Bir gününü də fırçasız təsəvvür etməyən sənətkar
Əgər sənətkar öz sağlığında sənəti yaşadıbsa, dünyasını dəyişəndən sonra sənət onu yaşadacaq. Bu həqiqəti kim birinci dəfə dilinə gətirib, deyə bilmərik. Amma haqq dünyasına qovuşmuş bir çox sənətkarların yaradıcılığına nəzər salanda bu fikri təsdiqləyirik. Belə sənətkarlardan biri də tanınmış fırça ustası, Azərbaycanın əməkdar rəssamı Hafiz Zeynalovdur.
"İçərişəhər mənə çox doğmadır. Bura mənim dədə-baba yurdumdur. Bir dəfə tanışlarımdan biri zarafatla məndən soruşdu: "Hafiz, nə axtarırsan, bu İçərişəhərin küçələrində, bəlkə bir şey itirmisən?" Dedim: "İtirmişəm, dədə-baba ocağımı axtarıram". İçərişəhərin hər tini, hər dalanı, hər binası bir əsərin mövzusudur. Rəssama burada axtarış aparmaq, münasib yer seçmək lazım gəlmir. İçərişəhər nağıldır, açıq səma altında muzeydir, bir sözlə, möcüzədir, möcüzə".
Bu sözləri oxuduqdan sonra Hafiz Zeynalovun tərcümeyi-halını vərəqləməyə, onun yaradıcılığının haradan qidalanıb rişələndiyini, qol-budaq atdığını axtarmağa o qədər də vaxt sərf etmək lazım gəlmir. Bununla belə, sənətkarın ömürnaməsini əks etdirən kiçik bir arayışı diqqətə çatdırmaq istərdik.
Hafiz Zeynalov 1927-ci il iyul ayının 27-də Bakıda anadan olub. 1942-1945-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub. 1947-1953-cü illərdə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 1954-cü ildə ilk dəfə olaraq Ümumittifaq rəssamlıq sərgisində - Tretyakov qalereyasında iştirak edib. Elə həmin il SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub.
1956-cı ildə Ümumittifaq və Zaqafqaziya, ADR, MƏR, Əlcəzair ölkələrindəki sərgilərdə iştirak edib. 1982-ci ildə Bakıda, 1983-cü ilin may ayında Mərdəkanda, həmin ilin iyul ayında Sumqayıt şəhərində, 1988-ci ildə yenə də Bakıda fərdi yaradıcılıq sərgiləri keçirilib. 1991-ci ildə Azərbaycanın əməkdar rəssamı adına layiq görülüb. 1996-cı il mayın 2-də vəfat edib.
Qədim Bakının əsilzadə nəsillərindən birinin övladı olan Hafizə təbiət uca qədd-qamət, gözəl xasiyyət, incə qəlb, bir də tükənməz istedad bəxş etmişdi. Hələ İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil aldığı zaman cəsarətlə təsviri sənətin tarixi janr kimi çətin və məsuliyyətli sahəsi üzrə çalışmağa başlamışdı. Elə gənc rəssama ilk uğuru da məhz onun birinci tarixi tablosu - diplom işi olan "Bakı neft sənayesi fəhlələri ittifaqının 1905-ci il iclası" əsəri gətirmişdi. Bu tarixi kompozisiyanın ona gətirdiyi böyük uğur və əsərin bir il sonra Moskvanın məşhur Tretyakov qalereyasında sərgilənməsi, həm də böyük tamaşaçı auditoriyası toplaması Hafiz Zeynalov yaradıcılığının əsas xəttini müəyyənləşdirmişdi. Təqdirəlayiq hal idi ki, gənc rəssamın əsəri P.Korin, S.Gerasimov, B.İohanson, V.Serov kimi görkəmli sənətkarların işləri ilə yanaşı nümayiş etdirilmişdir. Bütün bunlar Hafizi yeni-yeni axtarışlara və uğurlara səsləyirdi. O, sənətə elə bağlanmışdı ki, "bir günüm də fırçasız olmasın", - deyirdi. "Allah-taaladan ikinci bir ömür verilsəydi, mən yenə də rəssamlığa qayıdardım. Fırça, rəng mənim həyatımdır. Molbert arxasında olmadığım günləri ömrümdən saymıram..."
