Opera teatrımızın dünəni və bu günü

 

Əsası 1920-ci ildə qoyulan opera və balet truppası 1924-cü ildə müstəqil kollektivə çevrildikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrı kimi fəaliyyətə başlamış bu musiqi məbədi xalqımızın mədəni həyatında mühüm rol oynamışdır. Azərbaycanın ən istedadlı teatr xadimlərindən Bülbül, Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağırov, Şövkət Məmmədova, Fatma Muxtarova kimi bənzərsiz sənətkarlar bir sıra milli və xarici bəstəkarların əsərlərində aparıcı rollarda çıxış edərək möhtəşəm obrazlar yaratmışdılar. Teatr indi də tarixi ənənələrini uğurla davam etdirir. Lakin Opera və Balet Teatrı kollektivinin keçdiyi yol heç də həmişə rəvan olmamışdır. Vaxtilə milli kadrlar hazırlanması sahəsində neqativ hallara yol verildiyindən klassik opera tamaşalarında iştirak etmək üçün gənc azərbaycanlı ifaçılar hazırlanmır, romantik opera qəhrəmanlarının partiyalarını gənclik dövrünü çoxdan geridə qoymuş qeyri-azərbaycanlı solistlər birtəhər yola verirdilər. Nəticədə operasevərlər tamaşa salonunu məyus tərk etməli olurdular. Məhz bu səbəbdən də teatrda tamaşaçı azlığı adət halını almışdı. Bəzən tamaşa salonuna səhnə iştirakçılarından sayca az adam toplaşırdı. Tamaşaçı azlığının əsl səbəbi əhalinin operaya yox, ifaçılara biganəliyi idi. Bunu qastrola gələn ifaçıların iştirakı ilə göstərilən tamaşaların anşlaqla keçməsi də sübüt edirdi.

Azərbaycan operalarına - "Şah İsmayıl"a, "Əsli və Kərəm"ə, "Leyli və Məcnun"a, "Aşıq Qərib"ə tam başqa - isti münasibət hökm sürürdü. Bülbülün, Ağababa Bünyadzadənin, Hüseynağa Hacıbababəyovun, Fatma Muxtarovanın iştirakı ilə gedən tamaşalarda boş yer tapılmırdı.

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin tamaşalara baxmaq və öz sözünü demək üçün hər axşam teatrın onun üçün ayrılmış lojasında görünməsi kollektivi müəyyən qədər səfərbər edir və eyni zamanda da ruhlandırırdı.

Həmin dövrdə Qərb bəstəkarlarından Rossininin "Sevilya bərbəri", Bizenin "Karmen" operaları  Azərbaycan dilində də oynanılırdı. Tanınmış muğam ustası Hüseynağa Hacıbababəyov opera studiyasında təhsilini başa çatdırdıqdan sonra "Sevilya bərbəri" operasında qraf Almaviva partiyasında uğurla çıxış edirdi. Onun tenor-altino səsi tamaşaçıların çox xoşuna gəlirdi. Sevilya bərbəri Fiqaro bənzərsiz tembrli və böyük diapazonlu bariton Ağababa Bünyadzadənin ifasında xoş təsir bağışlayırdı. Koloratur soprano səsli Elmira Axundova təəccüb doğuracaq ruladaları və fiorituraları ilə alqışlarla qarşılanırdı. Dramatik tenor səsli Yaqub Rzayevin Qərb operalarında baş rollardakı çıxışı da həmçinin. Yeri gəlmişkən, Yaqub Rzayev Bakıya qayıtmazdan əvvəlki illərdə Moskvada "Bolşoy Teatr"ın aparıcı solisti olmuşdu. Onun "Karmen" operasında Xoze, metso-soprano Fatma Muxtarovanın Karmen partiyalarında çıxışları sürəkli alqışlarla qarşılanırdı. Onu da deyək ki, Fatma Muxtarova SSRİ məkanında Karmen partiyasının bənzərsiz ifaçısı sayılırdı. Onlar Azərbaycandan kənarda öz vəsaitləri hesabına vokal dərsləri almış sənətçilər idi.

