalq təsərrüfatının beşillik planına uyğun olaraq, Sosial Sığorta üzrə İttifaq Şurasına həvalə olunmuşdu.

SSRİ-nin yeni Konstitusiyasının qəbulundan (1936) sonra pensiya qanunvericiliyində mühüm dəyişikliklər edildi. Qulluqçuların qocalığa görə pensiya təminatı əsasları fəhlələrə aid əsaslarla eyniləşdirildi, qulluqçulara və onların ailələrinə əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar fəhlələr və onların ailələri üçün müəyyən edilmiş məbləğdə təyin olundu. Sosial mənsubiyyəti və keçmiş fəaliyyətinə görə əvvəllər seçki hüququndan məhrum edilmiş vətəndaşların sosial sığorta üzrə pensiya təminatında mövcud olan məhdudiyyətlər ləğv edildi.

"Dövlət pensiyaları haqqında" qanun qüvvəyə mindikdən (01.10.1956) sonra dövlət pensiyası hüququna fəhlə və qulluqçular, hərbçilər, ali və orta ixtisas təhsil müəssisələrində, peşə məktəblərində, ümumtəhsil məktəblərində və kadr hazırlığı üzrə kurslarda təhsil alan şəxslər, dövlət və ictimai vəzifələrin yerinə yetirilməsi zamanı əlil olmuş digər şəxslər, ailə başçısının itirilməsi hallarında isə yuxarıda qeyd olunan vətəndaşların ailə üzvləri malik idilər. Qanuna əsasən, dövlət pensiyaları qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təyin olunurdu. Qocalığa görə pensiyalar kişilər üçün 60 yaşına çatdıqda və azı 25 il iş stajı, qadınlar üçün isə 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda təyin olunurdu. Qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ yeraltı işlərdə çalışan fəhlələr, 5 və daha çox uşağı olan, onları 8 yaşınadək tərbiyə etmiş qadınlar üçün nəzərdə tutulurdu. Qanunla qocalığa görə pensiyaların minimum və maksimum məbləğləri müəyyən edilmişdi. Əlilliyə görə pensiya hüququna əlil olan fəhlə və qulluqçular malik idi. Ailə başçısını itirməyə görə pensiya hüququna ölmüş fəhlə, qulluqçu və ya pensiyaçının öhdəsində olan əmək qabiliyyəti olmayan ailə üzvləri malik idi.

SSRİ-də kolxozçuların pensiya təminatının sabit, dövlət zəmanətli, ölkəmiqyaslı vahid sistemi ilk dəfə "Kolxoz üzvlərinin pensiya və müavinətləri haqqında" qanunda tətbiq olunmuşdu. Qanun kolxozçuların sosial təminatının mərkəzləşdirilmiş fondu hesabına kolxoz üzvlərinin qocalığa və əlilliyə görə, ailələrinin isə ailə başçısını itirməyə görə pensiyalarla təminatı sistemini nəzərdə tuturdu.

Sovet pensiya təminatı sistemində xidmət illəri amili özünəməxsus yer tuturdu. Bütün idarə və müəssisələrin işçiləri üçün deyil, yalnız müəyyən kateqoriyaların mütəxəssisləri: maarif və səhiyyə işçiləri, mülki-hava donanmasının uçuş heyəti, artistlər (1930-1962-ci illərdə xidmət illərinə görə pensiyalar eyni zamanda kənd təsərrüfatı mütəxəssislərinə də şamil edilirdi) üçün təyin olunan pensiyalar, yaş həddi və əməkqabiliyyətli olub-olmaması istisna edilərək, müəyyən ixtisas üzrə xidmət illərinə görə verilirdi.

