Mixail Şvıdkoy: Ümumi
rəyə görə bu gün
bütün dünyada
Bakı Humanitar Forumu kimi intellektual məkan yoxdur
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy AzərTAc-a müsahibəsində demişdir: "Forum başa çatandan sonra, demək olar ki, bu, heç şübhəsiz, əhəmiyyətli və səmərəli təcrübə oldu.
Rusiyalı həmkarlar, müxtəlif ölkələrdən Bakıya gəlmiş alimlər, siyasətçilərlə etdiyim söhbətlərdən belə görünür ki, forum iştirakçılarının çoxunun ümumi rəyinə görə, bu gün dünyada, çox güman, belə intellektual məkan yoxdur. Zənnimcə, hətta intellektual Davosla müqayisə də bir o qədər düzgün deyildir, çünki Davos digər ixtisaslaşmış forumlar kimi insan fəaliyyətinin bir sahəsinə - iqtisadiyyata həsr olunmuşdur. İnsan fəaliyyətinin bütün sahələrinin nümayəndələrinin - siyasətçilərin, nəzəriyyəçilərin, ictimai xadimlərin, görkəmli alimlərin Bakıda forum çərçivəsində bir araya gəlməsi Bakıda baş verənlərə bir növ yeni məna vermişdir. Təbiət elmləri nümayəndələrinin yanında həyat elmləri təmsilçilərinin olması, yəni fizik, kimyaçı, riyaziyyatçı, bioloq və fizioloqların psixoloq, sosioloq, kulturoloqlarla yanaşı olmaları, şübhəsiz ki, müasir insan təcrübəsinin bəzi yeni mənalarını üzə çıxarmışdır. Forumun iki prezidentin hamiliyi ilə keçirilməsi, zənnimcə, son dərəcə təbii və məntiqidir, çünki bütün bunlar həm Azərbaycan, həm də Rusiya üçün çox vacibdir. İntellektual təfəkkürün bu dərəcədə bir yerə cəmlənməsi və dünyanın ən yaxşı elmi mərkəzlərində indi-indi işlənib hazırlanmaqda olan məsələlərə belə yanaşma çoxdan olmamışdı. Ona görə də forumun bu multiinzibati xarakteri onu son dərəcə cəlbedici edir. Düşünürəm ki, Azərbaycan rəhbərliyi forumu illik etmək barədə qərarı təsadüfən qəbul etməmişdir.
İlk növbədə kitablar, yəni forumun yekunlarına dair ikicildlik nəşr üzərində işi başa çatdırmalıyıq. Növbəti foruma hazırlaşmaq, müxtəlif seminarlar, həm forum iştirakçıları ilə, həm də gələn il cəlb etməyə hazırlaşdığımız insanlarla görüşlər keçirmək üçün beynəlxalq təşkilatları, ölkə rəhbərlərini bu kitabların məzmunu ilə tanış etməliyik. Tədbirdə Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Azərbaycandan dünya şöhrətli alimlərinin iştirak etməsi faktının özü ümid etməyə imkan verir ki, hər bir belə forum intellektual məhsul yaradacaq və bu məhsul sonralar dünyanın ayrı-ayrı elmi mərkəzlərinin apardığı müxtəlif tədqiqatların gedişində nəzərə alınacaqdır.
Prezident İlham Əliyev həm forumun plenar iclasının açılışında, həm də təntənəli qəbulda üç dildə çox yaxşı çıxış etdi. Çıxışlarının hər birində müəyyən vurğu vardı: biri azərbaycanlı həmkarlar, digəri Rusiya təmsilçiləri və rusdilli iştirakçılar, üçüncüsü isə əcnəbi qonaqlar üçün nəzərdə tutulmuşdu. Şübhəsiz ki, burada başlıca məsələ onun natiqlik məharətində deyil, hazırda bütün dünyanı narahat edən çox mühüm problemlərə son dərəcə ciddi yanaşmasındadır. Mənə belə gəlir ki, onun hazırda bütün dünyanı narahat edən, istər Qərbdə, istərsə də Şərqdə geniş diskussiyaların mövzusuna çevrilən etnoslar, konfessiyalar, mədəniyyətlərin qarşılıqlı münasibətlərində multikulturalizmi xüsusi qeyd etməsi və diqqəti həmin problemlərin Azərbaycanın timsalında tarixi həlli imkanına yönəltməsi çox vacibdir. Zənnimcə, dünyanın belə miqyaslı aparıcı siyasətçilərindən biri kimi onun insan fəaliyyətinin müxtəlif aspektlərində humanitar, humanist tərkib hissələrinin rolunu başa düşməsi son dərəcə cəlbedicidir. Düşünürəm ki, cənab Prezident də bilir ki, Azərbaycan üçün bu forum həm də ciddi məktəbdir, çünki bütün diskussiyalarda çoxsaylı tələbə, aspirant, müəllim və ictimai xadimin iştirakı elmi və siyasi fikrin ən müasir meyilləri ilə çox qısa müddətdə tanış olmaq imkanı verir. Əlbəttə, cənab Prezident yaxşı bilir ki, belə imkan Azərbaycanın elmi və ictimai fəaliyyəti üçün çox faydalıdır. Prezidentin dediyi kimi, Azərbaycan cəmiyyəti neft resurslarından insan kapitalını yeniləndirmək üçün istifadə etməlidir. Zənnimcə, son dərəcə müdrik və əhəmiyyətli bəyanatdır".
Heydər Əliyev Fondunun fəaliyyətinə toxunan M.Şvıdkoy demişdir: "Humanitar əməkdaşlığın bütün sahələrində çox böyük işlər görən Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın fəaliyyəti böyük hörmətə layiqdir. Zənnimcə, Azərbaycan elminin, mədəniyyətinin və tarixi dəyərlərinin ölkənin hüdudlarından kənara çıxması son dərəcə əhəmiyyətlidir. Fondun Rusiyada geniş fəaliyyəti hər cür tərifə layiqdir. Biz bunu hiss edirik. Xüsusən birinci xanımların hamiliyi altında fəaliyyət göstərən belə ictimai qurumlar örnək olmalıdır".
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.- 2011.-18 oktyabr.- S. 15.