Tamaşalarda əsas tenor patiyalarını Bakı hərbi dairəsi mahnı və rəqs ansamblının teatra dəvət olunmuş solistlərinin birtəhər ifa etməsi heç xoşa gəlmirdi. İtaliya opera məktəbinin yaxşı səs qoyuluşlu vokalçılarının nəzərə alınaraq yazıldığı ariyaları rus səs xarakterli soldat solistlərin oxuması yüksək səviyyəli vokalçı kasadlığından korluq çəkən Azərbaycan operasevərlərinin qeyzini daha da artırırdı. Müxtəlif vaxtlarda teatrın yaradıcılıq sükanı arxasında  dayanan İsmayıl Hidayətzadə, Azər Rzayev, Şəmsi Bədəlbəyli, Fikrət Əmirov kimi böyük istedadlar teatrın öz adına yaraşmayan durğunluqdan çıxması üçün müəyyən tədbirlər görsələr də, bu, istənilən nəticəni vermirdi. Sonrakı illərdə Moskvanın Stanislavski və Nemiroviç-Dançenko Musiqili Teatrının solisti, gözəl tenor İbrahim Cəfərovun teatra solist kimi gətirilməsi də təsirsiz qaldı. Çox çəkmədi ki,  İbrahim Cəfərov teatrdan uzaqlaşdırıldı və o, Moskvaya qayıtdı.

Doğrudur, Rauf Atakişiyev, Kazım Məmmədov, Hüseyn Əliyev kimi tenorların səhnə fəaliyyəti teatrın öz tamaşaçı auditoriyasını tam itirməsinin qarşısını birtəhər alırdı. Lakin Dövlət Konservatoriyasının müvafiq kafedralarında  opera solistlərinin hazırlanması işi durğunluqda idi. Əvvəllərdə olduğu kimi, yenə də Qərb bəstəkarlarının operalarında baş tenor və soprano partiyalarını gənclik dövrünü uzaqda qoymuş qeyri-azərbaycanlılar ifa edirdilər.

Uzun illərdən bəri klassik operalar tamaşaçılara  yalnız rus dilində təqdim olunurdu. İş o yerə çatmışdı ki, hətta Türkiyədən qastrola gələn solistlərlə tərəf-müqabil azərbaycanlı ifaçılar arasında, xüsusən reçitativlərdə gülünc olaylar yaranırdı. Türk ifaçının azərbaycanlı ifaçıya türk dilində ünvanladığı sözə rus dilində cavab verilirdi.

Xalq Cəbhəsi hakimiyyətə gələndə Musiqili Teatrın nə olduğunu dərk  etməyən funksionerlərin mədəniyyət sahəsində ilk "tədbirlərindən" biri  Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasının repertuardan çıxarılması barədə sərəncamları oldu. Bunu operada Keşiş obrazının varlığı ilə əlaqələndirirdilər. Onların sonrakı göstərişlərindən biri Azərbaycan səhnəsində balet tamaşalarının,  ümumiyyətlə, ləğv olunmasına yönəldilmişdi. Şükürlər olsun ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi bütün neqativ hallara son qoydu. Milli Opera və Balet  Teatrı kollektivi üçün geniş yaradıcılıq imkanları açıldı, aparıcı solistlərin tərkibi cavanlaşdırıldı. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilmiş muğam müsabiqəsi qaliblərindən və laureatlarından bir qrupunun teatra cəlb olunması  milli muğam operalarımızı daha baxımlı etdi. Bakıda Bülbül adına Beynəlxalq musiqi müsabiqəsinin keçirilməsi klassik operalarda aparıcı qadın və kişi partiyalarını ifa etmək qabiliyyətli sopranoların, baritonların və basların teatra dəvət alması ilə repertuarın zənginləşdirilməsi üçün zəmin yaratdı. Balet truppasına cəlb olunan gənc istedadlar bu sənət sahəsində öz sözlərini deməyə başladılar. Gənc istedadların və Bakı Balet Məktəbi şagirdlərinin iştirakı ilə klassik balet nümunələrinə həyat vəsiqəsi verilməsi baletsevərlər üçün böyük hədiyyə oldu. Teatra gələn tamaşaçıların sayı artdı. İndi istər balet, istərsə də opera tamaşaları anşlaqla keçir.

Getdikcə dünyanın sivil dünya ölkələrinin opera məkanına yaxınlaşmaqda olan Azərbaycan Opera Teatrında partiyaların öz orijinalında ifa olunmasına böyük önəm verilir. İndi solistlər də, xoristlər də orijinalın dilində  oxuyurlar. Bülbül adına müsabiqə laureatı, respublikanın əməkdar artisti  bariton Əvəz Abdullayevin, əməkdar artist soprano İnarə Babayevanın, əməkdar artist  soprano Gülnaz İsmayılovanın, vokalçıların beynəlxalq müsabiqəsinin diplomantı bas-bariton, əməkdar artist Əkrəm Poladovun, Bülbül adına beynəlxalq müsabiqənin "Qran-pri" mükafatçısı, əməkdar artist, möhtəşəm bas səsli Əli Əskərovun, əməkdar artist metso-soprano Fidan Hacıyevanın, əməkdar artist tenor Fərid Əliyevin, əməkdar artist tenor Həsən Enaminin, metso-soprano Səbinə Əsədovanın və digər gənc ifaçıların  italyan, fransız dillərində ifa etdikləri partiyalar bütün tamaşaçıları son dərəcə razı salır. Bu yaxınlarda böyük italyan bəstəkarı Coakino Rossininin "Sevilya bərbəri" operasında Əvəz Abdullayevin bərbər Fiqaro, İnarə Babayeva və Gülnaz İsmayılovanın Rozina, Həsən Enami və Fərid Əliyevin qraf Almaviva, Səbinə Əsədovanın qulluqçu Berta, Əkrəm Poladovun doktor Bartolo, Əli Əskərovun don Bazilio rollarında parlaq çıxışları tamaşaçıların sürəkli və gurultulu alqışları ilə dəyərləndirildi. Xarici qonaqlar da gənc ifaçılarımızın səlis italyan dilində ifa tərzini çox bəyəndiklərini bildirdilər.

