Prezident Kitabxanasında «Azərbaycan
Respublikası – 20» adlı elektron resurs
hazırlanmışdır
Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasının əməkdaşları dövlət
müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar
9 fəsildən ibarət "Azərbaycan Respublikası -
20" adlanan internet layihə - elektron resurs
hazırlamışlar.
Prezident
Kitabxanasının direktoru Mayıl Əhmədov AzərTAc-a
bildirmişdir ki, elektron resursun "Ümumi məlumat"
adlanan birinci fəsli "Azərbaycan bu gün" və
dövlətçilik tariximizi özündə əks etdirən
"Müstəqilliyə qədərki tarixin qısa
xülasəsi" adlanan bölmələrdən ibarətdir.
"Müstəqil
Azərbaycan" adlanan 2-ci fəsil "Dövlət müstəqilliyinin
bərpası və qorunub saxlanılması", "Dövlət
hakimiyyəti və milli təhlükəsizliyin təminat
sistemi", "Hüquqi dövlət quruculuğu",
"Azərbaycan beynəlxalq arenada" bölmələrindən
ibarətdir. Bu fəsildə istifadəçilər
ümummilli lider Heydər Əliyevin 1993-1995-ci illərdə
dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi
istiqamətində gördüyü işlər, hüquqi
dövlət quruculuğu sahəsində həyata
keçirdiyi islahatlar barədə geniş məlumat əldə
edəcəklər. Həmçinin istifadəçilər
müstəqil Azərbaycanın ötən 20 il ərzində
dünya birliyinə inteqrasiyası, beynəlxalq qurumlarla
qarşılıqlı münasibətlərinə aid
materiallarla tanış ola biləcəklər.
"Sosial-iqtisadi
inkişaf" adlanan 3-cü fəsildə ötən müddət
ərzində ölkəmizdə bu sahədə görülən
işlərə aid analitik materiallar yer almışdır.
Elektron
resursun "Sənədlər" adlanan 4-cü fəslində
dövlət müstəqilliyinin və dövlətçilik
atributlarının bərpası, dövlət quruluşunun əsaslarına
dair sənədlər (qanunlar, fərmanlar, sərəncamlar,
qərarlar) toplanılmışdır.
"Müstəqilliyin
ildönümlərinə aid materiallar" adlanan 5-ci fəsildə
Azərbaycan Respublikası Prezidentinin müstəqilliyin
ildönümləri münasibətilə keçirilən tədbirlərdə
etdiyi nitqlərin, çıxışların, müraciətlərin,
imzaladığı fərman və sərəncamların mətnləri
toplanılmışdır. Bu fəsildə, həmçinin
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü ilə bağlı xarici ölkələrdə
keçirilən tədbirlərə aid materiallar öz əksini
tapmışdır.
Resursun
"Xronologiya" adlanan 6-cı fəslində Kitabxananın əməkdaşları
tərəfindən hazırlanan müstəqilliyə qədərki
dövrdə və müstəqillik illərində baş
vermiş mühüm hadisələrin xronologiyası ilk dəfə
olaraq tam şəkildə istifadəçilərə təqdim
edilir. Bu fəsli izləyən hər bir istifadəçi XX əsrin
80-ci illərinin sonlarından etibarən Azərbaycanın
üzləşdiyi bəlalar, Ermənistanın ölkəmizə
ərazi iddiası və hərbi təcavüzü nəticəsində
baş vermiş qanlı-qadalı hadisələr, müstəqilliyin
ilk illərində meydana çıxan problemlər,
ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra xilaskarlıq missiyası ilə
həyata keçirdiyi tədbirlər nəticəsində
yaranan sabitlik və dinc quruculuq illəri, respublikamızı dinamik
inkişaf yolu ilə irəli aparan Prezident İlham Əliyevin
məqsədyönlü fəaliyyəti haqqında xronoloji
ardıcıllıqla məlumat əldə edə biləcəkdir.
"Elektron
resurslar" adlanan 7-ci fəsil dövlət quruculuğunun
müxtəlif sahələrini əhatə edən
kitabların və məqalələrin elektron
versiyalarını özündə əks etdirir.
"Biblioqrafiya"
fəslində istifadəçilərə Kitabxananın
fonduna daxil olan və müstəqil Azərbaycanın həyatının
mühüm sahələrini əhatə edən kitabların,
qəzet və jurnal məqalələrinin və
avtoreferatların biblioqrafiyası təqdim edilir.
Sonda təqdim
edilən "Fotoxronika" müstəqil Azərbaycan
Respublikasının keçdiyi tarixi yolu özündə əks
etdirir.
Azərbaycan,
rus və ingilis dillərində tərtib edilib Prezident
Kitabxanasının www.rreslib.az saytında yerləşdirilən
"Azərbaycan Respublikası - 20" elektron resursunun
müntəzəm olaraq yenilənməsi nəzərdə
tutulur.
AzərTAc
Azərbaycan.- 2011.- 19 oktyabr.-
S. 4.