AzərTAc-ın
İrandakı xüsusi müxbirinin Azərbaycan
Respublikasının müstəqilliyinə həsr olunmuş
məqaləsi Tehranda çıxan nüfuzlu «İran» qəzetində
çap edilmişdir
AzərTAc-ın İrandakı xüsusi müxbiri Sabir Şahtaxtının Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş "İyirmi illik problemsiz qonşuluğun səmərəliliyi" sərlövhəli məqaləsi Tehranda çıxan nüfuzlu "İran" qəzetində farsdilli oxuculara təqdim olunmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş məqalədə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı və məqsədyönlü quruculuq işlərindən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən, Azərbaycan-İran münasibətlərindən bəhs edilir. Müəllif yazır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci ildə bərpa edilsə də, müstəqilliyin qorunması və inkişafı Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra baş vermişdir. Heydər Əliyev böyük uzaqgörənliklə məqsədyönlü sülh və sabitlik strategiyasını həyata keçirməklə Azərbaycanın müstəqilliyinin qorunmasına nail ola bilmişdir. Ulu öndərimizin müəyyən etdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti Azərbaycan-İran münasibətlərinin təməlini müəyyən etmişdir. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev İranla hərtərəfli münasibətlərin daha da genişləndirilməsinə böyük diqqət göstərməkdədir. Azərbaycan ilə İran arasındakı enerji mübadiləsi iqtisadi əlaqələrin müstəvisində mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrandan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qaz verilməsini tarixi hadisə kimi qiymətləndirmiş, İran Prezidenti Mahmud Əhmədinejad isə bu məsələni İran-Azərbaycan münasibətlərinin bariz nümunəsi adlandırmışdır.
Məqalədə qeyd olunur ki, dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünü çoxsaylı təntənəli mərasimlərlə qeyd edən Azərbaycan Respublikası hərtərəfli inkişaf proseslərini yaşayır. Ölkənin əsas problemi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrini aradan qaldırmaqdır. Azərbaycan münaqişənin həllini beynəlxalq hüquq normaları çərçivəsində aparılan sülh danışıqlarında və ölkənin ərazi bütövlüyünün bərpa olunmasında görür.
Müəllif yazır ki, iki ölkə
arasında əməkdaşlığın yeni mərhələsində
media və mətbuat da önəmli rol oynamışdır.
Bu sahədə Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc
və İranın rəsmi xəbər agentliyi - İRNA
arasındakı münasibətlər səmimi dostluğa əsl
nümunədir. İran Prezidentinin mətbuat üzrə
müşaviri, İRNA-nın icraçı direktoru Əli Əkbər Cavanfikrin 2011-ci
ilin aprelində Azərbaycan Respublikasına səfəri
zamanı AzərTAc-la İRNA arasında Bakıda imzalanmış əməkdaşlıq
müqaviləsi hər iki informasiya orqanı üçün
qarşılıqlı münasibətlərdə yeni fəaliyyət imkanları
açmışdır.
Azərbaycan.- 2011.- 19 oktyabr.-
S. 5.