Nəqliyyat Nazirliyində müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

 

 Oktyabrın 17-də Nəqliyyat Nazirliyində Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin nazirliyin həyətindəki büstü qarşısına tər çiçək dəstələri düzmüşlər.

Sonra keçirilən tədbirdə nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə edilən uğurlardan danışmışdır. Bildirmişdir ki, xaosun, özbaşınalığın baş alıb getdiyi, vətəndaş müharibəsi astanasında olan Azərbaycanın əldə etdiyi müstəqillik məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qorunub saxlanıldı, möhkəmləndirildi. Ulu öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Ötən illər ərzində ölkəmizdə uğurla həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar nəticəsində əldə edilmiş dinamik inkişaf yol-nəqliyyat kompleksində də görülən işlərə mühüm təkan vermişdir. Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsi ölkənin nəqliyyat sektorunun müasir standartlara uyğun yenidən qurulmasını, inkişaf etdirilməsini, bu sahədə tənzimləmə və idarəetmənin daha da təkmilləşməsini zəruri etmişdir", - deyən nazir Z.Məmmədov qarşıda böyük planların olduğunubu istiqamətdə işlərin daha sürətlə və keyfiyyətlə həyata keçiriləcəyini vurğulamışdır.

Akademik Bəkir Nəbiyev çıxışında XX yüzilliyin Azərbaycan tarixində mübarizələr əsri olduğunu qeyd etmişdir. Bildirmişdir ki, müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycanın yeni müstəqillik dövrü tariximizin ən parlaq və şanlı səhifəsidir. Bu müddətdə ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı nailiyyətlər Azərbaycanın müstəqilliyinin əbədiliyinə möhkəm, sarsılmaz təməl yaratmışdır. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün dinamik inkişaf edən Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur.

 

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S.  20.