Azərbaycan
Respublikasının müstəqilliyinin bərpasının iyirminci ildönümü
Təbrizdə təntənəli şəkildə qeyd olunmuşdur
Azərbaycanın Təbrizdəki baş konsulluğu dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümü münasibətilə Təbrizin əzəmətli "Şəhriyar" otelində rəsmi qəbul təşkil etmişdir.
Təntənəli mərasimdə İran rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulluğunun kollektivi, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri, yerli mətbuat təmsilçiləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilmiş, "Azərbaycan" sənədli filmi nümayiş etdirilmişdir.
Azərbaycanın müstəqillik tarixindən və son illər əldə etdiyi böyük nailiyyətlərdən danışan baş konsul Əli Əlizadə bildirmişdir ki, respublikamızda müasir dövlət quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda aparılan əsaslı islahatlar ölkədə hərtərəfli inkişafla nəticələnmişdir. Hazırda bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin həyata keçirdiyi mehriban qonşuluq və səmimi dostluq siyasətinin bəhrələrindən danışan baş konsul bildirmişdir ki, Azərbaycan-İran münasibətlərinin hərtərəfli inkişafı ölkələrimizin və xalqlarımızın ümumi maraqlarını əks etdirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara məlumat verən Ə.Əlizadə qeyd etmişdir ki, qonşu dövlətin təcavüzkarlığı nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq günahsız insan hərbi müdaxilə nəticəsindən qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqının qədim mədəniyyət irsinin nümunələri tamamilə məhv edilmiş, qəbiristanlıqlar, məscidlər və ziyarətgahlar təhqir olunmuşdur. Azərbaycan xalqı torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaqdır.
İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb regional nümayəndəliyinin rəhbəri Rza Yaqubi Şərqi Azərbaycan vilayətinin rəhbərliyi adından böyük bayram münasibətilə Azərbaycan xalqını təbrik etmiş, İran-Azərbaycan münasibətlərinin inkişafının əhəmiyyətindən danışmışdır.
İştirakçılar Azərbaycanın zəngin mətbəx nümunələri ilə açılmış şam süfrəsi arxasında milli musiqimizdən rəngarəng seçmələr dinləmişlər.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi
müxbiri
Tehran
Azərbaycan.- 2011.- 18 oktyabr.-
S. 18.