Türkmənistanda
Azərbaycanın dövlət müstəqilliyinin bərpa
edilməsinin 20-ci ildönümü təntənə ilə
qeyd olunmuşdur
Azərbaycanın Türkmənistandakı səfirliyi respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə bu ölkədə yaşayan həmvətənlərimiz, Türkmənistan parlamentinin şöbə müdiri Əsgər Rəhimov, Türkmənbaşı şəhərinin rəsmiləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Türkmənistandakı nümayəndəsi Lətif Nəsirov, ictimaiyyətin nümayəndələri, ziyalılar, iş adamları və başqaları iştirak etmişlər.
Səfir Vəhdət Sultanzadə dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, Azərbaycan müstəqilliyinin bərpa tarixindən danışmışdır.
Diplomat vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmiş və ölkəmizin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atmışdır.
Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini deyən V.Sultanzadə xalqımızın bu ədalətsizliklə heç vaxt barışmayacağını və nəyin bahasına olursa-olsun öz torpaqlarını düşmən tapdağından azad edəcəyini diqqətə çatdırmışdır. Diplomat qeyd etmişdir ki, Azərbaycan hazırda hərtərəfli inkişaf mərhələsini yaşayır və öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlara malikdir.
Azərbaycan-Türkmənistan münasibətlərində əldə olunmuş bütün nailiyyətlərdə ümummilli lider Heydər Əliyevin gördüyü işlərin əvəzsiz olduğunu vurğulayan V.Sultanzadə bildirmişdir ki, hazırda iki dövlət arasında qarşılıqlı anlaşma, etimad və inam yaranmış və bu mehriban qonşuluq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səfir ölkələrimiz arasında ticarət əlaqələri, həyata keçirilmiş layihələr və mədəni tədbirlər, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda reallaşan irimiqyaslı sosial-iqtisadi layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Türkmənistan parlamentinin şöbə müdiri Ə.Rəhimov ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində, ərazi bütövlüyünün qorunmasında, eləcə də ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətindəki əvəzsiz xidmətlərindən və Prezident İlham Əliyev tərəfindən bu uğurlu siyasətin müvəffəqiyyətlə davam etdirilməsindən danışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov arasında dostluq münasibətlərinə toxunan Ə.Rəhimov bunun ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət etdiyini vurğulamışdır.
L.Nəsirov və başqaları Azərbaycanın dövlət müstəqilliyinin bərpa tarixindən danışmış, bu gün suveren və azad ölkəmizin dünya miqyasında layiqli yer tutmasında xalqımızın müdrik oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda iştirakçılara milli mətbəximizin ləziz nümunələri təqdim olunmuş, Azərbaycan ilə bağlı hədiyyələr paylanmışdır.
V.Sultanzadə Azərbaycanın dövlət
müstəqilliyinin bərpa edilməsinin 20-ci
ildönümü münasibətilə Türkmənistanın
Dövlət Xəbər Agentliyinə müsahibə də
vermişdir. Müsahibə oktyabrın 18-də Türkmənistan
Dövlət Televiziyasının "Türkmənistan"
kanalında Azərbaycanın dövlət müstəqilliyinin
bərpa edilməsinin 20-ci ildönümünə dair
xüsusi verilişdə göstəriləcək, eləcə
də "Neytralnıy Turkmenistan" və bu ölkədə
çıxan "Zaman" qəzetlərində dərc ediləcəkdir.
Azərbaycan.- 2011.-18 oktyabr.- S. 12.