Pakistanın nüfuzlu «Daily Times» qəzetində Azərbaycan ilə bağlı məqalə dərc olunmuşdur

 

 Pakistan nüfuzlu ingilisdilli "Daily Times" qəzetinin 17 oktyabr tarixli nömrəsində "Azərbaycan: 20 ilə baxış" sərlövhəli məqalə dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə Azərbaycanın keçən əsrin 90-cı illərinin əvvəlində çox mürəkkəb siyasi və iqtisadi vəziyyətdə olduğu, yalnız ümummilli lider Heydər Əliyevin iradəsi nəticəsində mövcud problemlərin öhdəsindən gələ bildiyi qeyd edilmişdir. Ulu öndər Heydər Əliyevin bütün müqavimətlərə baxmayaraq, "Əsrin müqaviləsi"ni imzalaması və neftin məhz Bakı-Ceyhan kəməri ilə Qərbə nəqlinə nail olması ölkənin iqtisadi tərəqqisi və suverenliyi yolunda atılmış mühüm addım kimi qiymətləndirilmişdir.

Bundan əlavə, yazıda 2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi və onun rəhbərliyi ilə ölkənin intibah yolunda inamla addımlaması xüsusi qeyd olunmuşdur. Məqalədə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi strateji əhəmiyyətli bir sıra enerji və nəqliyyat layihələri, respublikamızın regionda ən böyük investorlardan birinə çevrildiyi, ölkənin neft gəlirlərinin əhalinin rifahına və qeyri-neft sahəsinin inkişafına istiqamətləndiyi və bu kimi digər işlərdən bəhs olunmuşdur.

Müəllif müstəqil Azərbaycanın sənaye, kənd təsərrüfatı, tikinti, mədəniyyət və turizm sahələrində dinamik inkişafı haqqında da ətraflı məlumat verir, Olimpiya oyunlarında və "Eurovision - 2011" mahnı müsabiqəsində əldə edilmiş nailiyyətləri xüsusi qeyd etmişdir.

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə  məhəl qoymadığını və işğalçı siyasətini davam etdirdiyini, Azərbaycanın hərbi gücünün bu ölkədən dəfələrlə çox olmağına baxmayaraq, humanist prinsipləri rəhbər tutaraq problemin sülh yolu ilə həll etmək əzmində olduğunu vurğulamışdır.

Respublikamızın beynəlxalq təşkilatlarda fəal rolundan, həmçinin Prezident İlham Əliyevin İslam dəyərlərinin inkişafı yolunda həyata keçirdiyi tədbirlərdən bəhs edilən yazıda Pakistan-Azərbaycan münasibətləri, habelə zəlzələ nəticəsində Kəşmirdə dağılmış məktəbin yerində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yeni təhsil ocağının tikilməsi və onun ən müasir  avadanlıqla təchiz edilməsi barədə məlumat verilmişdir. 

Məqalənin tam mətni ilə httr://www.dailytimes.com.rk/default.asr?rage=2011\story_17-10-2011_rg7_22 internet ünvanında tanış olmaq olar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18  oktyabr.- S. 15.