Beləliklə, keçən əsrin 50-ci illərindən sənət yollarına qədəm qoyan Hafiz Zeynalov 40 il Azərbaycan incəsənətinə xidmət etmiş, təsviri sənətimizin "Qızıl fond"unun xəzinələrindən olan qiymətli əsərlər yaratmışdır.
Hafiz Zeynalovun yaradıcılığı mövzu və janr baxımından rəngarəng idi, başqa sözlə, rəssam geniş diapazona malik idi. Bu da ilk növbədə müəllifin özünün geniş dünyagörüşünə, dərin biliyə və zəngin mənəviyyata malik olmasından irəli gəlirdi.
Təsviri sənətin elə bir janrı yoxdur ki, Hafiz Zeynalov təxəyyülü və fırçası ondan yan keçmiş olsun. İstedadı rəssama Azərbaycan xalqının yaxın və uzaq keçmişini əks etdirən tarixi kompozisiyaların, tanınmış incəsənət xadimlərinin, şairlərin, yazıçıların, aktyorların obrazlarını yaratmaq imkanı vermişdi. O, həmçinin bir sıra məişət janrlı orijinal tabloların, rəngarəng natürmortların, füsunkar təbiət mənzərələrinin müəllifidir. Hafiz Zeynalovun əsərlərində doğma Bakı, qədim İçərişəhər, bənzərsiz Abşeron torpağı öz əksini tapıb. Bu əsərlərə uğur qazandıran başlıca səbəb müəllifin mövzuya dərindən bələd olması idi. H.Zeynalov tabloya gətirdiyi məkanın tarixini, etnoqrafiyasını, həyat tərzini, məişətini öyrənərdi. Hansı janrda işləyirsə, işləsin, mütləq o sahənin mütəxəssisləri, yerli əhali, ağsaqqallarla söhbət edib mövzunu dərindən qavrayardı.
Təsadüfi deyil ki, sözügedən tablolar təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin hər tərəfində və onun hüdudlarından çox-çox kənarlarda, indi uzaq xaric adlandırdığımız məkanda da rəğbət qazanırdı. Rəssam öz əsərləri ilə Sovet İttifaqı daxilində, eləcə də Misirdə, Almaniyada, Əlcəzairdə, Türkiyədə və başqa yerlərdə keçirilən beynəlxalq sərgilərdə yaxından iştirak edirdi.
H.Zeynalovun yaradıcılığında tarixi janr xüsusi yer tutur. Onun yaradıcılığının "Bakıda sovet hakimiyyəti qurulmasının elan edilməsi", "Qafqazın müdafiəsi", "Kəmaləddin Behzad Şah İsmayıl Xətainin sarayında", "Xaqani xalq arasında", "Kubada görüş" kimi kompozisiyalarla zəngin olan qolu sonralar bir sıra tablolarla daha da dolğunlaşır. Məsələn, "20 Yanvar qırğını" kimi təsirli bir sənət əsəri yaranır.
Hafiz Zeynalovun bütün əsərləri diqqətçəkən olsa da, nədənsə "Tomris"i onun şah əsəri sayırlar. Sənətkar özü də "Tomris"i çox sevirdi: "Məndən soruşurlar, elə bir əsərin varmı ki, ona hər gün baxmaqdan yorulmursan? Doğrusu, sənətkar üçün bütün əsərləri əzizdir. Hər əsər yaradıcı adamın bir növ övladıdır. Ancaq mən "Tomris"ə hər gün baxmaqdan doymuram".
