Fərhad Məmmədov:
Azərbaycan tərəqqiyə və perspektivə istiqamətlənmişdir
"İşğal olunmuş ərazilərin bərpası üçün illər, bəlkə də 10 il lazımdır. Hazırda həmin prosesin nə vaxt başlayacağı dəqiq bilinmir, çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında sülh əldə olunmamışdır". Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov Moskvada "Azərbaycanın postmünaqişə ərazilərinin bərpasının konseptual əsasları" kitabının təqdimatında çıxış edərkən səsləndirmişdir.
Onun sözlərinə görə, 2011-ci il münaqişənin tezliklə həll olunacağının gözlənildiyi az sayda illərdən biri idi, lakin danışıqlar prosesi əldə olunmuş razılaşmalar mərhələsinə keçə bilmədi, tərəflər tərəqqiyə nail olmadılar. F.Məmmədov tədbir iştirakçılarının diqqətini Azərbaycanın son dərəcə aydın və danışıqların davam etdirilməsi ilə bağlı həqiqi istəyini nəzərdə tutan mövqeyinə cəlb edərək demişdir: "Azərbaycanın Minsk qrupunun həmsədrlərinə danışıqlar prosesinin sürətləndirilməsi ilə bağlı tələblərini məhz bu nöqteyi-nəzərdən başa düşmək lazımdır. Azərbaycanın kompromisləri göz qabağındadır: bu, həm Dağlıq Qarabağ ermənilərinin fiziki təhlükəsizliyinə təminatın verilməsi, həm hərbisizləşdirilmiş zona, həm Ermənistanla maneəsiz əlaqə, həm də diyarın istər azərbaycanlı, istərsə də erməni əhalisinin iqtisadi rifahının və sosiomədəni inkişafının təmin olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların yanaşı yaşamalarının mümkün olduğunu və Avropadakı presedentləri dəfələrlə göstərmişdir".
Fərhad Məmmədov təəssüflə bildirmişdir ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ ermənilərinin bu təşəbbüslər barədə məlumatlandırılmasının qarşısını alır, beynəlxalq sülhməramlı təşkilatların müxtəlif təşəbbüslərini boykot edir, ictimaiyyət nümayəndələrinin görüşlərini nəzərdə tutan "səfirlərin təşəbbüsünü" dayandırır. O demişdir: "Hazırda Azərbaycan və erməni icmalarının görüşləri haqqında təşəbbüs də Azərbaycana məxsusdur".
F.Məmmədov münaqişənin nizama salınmasından sonra ərazilərin bərpa olunması məsələsinə toxunaraq demişdir ki, Azərbaycan normal həyat yaratmaq üçün on milyardlarla dollar vəsait yatırmaq iqtidarındadır. Azərbaycanda Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində siyasi hüquqlarının mümkün implementasiyası variantları istiqamətində tədqiqatlar başa çatmaq üzrədir. Həmin tədqiqatlarda ermənilərin Azərbaycanın tərkibində əldə edə biləcəkləri hüquq və azadlıq elementləri nümayiş etdiriləcəkdir. Düşünürəm ki, bundan sonra Dağlıq Qarabağ erməniləri müqayisə edə biləcəklər: hazırda hərbi rejim şəraitində nəyə malikdirlər və gələcəkdə nə əldə edə bilərlər. Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinə qarşı xoş məram nümayiş etdirir, çünki bunun üçün potensialı və resursları vardır".
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2011.-18 oktyabr.- S. 20.