Sovet pensiya təminatının maliyyə modeli, habelə pensiyaçıların sayının müntəzəm olaraq artması mövcud pensiya sisteminin sabit fəaliyyətinə mənfi təsir göstərirdi. Pensiyaçıların ümumi sayı 1982-ci ildə 1941-ci ildəki 4 milyon nəfərdən 51,4 milyon nəfərədək artmışdı ki, bu da ölkə əhalisinin 19,2 faizini demək idi. Pensiya xərcləri 1940-cı ildə 0,3 milyard rubl, 1980-ci ildə isə 33,3 milyard rubl təşkil etmiş, beləliklə, xərclər 110 dəfə artmışdı. 1980-ci illərdə ölkədə təsərrüfat formalarının dəyişməsi, əksər müəssisələrin təsərrüfat hesabı və özünümaliyyələşməyə keçməsi onlarda çalışan işçilərin gələcək təminatını çətinləşdirirdi.

1990-cı ildə SSRİ Sosial Sığorta Fondu yaradıldı və tabeçiliyindən asılı olmayaraq, bütün müəssisə, idarə, təşkilat, kooperativ, sovxoz, kolxoz və digər təşkilatların onun hesabına ayırmalar etməsi qərara alındı. Bundan sonra "Azərbaycan  SSR-də  sosial sığorta üzrə idarəçiliyin təkmilləşdirilməsi və maliyyələşdirmə qaydası haqqında" Azərbaycan SSR Nazirlər Kabinetinin və Həmkarlar İttifaqlarının Azərbaycan Respublikası Şurasının 8 may 1991-ci il tarixli qərarı ilə Həmkarlar İttifaqlarının Azərbaycan Respublikası Şurasının nəzdində Azərbaycan SSR Sosial Sığorta Fondu yaradıldı. "SSRİ Pensiya Fondunun yaradılması haqqında" SSRİ Nazirlər Sovetinin 15 avqust 1990-cı il tarixli qərarı ilə pensiya təminatını maliyyələşdirəcək SSRİ Pensiya Fondu təşkil olundu və onun Azərbaycan şöbəsi yaradıldı.

Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi haqqında Konstitusiya aktı (18.10.1991) elan edildikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlandı və 16 dekabr 1991-ci ildə SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi Azərbaycan Respublikasının Pensiya Fonduna çevrildi.

"Sosial Sığortaya və Məşğulluq Fonduna normativ ayırmalar haqqında" Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli qanununun bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə 1 iyun 1992-ci il tarixdən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40 faizini təşkil etdiyi müəyyən olundu. 30 sentyabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaradıldı. Müstəqil maliyyə-bank sisteminə malik olan DSMF-yə Azərbaycan Respublikası ərazisində dövlət pensiya təminatının, müavinət və ödəniş xərclərinin maliyyələşdirilməsi başlıca vəzifə kimi həvalə olundu.

Müstəqil Azərbaycanda pensiya sahəsində qəbul edilən ilk qanunlardan biri "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanun (01.01.1992) idi. Sonra əhalinin pensiya təminatı sisteminin hüquqi əsaslarını nəzərdə tutan əsas normativ-hüquqi akt - "Vətəndaşların pensiya təminatı haqqında" qanun qəbul edildi (23.09.1992) və qüvvəyə mindi (01.01.1993). Qanun əhaliyə iki növ (əmək və sosial) pensiyaların ödənişini nəzərdə tuturdu. Əmək pensiyaları 62 yaşına çatmış və azı 25 il iş stajı olan kişilərə və 57 yaşına çatmış və azı 20 il iş stajı olan qadınlara, sosial pensiyalar isə qanunun müvafiq müddəalarında nəzərdə tutulan tələblərə uyğun olaraq, məhdud əməkqabiliyyətli və işləməyən vətəndaşlara təyin edilirdi.