"Tomris" çoxfiqurlu kompozisiyasında H.Zeynalov massagetlərin çaritsasını - adı tarixə qəhrəmanlıq rəmzi kimi düşmüş Tomrisi sərkərdələrin, silahdaşlarının əhatəsində təsvir edib. Onların hər birinin nəzərləri Tomrisin ayaqları altına uzadılmış Kirin cənazəsi üzərində cəmləşib. Mərkəzdə təsvir olunmuş qadın - Tomris azəri qızlarına xas olan əyilməz varlığı ilə tamaşaçının diqqətini bütünlüklə özünə cəlb edir. İstər rəng koloriti, istərsə də vüqarlı siması ilə bu obraz əsərin bütöv varlığını təşkil edir. Sənətkar obrazda həm həssas qəlbli ana, həm gözəl qadın, həm də qüdrətli hökmdar cizgilərini böyük ustalıqla göstərə bilib.
...İgid, cəsur qadın Kirin hiylə və hədə-qorxularından çəkinmədən onunla vuruşaraq müharibədə qalib gəlir. Oğlunun həyatı bahasına qazanılsa belə, bu qələbə onun xalqının azadlığı deməkdir. Tomrisin mərdanə duruşu, məğrur qaməti, üzünün ifadəsi sanki tamaşaçıya onun Kirin cənazəsini qanla dolu tuluğa salarkən dediyi "Sağlığında qandan doymadın. İç, istədiyin qədər iç. Bəlkə doyasan" sözlərini eşidir.
Rəssamın istifadə etdiyi sərt ifadə vasitələri, təzadlar əsərdəki gərgin ab-havanı daha da kəskinləşdirir.
Hafiz Zeynalovun yaradıcılığında təqdirəlayiq yer tutan qollardan biri də mənzərə janrıdır. Burada bir amili nəzərdən qaçırmaq olmaz ki, istedadlı rəssam Bakıda dünyaya göz açmış və ömrünü burada yaşamışdı. Özü də doğma şəhəri çox sevirdi. Təsadüfi deyil ki, bu da onun tablolarında öz əksini tapmışdı. Rəssam "Şirvanşahlar sarayı", "İçərişəhər", "Bakıda ilk qar", "Bakıda məscid" kimi əvəzsiz əsərlərini yaratdı. Onun əsərlərində eləcə də Abşeron torpağının təkrarolunmazlığı görünürdü. Torpağa olan sonsuz sevgisini sənətkar qəlbindən "Xəzərin sahilində", "Bizim bağda", "Abşeronda axşam", "Zuğulba qayaları" və digər əsərlərinə köçürmüşdür. Üstəlik də onlara lirik-poetik bir əhvali-ruhiyyə əlavə etmişdir. O sanki çalışır, cəhd edirdi ki, bu gözəllikləri insanlara özü sevdiyi qədər sevdirə bilsin.
Deyirlər, rəssam gördüyünü çəkər. Hafiz Zeynalov əsərini təkcə gördüyü kimi deyil, duyduğu, hiss və dərk etdiyi, çatdırmaq istədiyi kimi çəkirdi. Əslində, o, yalnız çəkmirdi, yaradırdı. Bu yaradıcılıq onun məntiqinin, məfkurəsinin, zövqünün, həyat təcrübəsinin, dünyagörüşünün məhsulu idi.
Sənətkarın Azərbaycan ədəbiyyatına və incəsənətinə vurğunluğu və dərindən bələd olması isə onun portret janrında özünü göstərirdi. Bu barədə rəssam belə deyirdi: "Doğrudur, mən böyük bir portret qalereyası yaratmışam. Azərbaycan ədəbiyyatının görkəmli obrazların - Nizami, Xaqani, Nəimi, Nəsimi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Səməd Vurğun, Məmməd Rahim və başqalarının portretlərini yaratmışam. Lakin bu, mənim yaradıcılığımı nəinki çərçivəyə salmır, əksinə, mənə həmin simaların həyatından böyük tablolar yaratmağa material verir".
