Vaşinqtonda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli yolları müzakirə olunmuşdur
Xəbər verdiyimiz kimi, Vaşinqtonda "Çıxılmaz vəziyyətdən çıxış yolları: Dağlıq Qarabağ sülh prosesində çıxılmaz vəziyyətin qiymətləndirilməsi" mövzusunda ikigünlük simpozium keçirilmişdir. Simpoziumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Xarici İşlər Nazirliyi və Diplomatik Akademiyanın əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.
Corc Meyson Universitetinin Münaqişələrin Təhlili və Həlli İnstitutunda təşkil edilmiş simpoziumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması imkanları müzakirə olunmuşdur.
Müzakirələrin ictimaiyyətə açıq olan birinci günü Azərbaycanın və Ermənistanın hökumət, qeyri-hökumət və elmi dairələrinin nümayəndələri, eləcə də amerikalı mütəxəssislər mövzu ilə bağlı fikirlərini bildirmişlər.
Ermənistanın ABŞ-dakı səfirliyinin müşaviri Varujan Nersesyan demişdir ki, münaqişənin həlli ilə bağlı müzakirələr azərbaycanlı və erməni icmalarının üzvlərinin iştirakı olmadan aparıla bilməz.
Azərbaycanın Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə vurğulamışdır ki, Azərbaycan hökuməti Ermənistan tərəfi ilə hər görüşü tərəflər arasında mövqeləri bir qədər də yaxınlaşdırmaq imkanı kimi qiymətləndirir. Diplomat bəyan etmişdir ki, "Kalaşnikov" avtomatı altında etimad ola bilməz. Hərbi münaqişənin nəticələri aradan qaldırılmayınca azərbaycanlı və erməni icmaları arasında etimad quran tədbirlərin səmərəliliyi şübhə doğurur. Erməni hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması danışıqlar prosesində bir çox bağlı qapılar aça bilər, o cümlədən icmaların təhlükəsizliyinin təminatı, kommunikasiya xətlərinin açılması, Dağlıq Qarabağın keçid statusunun müəyyənləşməsi ilə bağlı məsələlərin həllini tezləşdirə bilər.
E.Abdullayev qeyd etmişdir ki, 2004-cü ildə Praqa prosesindən başlayaraq tərəflər arasında anlaşma konturları müəyyən olunmuşdur. Madrid sənədinin əsas prinsiplərinin hər birinə çoxsaylı elementlər daxildir. Azərbaycan tərəfi bu prinsiplər üzrə razılaşmanın imzalanmasının tərəfdarıdır ki, bunun əsasında həmin elementlərlə bağlı iş aparıla bilsin. Diplomat bildirmişdir ki, bölgədə uzunmüddətli sülhün bərqərar olunması üçün münaqişənin həlli beynəlxalq hüququn normaları və prinsiplərinə əsaslanmalıdır.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva münaqişənin tarixi və nəticələrindən danışmışdır. Tədqiqatçı qeyd etmişdir ki, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün haqları pozulmuşdur. Onların öz doğma yurdlarından didərgin düşməsi münaqişənin həllinə böyük maneədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan rəsmi danışıqların yeganə nəticəsi 1994-cü ildə əldə edilmiş atəşkəs rejimi olmuşdur. Qeyri-hökumət yolları ilə aparılan diplomatiya nəticəsində icmalar arasında etimad yaradan tədbirlər faydalı olsa da, onlar rəsmi danışıqlarla sinxronlaşdırılmış şəkildə həyata keçirilməlidir.
Münaqişə tərəflərini keçmişi geridə qoyub irəliyə baxmağa çağıran Beynəlxalq Sülh Naminə Karnegi Fondunun analitiki Tomas de Vaal bildirmişdir ki, bu məsələ yalnız sülh yolu ilə həll olunmalıdır.
Digər mütəxəssislər də sülh prosesində vətəndaş cəmiyyətinin rolunun vacibliyini vurğulamışlar.
Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi Taleh Ziyadov simpoziumun ilk iş gününün nəticələrini AzərTAc-a şərh edərkən demişdir: "Bu cür mühüm müzakirələr gələcəkdə də davam etdirilməlidir. Çünki belə format tərəflərə bir-birini daha yaxşı tanımaq imkanı yaradır. Bu gün onun şahidi olduq ki, ermənilərin azərbaycanlılar haqqında anlayışları bizim mediadan oxuduqları əsasında formalaşır. Çıxış edən ermənilərin mövqeləri arasında da fərqlər hiss olunurdu. Bəziləri bizim mövqeyi başa düşür, bəziləri isə qeyri-konstruktiv yanaşırdılar. Biz bu mövqe fərqliliyindən istifadə etməli, ermənilərin konstruktiv səslərini azərbaycanlı icmasına da çatdırmalıyıq".
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi
müxbiri
Vaşinqton
Azərbaycan.- 2011.- 19 oktyabr.- S. 6.