Həmin dövrdə qanunvericilik bazası sovet pensiya sisteminin  prinsiplərinə əsaslanırdı. Nəticədə pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu müşahidə olunur, həmin uyğunsuzluq çoxsaylı problemləri meydana çıxarırdı. Bu, ilk növbədə, sosializm quruluşu dağıldıqdan sonra pensiya sisteminin məzmununun, konseptual, qanunvericilik və maliyyə əsaslarının yeni şəraitlə ziddiyyət təşkil etməsi idi. Bununla yanaşı, pensiya sisteminin mürəkkəbliyi, pensiya məbləğinin üzərinə çoxlu sayda müavinət və əlavələrin hesablanması, müxtəlif dövrlər üçün fərqli hesablama qaydasının tətbiqi və s. subyektiv amillərə şərait yaradırdı. Vətəndaşların pensiya məbləğlərinin sığorta ödəmələrinə görə deyil, hansı güzəştli kateqoriyaya aid olmasına görə fərqləndirilməsi sosial ədalət prinsipinin pozulması ilə nəticələnirdi.

Bu dövrdə Azərbaycan daha ciddi sınaqlarla qarşılaşmışdı. Ölkə xarici hərbi-siyasi təcavüzün bilavasitə təsirinə düşmüş, beynəlxalq aləmdə siyasi və iqtisadi cəhətdən təklənmiş, daxili qeyri-sabitlik, bir milyondan artıq qaçqın və məcburi köçkünün ağır sosial problemləri, iqtisadi tənəzzül, hiperinflyasiya, bir sözlə, həyatın bütün sahələrində dərinləşən geriləmə ilə üzləşmişdi. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış ümummilli liderimiz Heydər Əliyev tarixi və sosial-iqtisadi proseslərin axarını əvvəlcədən müəyyən etməklə öz xalqının rifahı naminə  qərarların qəbulu zamanı, əsl qətiyyət nümayiş etdirmiş, sadalanan problemlərin aradan qaldırılması üçün yorulmadan fəaliyyət göstərmişdir. O, qısa zamanda müstəqilliyin əsas təminatı olan iqtisadi güc faktorunun bərpasına nail olmuş, ölkənin təbii sərvətləri ilə yüksək idarəetmə qabiliyyətli kadr potensialının vəhdətini təmin etmiş, müstəqilliyə olan bütün təhdidləri tam aradan qaldırmışdır. Bununla da Azərbaycan xalqını daimi arzusu olan müstəqilliyə əbədi qovuşdurmuşdur.  

Ümummilli lider, eyni zamanda, ölkənin gələcək inkişafı üçün bazar iqtisadiyyatının yeganə yol olduğunu görür, bütün bunlarla yanaşı, yeni sistemə keçidin mənfi təsirinin azaldılmasına da xüsusi diqqət yetirilməsini vacib bilirdi. Onun müəllifi olduğu Azərbaycanın sosial-iqtisadi inkşaf modelinin unikallığı məhz ondan ibarətdir ki, ölkəmizdə bazar iqtisadiyyatının inkişafı üçün atılan hər bir addım əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir və aztəminatlı təbəqənin maraqları ilə uzlaşdırılmaqla həyata keçirilir.

Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası bu prinsipi dövlətin  ali məqsədi kimi ön plana çəkmişdir. Ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olan  bu ali sənəddə sosial dövlət konsepsiyası öz əksini tapmış, fəaliyyətin son nəticəsi kimi Azərbaycan dövlətinin hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin  qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edilmişdir. Bu baxımdan  Azərbaycan Respublikası Konstitusiyasının qəbul edildiyi 1995-ci ili ciddi islahatların həyata keçirilməsinin başlanğıc nöqtəsi də adlandırmaq olar. Həmin ildə beş ildən artıq davam edən geriləmə prosesinin qarşısı tam alınmış və sabit inkişaf istiqamətində dönüşün  yaranmasına nail olunmuşdur.

1991-1995-ci illər ərzində iqtisadiyyatın sahələrində istehsal olunmuş  ümumi daxili məhsul hər il 13-20 faiz azalırdısa, 1996-cı ildə onun fiziki həcm indeksi 1995-ci ilə nisbətən 1,3 faiz artmış, sonrakı dövrlərdə bu artım davam etmiş və ilbəil sürətlənmişdir. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə artmışdır. 

