Azərbaycan gəncliyinin inkişafında yeni mərhələ

 

 Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan dairələrin siyasi səbatsızlıqları gənclərlə sahəsində də ciddi problemlər yaratmışdı. Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın istək və tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə irəliyə doğru dönüş yarandığı kimi, gəncliyin fəaliyyətində də müsbət dəyişikliklər baş verdi. Ən mühüm isə gənclərin müstəqil Azərbaycan dövlətçiliyinə fədakar və vətənpərvər xidməti təmin edildi.

1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasətinin istiqamətləri müəyyənləşdirilərək uğurla həyata keçirilməyə başlandı. Gənc nəslə diqqət və qayğı dövlətin mühüm fəaliyyət istiqamətlərindən birinə  çevrildi. 1996-cı ilin fevralında Azərbaycan gənclərinin I Forumu keçirildi. Forumda ulu öndər Heydər Əliyevin proqram xarakterli çıxışı hər bir gəncin qarşısında duran vəzifələri müəyyənləşdirməklə bərabər onların problemlərinin həlli sahəsində hərtərəfli tədbirlərin görülməsini də vəzifə kimi qarşıya qoydu. Ulu öndər Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni "Gənclər Günü" elan etdi. Sonrakı illərdə belə forumların keçirilməsi sistemli hal aldı.

Gənclərə göstərilən diqqət və qayğı dövlət proqramlarında da öz əksini tapdı. 1999-2002-ci illərdə Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Gənc ailə", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi", "Bədən tərbiyəsi və idmanın inkişafı", "Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı" və sair dövlət proqramları gənclər siyasətinin uğurla həyata keçirilməsinin təsdiqi oldu. 2002-ci ildə isə Milli Məclis "Gənclər siyasəti haqqında" qanun qəbul etdi. Bu qanunda gənclər siyasətinin məqsədi, prinsipləri və əsas istiqamətləri təsbit olundu.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla həyata keçirir. Dövlət başçısı bu siyasətin həm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. 2005-ci il oktyabrın 14-də  Azərbaycan gənclərinin Heydər Əliyev Sarayında keçirilən IV Forumunun yekun toplantısında Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, ulu öndərin gənclərlə bağlı siyasi kursu layiqincə yaşadılacaq və Azərbaycan cəmiyyətində gənclərin hərtərəfli inkişafı, özlərini həyatda təsdiq etmələri üçün bütün imkanlar var: "Çox şadam ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər. Bu çox təqdirəlayiq bir haldır. Mən hesab edirəm ki, gənclər irəliyə doğru daha da inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. Çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması, onların məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci ilin avqustunda təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı" gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət etdi. 2005-2009-cu illəri əhatə edən bu proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli ruhda təhsil və tərbiyəsi, onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, sağlam həyat tərzinin təbliği və sair istiqamətlərdə kompleks tədbirlər həyata keçirildi. 2007-ci ilin "Gənclər ili" elan edilməsi gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyətin həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi.

Gənclər siyasətinin mühüm tərəflərindən biri də gənclərin elmi biliklərinin artırılmasıdır. "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə (2007-2015-ci illər)" Dövlət Proqramı məhz bu məqsədə xidmət edir. Mənzil almaq üçün ipoteka kreditlərinin verilməsi gənclərə, xüsusən də gənc ailələrə qayğıdan irəli gəlir.

Prezident İlham Əliyevin bu ilin aprelində müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüşü də Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümüdür. Həmin görüş Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildi. Gənclərin öz problemlərini ölkə rəhbərinə birbaşa çatdırması, fikirlərinin azad və sərbəst şəkildə ifadə olunmasına bütün şəraitin yaradılması ölkəmizdə gənc nəslə yüksək və xüsusi qayğının təsdiqi idi. Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını təsdiq edib. Fərəhli haldır ki, gənclərin dövlət başçısı ilə görüşündə qaldırılan məsələlər yeni dövlət proqramında öz əksini tapıb.

Xalqımız dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü fərəhlə bayram edir. Bu dövrdə Azərbaycanın keçdiyi böyük inkişaf yolu bizim bayram sevincimizi ikiqat artırır. Prezident İlham Əliyevin oktyabrın 11-də "Əl-Cəzirə" televiziya kanalına müsabihəsində bu barədə söylədiyi fikirlər olduqca qürurvericidir. Müxbirin "Bu 20 il ərzində Azərbaycanda hansı dəyişikliklər baş vermişdir" sualının cavabında Prezident  İlham Əliyev deyib: "Biz əvvəllər azad və müstəqil olmamaqla yanaşı, eyni zamanda, xalqın çox məhdud ideoloji çərçivələrdə yaşamağa məcbur olduğu, özəl mülkiyyətin fəaliyyətinə icazə verilmədiyi avtoritartotalitar sistemdə yaşamışıq. Biz iqtisadiyyatımızı tamamilə transformasiya edə bildikindi ÜDM-in 80 faizi özəl sektorun payına düşür. İyirmi il bundan əvvəl bu rəqəm sıfıra bərabər idi. Paytaxtın, regionların inkişafı ilə bağlı bir çox digər dəyişiklikləri də görə bilərsiniz. Enerji siyasəti Azərbaycanı tərəqqiyə aparır. İndi bizim malik olduğumuz hər şey - təbii sərvətlər, sənaye potensialımız Azərbaycan xalqının əlindədir və xalqımızın gələcəyinə xidmət edir".

Fərəhli haldır ki, ölkəmizin bütün bu uğurlarının, artan maliyyə imkanlarının fonunda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.

 

 

Rəfael İSGƏNDƏRLİ,

Bakı Slavyan Universitetinin

jurnalistika fakültəsinin tələbəsi

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 8.