Riqada Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə «dəyirmi masa» olmuşdur

 

"Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi Riqada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş "Azərbaycan  beynəlxalq münasibətlər sistemində: nailiyyətlər və inkişaf perspektivləri" mövzusunda "dəyirmi masa" təşkil etmişdir.

Mərkəzin rəhbəri, Latviya Prezidenti yanında milli azlıqlar üzrə Məşvərət  Şurasının sədri  Roman Əliyev tədbiri açaraq bildirmişdir ki, 18 oktyabr Azərbaycanın tarixində əlamətdar gündür. O ümidvar olduğunu bildirmişdir ki, "dəyirmi masa" iştirakçıları  öz məruzələrində  müstəqillik illərində baş vermiş  müxtəlif əhəmiyyətli hadisələrə toxunacaqlar.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa departamentinin başçısı İlham Məmmədov, "Ocaq"  Azərbaycan Mədəniyyəti Mərkəzinin üzvü Adıgözəl Məmmədov təbrik nitqi ilə çıxış etmişlər.

Demokratik Azərbaycanın 20 illik müstəqillik dövrü barədə ətraflı məlumat verən Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Əyyar Hüseynov bildirmişdir ki, həmin dövr ərzində ölkə kifayət qədər mürəkkəb  yol keçmişdirbu da SSRİ-nin dağılmasının ağır nəticələri, Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü ilə  bağlıdır. Müşavir demişdir: "İdarəçilik təcrübəsi və  beynəlxalq əlaqələri olmayan yeni dövləti - Azərbaycanı böyük siyasi xadim Heydər Əliyev xilas etmişdir. O, ölkəni uçuruma yuvarlanmağa qoymadı, iqtisadiyyatını zərrə-zərrə bərpa etdi. Hazırda Azərbaycanın çox sürətlə inkişaf etdiyini, onun strateji  valyuta ehtiyatlarının 40 milyard dollar, Neft Fondunun aktivlərinin 22 milyard dollar, ümumi daxili məhsulun 30 milyard dollar təşkil etdiyini diqqətə çatdıran natiq  vurğulamışdır ki, bütün bunlar  ölkənin müstəqillik əldə etdiyi ilk illərdə düzgün yol seçdiyini göstərir. Azərbaycanın indiki inkişafı ümummilli lider Heydər Əliyevin apardığı, hazırda Prezident İlham Əliyevin  uğurla davam etdirdiyi müdrik siyasətin nəticəsidir.

Latviya Seyminin deputatı, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Aleksandr Sakovski  demişdir: "Çox şadam ki, bu dostluq qrupuna başçılıq edirəm. Bir il ərzində çox görülmüşdür. Mən Azərbaycan diasporunun işi ilə yaxından tanış oldum, mədəni dəyərləri haqqında çox şey öyrəndim". O bildirmişdir ki, 20 il az müddət olsa da, həmin dövrdə Azərbaycanın keçdiyi yol, onun inkişaf sürəti sevindiricidir. Burada ölkə rəhbərliyinin böyük xidməti vardır.

Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən Seymin deputatı Oleq Denisov bildirmişdir ki, Azərbaycan diasporu çox mütəşəkkil və möhkəmdir. "Ocağ"ın fəaliyyəti sayəsində  Latviyada azərbaycanlıların yaşadığı hiss olunur. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq demişdir: "Azərbaycan Prezidenti İlham Əliyev çox ağıllı siyasi xadimdiro, bu qarşıdurmanın həlli yollarını şəksiz  tapacaqdır".

Tədbiri yekunlaşdıran Roman Əliyev gənclərə müraciət edərək demişdir ki, Latviyada yaşayan azərbaycanlı gənclər yüksək vətənpərvərlik nümayiş etdirməli, Latviya və Azərbaycan arasında  əməkdaşlığın inkişafı üçün səy göstərməlidirlər.

Azərbaycan parlamentinin 1991-ci ildə qəbul etdiyi  Müstəqillik Aktının əhəmiyyətini vurğulayan Roman Əliyev  bildirmişdir ki, ölkənin və xalqın verdiyi itkilərə baxmayaraq,  Azərbaycan xalqının müstəqilliyini hifz edib möhkəmləndirməsi 20 illik dövrün başlıca yekunudur. O demişdir ki, bu yaxınlarda Bakıda  dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş Beynəlxalq Humanitar Forum keçirilmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq və sabitlik şəraitində  yaşadıqları  tolerant ölkədir. Azərbaycanlılar həmişə bununla qürur duymuşlar.

"Dəyirmi masa"da  müvafiq mövzular üzrə geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Riqa

 

Azərbaycan.- 2011.-18 oktyabr.- S. 20.