Azərbaycan ilə
Ekvador arasında əməkdaşlıq əlaqələri
müzakirə olunmuşdur
Oktyabrın 19-da Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Ekvador Respublikasının xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Baş nazir A.Rasizadə Ekvadorun xarici işlər, ticarət və inteqrasiya nazirinin Bakıya ilk səfərinin Azərbaycanı tanımaq, əməkdaşlıq imkanlarını araşdırmaq baxımından önəmli olduğunu bildirmişdir. Bu səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləyən A.Rasizadə Azərbaycanın son illərdəki uğurları, həyata keçirilən islahatlar, dövlətimizin xarici siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Avropa ilə Asiya arasında körpü olan Azərbaycan inkişaf sürətinə görə dünya ölkələri arasında birincilər sırasına çıxmışdır. Respublikada enerji daşıyıcılarının nəqli ilə bağlı iri layihələr həyata keçirilmiş, ölkə daxilində infrastruktur inkişaf etdirilmişdir.
A.Rasizadə qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat vermişdir.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Rikardo Armando Patinyo Arokan Bakıda aparılan tikinti-quruculuq işlərini yüksək qiymətləndirərək, bunu Azərbaycanın inkişafının bariz nümunəsi kimi dəyərləndirmişdir. Bakıya səfərinin məqsədinin Azərbaycan ilə Ekvador arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirmək olduğunu vurğulayan qonaq bildirmişdir ki, ölkəsi bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə olunmuşdur.
Azərbaycan.- 2011.- 20 oktyabr.- S. 1.