Nigar Göksəl: Azərbaycan vətəndaşları, sözün əsl mənasında, ölkəsi və Prezidenti ilə fəxr edə bilərlər

 

 "Hər dəfə Bakıya gələndə müsbət mənada yeni dəyişiklərin şahidi oluram. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir".

Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunun "Sosial jurnalistika və yüksək texnologiyalar" mövzusunda bölmə iclasında  iştirak edən Türkiyənin "Turkish Policy Quarterly" jurnalının baş redaktoru Nigar Göksəl AzərTAc-a müsahibəsində demişdir.

Ölkəmizə hər səfərində daha böyük inkişaf ilə qarşılaşdığını bildirən N.Göksəl vurğulamışdır ki, Azərbaycan Beynəlxalq Humanitar Forumu, eləcə də bu qəbildən olan tədbirləri keçirməklə dünyada sülhə, əmin-amanlığa öz töhfəsini verir.

Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil edildiyini deyən türkiyəli qonaq vurğulamışdır ki, bu tədbir qloballaşan dünya üçün, sözün həqiqi mənasında, faydalı humanitar platforma olmuşdur. Beynəlxalq sülhə xidmət edəcək bu forum qloballaşan dünyada baş verən mürəkkəb hadisələr barəsində ciddi dialoqun başlanğıcıdır. Görülən işlər çox əhəmiyyətlidir və bunlar da insanların rifahına xidmət edir. Bu cür müzakirələr və canlı ünsiyyət, sözsüz ki, nəticəsini verir.

Hər bir insanın bu forumda iştirak etməkdən qürur hissi keçirdiyini deyən baş redaktor qeyd etmişdir ki, bu cür tədbirlər ümumi fikrə gəlməyə, həllini gözləyən məsələləri araşdırmağa geniş imkanlar yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı nitqini xüsusi qeyd edən  N.Göksəl bunu dünya ölkələrinin bir araya gəlməsi üçün tarixi mesaj kimi qiymətləndirmişdir. Azərbaycan vətəndaşları, sözün əsl mənasında, ölkəsi və Prezidenti ilə fəxr edə bilərlər, - deyən türkiyəli qonaq vurğulamışdır ki, Azərbaycan dünya səviyyəli mötəbər görüşlərin keçirildiyi mərkəzə çevrilmişdir. Bu cür tədbirlərin keçirilməsi Azərbaycanın sülhsevər, tolerant ölkə olduğunu bir daha sübut edir. Bu cür tədbirlər təkcə regionda deyil, bütövlükdə dünyada sülhün və təhlükəsizliyin bərpasında mühüm rol oynayacaqdır.

Artıq beynəlxalq status almış bu forumun əsasını qoyan Azərbaycanda, eləcə də gözəl paytaxtımızda hər dəfə gördüklərindən heyran olduğunu deyən türkiyəli qonaq bildirmişdir ki, cəlbediciliyinə, qonaqpərvərliyinə görə Bakıya tay ola biləcək başqa bir şəhər yoxdur.

 

 

Azərbaycan.- 2011.-18 oktyabr.- S.  15.