İranın
İRNA agentliyində Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci
ildönümünə həsr olunmuş «dəyirmi masa»
keçirilmişdir
İranın rəsmi xəbər agentliyi - İRNA-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə "dəyirmi masa" təşkil olunmuşdur.
"Dəyirmi masa"da Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, İran Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci idarəsi rəisinin müavini Rza Kondori, Tehran Universitetinin professoru Afşir Zərgəri və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbir iştirakçıları Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizin əldə etdiyi nailiyyətlər, dövlətimizin həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasətin uğurlu nəticələri barədə geniş fikir mübadiləsi aparmışlar. Həmçinin Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının istismarı və neftin nəqlində çoxşaxəliliyin təmin edilməsi, əhalinin rifahının yüksəlməsi və sosial-iqtisadi inkişafa dair dövlət proqramlarının icrası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional təhlükə mənbəyi olması məsələləri ilə bağlı səmərəli müzakirələr olmuşdur.
Qeyd edilmişdir ki, təcavüzkar Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı qəsd edilməsinə baxmayaraq, Azərbaycan Respublikası uğurla inkişaf etməkdədir. Azərbaycanın həyata keçirdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti region üçün əhəmiyyətli nəticələr vermişdir. Bu siyasət, eyni zamanda, Azərbaycan-İran münasibətlərinin davamlı inkişafını təmin etmişdir.
Sonda "dəyirmi masa"nın iştirakçıları İRNA agentliyi əməkdaşlarının suallarını cavablandırmışlar.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın
xüsusi müxbiri
Tehran
Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 18.