Rəssam "Nəsimi", "Nəimi", "Nizaminin gəncliyi", "Məmməd Rahim", "Səməd Vurğun və Nikolay Tixonov" kimi əsərlər yaradıb. "Hüseyn Cavid və Mikayıl Müşfiq", "Mirzə Fətəli Axundov", "Məhəmməd Füzuli" əsərləri də bu qəbildəndir və həmin siyahını xeyli uzatmaq mümkündür. Rəssamın tablolarında İsmayıl Osmanlı, Muxtar Dadaşov, Həqiqət Rzayeva, Amaliya Pənahova, Hamlet Xanızadə, Elmira Rəhimova, Xuraman Qasımova kimi incəsənət xadimlərinin portretləri də öz əksini tapıb. Bütün portretlərdə rəssam adları çəkilən insanların yalnız "şəklini çəkməyib", onların mənəvi dünyasını açmağa, obrazını yaratmağa nail olub.
Rəssam "Hamlet Xanızadə İblis rolunda" portretini yaxın dostlarından biri olan görkəmli aktyora həsr edib. Əsərdə Hamlet Xanızadə İblisin son monoloqunu söyləyərkən təsvir olunub. Cinayətkarlıq, riyakarlıq rəmzi olan İblis şübhə etmir ki, onu insanlardan uzaqlaşdırsalar da, iblislik onları tərk etməyəcək. Bu əsərə uğur qazandıran bir tərəfdən rəssamın aktyora olan rəğbətidirsə, digər tərəfdən Hüseyn Cavid yaradıcılığına vurğunluq və bələdlilikdir. Lakin əsərin "missiyası" bununla bitmir. Müəllif burada diqqəti sanki iblislərin hər zaman insanların arasında ola bilməsi məsələsinə yönəldib. Məhz buna görə onun bu əsəri əbədiyaşarlıq qazanıb.
Portret janrında yaradılmış ən dəyərli əsərlərdən biri də "Nəsimi"dir. Rəssam "məndə sığar iki cahan, mən bu cahana sığmaram", - deyən böyük şairin həyat fəlsəfəsini dərindən dərk edərək onu kətan üzərində əbədiləşdirməyə müvəffəq olmuşdur. Əsərdə şairin inamla uzaqlara baxması onun öz amalına və əqidəsinə yəqinliyini ifadə edir.
Hafiz Zeynalov hürufiliyin banisi, Nəsiminin ustadı Fəzlullah Nəiminin portretini də eyni məhəbbətlə işləyib. Əsərdə Nəimi fikirli görünür. Sanki "Vəsiyyətnamə"nin son səhifələrini yazır. Elə bil olacaq hadisələrin - özünün də, davamçısı Nəsiminin də başına gələcək faciələri əvvəlcədən duyur. Yaxınlaşan fəlakəti xəbər vermək üçün müəllif başqa bir üslubdan da istifadə edib. Buludlu səmanı və göydə narahat-narahat uçuşan qara qağayıları göstərməklə fırtınanın yaxınlaşdığını çatdırıb.
Hafiz Zeynalov öz portretlərini də çəkib. Rəssamlıqda buna avtoportret deyirlər. Sənətkarın bir sıra avtoportretləri var: "Fırça ilə avtoportret", "Mavi köynəkdə avtoportret", "Həsir şlyapalı avtoportret" və s. Onlar rəssamın həyatının müxtəlif dövrlərində çəkilib.
İnsanlar arasında belə fikir formalaşıb ki, rəssamların öz peşələrinə uyğun görkəmi və geyimi olur. Bu da onların həmişə bir qədər dalğın görünməsindən, sərbəst şəkildə geyinməsindən irəli gəlir. Hafiz Zeynalovun görkəmindən isə həmişə bir ağayanalıq, ziyalılıq yağırdı. Avtoportretlərində də özünü məhz elə təsvir etmişdi.
Sənətşünasların fikrincə, rəssamın ən maraqlı avtoportreti son dəfə fırçaya aldığı "Qırmızı köynəkli avtoportret"dir. Digər avtoportretlərində şən, həyatsevər, enerji dolu bir insan kimi görünən Hafiz Zeynalov bu dəfə qəmli, düşüncəli nəzərlərlə baxır. Qaşları çatılıb, üzünün cizgiləri daxilən gərgin olduğundan xəbər verir. Özü susub, danışan yalnız baxışlarıdır. Sanki həyat yolunun sonuna çatdığını dərk edib. Ona görə də baxışlarında bir həsrət var.
