Ekvador Azərbaycanla əməkdaşlıqda maraqlıdır

 

 Azərbaycanda səfərdə olan Ekvador Respublikasının xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokan oktyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

O.Əsədov bu cür səfərlərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini bildirmişdir. Milli Məclisin Sədri demişdir ki, Azərbaycan inkişaf sürətinə görə dünyada öncüllər sırasındadır və indi özü xarici ölkələrin iqtisadiyyatına investisiya qoyur. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, qarşılıqlı səfərlərin sayının artırılması bütün sahələrdə əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaqdır.

Parlamentin sədri ekvadorlu nazirin səfərinin uğurlu olacağına əminliyini ifadə etmişdir.

Nazir Rikardo Armando Patinyo Arokan belə bir tarixi ərəfədə - Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünün təntənə ilə qeyd edildiyi vaxtda Bakıya səfər etməsindən məmnunluğunu ifadə etmişdir. Ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir bu səfərin Azərbaycan ilə Ekvador arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından səmərəli olacağını bildirmişdir.

Nazir ölkəsinin bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edəcəyini xüsusi vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 20 oktyabr.- S.  1.