«Biz
müstəqilliklə həmyaşıdıq» adlı sərgi
açılmışdır
Oktyabrın 17-də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Biz müstəqilliklə həmyaşıdıq" adlı sərgi açılmışdır.
AzərTAc xəbər verir ki, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin və respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvü olan paytaxt məktəbləri şagirdlərinin 50 rəsm, qrafika və heykəltəraşlıq əsəri nümayiş olunur.
Sərginin açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov çıxış edərək müstəqillik dövründə gənclərimizə göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, sərgi üçün əsərlər bu ilin mayından başlayaraq qəbul olunmuşdur.
Əsasən 20 yaşınadək müəlliflərin əsərləri içərisindən seçilmiş ekspozisiyada dövlət müstəqilliyimizi əks etdirən tablolar, ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm və əl işləri maraqla qarşılanmışdır.
Sərginin açılış
mərasimində Ali Hərbi Dənizçilik
Məktəbinin kursantları, Daxili
Qoşunların əsgərləri, Nərimanov rayonundakı
45 nömrəli orta məktəbin müəllim
və şagirdləri, ictimaiyyət nümayəndələri
iştirak etmişlər. Sərgi oktyabrın 30-dək davam edəcəkdir.
Azərbaycan.- 2011.-18 oktyabr.- S. 11.