Drezdendə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin ildönümü qeyd olunmuşdur
Almaniyanın Drezden şəhərində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Alm.az" Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin (AAƏM) təmsilçiləri, rus, yəhudi icmalarının, katolik kilsəsinin, həmçinin Drezdendəki Qazaxıstan, Çexiya, Litva, Latviya, Avstriya konsulluqlarının nümayəndələri və şəhər sakinləri iştirak etmişlər.
Tədbirdə Sachsen parlamenti və şəhər meriyasının iştirakçılara ünvanladıqları təbrik məktubları oxunmuşdur. "Alm.az" Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişdir.
AAƏM-in rəhbəri Samira Patzer-İsmailova Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən bu günədək əldə olunmuş nailiyyətlər və dinamik inkişaf barədə toplantı iştirakçılarına ətraflı məlumat vermişdir. Tədbirdə çıxış edən yerli ictimaiyyətin nümayəndələri, Qazaxıstan Respublikasının Sachsen və Sakhsen-Anhaltdakı konsulluğunun katibi Alevtina Böttner iştirakçıları Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbrik etmiş, hazırda Azərbaycanın dünyada artan nüfuzu ilə birgə onun dostlarının da çoxaldığını bildirmişlər.
Tədbirdə Azərbaycanın zəngin mədəniyyəti,
incəsənəti, tarixi abidələri, turizm potensialı və
milli mətbəxini əks etdirən sənədli film
nümayiş olunmuşdur. Rəsmi hissədən sonra qonaqlar
üçün ziyafət təşkil olunmuş, yerli
musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini
ifa etmişlər.
Azərbaycan.- 2011.-19 oktyabr.- S. 5.