Bütün bunlar isə əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirlərinə müsbət təsir etmişdir. 1991-1994-cü illərdə bu göstərici real ifadədə 3,6 dəfə aşağı düşmüşdü. Bu illər ərzində respublika əhalisinin adambaşına pul gəlirləri hər il orta hesabla 1,4 dəfə azalırdı. İnflyasiyanın günbəgün çox sürətlə  artması və əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi müşahidə olunurdu. Əhalinin gəlirlərində xüsusi çəkisi olan əməkhaqqının artması bu dövrdə pulun qiymətdən düşməsi ilə ayaqlaşa bilməmiş və 1991-ci ildən başlayaraq dörd il ərzində əhalinin əməkhaqqı üzrə əldə etdiyi gəlirinin səviyyəsi 8,2 dəfə aşağı düşmüşdü.

1995-ci ildən başlayaraq özəl sektorun və sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülmüş ardıcıl işlər nəticəsində əhalinin gəlirlərinin, o cümlədən   bu gəlirlərin strukturunda  sahibkarlıq fəaliyyətindən daxilolmaların xüsusi çəkisi artmağa başladı. 1995-2003-cü illərdə ölkədə orta aylıq real əməkhaqqı 5,1 dəfə, orta aylıq nominal əməkhaqqı isə 6 dəfədən çox artdı.

Qeyd olunan dövrdə pensiya sisteminin yeni şəraitə uyğun qurulmasına zəruri dəyişikliklərə etibarlı iqtisadi baza yaradıldıqdan və demoqrafik baxımdan əlverişli vaxt seçildikdən sonra başlamaq, buna qədər isə əvvəlki həmrəylik və dövlət təminatı sistemlərinə əsaslanmaq, çox çətinliklə başa gəlsə belə, əsas taktiki addımlar kimi seçilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük müdrikliklə müəyyənləşdirdiyi həmin istiqamətlər çərçivəsində, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmış, həm əhaliyə pensiya və müavinətlərin ödənilməsi, həm də digər sosial ödənişlər üzrə xərclərin artımı müşahidə olunmuş, bu sahədə köklü dəyişikliklər baş vermişdi. Ümumilikdə 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı oldu ki, bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artdı.

Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sistemində köklü dəyişikliklərin başlanğıcı Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nın (2001-2005-ci illər) reallaşdırılması ilə qoyulmuşdur. Konsepsiya islahatın mahiyyətini təşkil edən sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılmasını, sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin qurulmasını ifadə edirdi. Bu dəyişikliklərin başlıca elementi  sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan avtomatlaşdırılmış sığorta-pensiya sisteminin yaradılması idi. Fərdi uçot sisteminin tətbiqində əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin təmin edilməsi idi.

İlkin olaraq, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" 27 noyabr 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə ölkəmizdə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyulmuş, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun funksiyalarında mühüm dəyişiklik edilərək ona fərdi uçotu həyata keçirmək səlahiyyəti verilmişdir. Daha sonra pensiyaların təyini və maliyyələşdirilməsi funksiyalarının məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən orqan tərəfindən icra olunmasını yerinə yetirmək məqsədilə vahid sığorta-pensiya qurumunun yaradılması təmin edilmişdir (04.08.2003). Bununla da Pensiya İslahatı Konsepsiyasının "Ölkədə pensiya sisteminin idarə olunması yeni təşkil olunacaq icra orqanında cəmləşəcəkdir. Bu orqan pensiya haqlarının yığılması, fərdi uçotun işlənməsi və həyata keçirilməsi, pensiyaların təyin edilməsi və ödənilməsinə nəzarət, gəlirlərin və pensiya xərclərinin səviyyələrində dəyişikliklər haqqında təfsilati statistik məlumatın yığılması işlərini həyata keçirəcəkdir" müddəası tam gerçəkləşmişdir.

Azərbaycan iqtisadiyyatının dirçəlməsi istiqamətində qurulmuş möhkəm təməl 2003-cü ildən sonrakı dövrdə də ölkə həyatında mühüm rol oynamış, sabit və ardıcıl inkişafın sosial rifahın yaxşılaşdırılmasına yönəldilməsini Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin başlıca məqsədi səviyyəsinə qaldırmağa imkan vermişdir.

Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müstəqil milli iqtisadiyyatının formalaşdırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin sosial  müdafiəsi tədbirlərinin uzlaşdırılması konsepsiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizin mövqeyi beynəlxalq aləmdə daha da möhkəmlənmiş, regional müstəvidə təsir imkanları böyük dərəcədə artmış, sosial dövlət prinsipləri uğurla reallaşdırılmışdır.

Sabit və ardıcıl inkişaf tempinin fəaliyyətin əsas meyarı kimi götürülməsi nəticəsində mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatının aparılması sosial siyasətin strateji istiqamətlərindən biri kimi tam gerçəkləşdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi  ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sığorta-pensiya sistemi təşəkkül tapmışdır. Bu məqsədlə 2003-2005-ci illərdə pilot və hazırlıq tədbirləri başa çatdırılmış, 2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilmişdir. 2006-cı ilin 1 yanvarından ölkədə sosial sığorta münasibətlərinə əsaslanan əmək pensiyaları sistemi tətbiq olunmuş, pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimləməsi və bazar münasibətləri əsasında təminatının müasir forması yaranmışdır.

Həyata keçirilən islahatlarla, ilk növbədə, Azərbaycanda mövcud olan və keçmiş sovet dönəmindən qalmış pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun və bu uyğunsuzluğun yaratdığı çoxsaylı problemlərin aradan qaldırılmasına tam nail olunmuşdur. Sosial müdafiənin Azərbaycan modelinin əsas cəhəti  ondan ibarətdir ki, bu proses, digər keçid dövrü ölkələrində olduğu kimi, "şok" effekti ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılmışdır. Hazırda ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi məcburi dövlət sosial sığortası əsasında fəaliyyət göstərir və sistemin əsas məzmununu sığortaolunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması təşkil edir. Bu baxımdan qurulmuş modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi də səciyyələndirmək olar.

Ötən dövr ərzində bu sahədə idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulmuşdur. Hazırda mərkəzi məlumat bazasında ölkə əhalisinin 36 faizi, yəni 1280 min nəfər pensiyaçı və 2 milyon  nəfərərə yaxın sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır.

Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə  imkan vermişdir. Bu mexanizm çərçivəsində ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam verilmişdir. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır.

Cari il iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılmışdır. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlamışlar. Eyni zamanda, 25 il elmi-pedaqoji fəaliyyət göstərərək işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilmişdir ki, bununla da həmin şəxslərin pensiyasının məbləği işləyərkən aldıqları əməkhaqqına çatdırılmışdır. Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunədir.

Pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması məqsədilə bu ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar  vasitəsilə çatdırılması əldə edilmiş mühüm nəticələrdəndir. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 98,7 faizinin pensiyaları plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Bu gün Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir,  keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur.

2009-cu ildə Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilmişdir. Həmçinin 2010-cu ilin martında Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. 2010-cu ilin dekabr ayında BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu inkişaf etmiş Avropa ölkələrinin qurumlarl ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvüdür və assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir. 2011-ci ilin 28 iyun tarixində Bakı şəhərində assosiasiyanın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi islahatlarla əldə olunmuş nailiyyətlərin və yüksək beynəlxalq nüfuzun əyani göstəricisidir.

Göründüyü kimi, Azərbaycanın müstəqil olduğu 20 il ərzində qazandığı nailiyyətlər bundan əvvəl bütün tarix boyu əldə edilən nəticələrdən daha üstündür. Bu isə "Ən əsas vəzifə Azərbaycanı müstəqil dövlət kimi yaşatmaqdır!" deyən ümummilli lider Heydər Əliyevin ideyalarının uğurla reallığa çevrilməsinin təsdiqidir.

 

 

 Səlim MÜSLÜMOV,

Azərbaycan Respublikasının Dövlət

Sosial Müdafiə Fondunun sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2011.-18  oktyabr.- S. 7.