Əməkdar artist Fidan Hacıyeva da artıq fransız bəstəkarı Jorj Bizenin "Karmen" operasında təzadlı xarakterli Karmen obrazının mahir ifaçısına çevrilir. Əvəz Abdullayev Cüzeppe Verdinin "Riqoletto" operasında baş qəhrəman obrazını sənətkarlıqla yaradır.

Respublikanın xalq artistləri Qərinə Kərimova və Azər Zeynalovun iştirakı ilə italyan bəstəkarı Cakomo Puççininin tamaşaya qoyulmuş "Toska" operasında Əvəz Abdullayev polis rəisi Skarpianın sərt təbiətli və aristokrat incəlikli obrazını misilsiz dərəcədə yaxşı yaradır.

Teatrın repertuarında ölməz italyan bəstəkarı Cüzeppe Verdinin operalarına yer verilməsi tələbkar tamaşaçı zövqünün oxşamasına yönəldilmiş məramdır. Onun "Aida"" operası məziyyətlərinə görə dünyanın ən yaxşı operalarından biridir. Aida obrazının vokal baxımından mürəkkəb və həddindən artıq çətin partiyaları respublikanın xalq artisti Qərinə Kərimovanın ifasında olduqca xoş təsir bağışlayır. Onun vokal imkanları çox geniş olduğundan tamaşaçıları əsl italyan ifaçılığı məkanına apararaq onlara böyük zövq veirir. Aidanın (Qərinə Kərimovanın) operanın "Nil sahili" pərdəsindəki ariyası aşağı, orta, zil notlarda rəvan səslənməklə tamaşaçıları heyran qoyur. Bizim opera teatrında heç bir müğənni  eyni zamanda, hətta qastrola gələnlər də bu partiyanın çox zil "do" notunu Qərinə Kərimova kimi asanlıqla götürə bilmir. Yuxarı "do" notunun dramatik soprano səsli ifaçı tərəfindən çətinlik çəkmədən təmiz götürülməsi dinləyicilərin sürəkli alqışları ilə qarşılanır.

Teatrda istedadlı gənclərin ifa mədəniyyətini cilalamaq üçün onların Avropa şəhərlərində ustad dərsləri keçməsi məqsədilə tədbirlər həyata keçirilir. Həmin istedadlardan biri də soprano İlahə Əfəndiyevadır. O, Moskvanın  Opera İfaçılığı Mərkəzində məşhur Qalina Vişnevskayadan bir çox ifaçılıq sirlərini mənimsəyəndən sonra Bakıya - doğma Opera Teatrına qayıtmışdır. İlahənin çox qaltanlı, geniş diapazonlu, əsasən də ürəyəyatımlı soprano səsini dinləmək xoş təsir bağışlayır. O, bu yaxınlarda Cüzeppe Verdinin "Traviata" operasında xüsusi səs çevikliyi və diapazon genişliyi tələb edən Violettanın - əsərin baş qəhrəmanının vokal partiyasında böyük insani səmimiyyət və ustalıq nümayiş etdirdi. İlahə birinci pərdədəki ariyasını qoşma not ("mi-bemol") zirvəsini asanlıqla fəth etməklə tamaşaçıları da məmnun qoydu.

Respublikada yaxşı tanınan tenor Samir Cəfərov opera teatrı rəhbərliyinin təqdimatı və hökumətin dəstəyi ilə xarici ölkələrdə çox görkəmli vokalçılardan - məşhur ispan tenoru Xose Karrerasdan, görkəmli primadonna Monserat Kabayedən, rus primadonnası Qalina Vişnevskayadan ustad dərsləri almışdır. Lirik-dramatik tenor səsli bu gənc ifaçı muğam boğazları nümayiş etdirməklə müəllimlərini həmişə heyran qoymuşdur. Avropa oxu təmrinləri keçən folklor ifaçıları adətən boğaz xırdalıqlarını və zəngulə vurmaq imkanlarını itirir, səslərini qarın diafraqmasını idarə etmək, burun rezonatorlarını işlətmək  sayəsində vokalçılara çevrilirlər. Samir vokalçı kimi yetişməklə bərabər, azərbaycanlı müğənnilərə xas olan boğaz xırdalıqlarını da itirməmişdir. Ötən günlərin birində Samir Cəfərov hər iki ifa üsulunu nümayiş etdirdi. Teleproqramların birində Samir dünya tenorları üçün çətin hesab olunan bir ariyanı - dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin motivlərindən istifadə etməklə böyük italyan bəstəkarı Cakomo Puççininin ərsəyə gətirdiyi çox məşhur  "Turandot" operasından Kalafın ariyasını italyansayağı oxuyandan sonra melizmlərlə zəngin  Azərbaycan xalq mahnısını da ifa etdi.

Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "Məşədi İbad" musiqili komediyalarının yeni quruluşda reallaşdırılması  komediyasevərlərin  böyük sevincinə səbəb olmuşdur. Respublikanın xalq artisti Azər Zeynalovun uğurla oynadığı romantik rollardan savayı, komik opera qəhrəmanlarının - tacir Əsgərin və baqqal Məşədi İbadın rollarında çıxışlarını  tamaşaçılar xüsusi maraqla qarşılamışlar. Klassik operaların baş qəhrəmanlarının ("Toska"da Kavaradossinin, "Traviata"da Alfredonun, "Məzhəkəçi"də Kanionun) partiyalarının bənzərsiz ifaçısı sayılan Azər Zeynalovun növbəti dəfə  Məşədi İbad kimi komik obrazı yarada bilməsi onun müğənni-aktyor ampluasının genişliyindən xəbər verir. Onun "Aida" operasında Radames, "Koroğlu" operasında Koroğlu, "Kənd namusu" operasında Turiddu partiyalarında da müvəffəqiyyətli çıxışlarının şahidi olacağımız gün çox da uzaqda deyil.

Teatrın direktoru Akif Məlikovu musiqi aləmində incəduyumlu musiqiçi və yeniliyə can atan şəxs kimi tanıyırlar. Onun təşkilatçılığı sayəsində Azərbaycan Opera və Balet Teatrının kollektivi ilə Almaniya, Sankt-Peterburq, Ukrayna musiqi kollektivləri arasında sıx yaradıcılıq əlaqələri yaranmışdır. Ötən il noyabr ayının sonunda Münhen festivalının bədii rəhbəri və baş dirijoru, professor Korneliya fon Kersenbrokun Bakıda Cüzeppe Verdinin "Travita" operasında dirijorluğu Bakının musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuşdu. Azərbaycan Opera və Balet Teatrı Orkestrinin professional çalğısından, artistlərin vokal məharətindən, zəngin dekorlardan və zövqlə hazırlanmış kostyumlardan, xor artistlərinin və solistlərin nöqsansız ifa xüsusiyyətlərindən, Violetta partiyasının ifaçısı Olqa Fomiçovanın (Ukrayna), Alfredo partiyasının ifaçısı Azər Zeynalovun, Jermon rolunun ifaçısı Əvəz Abdullayevin yüksək ifa tərzindən məmnunluq duyan Korneliya fon Kersenbrok demişdi ki, Azərbaycan Opera Teatrı Avropanın ən yaxşı teatrlarından biridir.  Korneliya Kersenbrokun dəvəti ilə opera teatrımızın simfonik orkestri və solistləri (Əvəz Abdullayev və Gülnaz İsmayılova) dalbadal dörd il həmin festivalda öz məharətlərini göstəriblər. Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestrinin baş dirijoru Andrey Anixanov, Münhen teatrından dünya şöhrətli bəstəkar-dirijor Pyer Ponelli, ukraynalı rejissor, professor Nikolay Tretyak Azərbaycan Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq edirlər.

 Hazırda italyan bəstəkarı Pyetro Maskanyinin  "Kənd namusu" operasının məşqləri gedir. Tamaşanın rejissoru, professor Valentina Rekadır.

Tamaşaçılar istedadlı Azərbaycan vokalçıları İlahə Əfəndiyevanın, İnarə Babayevanın, Həsən Enaminin iştirakı ilə italyan bəstəkarı Cakomo Puççininin "Bohema" operasını dinləyə biləcəklər. Cüzeppe Verdinin "Trubadur" operasının da bu yaxınlarda oynanılması  opera truppasının tamaşaçılara yeni hədiyyəsi olacaqdır.

Kollektivin dünya şöhrətlt bəstəkar Frederik Şopenin anadan olmasının 200-cü ildönümü şərəfinə hazırladığı "Şopeniana" baleti Azərbaycan-Polşa əməkdaşlığına önəmli töhfə olacaqdır.

 

 

 Arif HÜSEYNOV

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S.  23.