AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda dövlət müstəqilliyimizin
bərpasının iyirmi illiyinə həsr olunmuş elmi
konfrans keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda dövlət müstəqilliyimizin bərpasının iyirmi illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, institutun direktoru, professor İlham Məmmədzadə Prezident İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli sərəncamının icrası ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirmişdir.
Azərbaycanın ötən 20 ildə əldə etdiyi nailiyyətlərdən, dövlət müstəqilliyimizin bərpasının ilk illərində qarşılaşdığımız problemlərdən söz açan İ.Məmmədzadə azadlığa, müstəqilliyə gedən yolun heç də asan olmadığını vurğulamışdır. Bildirilmişdir ki, XX yüzillik ölkəmizin tarixində mübarizələr dövrü olmuş, azadlıq və istiqlaliyyət uğrunda xeyli qanlar tökülmüş, xalqımız saysız-hesabsız şəhidlər vermişdir. Bu gün Azərbaycan dünyaya bütün istiqamətlər üzrə - istər iqtisadiyyatı, istər sabitliyi, istərsə də digər sahələrin paralel inkişafına görə nümunədir. 20-ci ildönümü qeyd olunan yeni müstəqillik dövrü tariximizin ən parlaq, şanlı səhifələrindəndir. İ.Məmmədzadə ölkəmizin inamla, əzmlə dünyaya inteqrasiya etdiyini, əsas tərəfdaş ölkələrdən birinə çevrildiyini vurğulamışdır.
Rusiya Ekologiya və İnkişaf İnstitutunun direktoru, UNESCO-nun eksperti, professor Nizami Məmmədov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev, professor Bəhram Zahidov və başqaları mövzu ilə bağlı fikirlərini bölüşmüşlər. Natiqlər müasir Azərbaycanın 20 illik tarixinə nəzər salaraq bu illər ərzində ulu öndər Heydər Əliyevin gördüyü işlərdən, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışmışlar.
Tədbir çərçivəsində
professor İ.Məmmədzadə və A.Çumakovun redaktəsi
ilə hazırlanmış və Rusiyanın "Kanon+" nəşriyyat
evi tərəfindən çap edilmiş "Qloballaşma
dövründə mədəniyyətlərin dialoqu"
kitabının təqdimatı keçirilmişdir.
Azərbaycan.- 2011.- 19 oktyabr.-
S. 4.