Rəssamın əsərləri arasında onun öz doğmalarına həsr etdiyi bir çox tablolar da var və bu da təsadüfi deyil. Doğmaları onu çox sevirdi və bu, təbii ki, qarşılıqlı idi. Təbiətində zərrə qədər də sünilik olmadığı üçün səmimiyyəti tez hiss edilirdi. Doğmaları, qohum-əqrabası Hafizi özünə sirdaş sanar, dərdini-sərini ona danışar, kömək, məsləhət istərdi. Əlbəttə, öz evində, ailəsində bu hiss daha güclü idi. Ömür-gün yoldaşı Şövkət xanımla onları dərin bir sevgi birləşdirmişdi. Şövkət xanım ədəbiyyatşünas idi və sənət baxımından da onlar bir-birini gözəl anlayırdılar. Bu ailənin səmimiyyətinə və səadətinə hamı qibtə edirdi. Ailədə üç övlad böyümüşdü. Qızı Laləndə, oğulları Tamerlan və Əliabbas Hafiz ocağının çıraqyandıranlarıdır.
Rəssamın tablolarından biri "Nəvəm Ülviyyə" adlanır. Tabloda milli paltarda, yaşıl səməni önündə təsvir edilmiş o balaca qızı indi biz sənətşünas Ülviyyə Zeynalova kimi tanıyırıq. Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi, H.Zeynalovun əsərlərindən ibarət "Bir günüm də fırçasız olmasın" adlı kitab-alboma giriş sözünü də Ülviyyə yazıb. Onun Hafiz sənəti barədə sözləri bu sənətin özü qədər duyğulu və kövrəkdir: "Mən rəssam deyiləm, ancaq zənnimcə, sənətin bu incə növü haqqında bir neçə söz demək üçün rəssam olmaq, əlində fırça tutub silsilə əsərlər yaratmaq əsas şərt deyil. Bir də ki hər əlində fırça tutan rəssam adlana bilməz ki... Odur ki, bu gün üzərimə düşən məsuliyyəti dərk edərək, sözün əsl mənasında, vaxtilə həyatını bir gün də fırçasız təsəvvür edə bilməyən bir sənətkardan, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Hafiz Zeynalovun yaradıcılığından yazmaq istəyirəm.
Sənətkar, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış fırça ustası, əməkdar rəssam... Doğrudan da, bir tərəfdən bu adlar ağırlığını öz çiyinlərində hiss edə biləcək qədər böyük bir məsuliyyət yaradır. Məsuliyyəti yaradan daha bir vacib səbəb var - bu isə mənəvi borcdur".
Hafiz Zeynalov görkəmli sənətkar və bununla bərabər sadə, təvazökar, qəlbən kövrək bir insan idi. İlk baxışdan sərt görünsə də, xasiyyətində mülayimlik vardı. Lakin buna baxmayaraq, heç zaman yalan və riyakarlıqla barışmazdı. Ədalətli şəxsiyyət olduğunu hamı yaxşı bilirdi. Maraqlı həmsöhbət, vəfalı dost, yaxşı ailə başçısı, qayğıkeş ata və mehriban baba idi.
"Hələ nə yaşım var. Mən yüz il yaşayacağam", - deyirdi sənətkar. O, bəlkə də özünün şah əsərini məşhur rəssam Tisian kimi 90 yaşında yaratmaq istəyirdi?! Əcəl isə aman vermədi. Hələ 70-nə bir il qalmış dünyasını dəyişdi. Ancaq daim doğmalarının, əzizlərinin, sənətini sevən insanların qəlbində olduğu üçün cəsarətlə deyə bilərik ki, o, həmişə bizimlədir, əbədiyaşarlıq qazanmış əsərləri ilə birlikdə.
İradə ƏLİYEVA
Azərbaycan.- 2011.-19 oktyabr.- S. 7.