Milli Məclisdə
görüş
Oktyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Baş katibi, qurumun Daimi komitəsinin həmsədri Çunq Eu-Yonqu qəbul etmişdir.
Spiker qonağı səmimi salamlayaraq müstəqil Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq etdiyini söylədi. Bildirildi ki, Azərbaycanda iqtidar partiyası olan və Milli Məclisə seçkilər zamanı parlamentdə yerlərin çoxunu qazanmış Yeni Azərbaycan Partiyası müxtəlif ölkələrdəki siyasi qurumlarla əlaqələrə böyük maraq göstərir. Asiya qitəsində yerləşən ölkələrdəki siyasi partiyalarla münasibət getdikcə genişlənir. Demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda demokratik, hüquqi, iqtisadi islahatlar uğurla davam etdirilir. İqtisadi inkişaf dinamikasına görə Azərbaycan yerləşdiyi regionda lider dövlətə çevrilmişdir.
Biz öz ölkələrində kifayət qədər nüfuza malik partiya nümayəndələri ilə görüşüb qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmağı əhəmiyyətli hesab edirik. Bu baxımdan 2012-ci ildə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının keçirilməsi barədə qərarı alqışlayırıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycana səfərindən və burada gördüyü qonaqpərvərlikdən məmnun qaldığını ifadə etdi. Bildirildi ki, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanla əlaqələrin inkişafı təmsil etdiyi təşkilat üçün çox əhəmiyyətlidir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Yeni Azərbaycan Partiyası ilə sıx əlaqə saxlayır. Biz Qafqazın bu bölgəsində baş verən prosesləri diqqətlə izləyirik. Bölgəyə olan marağı nəzərə alaraq, təşkilatın növbəti Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Biz belə hesab edirik ki, bu tədbir partiyalararası münasibətlərin inkişafına yeni təkan verməklə yanaşı, bölgə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da əhəmiyyətli rol oynayacaq.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi komitəsinin İdarə heyətinin üzvü Əli Əhmədov və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin mətbuat
xidməti
Azərbaycan.- 2011.- 20 oktyabr.-
S. 1.